"Səs" qəzeti Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı dəyirmi masa keçirib
(Əvvəli ötən sayımızda)
"Səs" qəzeti ölkəmizin həyatında mühüm əhəmiyyət kəsb edən, günün aktual və prioritet mövzuları ətrafında silsilə xarakterli dəyirmi masalar təşkil edir. Növbəti dəyirmi masa "XOCALI SOYQIRIMI BƏŞƏRİ CİNAYƏTDİR" mövzusunda keçirilmişdir. Azərbaycan xalqının ən böyük faciələrindən biri olan Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş dəyirmi masada YAP Siyasi Şurasının üzvü, Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, millət vəkilləri Elman Məmmədov, Çingiz Qənizadə, siyasi elmlər doktoru Cümşüd Nuriyev, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni iştirak edib.
Dəyirmi masa iştirakçıları ilk öncə, Xocalı faciəsi zamanı şəhid olan soydaşlarımızın ruhunu bir dəqiqəlik sükutla yad etdilər. Həmçinin, yazıçı-publisist Sabir Şahtaxtlının "Azərbaycan tarixində dörd qara gün" kitabı da tədbir iştirakçılarına təqdim olunub.
Çingiz Qənizadə: "Çox təəssüfdoğrucu haldır ki, bəzi dövlətlər demokratiyadan, insan haqlarından danışaraq, bu cür hadisələrə öz siyasi məqsədlərini güdməklə yanaşı, həmin olaylara göz yumurlar "
- Bu, həm hərbi cinayətdir, həm dinc əhaliyə qarşı kütləvi şəkildə törədilən cinayətdir, həm də bir dövlətin, bir xalqın digər bir dövlətin xalqını məhf etmək cəhdidir. Hesab edirəm ki, Xocalı qətliamının bünövrəsi 1987-1988-ci illərdə azərbaycanlıların Ermənistandan qovulması zamanı qoyuldu. 1987-ci ildə Stepanakert və Yerevanda mitinqlər başlandı və üç gündən sonra Qarabağda Azərbaycan məktəbi, dram teatrı və məscidi yandırıldı. Bu, bir dövlətin, bir xalqın digər bir dövlətə qarşı genosidinin başlanğıcı idi. Məhz bu genosidin son nöqtəsi də Xocalıda qoyuldu.
Qaldı ki, radikal müxalifətin bu gün apardığı siyasətinə, Xocalı kimi ümummilli məsələyə qeyri-obyektiv yanaşmasına, buna ədalətsizliksən başqa heç bir ad vermək mümkün deyil. Çünki məhz müxalifət tərəfindən bunula bağlı böyük və ciddi təbliğat işləri aparılır.
Ancaq bir həqiqəti unutmaq lazım deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev cənablarının qətiyyətli fəaliyyəti, apardığı düzgün siyasətinin nəticəsidir ki, hazırda qısa müddət ərzində Xocalı soyqırımını tanıyan dövlətlərin sayı artıb. Mən də bir Azərbaycan vətəndaşı kimi inanıram ki, Xocalı ilə bağlı başlanan möhtəşəm kampaniya yaxın bir zamanda öz haqq səsini bütün dünyaya çatdıra biləcək.
Elman Məmmədov: "Bu gün erməni xalqının halına baxanda adam acıyır"
- Düşünürəm ki, əgər Ermənistandan 200 mindən çox azərbaycanlı dininə-dilinə görə Ermənistandan çıxarılıbsa, bunun özü də bir soyqırımıdır. Soyqırımı törətmək ermənilərin adına yazılmış və təsdiqlənmiş faktdır. Köçəryan və Sarkisyan hər ikisi prezidentlik dövründə Avropa Şurasının tribunasından çıxış edərək bildirmişlər ki, Xocalı əməliyyatında səhra komandiri kimi iştirak etmişik. Məgər bu kimi həyasızcasına edilmiş etirafların özü bəşəri cinayətkarlığın sübutu deyilmi? Məgər onların hər ikisini cinayət məsuliyyətinə cəlb etmək üçün başqa məqama ehtiyac varmı? Ancaq Avropaya nə vaxt lazım olsa, o vaxtda da onları cinayətkar hesab edəcək.
