ABŞ-ın Qafqaz və Mərkəzi Asiya siyasətində Azərbaycan önəmli yer tutur. Vaxtilə Azərbaycan Prezidentinin ABŞ-a rəsmi səfəri ərəfəsində, bilavasitə, Heydər Əliyev xarici siyasətinin və Azərbaycanla yaranmış strateji mənafe birliyinin əhəmiyyətli təsiri ilə formalaşmış "Mərkəzi Asiya və Qafqaz bölgəsində ABŞ siyasətinin əsas prinsipləri" adlanan strateji kursun Vaşinqtonda açıqlanması bunun əyani sübutudur.Qafqaz və Mərkəzi Asiya regionu tarix boyu bu bölgədə marağı olan ayrı-ayrı dövlətlərin mübarizə meydanı olmuşdur.
Onların bir çoxu bölgəyə nəzarəti əldə saxlamaq, öz təsir mexanizmlərini itirməmək üçün region dövlətlərini və xalqlarını bir-birinə qarşı qoymuş, müxtəlif təxribat və tədbirlərlə onlar arasında sülh və birlik yaranmasına həmişə mane olmuşlar. Əsas maraqları münaqişəli və qeyri-sabit bölgədə təmsil olunan bu dövlətlər həmin məqsədə xidmət edə bilən ayrı-ayrı Ermənistan tipli dövlətləri, Dağlıq Qarabağ və xüsusi məqsədlə yaradılmış buna oxşar regional separatçı qüvvələri öz əllərində alətə çevirmiş, sülhün, birliyin və qarşılıqlı təhlükəsizliyin bərqərar olmasına hər vəchlə mane olmuşlar. İndi Azərbaycanla və digər Mərkəzi Asiya ölkələri ilə yaranmış strateji əlaqələr və münasibətlər nəticəsində bu bölgəni özünün "strateji maraqları" cərgəsinə qoşan ABŞ bölgədə öz xarici siyasətinin əsas prinsiplərini elan etmişdir. Ermənistanı öz əlində alətə çevirən ayrı-ayrı dövlətlərdən fərqli olaraq, ABŞ-ın "sabit, münaqişəsiz, dövlət və xalqlar arasında möhkəm sülh olan regionda" maraqlı olduğunu bəyan etməsi bütün bölgə üçün çox böyük əhəmiyyət kəsb edir. Bu, o deməkdir ki, ABŞ bundan sonra sabit, müharibəsiz, dövlət və xalqlar arasında möhkəm sülh mövcud olan region uğrunda mübarizə aparacaq ki, bu da regionun bütün dövlət və xalqları üçün tarixi əhəmiyyət kəsb edir. Bundan başqa, Qafqazın təbii ehtiyatlarının istismarı, ixracı, regiona investisiya qoyuluşu, qabaqcıl texnologiya gətirilməsi, sənaye infrastrukturlarının inkişaf etdirilməsi, bölgə ölkələrinin dünya birliyinə inteqrasiya olunması təkcə Azərbaycan üçün deyil, bütün bölgə dövlətləri üçün böyük əhəmiyyətə malikdir.
Əslində, Azərbaycan-Amerika əlaqələrinin strateji əməkdaşlıq və tərəfdaşlıq üzərində qurulması və bu zəmində yaranan bütün müsbət amillər, həm də Avropa və bütün dünya üçün böyük əhəmiyyət kəsb edir. İstər bu bölgədə sülhün yaranması, istərsə də ayrı-ayrı bölgə dövlətlərinin və bütöv regionun iqtisadi yüksəlişi, Avropanın və dünyanın iqtisadi, siyasi və təhlükəsizlik sisteminə inteqrasiyası, bütün hallarda bəşəriyyəti, insanlığı narahat edən müxtəlif problemlərin azalmasına səbəb olacaq. Bu gün Avropa və beynəlxalq aləm münaqişələrdə tələf olan insan həyatından, müharibələrin aradan qaldırılmasına sərf olunan milyonlarla vəsaitdən, insan əməyindən, iqtisadi dağıntıların və digər böhranların qarşısını almaq üçün sərf olunan maddi və mənəvi vəsaitdən xilas olmaq üçün atılan hər addımı alqışlayır və müdafiə edir. Bu mənada Azərbaycanda, Qafqaz və Mərkəzi Asiyada baş verən bütün neqativ hadisələrə nüfuzlu dövlətlərin müsbət müdaxiləsi hamı üçün sərfəlidir.
