PDF Oxu

Araşdırma

  • 1 375

Britaniya seçim qarşısında: Avropa İttifaqında qalmaq nə dərəcədə sərfəlidir?

Britaniya seçim qarşısında: Avropa İttifaqında qalmaq nə dərəcədə sərfəlidir?

Son bir neçə ildə Avropa İttifaqı daxilində baş qaldıran maliyyə və iqtisadi problemlərin təsiri ilə "vahid Avropa" ideyası əvvəlki cəlbediciliyini itirməkdədir. Bəzi alimlər Avropa İttifaqının böhranının səbəbini qitə xalqlarının fərqli milli şüura, etnik, dini kimliyə malik olması ilə əlaqələndirirlər. Başqa bir fikrə əsasən, indiki dövrdə "Avropa birliyi" ideyasının meydana çıxmasını şərtləndirən müharibə dəhşətləri, kommunizm və imperializm geridə qaldığı üçün qitə daxilində birliyə ehtiyac hissi azalıb.

Bəzi ekspertlər Aİ-nin böhranını institusional problemlər ilə əlaqələndirərək, qurumun funksionallığını artırmaq üçün struktur islahatlarının aparılmasına ehtiyacın olduğunu əsaslandırırlar.Lakin səbəbin nə olmasından asılı olmayaraq, aydın görünür ki, 2008-ci ildən başlanan qlobal maliyyə böhranı və onun Avropa ölkələrinin iqtisadiyyatına ağır təsiri İttifaq daxilində avroskeptisizmi gücləndirən əsas faktor kimi çıxış edir. Aİ çərçivəsində xoşbəxt gələcəyə inamsızlığın özünü ən qabarıq göstərdiyi ölkələrdən biri də Birləşmiş Krallıqdır.Məlumdur ki, iqtisadi böhran daha çox Aİ üzvlərindən 17-nin daxil olduğu avrozona, yəni vahid valyutadan istifadə edən ölkələrin iqtisadiyyatına zərbə vurub. Lakin avrozonaya daxil olmayan Birləşmiş Krallıq da böhranın yükünü daşıyan dövlətlər sırasındadır. Məsələn, Britaniya maliyyə böhranının aradan qaldırılmasına kömək üçün Yunanıstana 10 milyard funt-sterlinqdən artıq vəsait ayırıb. Bəzi britaniyalılar bunu ölkədəki vergi ödəyicilərinə qarşı haqsızlıq kimi qiymətləndirirlər.Britaniyadakı avroskeptiklərin bir qismi məsələyə daha çox siyasi prizmadan yanaşaraq, dövlətə məxsus olan səlahiyyətlərin bir qisminin Aİ-nin mərkəzi orqanlarına həvalə olunmasını suverenliyin itirilməsi kimi qəbul edirlər. Bu barədə şübhələri daha da artıran və böyük səs-küyə səbəb olan bir məqam Avropa Komissiyasının prezidenti Jose Manuel Barrosonun 2012-ci il sentyabrın 12-də Avropa Parlamentindəki çıxışı zamanı "...biz milli dövlətlərin federasiyasına doğru irəliləməli olacağıq... Bu bizim siyasi üfüqümüzdür. Qarşıdan gələn illərdə bu istiqamətdə çalışmalıyıq" fikrini səsləndirməsi oldu (http://www.guardian.co.uk/global/2012/sep/19/barroso-no-plans-federation).J.M.Barrosonun bu sözlərinin şərti olaraq "Avropa Birləşmiş Ştatları" adlandırılan, Aİ dövlətlərinin federasiya halında vahid siyasi mərkəz altında birləşməsini nəzərdə tutan ideya ilə səsləşməsi avroskeptiklərin narahatlığını daha da artırdı. Bu səbəbdən də çıxışdan bir neçə gün sonra Barroso fikirlərinin yanlış anlaşıldığını, milli dövlətlərin mövcudluğunu təhlükə altında qoymaq niyyətinin olmadığını və "Avropa superdövlətinin" yaradılmasını arzulamadığını məqaləsində bildirməli oldu.Həmin günlərdə Almaniyanın xarici işlər naziri Gido Vestervellenin təşəbbüsü ilə Fransa, İtaliya, İspaniya, Polşa, Niderland, Belçika, Danimarka, Avstriya, Portuqaliya və Lüksemburq rəsmilərinin də imzaladığı yeni sənəd irəli sürüldü. 27 Aİ ölkəsindən 11-nin razılaşdığı sənəddə İttifaq ölkələrinin xarici siyasətini müəyyənləşdirəcək pan-Avropa nazirliyinin yaradılması, birbaşa seçkilərlə Avropa prezidentinin seçilməsi, Avropa Parlamentinin səlahiyyətlərinin artırılması təklif olunur. Sənəddə, həmçinin, vahid Avropa ordusunun və İttifaqın sərhədlərini qoruyacaq vahid Avropa polisinin yaradılması da nəzərdə tutulub (http://www.guardian.co.uk/world/2012/sep/18/eu-foreign-defence-policy-overhaul).Avropa dövlətlərini bir mərkəz altında birləşdirmək səyləri artdıqca, vahid dövlət ideyasına qarşı çıxanların müqaviməti də artır. Avroskeptisizm Britaniyada təkcə əhali arasında deyil, hakim Mühafizəkarlar partiyası daxilində də özünə möhkəm yer tapıb. Bu səbəbdən, ölkənin Aİ-dəki taleyini müəyyənləşdirəcək referendumun keçirilməsi ilə bağlı tələbləri daha da gücləndi. 