Bu gün erməni xalqının halına baxanda adam acıyır. Çünki iki dılğır gedib Qarabağı zəbt edərək orda yaşayanların başına oyun açır. Köçəryan kimi idi? Köçaryanın Dağlıq Qarabağda ən böyük vəzifəsi Stepanakertin iəpk kombinatının partokomu idi. Adı siyahıda dəftərdə 500-cü olan bir dığa idi. Sarkisyan da komsomol katibi idi. Bu iki cinayətkar Moskvanın havadarlığı ilə Ermənistanda hakimiyyəti zəbt edərək, millətə zülm edir və həmin millət də belə dığaların zülmü altında qalır, yazıq o millətə!
"Səs" qəzetinin əməkdaşı: "Xocalı soyqırımının dünya xalqlarına çatdırılmasında vətəndaş cəmiyyəti institutları nə kimi işlər görür və bu işlərin nəticələri nədən ibarətdir?"
- Rauf Zeyni: "İnanıram ki, Azərbaycan xalqına qarşı cinayət törədənlər yaxın zamanda öz cəzasını alacaqlar"
- İlk öncə, hər dəfə günümüzün aktual məsələləri ilə bağlı belə dəyirmi masa keçirməyiniz çox müsbət haldır və "Səs" qəzetinə dərin minnətdarlığımı bildirirəm. Eyni zamanda, Xocalı faciəsində şəhid olanların ruhu qarşısında baş əyirəm. Burada çıxış edənlər faciə ilə bağlı çox konkret və dəqiq faktlara əsaslanaraq fikirlər söylədilər. Bizim qeyri-hökumət təşkitları da faciə və digər ümummilli hadisələrlə bağlı ictimai işlərdə fəal iştirak edirlər. Braşüralar, bülletenlər dərc olunur, geniş təbliğat kampaniyaları aparılır, layihələr həyata keçirilir. 2006-cı ildə Azərbaycan qeyri-hökumət təşkilatları Xocalı soyqırımı ilə bağlı imzatoplama aktında "Bir milyon imza-bir tələb" sənədlərini təqdim edib.
Xocalı soyqırımı ilə bağlı nə deyə bilərik? Belə ki, bu hadisələri törətməkdə məqsəd Azərbaycan xalqının inamını qırmaq və onun bütün məqamlarda bu mübarizədən çəkindirmək idi. Ona görə də, Sumqayıt hadisələri, Ermənistandan deportasiya olunan əhali, 20 Yanvar hadisəsi, Xocalı soyqırımı törədilməklə xalqın, millətin azadlıq inamının qırılması qorxudulması və sındırılması kimi çirkin niyyətlərə nail olmaqdan ötrü yaradılırdı. Bu insanlar soyqırımına məruz qalıblar. Köçəryan da, Sarksiyan da bu hadisələri törədən Rusiyanın nökərləri olan cinayətkarlardır. Bu adamların, bu cinayətkarların cəzalandırılması vaxtı da gəlib çatacaqdır. Onların törətdiyi Xocalı faciəsi bəşəri bir cinayətdir. Azərbaycan ictimaiyyəti, dövlət stukturları, eyni zamanda, qeyri-hökumət təşkilatları daim bu məsələ ilə bağlı iş aparırlar. İnanıram ki, Azərbaycan xalqına qarşı cinayət törədənlər yaxın zamanda öz cəzasını alacaqlar.
"Səs"in əməkdaşı: "Elman müəllim, 366-cı alayın hücumu necə baş verdi və bu soyqırımın yükünün azaldılması üçün hansı tədbirlər görüldü?"
