PDF Oxu

Araşdırma

  • 1 449

İctimai Palata və Ziyalılar Forumu "dəvəquşu" metodundan istifadə edir

İctimai Palata və Ziyalılar Forumu "dəvəquşu" metodundan istifadə edir

İctimai Palata və Ziyalılar Forumu Əkrəm Naibovun cızma-qarasından xəbərdar olublar

Hətta qurumların bir neçə üzvləri də həmin cızma-qaranın çapından sonra ölkədə qarışıqlığın yaraqmasını da gözləyirdilər

Məlum olduğu kimi, bu gün Azərbaycan cəmiyyəti erməniçiliyi təbliğ edən və düşmənlərimizin maraqlarına xidmət göstərən Əkrəm Naibovu yazdığı cızma-qaraya görə qınaq atəşinə tutub. Hər kəs, hətta xaricdə yaşayan azərbaycanlılar belə onun yazdıqlarından hiddətə gəlib və onun cəzalandırılmasını belə tələb edirdilər. Ziyalılar, ictimai-siyasi təşkilatların rəhbərləri Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən bir vaxtda bu cür təxribatın ortaya çıxmasına görə, Əkrəm Naibovun bütün titullarının əlindən alınmasına çağırışlar da edirdilər. Bu mənada, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqın səsinə səs verərək, onun tələbini yerinə yetirdi və imzaladığı sərəncamlarla Əkrəm Naibovun titullarını əlindən aldı.

İctimai Palata və Ziyalılar Forumu gizlənməyə çalışır

Lakin bu cür hadisələrin sırasında gözdən qaçmayan məqam oldu. Bu isə özünü demokratik qüvvələr hesab edən, əslində isə, elə Əkrəm Naibovla eyni dəyəri paylaşan İctimai Palata, Ziyalılar Forumu və radikal müxalifətin nümayəndələri sanki baş verənlərdən kənarda qalanlar kimi erməniçiliyə xidmət edən cızma-qaraya münasibət bildirmirlər. Onlar müxtəlif bəhanələrlə problemə münasibət bildirməkdən boyun qaçırır və günahı elə cəmiyyətin üzərinə yıxmağa çalışırlar. Hətta bəzən İctimai Palata, Ziyalılar Forumu və radikal müxalifətin nümayəndələri "dəvəquşu" metodundan istifadə edirmiş kimi guya hadisələrdən xəbərdar olmadıqlarını nümayiş etdirməyə çalışırlar.

Ziyalılar Forumu və İctimai Palata Əkrəm Naibovun əsərindən xəbərdar idi

Qeyd edək ki, müxalifət mətbuatında çıxan bəzi yazılarda iddia olunur ki, guya nə Ziyalılar Forumu, nə də İctimai Palata Əkrəm Naibovun yazdıqların xəbərdar deyil. Amma ortada olan faktlar bir daha onu göstərir ki, adları çəkilən qurumlar sadəcə manipulyasiya ilə məşğuldurlar və məsuliyyətdən yayınmağa çalışırlar.

Belə ki, bir müddət öncə, hələ cızma-qara çap olunmamışdan əvvəl Rüstəm İbrahimbəyov Rusiyaya yola düşərkən demişdi ki, yaxınlarda çox böyük partlayış olacaq. Bu fikri Ziyalılar Forumunun və İctimai Palatanın nümayəndələri də sətiraltı olaraq, mətbuata sızdırmışdılar. Onlar gözləyirdilər ki, Əkrəm Naibovun cızma-qarası çap olunacaq və bununla da, ölkədə qarışıqlıq yaranacaq. Lakin onlar bu qədər güclü ictimai reaksiyanın olacağını hesablaya bilməmişdilər. Çünki özləri 1992-ci il təfəkküründə olduqlarından, elə başa düşüblər ki, ölkədə ictimai-siyasi sabitlik pozulacaq. Amma onların niyyətləri baş tutmadı ona görə də, cəmiyyət qarşısında daha da gözdən düşməmək üçün səthi də olsa, məsələyə münasibət bildirməyə başladılar.

Eldar Namazov özünü ifşa etdi

İlk olaraq, Ziyalılar Forumu məcburiyyət qarşısında qalıb mövqeyini açıqladı. İctimai Palata isə gözləmə mövqeyini alaraq, ictimaiyyətin Ziyalılar Forumunun münasibətinə reaksiyasının nəticələrini almağa çalışdı. Amma iş elə gətirdi ki, Eldar Namazov başda olmaqla, Ziyalılar Forumunun digər reneqat üzvləri özlərini ifşa etdilər. Çünki mövqe bildirərkən belə Əkrəm Naibovun həmin qurumun üzvü olduğunu nəzərə almalı idilər. Lakin Eldar Namazovun gah nala, gah da mıxa vurması bir daha cəmiyyətə bəlli etdi ki, Ziyalılar Forumu da ermənilərin maraqlarına işləyən bir qurumdur. "Daş yuxular" bədii əsərdir. Onu yazmaq, özünü ifadə etmək hüququnu tanıyırıq..." deməklə, bir daha satqın mövqe ortaya qoyan Ziyalılar Forumu Azərbaycan dövlətinin və xalqının milli maraqlarına zidd getdiklərini açıq şəkildə ortaya qoyublar. Eyni mövqeni İctimai Palata da bölüşür. Bu qurum da əvvəl gündəmi dəyişməyə çalışsa da, bu, alınmadı. Ona görə də, İctimai Palata da insan hüquqları bəhanəsini ortaya ataraq, məsuliyyəti boynundan atmağa çalışdı.

Göründüyü kimi, Ziyalılar Forumu və İctimai Palata da Əkrəm Naibov kimi siyasi sifariş yerinə yetirir və onlar üçün Azərbaycan dövlətinin, xalqının milli maraqları əhəmiyyət kəsb etmir.

"Səs" Analitik Qrupu

Digər xəbərlər