Mən bu qısa məqalə çərçivəsində Əkrəm Əylislinin məlum romanı haqqında bəzi fəlsəfi-elmi mülahizələrimi təqdim etməyə səy edəcəm. İlkin olaraq onu ifadə edim ki, bu roman haqqında təfərrüatlı şəkildə təhlillər aparmaq və analizlər vermək qeyri mümkündür. Bu, romanın cılız ədəbi əsər və tarixi faktları səhv şəkildə qələmə verməsindən irəli gəlir. Bu məqsədlə fikirlərimi qısaca olaraq izah etməyə çalışacam. Ümumiyyətlə, roman və şeir kimi ədəbi əsərlər hər zaman fəlsəfi və psixoloji məqamları ilə təsiredici gücə malik olurlar. Məhz dünya ədəbiyyatı tarixində Dostoyevski, Tolstoy, Migel de Unomuno, Onore de Balzak, Amin Malouf və s. yazıçılar öz ifadə tərzlərinə və ədəbi obrazlarının həyatiliyi nəticəsində ciddi yazıçılar olaraq qəbul edilirlər. Tarixi hadisələri psixoloji aspektdən süzgəcdən keçirərək, yazılan romanlara gəldikdə isə bunların siyasət və idelogiya ilə birbaşa olmasa da dolayısıyla əlaqələri mövcuddur. Məhz ``Daş Yuxular`` romanı da erməni idelogiyasına xidmət edəcək dərəcədə funksional mahiyyət daşıyır.
Yeri gəlmişkən qeyd etməliyəm ki, müasir mətinşünaslıqda, xüsusilə, fəlsəfi hermenevtikda yazıçının niyyəti və mətnin yazıçıdan müstəqil öz mahiyyəti ciddi şəkildə aktuallıq kəsb edir. Belə ki, bu parametrlər daxilində ``Daş Yuxular`` romanı yazıçının niyyətini də ortaya qoyur. Nəticədə bir oxucu olaraq Əkrəm Əylislinin qeyd olunan romanının birmənalı şəkildə erməni tərfgirliyi ilə yazıldığını görmək mümkündür.
Burada, eyni zamanda, siyasi məqsədsizlik də özü-özlüyündə ortaya çıxır. Belə ki, illərdir Azərbaycanda yaşayan və Azərbaycan xalqının başına gətirilən bəlalardan xəbardar olan ağlı başında olan bir yazıçı, universallıq, sanki məşhur alman filosofu İ.Kantın ifadəsi ilə "Əbədi sülhə doğru" fikirlərindən ilham alırcasına belə bir əsəri yazması, həm savadsızlıq, həm də müasir ədəbi proselərdən bixəbər olma mənasına gəlir.
Roman daxilində konkret obrazlar vasitəsilə ifadə edilən fikirlərə gəldikdə isə, romanın ermənipərəstliyi tərifləmək xatirinə Azərbaycanın milli mentaliteti ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Belə ki, romanda Ermənistan və Qarabağ qaçqınlarının alçaldılması və Saday Sadaqlının dilindən "...ermənilər yox, biz ozumuz pisik" ifadələrinin heç bir rasional açıqlaması yoxdur. Məhz minlərlə azərbaycanlının əzəli Azərbaycan torpağı olan Ermənistanda, Dağlıq Qarabağda və digər rayonlarımızda qanına qəltan edilməsinə qarşı belə ifadələr Azərbaycanın xalq yazıçısı tərəfindən necə yazıla bilər axı? Əlbəttə ki, bu "Daş yuxular" deyil, daşlaşmış vicdanın nəticəsində ərsəyə gəlmişdir.
Romanda digər məqamlardan biri də personajlar arasında Peyğəmbər və Allahla bağlı keçən çürük dialoqlardır. İstehzaedici şəkildə Peyğəmbərin güya Allahdan daha çox bilərək islami qaydalara müvafiq olaraq sünnət olunmağı icad etməsindən bəhs olunur. Qısaca olaraq, onu deyə bilərəm ki, bu məntiqlə dinə və peyğəmbərə yanaşma 18 və 19-cu əsr alimlərinin fikirlərini xatırladır. Məhz müasir dövrdə fəlsəfi və dinlər tarixinə aid elmi ədəbiyyatda bu alimlərin fikirləri vaxtı keçmiş hesab olunur. Digər tərəfdən islam tarixi və əqidəsi baxımından da Peyğəmbər heç bir zaman Allahın əmirlərinə qarşı gəlməmiş, etdiyi hərəkətlərə Allah tərəfindən hər zaman nəzarət edilmiş, düzəldilmiş və ya məqbul qəbul olunmuşdur. Əks təqdirdə, Allah öz Peyğəmbərinə xəbərdarlıqlar edirdi. Qurani -Kərimdə Peyğəmbərə ünvanlanmış belə xəbərdarlıqlar mövcuddur. Yazıçı olaraq məsələnin belə istehza şəklində və çürük məntiqlə qabardılması bir daha intellektual oxucu tərəfindən yazıçının cılız qəbul edilməsinə gətirib çıxarır.
Ümumiyyətlə, Əkrəm Əylislinin bu romanı Azərbaycan xalqının tarixi keçmişi, indisi və gələcəyi ilə heç cürə üst-üstə düşmür. Yazıçı qaş düzəldim deyərkən gözü də vurub sıradan çıxarmışdır. Belə məqsədsiz, siyasi ehtiraslara qurban verilmiş və ədəbi zövqdən məhrum olan əsər, Azərbaycan ədəbiyyat tarixində hər zaman daşlanmış vicdanın nümunəsi olaraq lənətlənmiş şəkildə qalacaqdır.
Rəşad İlyasov,
fəlsəfə doktoru