- Elman Məmmədov: "Beynəlxalq tədbirlərdə dəfələrlə demişəm ki, bu hadisələr sizin də başınıza gələ bilər"
Çıxışımın əvvəlində qeyd etmişdim ki, dörd il biz mühasirədə yaşadıq. 1991-ci il noyabr ayının 1-dən 1992-ci il fevralın 25-dən 26-na keçən gecəyə qədər Xocalı tam mühasirədə qaldı. 1991-ci il oktyabr ayının 9-da mən axşamüstü Bakıdan çıxdım və Əsgərana yollandım. Postdan keçəndən məni saxladılar. Bildirdilər ki, Əsgəranda bu gün maşın vurublar, ölümdə olub və hazırda o yol bağlıdır. Artıq onda mənə bəlli oldu ki, Xocalı yavaş-yavaş mühasirəyə alınmqadadır...
Dörd ay Xocalı Azərbaycanla vertolyotla əlaqə saxlayırdı. Sovet hökuməti dağılsa da orada hələ də 366-cı diviziya qalırdı, eyni zamanda, Ağdamda da komendatura qalırdı. Biz həmin hərbçilərdən yanımızda saxlayırdıq ki, çətin anda kömək etsinlər. Ancaq deyim ki, bu adamlar pul verən tərəfə işləyirdilər. Dörd ay mühasirədə yaşayan şəhərin vəziyyəti necə ola bilər? Orada olan bir vertolyot var idi. 18 nəfər tutum olan bir vertolyota 35-40 nəfər adam yerləşdirirdik. Axrıncı mülki vertolyotun uçuşu 1993-cü il yanvarın 28-də olub. Ağdamdan Şuşaya gedən vertolyot Xankəndində vuruldu, içərisində də 49 nəfər insan var idi. Beləliklə, mülki vertloytdan istifadə edilməyə son qoyuldu. 1992-ci il fevralın 9-da axşam Bakıya gəldim və prezident aparatına gedərək, Həsən Həsənovla görüşdüm və oradan da müdafiə nazirliyinə gəldim.
Fevralın 13-də səhər saat 9-da Gəncənin hərbi vertolyotu ilə Xocalıya uçdum. Sual oluna bilər ki, əhalini oradan imkan daxilində çıxarmaq olardımı? Deyim ki, olardı ancaq baş verənlər əsas səbəbi rəhbərliyin qətiyyətsizliyi və vahid komandanın olmaması idi. Doqquz silahlı dəstə var idi. Ancaq bu dəstələrin heç biri bir-biri ilə yola getmirdi, həmin dəstələrin hər biri Bakıda bir siyasi qüvvəyə qulluq edirdi. Bu qüvvələri birləşdirib vahid komandanlıq altında əməliyyat keçirilsə idi, bu hadisələr baş verməzdi. Azərbaycanda o dövürdəki müxalifətin rəhbərliyi rəhbərlik etdiyi işi bacarıqsızlıqlarından iflic vəziyyətə gətirmələri vahid komandanlığın olmaması bu faciənin baş verməsinə və itkilərimizin çox olmasına səbəb oldu. Mən həmin dövürdə olan ölkə rəhbərinin yerinə olsaydım, dizimmi yerə qoyub Şerbakın qabağında diz çöküb yalvarardım ki, Xocalını müdafiə edə bilmiriksə, heç olmasa camaatımızı oradan çıxarmağa kömək etsin. Məhz o vaxtkı hakimiyyət rəhbərlərinin bacarıqsızlığı və məsuldiyyətsizliyi nəticəsində bəşəriyyətin ən böyük hadisəsi - Xocalı soyqırımı baş verdi. Xocalıya hücum zamanı ayrı-ayrı yerlərdən qüvvələr gətirilmişdi. Həmin gecə Xocalıya hücum zamanı canlı qüvvənin sayı beş mindən çox olmuşdur. Həmçinin, tank, top, reaktiv qurğular hamısı Xocalının üzərinə hücum etmişdi. Xocalı faciəsi birbaşa Moskvanın göstərişi ilə baş vermişdir. Çünki orada Moskvaya tabe olan qüvvələr var idi. Jurnalist Viktoriya İmelova xatirələrində yazır: "Xocalıya hücum zamanı mən də orda iştirak edirdim. Qabaqda 366-cı alayın canlı qüvvəsi gedirdi. Üçüncü sırada erməni dəstələri, dördüncü sırada biz gedirdik".
