PDF Oxu

Araşdırma

  • 1 750

Söyün Sadıqov milli xəyanətkar olmaqla yanaşı, həm də separatçıdır!

Dağıdıcı müxalifət "liderləri" və reneqat "ziyalılar" isə bu gün də ondan "qəhrəman" düzəltməkdədirlər

Söyün Sadıqov milli xəyanətkar olmaqla yanaşı, həm də separatçıdır!

Əgər nə vaxtsa iddia olunsa ki, Söyün Sadıqov həm də separatçılıq fəaliyyəti göstərir, buna gərək heç kimin şübhəsi olmasın. Çünki bu, mətbuatın rəqabət uğrunda reytinq qazanmağa hesablanmış dezinformasiya məhsulu deyil, bu, bir faktdır. Və əslində, Sadıqovun müəyyən qaranlıq qüvvələrin sifarişlərinə arxalanaraq, daha da irəliyə gedib xalqımızın, millətimizin milli mənafeyinə zidd olan addımlar atmasını gözləməyə dəyərdi.

Söyün Sadıqov Rusiyada yeni yaradılmış Vahid Rusiya Milli Partiyasının sədri kimi antiazərbaycançılıq spektorunu daha da genişləndirəcək

Bir halda ki, S.Sadıqovun Rusiyada yaradılmış "Milyarderlər İttifaqı" adı altında Azərbaycanın dövlətçilik maraqlarının əleyhinə konkret şəkildə zidd addımlar atması, dağıdıcı müxalifət "liderləri" və reneqat "ziyalılarla" iş birliyinə getməsi, həmçinin, onun bu kimi addımlarının Rusiyanın şovinizm siyasi meyarlarına cavab verməsi baş verəcək gözləntilərin nə zamansa reallığa çevriləcəyini təmin edirdi. Düzdür, S.Sadıqov hazırda "Milyarderlər İttifaqı"nın rəsmisi olmasa da (artıq o, "ittifaqın" rəhbərliyindən kənarlaşıb - R.N.), Rusiyada yeni yaradılmış Vahid Rusiya Milli Partiyasının (VRMP) sədri kimi antiazərbaycançılıq spektorunu daha da genişləndirəcək. Lakin məsələ həm də bundadır ki, S.Sadıqov məlum "siyasəti" ilə həm də öz maraqlarını təmin etməyə cəhd göstərməklə, sözün həqiqi mənasında, şübhəli "azərbaycanlı" olduğunu sübuta yetirmiş olub. Belə ki, yaradılan siyasi təşkilatında ermənilərin də təmsil olunacağını istisna etməyən S.Sadıqov bununla qeyd olunan şübhələri kifayət qədər təsdiqləyir.

Söyün Sadıqov: "Partiyamızda ermənilər də təmsil olunacaqlar"

S.Sadıqov rusiyalı siyasət yazarı İqor Kazakova müsahibə verərkən bildirib ki, istefa verməsinə rəğmən, onun "AzerRos"-la əlaqəsi qalır, bunun üçün həmin qurumun rəhbəri olmasına ehtiyacı yoxdur və hazırda partiyasının qurultayının vaxtını müəyyənləşdirməklə məşğuldur: "Keçən il partiyanın təşkilat komitəsini yaratdıq. Qurultay fevral, yaxud mart ayında keçiriləcək. Partiyamız Rusiyanın hazırkı hakimiyyətinə qarşı müxalif mövqedə olmayacaq. Partiyamızda bütün millətlərin nümayəndələri toplanacaq. O cümlədən, ermənilər də təmsil olunacaqlar".

Göründüyü kimi, əlində olan bütün kartlardan maksimum dərəcədə yararlanacağını gizlətməyən S.Sadıqov ermənilərlə iş birliyində olacağını daha açıq şəkildə bəyan edir. Ancaq onun bu kimi milli xəyanətkarlığı nədənsə ona dəstək verən dağıdıcı müxalifət "liderlərinin", eyni zamanda, "Ziyalılar Forumu"nda təmsil olunan reneqar fərdlərin görməməzliklərindən gəlir. Çünki bu məsələdə hər üç tərəfin - dağıdıcı müxalifət "liderlərinin", reneqat "ziyalıların" və S.Sadıqovun ortaq maraqların bölüşməsi məsələsi dayanıb.

Milli bölücülüyə hesablanmış rəzil addım!

S.Sadıqovun bu kimi xəyanətkarlıq əməlləri azmış kimi, o, indi də yaxın qonşusu və Azrbaycanın strateji tərəfdaşı olan Gürcüstanın ərazi bütövlüyünə qarşı separatçılıq toxumu səpmək fikrinə düşüb. Söz yox ki, burada da müəyyən qüvvələrin sifarişlərinin həyata keçirilməsi məsələsi dayanıb ki, S.Sadıqov həmin sifarişlər əsasında Azərbaycanın artan beynəlxalaq nüfuzuna kölgə salmağa cəd edir. Çünki onun Rusiyada demokratiya pərdəsi arxasında təşkilat yaratması, daha dəqiq desək, ona siyasi partiyanın -VRMP-nın yaradılmasına imkan verilməsi, Rusiya siyasi dairələri ilə arasında olan bir neçə gizli danışıqlar əsasında formalaşdırılmış fikirlər əsasnda baş tutub. Eyni zamanda, Rusiyanın hazırda da Gürcüstanla arasındakı soyuq münasibətlərini deyilənlərə əlavə etmək mümkündür. Belə olan halda, bu qənaətə gəlmək mümkündür ki, S.Sadıqova daha bir tapşırıq verilib. Bu tapşırıq isə "Müstəqil Borçalı Respublikası"nın elan olunması (?!-R.N.) məsələsidir.