Səfərin gedişində dünyanın aparıcı kütləvi informasiya vasitələrində dərc olunan çoxsaylı yazılar, şərhlər və icmallar göstərdi ki, Azərbaycan-Amerika əlaqələrində yaranmış yenilik, iki ölkə münasibətlərinin strateji tərəfdaşlıq üzərində qurulması yalnız bu iki dövlətin daxili və xarici siyasət məsələsi deyildir. Bu, eyni zamanda, Qafqaz və onun ətrafında mövcud olan MDB məkanındakı bütün dövlətlərin, Avropa və Asiya qitəsi ölkələrinin həm daxili, həm də xarici siyasətinə mühüm təsir göstərə biləcək, dünya siyasətinin yeni istiqamətdə, yeni prioritetlər əsasında qurulmasına əsaslı təkan verəcək strateji bir yenilikdir.
Həmin günlər ABŞ-ın ən nüfuzlu qəzetlərindən sayılan "Vaşinqton post" özünün baş yazılarından birində qeyd edirdi ki, Bill Klintonun Heydər Əliyevin tələblərinə əməl etməsi bu ölkənin düşməni olan Ermənistana və qonşusu olan digər dövlətlərə neftin və neft siyasətinin gücünü bir daha göstərdi. Qəzet yazır ki, Prezident Heydər Əliyev Amerika hökumətində, ABŞ-ın ictimai-siyasi dairələrində və iş adamları arasında öz ölkəsinin və Qafqaz regionunun sabitliyi üçün zəruri olan böyük nüfuz qazanmış, Amerikaya səfər nəticəsində Azərbaycana hər cür siyasi, iqtisadi, beynəlxalq və humanitar yardım etmək üçün ABŞ hökumətinin hərtərəfli dəstəyini əldə etmişdir.
Təxminən oxşar məzmunlu məqalələr həmin günlərdə Vaşinqtonda çıxan "Journal of kommers and kommerşl" qəzetində, Londonda çıxan "Faynenşl tayms"da, nüfuzlu mətbuat orqanlarından sayılan "Wall srteet journal" qəzetində, "Çikaqo tribyun" qəzetində, Fransada çıxan məşhur "Le Mond" qəzetində, "Frans-Press" agentliyinin bülletenlərində, Moskvada çıxan "İzvestiya", "Rossiyskaya qazeta" və başqa mətbuat orqanlarında da geniş əks olunmuşdur.
Azərbaycan Prezidentinin ABŞ-a rəsmi səfəri ABŞ, Avropa, Rusiya mətbuatı ilə yanaşı, Türkiyənin kütləvi informasiya vasitələrində də diqqətlə izlənilmiş və yüksək qiymətləndirilmişdir. "Milliyyət" qəzetinin həmin günlərdə dərc etdiyi yazıda göstərilir ki, Ağ Ev "Heydər Əliyevin Qarabağ siyasətinə yaşıl işıq yandırdı" və bu ilin içərisində bu problemə son qoyacağına söz verdi. "Milliyyət"in başqa bir yazısında qeyd edilir ki, "amerikalılar son beş ildə azərbaycanlıları incidən siyasətlərini dəyişdirir və Heydər Əliyevi başlarının tacı edirlər..." Qəzet yazır ki, "Amerika strateji kursunu Bakıya tərəf döndərir. Amerika birdən-birə Azərbaycanın iş, hətta strateji partnyoru olur."
"Sabah" qəzeti Bill Klintonun Heydər Əliyevin apardığı demokratik və iqtisadi islahatlardan heyranlıqla danışdığından və Amerika prezidentinin Azərbaycanı hər zaman dəstəkləyəcəyi haqqında verdiyi sözdən bəhs edir və qeyd edir ki, "erməni lobbisinin bütün maneələrinə baxmayaraq, Heydər Əliyev Bill Klintonla görüşdü və onun hərtərəfli dəstəyini qazandı. Bu, erməniləri çaş-baş saldı". Başqa bir yazıda "Sabah" Heydər Əliyevin çox az dünya liderinə nəsib olan "kral kimi qarşılanmasından" bəhs edərək, onun ABŞ səfərini geniş işıqlandırır. Beləliklə, 1991-2000-ci illərdə Azərbaycanın xarici siyasətinin ABŞ istiqaməti öz inkişafında iki mərhələdən keçmişdir. 1993-cü ilin ikinci yarısına qədər davam edən ilk mərhələ iki ölkə arasında diplomatik əlaqələrin yaradılmasına baxmayaraq, Azərbaycan hökumətinin qarşılıqlı münasibətləri özünün dövlətçilik maraqlarına uyğun şəkildə inkişaf etdirmək istiqamətində konkret addımlar atmaması və hətta xarici siyasət fəaliyyətində yol verdiyi səhvlər nəticəsində ABŞ Konqresi tərəfindən qəbul edilmiş "907-ci düzəliş"lə Azərbaycana qarşı sanksiyaların tətbiq olunması və iki ölkə arasında münasibətlərin kəskinləşməsi ilə səciyyələnir.
1993-cü ilin ortalarından başlayan dövrü əhatə edən ikinci mərhələdə Azərbaycan Respublikasının xarici siyasət fəaliyyətində baş verən konstruktiv dəyişikliklər, ABŞ-ın beynəlxalq aləmdəki mövqeyinin strateji baxımdan düzgün qiymətləndirilməsi, münasibətlərin tənzimlənməsi və inkişafı sahəsində müvafiq taktiki gedişlərin ardıcıl surətdə həyata keçirilməsi Azərbaycan-ABŞ münasibətlərindəki ziddiyyətlərin aradan qaldırılmasını və anlaşılmaz münasibətlərin strateji tərəfdaşlıq istiqamətində inkişafını şərtləndirən hüquqi-normativ bazanın yaradılması ilə nəticələndi.
2008-ci ildə ABŞ vitse-prezidenti işləmiş Dik Çeyni Azərbaycana səfərlərinin birində demişdir: "Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında bir çox məsələlər üzrə mövqelər eynidir. Hər iki tərəf dünyanın bu önəmli regionunda təhlükəsizlik, sabitlik və əməkdaşlığın gücləndirilməsini vacib hesab edir. Biz özümüz və beynəlxalq birlik üçün enerji təhlükəsizliyi məsələlərinin həllinə xüsusi əhəmiyyət veririk. Hər iki tərəf sülhün bərqərar olunması işinə tam sadiqdir. Azərbaycan və Amerika Birləşmiş Ştatları bu gün qorxu altında olan sülh, təhlükəsizlik və sabitlik kimi prinsiplərin qorunmasına xüsusi əhəmiyyət verir.
Buş və mən Azərbaycan xalqına və bütün regiona aydın və sadə bir mesajı çatdırırıq: Birləşmiş Ştatlar bu regionda rifahın və təhlükəsizliyin tam bərqərar olunmasında dərindən və hərtərəfli maraqlıdır. Artıq iki onillik ərzində biz xalqınıza müstəqilliyin, suverenliyin qurulması və möhkəmləndirilməsi, eləcə də, nüfuzlu beynəlxalq təşkilatlara inteqrasiyası yolunda dəstək vermişik.
Bu gün biz həmin öhdəliyimizi və ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsinə sadiq olduğumuzu bir daha təsdiqləyirik. Amerika Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü qəti şəkildə dəstəkləyir. Biz Dağlıq Qarabağ münaqişəsinin ölkənizin ərazi bütövlüyü prinsipinə və bütün digər beynəlxalq hüquq normalarına əsaslanan danışıqlar yolu ilə həllinə tərəfdarıq. Bu gün münaqişənin həlli indiyə qədər olduğundan, daha çox vacibdir. Çünki bu məsələnin həllindən regiondakı sülh və sabitlik, o cümlədən, Azərbaycanın təhlükəsizliyi asılıdır.
Amerika, eyni zamanda, Azərbaycanın enerji sahəsində Qərb ölkələri ilə əməkdaşlığa sadiqliyini yüksək dəyərləndirir. Bütün xalqlar bazar iqtisadiyyatı prinsiplərinin işlədiyi, məlumatın şəffaf olduğu, enerjinin, ixrac marşrutlarının müxtəlif və etibarlı olduğu təqdirdə ən münasib xidmətlərdən yararlanır.