Bir neçə saat ərzində 613 nəfərin şəhid olması və şəhərin tamamilə yandırıldaraq külə döndərilməsi bu soyqırım aktıdır. Mənim anamın 62 yaşı var idi. Mən anamın meydini 20 gündən sonra meşədən tapdım, doğma anamı tanıya bilmədim. Qurd-quş onu pis vəziyyətə salmışdı. Hansısa nişanəsindən onu tanıya bildim. Bu yaşda qadının günahı nə idi? Körpə-körpə uşaqlar, yaşlı qocalar hansı zülümlə öldürüldü, onların nə idi günahı? Həmin gecə ana 6 aylıq uşağı kürəyinə bağlayaraq evdən çıxmaq istəyib. Həmin anda güllə ilə ananı sinəsindən vurublar. Ana elə bilib ki, uşaq sağdır, Ancaq müalicədən sonra sağ qalan ana öyrənib ki, onun körpəsi onun bədənindən keçən erməni gülləsinə tuş gəlib. Bu faciə, soyqırımı deyil bəs nədir?! Bilirsiniz, bütün bunları danışmaq çətindir. Bunun bir adı var, erməni vandalizmi. Beynəlxalq tədbirlərdə dəfələrlə demişəm ki, bu hadisələr sizin də başınıza gələ bilər. Bu hadisələrin sizin başınıza gəlməməsi üçün haqqı, ədaləti tanıyın. Haqq tərəfində olun. Məqsədimiz nədir? Haqqın haqq tərəfdarı olmağı tələb etmək. Bunu vaxtilə Ulu Öndər Heydər Əliyev də deyirdi. Bu gün cənab Prezident İlham Əliyev də beynəlxalq tədbirlərdə bu tələblə çıxış edir.
Aydın Hüseynov: "Azərbaycan hakimiyyəti bu istiqamətdə kifayət qədər qətiyyətli mövqe tutub və sübut ediləcək ki, Xocalı soyqırımını törədənlər bəşər qarşısımnda cavab verəcəklər"
- Bu faciə bəşəriyyətdə ən böyük soyqırımdır. Bu gün Azərbaycan bütün sahələrldə istər xarici, istərsə də daxili sahədə iri addımlarla addımlayır. İnanıram ki, Xocalı soyqırımını yaxın illərdə dünyanın əklsər dövlətləri tanıyacaq. Çünki hazırda Azərbaycan hakimiyyəti bu istiqamətdə kifayət qədər qətiyyətli mövqe tutub və sübut ediləcək ki, Xocalı soyqırımını törədənlər bəşər qarşısımnda cavab verəcəklər. Buna heç kimin şübhəsi olmasın.
- Azərbaycanın inkişafı, Azərbaycanın gücüdür, qüdrətidir. Bu qüdrət və güc, xalq-dövlət vəhdətinin nəticəsidir. Azərbaycan xalqı öz dövlətinə sadiq vətəndaş olaraq hər zaman aparılan haqq işin müdafiəçisi kimi qalacaq.
Çingiz Qənizadə: "Azərbaycan haqq və ədaləti əldə etmək gücündədir"
Söz yox ki, mən də dəyirmi masa iştirakçılarının sözlərinə qoşuluram və inanıram ki, Azərbaycan öz qətiyyəti və gücü sayəsində haqq və ədaləti əldə etmək gücündədir. Xocalı soyqırımının tanınması istiqamətində aparılan davamlı işlər və uğurlar bu reallığı sübuta yetirir.
RƏFİQƏ KAMALQIZI,
RÖVŞƏN NURƏDDİNOĞLU