2012-ci ilin sonlarına doğru Avropada, o cümlədən Britaniyada Aİ-yə inamsızlıq, demək olar ki, ən yüksək həddə çatdı. Britaniyada keçirilən son sorğular əhalinin təxminən yarısının ölkənin Aİ-dən çıxmasına tərəfdar olduğunu göstərir.Britaniyanın Aİ-də qalıb-qalmayacağı məsələsi ABŞ-ı və Almaniya başda olmaqla bir sıra İttifaq ölkələrini ciddi narahat edir. Xüsusən də, ABŞ və Almaniya rəsmi mövqelərini açıq şəkildə bildirərək, Britaniyanın Aİ-dən çıxmasını istəmədiklərini bəyan ediblər. ABŞ Dövlət departamentinin rəsmisi Fil Qordonun sözlərinə görə isə Britaniyanın Aİ-də qalması və quruma təsir göstərməsi ABŞ-ın maraqlarına uyğundur. Bu bəyanat Britaniya ictimaiyyətində narazılıq yaradaraq ABŞ-ın xüsusi yaxın əlaqələrinin olduğu bu ölkəyə münasibətində yalnız öz maraqlarından çıxış etməsi sərt tənqid olunmuşdu.D.Kameronun Birləşmiş Krallığın Aİ-dəki gələcəyi ilə bağlı yanvarın 22-də baş tutan çıxışı vəziyyətə nisbətən aydınlıq gətirdi. Baş nazir ölkəsini Aİ daxilində görmək istədiyini bildirərək, partiyasının 2015-ci il seçkilərində qalib gələcəyi təqdirdə 2017-ci ilin sonunadək Britaniyanın Aİ-dəki üzvlüyü ilə bağlı referendumu keçirəcəyini bəyan etdi. Həmin vaxtadək isə Britaniya ilə Aİ arasında münasibətlərin tənzimlənməsi, üzvlüklə bağlı bəzi şərtlərə dəyişikliklər edilməsi istiqamətində danışıqlar aparılacaq. D.Kameronun çıxışına münasibətdə Almaniyanın kansleri Angela Merkel Britaniyanın istəklərini müzakirə etməyə hazır olduqlarını, lakin Aİ-dəki hər bir dövlətin öz maraqlarının olması səbəbindən ədalətli kompromisin zəruriliyini bildirib.D.Kameron yanvarın 24-də Dünya İqtisadi Forumunun Davosda keçirilən illik sammitindəki çıxışında isə federasiyalaşmış Avropa İttifaqı ideyasını gerçəkləşdirmək cəhdlərini "böyük səhv" adlandıraraq ölkəsinin siyasi cəhətdən mərkəzləşdirilmiş birliyə qarşı çıxacağını deyib.Lakin Britaniya hazırda ciddi təzyiqlərlə üz-üzədir. Almaniya və Fransanın təzyiqlərinə baxmayaraq, Britaniya bu vaxtadək özünün valyutasını və mərkəzi bankını, yəni, iqtisadi müstəqilliyini qoruyub saxlaya bilib. Bu, Britaniyanın ənənəvi olaraq, özünü qitədə gedən proseslərdən bir qədər kənarda saxlaması siyasətinə uyğundur. Britaniyanın İttifaqı tərk etmək istəyinə gəlincə isə Aİ daxilində siyasi, iqtisadi, hərbi inteqrasiyanın güclənməsində maraqlı olan dövlətlər belə bir addım atacağı təqdirdə Britaniyanı regiondan təcridolunma ilə hədələyirlər.Digər tərəfdən isə Britaniyanın ən yaxın müttəfiqi, anqlo-sakson ittifaqının iki ən güclü fiqurundan biri olan ABŞ özünün Avropadakı maraqları naminə Britaniya hökumətini İttifaqda qalmağa çağırır. Görünür, Avropa dövlətlərinin bir-birindən qarşılıqlı asılılıqda olması ABŞ-a imkan verir ki, Aİ-nin dünya siyasətindəki yerinin müəyyənləşdirilməsinə daha çox təsir göstərə bilsin.Britaniyanın Aİ-dən çıxmasına etiraz səsləri bu ölkənin öz içərisindən də səslənir. D.Kameronun çıxışının ardınca, Liberal-demokratlar partiyasının rəhbəri Nik Kleq referendum vədini Britaniyanın maraqlarına zidd adlandırıb, bank sistemindən və xarici investorlardan asılı olan ölkə iqtisadiyyatının Aİ daxilində daha inamlı inkişafının mümkün olduğunu dilə gətirib.Beləliklə, mümkün referendum üçün geriyə sayımın başlaması ilə Britaniyanın bu istiqamətdə hər bir addımı beynəlxalq arenada daha diqqətlə izləniləcək və bu ölkəyə təzyiqlər daha da artacaq. Referendumun baş tutacağı təqdirdə, güman ki, britaniyalıların qərarına iki mühüm amil təsir göstərəcək. Bunlardan biri həmin dövrdə Aİ-dəki iqtisadi vəziyyət və borc böhranının səviyyəsi ilə bağlı olacaq. Digər bir faktor isə Aİ çərçivəsində inteqrasiyanın dövlətlərin suverenliyini, xalqların milli kimliyini nə dərəcədə təhdid etməsi və britaniyalıların bu məsələyə yanaşma tərzi ola bilər.

Newtimes.az

Digər xəbərlər