Bu gün Azərbaycan torpaqlarının 20 faizinin işğal olunmasının, Ermənistanın işğalçılıq siyasətinin hələ də davam etməsinin, Dağlıq Qarabağda separatçı "DQR"-in fəaliyyət göstərməsinin fərqinə varmayan S.Sadıqov həm də doğulub boya-başa çatdığı Gürcüstanın ərazi bütövlüyünə qarşı sərsəm iddialarla çıxış etməyə başlayıb. Hansı ki, qonşu Gürcüstanın da torpaqları separatçı abxazların və osetinlərin işğalı altında qalmaqda davam edir. Əlbəttə ki, əgər burada işğal məsələsi varsa, demək, Ermənistan maraqlarının da təmin olunması amilini danmaq olmaz. Çünki Gürcüstan torpaqlarının işğalında ermənilərin xüsusi canfəşanlıq etmələrini də unutmaq olmaz. Demək, belə çıxır ki, S.Sadıqov suveren Gürcüstan ərazisində "Müstəqil Borçalı Respublikası" yaratmaq arzusunu reallaşdırmaq istəyirsə, ona bu işdə bəzi Rusiya siyasi dairələri ilə yanaşı, şimallılarla əlbir olan erməni siyasi dairələri də dəstək verməkdədirlər. Nəticədə, vurğulamaq mümkündür ki, S.Sadıqovun atdığı bölücülük addımı həm də milli bölücülüyə qarşı atılmış addım kimi qiymətləndirilməlidir. Çünki bu vasitə ilə o, Gürcüstanda yaşayan soydaşlarımızı çox pis və çıxılmaz vəziyyətdə qoyur. Əlbəttə ki, şəxsi və sifariş aldığı qüvvələrin maraqları naminə.

Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Əli Babayev: " Buna heç vaxt imkan verilməyəcək!"

Hazırda isə "Müstəqil Borçalı Respublikası"nın "xəritəsinin", "himninin" və "gerbinin" hazırlandığını deyən S.Sadıqova ilk olaraq Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) sədri Əli Babayev cavab verib. Ə.Babayev separatçı və bölücü Sadıqova onun bu arzularının heç vaxt reallaşmayacağı mesajını göndərib. GAK sədri, eyni zamanda, bir sıra real ittihamlarla çıxış edib və bildirib ki, Gürcüstan azərbaycanlıları hər zaman bundan uzaq olublar və bunların arxasında Gürcüstanda doğulmuş Rusiyada yaşayan güvvələr, eləcə də, digər tərəflər durur: "Son zamanlar bəzi güvvələr Gürcüstanın azərbaycanlı əhalisi arasında separatçı əhval-ruhiyyənin mövcudluğu barədə rəy formalaşdırmağa çalışırlar". "Gürcüstan azərbaycanlıları hər zaman bundan uzaq olublar, lakin bu gün azərbaycanlıları bu cür oyunlara cəlb etmək cəhdləri mövcuddur", - deyə Ə.Babayev Gürcüstanın "Obyektiv" telekanalının efirində bəyan edib.

O, həmçinin, vurğulayıb ki, buna heç vaxt imkan verilməyəcək. Bununla yanaşı, Ə.Babayev hesab edir ki, bunların arxasında Gürcüstanda doğulmuş Rusiyada yaşayan güvvələr durur: "Həmin şəxslərdən biri S.Sadıqovdur. O, Gürcüstanda Kvemo-Kartlidə doğulub. Əslən Qardabanidən olan S.Sadıqov, Rusiyada böyük biznes və maliyyə imkanlarına malikdir".

"Cavaxetiya ermənilərinin separatçı hücumları ilə müqayisədə Borçalı sakinləri arasında heç vaxt Gürcüstanın ərazi bütövlüyünə yönələn separatçı meyillər olmayıb"

O, vurğulayıb ki, bir sıra atributlar - bayraq, himn və s. yaradan Cavaxetiya ermənilərinin separatçı hücumları ilə müqayisədə Borçalı sakinləri arasında heç vaxt Gürcüstanın ərazi bütövlüyünə yönələn separatçı meyillər olmayıb: "Biz bütün bunları qətiyyətlə pisləyirik. Mən artıq Gürcüstanın hüquq-mühafizə orqanlarına müraciət etmişəm ki, bu separatçı meyillərin arxasında duran insanları üzə çıxarsınlar. Çünki Gürcüstan azərbaycanlıları bu ölkənin ərazi bütövlüyünə tərəfdardırlar və Söyün Sadıqov kimi insanlar heç vaxt Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirə bilməzlər".

Ancaq son olaraq bir daha belə nəticəyə gəlmək mümkündür ki, S.Sadıqovun separatçılıq əməlləri heç vaxt dağıdıcı müxalifət "liderləri" və reneqat "ziyalılar" tərəfindən pislənilməyəcək. Çünki onların əsas məqsədləri dövlətə, xalqa və millətə qarşı yönəlmiş xəyanət və təxribatlardan ibarətdir. Necə deyərlər, onlar belə işlərdə kifayət qədər "püxtələşiblər".

RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər