PDF Oxu

Araşdırma

  • 1 663

Ermənistan mətbuatı ölkənin inqilaba doğru sürükləndiyini yazır

Ermənistan mətbuatı ölkənin inqilaba doğru sürükləndiyini yazır

Raffi Ovannisyan: "Bu dalğa oğru və caniləri yuyub aparacaq"

Ermənistanda gündəlik qəzet kimi dərc edilən "Lragir"in yazdığına görə, Yerevanın "Azadlıq" meydanında çıxış edən müxalifət lideri Raffi Ovannisyan kütləyə müraciətində deyib ki, artıq bundan sonra orada keçirilən mitinqlər heç bir partiyaya aid olmayacaq. Çünki "Azadlıq" meydanında Ermənistan vətəndaşları yığışıb və onlar hakimiyyətə deyil, müxalifətə dəstək veriblər: "Bizim gücümüz birliyimizdədir".

Erməni qəzeti daha sonra yazır ki, müxalifət lideri hazırda ölkədə nəhəng prosesin başlandığını bildirib - meydana müxtəlif statuslu insanlar yığışır, onların arasında sadə vətəndaşlar və siyasi icitimaiyyət də var: "Ədalətli və qətiyyətli olun. Məhz bu yolla böyük dalğanı yaratmaq mümkündür ki, həmin dalğa oğru və cinayətkarları yuyub aparacaq. Nəticədə, bizlər yeni Ermənistan quracağıq".

"26 fevraldan sonra "Salam" inqilabı başlayacaq"

R.Ovannisyan şəhər və rayon merlərini istefa verməyə səsləyib: "Şirakın meri istefaya getdi. Bunu Armavirin, Vanadzorun, beləliklə, Tavuşdan Sünikə qədər bütün rayon və şəhərlərin merləri edəcəklər. O adamlar ki, xalqı aldadıblar".

Müxalifət lideri erməni polisinin mitinqlərə yığışan vətəndaşların fotoşəkillərini çəkmələrinə də etiraz bildirib. "Lragir"in yazdığına görə, Ovannisyan hüquq-mühafizə orqanlarına bunu etməməyi məsləhət görüb: "Xalqı qorxutmaq lazım deyil. Biz sadəcə xalqı salamlayırıq və burada heç bir qanunsuzluq yoxdur".

Müxaifətçi lider Ermənistanın Mərkəzi Seçki Komissiyasının baş tutmuş seçkilərin ədalətli tərəfinin açılamağa borclu olduğunu deyib və onları yaxşı düşünməyə çağırıb: "Qoy onlar yaxşı düşünsünlər. Bu ölkədə heç kim xalqdan üstün olmalı deyil. 26 fevraldan sonra "Salam" inqilabı başlayacaq".

"JanNews" saytı: "Erməni tələbələri Sarkisyan rejiminə qarşı mübarizəyə qalxdılar"

Bu başlıqla dərc edilən yazıda əlavə olunub ki, erməni tələbələr 18 fevral seçkilərini tanımadıqlarını bəyan edərək buldiriblər ki, fasiləsiz tətillərə başlayacaqlar: "Saat 11:00-da Yerevan Dövlət Universitetinin mərkəzi korpusunun girişində ölkənin müxtəlif ali tədris müəssisələrində təhsil alan tələbələr sosial şəbəkələrdəki çağırışlardan sonra yığışaraq fasiləsiz tətillərə başlayacaqlarını bəyan ediblər.Aksiyada dövlət universiteti ilə yanaşı, mühəndis və arxitektura-tikinti unurversitetinin, pedaqoji unuversitetinin, konservatoriyanın, eləcə də, informatika kollecinin tələbələri yer alıblar".

"Öz düşmənini tanı"

Daha sonra erməni tələbələr polisin çağırışlarına rəğmən, Sarkisyan hakimiyyətinə qarşı bir sıra şüarlar ssləndirib, plankartlar qaldırıblar. Saytın yazdığına görə, plankartların birində Serj Sarkisyanın şəkli vurulmuş və həmin şəklin üzərində "Öz düşmənini tanı" şüarı yazılmışdı.

Aksiya sırasında Yerevan Dövlət Universitetinin prorektoru Ruben Markosyan tələbələrə yaxınlaşaraq, onlardan ərazini tərk etməyi tələb edib. Lakin tələbələr prorektorun tələblərinə məhəl qoymayaraq, "Azadlıq" şüarını səsləndiriblər. Nəticədə, kütləvi qarşıdurma yaranıb.

"JanNews" saytı yazır ki, universitetdən çölə buraxılmayan tələbələr təhsil müəssisəsinin həyətindən çıxmaq istərkən, digər təhsil müəssisələrinin tələbələri onlara yardım etməyə çalışıblar. Polis buna mane olduqdan sonra ciddi qarşıdurma yaranıb və tələbələr hasarlardan, pəncərələrdən çıxaraq çöldəki aksiya iştirakçılarına qoşula biliblər.

Göründüyü kimi, Ermənistan seçkilərində baş verən kütləvi saxtakarlıq əhalinin bütün kateqoriyaları tərəfindən etirazla qaşırlanmaqdadır. Bunun sonu isə işğalçı dövlətdə inqilabın başlanacağı ilə nəticələnəcək. Çünki həmin inqilab artıq başlayıb.

Qismət ZƏNGİBASARLI

Digər xəbərlər