Birləşmiş Ştatlar digər Avropa dövlətləri, o cümlədən, Türkiyə ilə birgə qəti şəkildə inanır ki, təbii sərvətlərin sərbəst nəqlini təmin etmək və əlavə ixrac marşrutlarının işlənməsi üçün Azərbaycan, Qafqaz və Mərkəzi Asiya ölkələri ilə birgə iş aparılmalıdır. Enerji təhlükəsizliyi məsələləri son illərdə daha çox əhəmiyyət kəsb edir. Mən Amerika Birləşmiş Ştatlarının beynəlxalq terrorizmə qarşı apardığı qlobal mübarizəyə Azərbaycanın verdiyi töhfəyə görə ölkəm adından minnətdarlığımı bildirmək istəyirəm. Bizim qüvvələrimiz Əfqanıstan və İraqda birgə çalışır, zorakılıq və ekstremizm hallarının qarşısının alınmasında əməkdaşlıq edirlər. Ölkələrimiz təhlükəli rejimlərdən irəli gələn kütləvi qırğın silahlarının yayılmasının həm Azərbaycan, həm də beynəlxalq birlik üçün risk doğurduğunu yekdilliklə etiraf edirlər. Amerika Azərbaycanın həm regional, həm də beynəlxalq miqyasda sülh və təhlükəsizlik işinə verdiyi böyük töhfəsini yüksək dəyərləndirir.
Biz demokratiyanın və qanunun aliliyinin möhkəmləndirilməsi, insan hüquqlarına hörmət edilməsi kimi məsələlərdə və Azərbaycan xalqının üzləşdiyi mürəkkəb problemlərin həllində, habelə, müasir, tərəqqi edən və müstəqil dövlətin qurulmasında xalqınızın səylərini dəstəkləyirik. Biz ölkənizin dünyanın bu guşəsində sülh və sabitliyin bərqərar olmasına nümunə kimi xidmət edəcəyinə inanırıq".
ABŞ-la strateji əməkdaşlığa yüksək əhəmiyyət verən ölkə Prezidenti cənab İlham Əliyev çıxışlarının birində demişdir: "Bir daha bildirdik ki, ikitərəfli əlaqələrimiz uğurlu inkişaf edir və bir çox yeni sahələri əhatə edir. Münasibətlərimizin artıq uzun tarixi var. Əlaqələrimiz, əsasən, enerji məsələlərindən başlanmışdır. Regionda həyata keçirdiyimiz enerji layihələri Amerika Birləşmiş Ştatlarının güclü dəstəyi və Azərbaycanın təşəbbüsü ilə başlamışdır. Bütün bu layihələr artıq reallaşmışdır. Bunlar, sözün əsil mənasında, uğurlu hadisələrdir.
Hazırda biz energetika sahəsində tərəfdaşlığın və enerji təchizatının şaxələndirilməsinin daha da inkişaf etdirilməsi üzərində çalışırıq. Bu, təkcə istehlakçılar üçün deyil, həmçinin, Azərbaycan istehsalçıları üçün də vacibdir. Bundan sonra ölkələrimiz arasında münasibətlər digər sahələrdə də inkişaf etməyə başladı və hazırda əlaqələrimiz çox geniş formatı əhatə edir. Siyasi əlaqələrimiz uğurla inkişaf edir. Güclü iqtisadi münasibətlərimiz var. Təhlükəsizlik, müdafiə sahəsində əlaqələrimiz, beynəlxalq sülhməramlı əməliyyatlar sahəsində əməkdaşlığımız və sözsüz ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi bizim üçün çox əhəmiyyətlidir.
Minsk Qrupunun həmsədrlərindən biri kimi Amerika Birləşmiş Ştatları hər iki tərəfin münaqişənin həlli yollarını tapması işinə kömək göstərilməsində vacib rol oynayır. Lakin əlbəttə ki, digər münaqişələr kimi, bu münaqişənin həlli də beynəlxalq hüquq normalarına əsaslanmalıdır. Azərbaycanın, regionun və dünyanın bütün ölkələrinin ərazi bütövlüyünə hörmət edilməsi şərti ilə.
Əlbəttə ki, burada regional vəziyyət də müzakirə olundu. Bildiyiniz kimi, Azərbaycan böyük regional əhəmiyyət daşıyan, hətta ola bilsin, daha geniş məkanı əhatə edən bir sıra layihələrin təşəbbüskarıdır. Bütün bu layihələrin həyata keçirilməsində Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında münasibətlər çox mühüm, hətta mən deyərdim, həlledici rol oynayır. Bu günə qədər əməkdaşlığımız uğurla gedir və planlaşdırdığımız işləri həyata keçirə bilmişik. Əminəm ki, Birləşmiş Ştatlarla Azərbaycan arasında, eləcə də, digər regional ölkələrlə güclü tərəfdaşlıq gələcəkdə daha çox müvəffəqiyyətlərin əldə olunması, təhlükəsizlik tədbirlərinin, sülhün, sabitliyin və rifahın daim möhkəmləndiriiməsi ilə nəticələnəcəkdir".
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru