1956-cı ildən fəaliyyətə başlayan Azərbaycan televiziyası gözəl, istedadlı aktrisa Nəcibə Məlikovanın "Göstərir Bakı!" kəlməsi ilə saysız insanları özünə cəlb edə bildi. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi nümayiş etdirildi. İstedadlı aktyor ansambılı və rejissor əməyi öz qiymətini aldı.
Televiziyanın məlahətli, əzəmətli səsə malik diktorları Gültəkin Cabbarlı, Roza Tağıyeva, Rafiq Hüseynov, Ofelya Sənani, Sabir Ələsgərov, Gülşən Əkbərova və başqaları dəsti-xətləri ilə seçilərək efir məkanında layiqli yer qazanandılar. Onların bir çoxu dünyasını dəyişsə də yaratdığı ab-hava, professionallıq bu gün də maraq oyadır və onlara istinad olunur. "Azərbaycan bəstəkarlarının portretləri", "Azərbaycan ədəbiyyatının klassikləri", "Bakının teatr və konsert salonlarında", "Məktəb və həyat", "Festival qarşısında" və s. bu kimi verilişlər efirə çıxdı və televiziya tamaşaçılarını öz cazibəsi ətrafında cəmləşdirdi. Televiziya insanların həyatının ayrılmaz hissəsinə çevrildi. Milyonlarla insan hər gün televiziyanın köməyi ilə dünyanın müxtəlif yerlərində baş vermiş mühüm hadisələrdən və yeniliklərdən xəbərdar oldu.
Müstəqilliyimizin bizə verdiyi imkanın nəticəsidir ki, televiziya kanallarının sayı nəzərə çarpacaq dərəcədə artdı. Bu gün Azərbaycanda ANS, İTV, "Xəzər", "Lider", "Space", ATV və digər televiziya kanalları tamaşaçıları öz ekranı ətrafına toplayıb. Azərbaycan efirindən "Sönməyən ulduzlar", "Mədəniyyət saatı", "Sağlamlıq", "Həftə", "Parlament həftəsi", "Əsas məsələ", "Şəxsən siz", "Unudulmayanlar", "Sələflər, xələflər", "Ədəbi abidələr", "Oğuznamə", "Tərəf-müqabil", "Ovqat", "Mən azərbaycanlıyam", "Azərbaycan, yurdum mənim", "LG Bilik Akademiyası" və s. mövzu dairəsi kifayət qədər geniş və rəngarəng olan müxtəlif veriliş və proqramlar təqdim olunur. Azərbaycan efir məkanı milli-mənəvi dəyərlərin və milli ənənələrin qorunmasını özünün prioritet istiqamətlərindən biri hesab etdiyindən, gənclərin tərbiyəsinin formalaşmasında rol oynaya biləcək proqramlara xüsusi yer ayırır.
Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşan "Muğam müsabiqəsi" televiziya müsabiqələri keçirilir. Müsabiqə iştirakçılarının istedadını SMS-lər, qeyri-profesional musiqiçilər deyil, peşəkar musiqiçi və xanəndələrdən ibarət münsiflər heyəti qiymətləndirir. Müsabiqədə bütün nüanslar ifa, qəzəllərin seçimi, geyim və davranış kimi məqamlar diqqətdə saxlanılır. Yayımlanan intellektual və maarifləndirici televiziya layihələri zövqlü insan tələbatını ödəyir.
Bütün bu deyilənlər Azərbaycan efir məkanının yaxşı görünən və əhəmiyyət daşıyan tərəfləridir. Bu gün Azərbaycan telekanalları peyk vasitəsilə xarici ölkələrə yayımlandığı zamanda təqdim olunan bəzi proqramların səviyyəsi heç də ürəkaçan deyildir. Efirdə əyləncəli verilişlərin sayının artırılmasına yox, daha çox onun aşıladığı dəyərlərə, maarifləndirici verilişlərə üstünlük verilməsi vacibdir. Təbii ki, əyləncəli verilişləri də təqdiminə yer ayrılmalıdır. Amma müəyyən çərçivə gözlənilmək şərti ilə.
Etiraf edək ki, bu gün efirdə insanların zövqünün aşağı səviyyəyə sala biləcək yarışların, müsabiqələrin keçirilməsi heç bir normalara sığmır. Hər zaman yüksək səviyyəli, peşəkar və illərlə əməyini sənətə həsr edən münsiflərin iştirakı ilə keçirilən bəzi müsabiqələrdə bu gün sənətdən kənar, bəstəkar olmaq əvəzinə zahiri görkəmi ilə diqqəti çəkmək, aldadıcı imic yaratmaq istəyən, eləcə də, tükürpədici səsi ilə insanları vahiməyə salan "müğənnilərin" münsiflər heyətində oturması və iştirakçıların qiymətləndirilməsi hansı meyarlarla aparılır? Xarici ölkələrin kanallarının proqramları üzərində qurulan verilişlər sırasında olan istedad sorağına çıxan "Tanıdım səni" proqramı əhəmiyyətli bir layihə olsa da münsiflər heyətinin tərkibi onun mahiyyətini aça bilmir. Bəstəkarlıq və müğənnilikdən xəbəri olmayan insanların seçimi, qərarı birmənalı qarşılana bilməz. Qeyri-ciddi və qeyri-professional münsiflər heyəti kimi qalib edə bilər? Unutmayaq ki, gələcəkdə sənət yoluna çıxacaq bəzi insanlar belə layihələrdən də qaynaqlanır. Ucuz şou-proqramlarla efirdə yer alanlar insanların zövqünü korlamaqla yanaşı, Azərbaycan xalqının ən yüksəkdə duran əxlaq normalarına belə xələl gətirirlər. Reytinqin dalınca qaçmaq ucuz, zəif və dəyərsiz proqramların təqdimi ilə nəticələnir. Bu silsilə də olan proqramlar sırasında bu yaxınlarda efir məkanında yer alan daha bir layihə də - "Özünə bax" layihəsi çərçivəsində də təqdim olunan proqramdakı münsiflər Azərbaycan xanımına maraq doğurur ki, nəyi öyrədəcək və əxz edəcək. Azərbaycan xalqının gözəl geyim mədəniyyəti, darvanışı, özünü aparmaq qabiliyyəti var. Biznes fəaliyyəti ilə məşğul olan şəxsin Ruhinin, şou-biznes aləmində stilist kimi tanınan Anar Ağakişiyevin, modelyer-dizayner Leyla Əhmədovanın fikirləri hansı parametrlərlə ölçülür. Layihənin əsas məqsədi müxtəxəssislərin köməyi ilə qadınlara son dəblə ayaqlaşaraq düzgün və zövqlü geyinməkdə yardımçı olmaq olsa da buna nail olmaq yolunda mütəxəssis rəyi olmalıdır. Görəsən, həmin münsiflərin və qeyrilərinin geyimləri idealdırmı? Gənc qızların efirə çıxıb, yalvarışlı baxışlarla "münsiflərdən" möhlət istəməsi Azərbaycan qadınına məxsus dəyərlərə xələl gətirmirmi? Qürur insanın insan kimi varlığını göstərən ən ali dəyərlər sırasındadır.
Azərbaycanın gənc xanımı elmə, sənətə yiyələndikcə qeyri-ixtiyari olaraq gözəl zövqün sahibinə çevriləcək. Geyindiyi qiyafənin stilinə uyğun davranış, düzgün yerimək, makiyaj və s. öyrədilməsi yox, mənəvi dəyərlərin aşılanması vacib məqamlardandır.
Müasir həyatımızda Azərbaycan efir məkanından yer alan seriallarında insanların zövqünün korlanmasında, yüngül əxlaqın formalaşmasında rolu az deyildi. Cəmiyyətdə ictimai, mədəni, estetik təsir gücündə olan seriallarda kifayət qədər qüsur var ki, cəmiyyət bunu həzm edə bilmir. Təbii ki, teleserialların çəkilməsində rəqabət olmalıdır ki, gözəl serial yarana bilsin. Rəqabət varsa inkişaf da olacaq. Amma görünür, hələ də bu prinsip üzərində işini qurmayan "mütəxəssislər" var. Axı, artıq dünyamız inkişaf etdikcə, tələbatın meyarı da dəyişir. Bəsit formada çəkilən, tamaşaçı düşüncəsini oyada bilməyən, ən əsası ali dəyərlərimizə yer verilməyən filmə kim tamaşa edər? Yaxud da təkrarən nə vaxtsa izləmək istəyinə düşə bilər. Bu, qəti deyə bilərik ki, qeyri-müşkül məsələdir. Məsələ burasındadır ki, "Azərbaycantelefilm"ini istehsalı olan nə qədər sayda filmlərimiz var ki, onların hər birinə on dəfələrlə baxılsa da, bizim üçün təzə, yeni bir filmdir. Çünki filmin gözəl yaradıcı potensialı var. Azərbaycan sənəti tarixində yer alımış aktyor və rejissorlarının yaradıcılıq biblilioqrafiyasını vərəqləsək, görərik ki, onların əksəriyyətinin ilk rolu, ilk çəkdiyi filmlərdə peşəkarlıq var. Hətta tanınmış Azərbaycan rejissoru Arif Babayev çəkdiyi filmlərin bir neçəsində qeyri-sahənin mütəxəssilərinə yer verib. Amma onlardan yüksək səviyyədə obraz yaradıcısı olmaq istəyini israrlı tələb edib. Rejissor onların hər biri ilə rolun həyat yolunun bir məqamı etmək həddinə gələnədək çalışıb, zəhmət və istedadını ortaya qoyub. Sadə şəkildə təqdim edilən filmlərdə nə qədər böyük məqsəd, amal sezilir. Bəşəriyyəti gözəlliyə qərq edəcək dəyərlər aşılanır. Sövet dövrünün qatı çağlarında "Bir cənub şəhərində" filmi çəkiləndə rejissor filminə qadağa qoyula bilər fikri ilə yaşaya-yaşaya ömrünün aylarını bura sərf edir. Təbii ki, zaman sözünü dedi. Kifayət qədər belə filmlərimiz var.
Gəlin, görək bu gün çəkilən seriallarımızda nə aşılanır? Seriallarda çəkilən aktyorların görünüşü, baxışı, səsinin tonu, Azərbaycan dilinin orfoepiyasına əməl olunması nə dərəcədədir? Səsinin sehri ilə tamaşaçını ovsunlayan Nəcibə Məlikova, Leyla Bədəlbəyli, Həsən Turabov, Həsən Məmmədov, Ələsgər Ələkbərov, Ələddin Abbasov və onlarla belə aktyorlarımıza indi filmlərdə təsadüf edirikmi? Səslərinin əzəməti, isməti, müdrikliyi, qətiyyəti ilə oynadığı rola fərqli rəng, çalar əlavə edirdi. Gözəl sima, gözəl səs, gözəl ifa. Hər şey sünilikdən uzaq, təbii və zövqlü. Təbii ki, bu gün Azərbaycan sənət aləmində belə aktyorların yetirmələri var, ya onlar seriallara dəvət almırlar, ya da "müasir zövqlü rejissorların" çəkdikləri filmlərdə iştirakdan imtina edirlər. Bəlkə, istedadları ilə çoxlarından fərqlənən Rafael və Coşqun əyinlərinə biçilmiş hesab etdikləri libasdan tam imtina edib, sırf meyillərini filmə cəlb etsələr, müxtəlif səpkili obrazların yaradıçısı kimi sevilərlər.
Səmimi etirafdır. Azərbaycan efirində yayımlanan seriallara tamaşaçı baxa bilmir, əgər baxırsa da filmdə istədiyini tapa bilmir. Təbii ki, indi baxdığımız serialları Azərbaycan kinosuna daxil etmək mümkün deyil. Bütün bu deyilənlərlə yanaşı, tamaşaçı Azərbaycan qadını, Azərbaycan kişisini lazımı səviyyədə yaradılan bir çox obrazlarda görə bilmir. Real mənzərə göz qabağındadır. Bunun üçün elə telekanallarda nümayiş olunan serialların çox yox, cəmi bircə seriaysını izləmək kifayətdir. Düşük, səviyyəsiz, şit, zövqsüz seriallar nəyi təbliğ edir?. Heç şübhəsiz ki, digər ölkələrin istehsalı olan teleseriallırını izlədiyimiz kimi "Bacanaqlar", "Sirr", "Aramızda qalsın", "Susmuş vicdan", "Pərvanələrin rəqs" və s. izinə düşürsən. Amma bir neçə serialdan sonra filmə əlvida söyləyirsən. Buna səbəb qeyri-peşəkarlıqdır. Peşəkarlıq olmayan yerdə gözəl bir işin nəticəsindən söz açmaq olmaz.
Gerçəklikləri nəzərə alaraq, deyə bilərik ki, Azərbaycanda çəkilən serialların səviyyisi çox aşağı, rejissor işi zəifdir. Aktyorların əksəriyyəti isə təcrübəsiz, səriştəsizdir. Hətta onların səsini dinləmək belə insanda qıcıq yaradır. Sanki hansısa bir ailədə olan söz-söhbəti, darvanışı seyr edirsən. Bəzi serial qəhrəmanları isə obraz yarada bilmədiklərindən daha çox təqlidçiliyə yol verirlər.
Azərbaycan seriallarının Türkiyə seriallarının uğursuz variantı olaraq qiymətləndirilməsi ilə barışmalıyıq. Tamaşaçıya "Bacanaqlar" kimi seriallar yox, ictimai-mədəni həyatımızın üzü, gerçəkliyi, gözəl musiqi, aktyor oyunu, rejissor işi olan seriallar gərəkdir.
NƏZAKƏT