PDF Oxu

Araşdırma

  • 1 085

ABŞ səfirinin iştirakı ilə reneqatların ikinci yığıncağı olub

ABŞ səfirinin iştirakı ilə reneqatların ikinci yığıncağı olub

Riçard Morninqstar bu dəfə komada olan Müsavatı, AXCP-ni və Eldar Namazovun reneqat dəstəsini reabilitasiya etməyə çalışıb

Xəbər verildiyi kimi, ötən gün ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstar ikinci dəfə radikal müxalifət nümayəndələrilə görüş keçirib. Görüşdə yenidən Azərbaycanın daxili ictimai-siyasi vəziyyəti, xüsusilə də, qarşıdan gələn prezident seçkiləri müzakirə edilib. Budəfəki müzakirələr isə əvvəlki görüşdən fərqli olaraq, daha geniş heyətdə keçirilib. Yəni, müxalifət düşərgəsinin ötən ilə nəzərən daha da zəifləməsi və parçalanması digər reneqatların da görüşə qatılmasını şərtləndirib.

Əlbəttə ki, Riçard Morninqstarın yenidən radikal müxalifət düşərgəsinin nümayəndələrilə görüş keçirməsinin 2 mühüm səbəbi var. Birincisi, ilk görüşdə səfirin Müsavat və AXCP-nin birgə fəaliyyəti üçün İsa Qəmbərə və Əli Kərimliyə birbaşa göstərişlər verməsinə baxmayaraq, onlar arasındakı münaqişə daha da dərinləşdi. İkincisi, son zamanlar milli siyasi məkana böyük iddia ilə daxil olan Eldar Namazov və onun reneqat dəstəsinin səhvlərə yol verməsi, xalqın nifrətini qazanması və "Ziyalılar Forumu" daxilində qarşıdurmaların olmasıdır.

Müsavat və AXCP düz yolda birgə addımlaya bilmir

Qeyd edək ki, ABŞ səfirinin əsas məqsədi Müsavat Partiyası ilə AXCP arasında konsensusun əldə olunmasıdır. Təbii ki, iki partiya lideri arasında razılaşma əldə olunması mətbuat vasitəsilə mifləşdirilməyə çalışılsa da, ictimaiyyətin yaddaşında olan informasiyalar, eyni zamanda, İsa Qəmbər və Əli Kərimlinin şəxsi maraqları bu konsensusun blef olduğunu aydınlaşdırır. Çünki hadisələrin cərəyan etdiyi zaman xəttini bir neçə il geriyə çəksək, 2000 və 2005-ci parlament, həmçinin, 2003 və 2008-ci il prezident seçkilərində radikal müxalifət düşərgəsində baş vermiş olaylar, qurulmuş oyunlar adları çəkilən müxalifət başqanlarının heç bir zaman qarşılıqlı səmimiyyət nümayiş etdirmədiklərinin şahidi olmuşuq. Məhz onların bu cür münasibətləri müxalifət düşərgəsindəki parçalanmaları sürətləndirib və passivliyi artırıb.

"İP" hər iki partiyanın çəkişmələrinin nəticəsində iflic vəziyyətə düşüb

Bu fikirləri, eyni zamanda, 2010-cu ildə siyasi maraqlar naminə yaradılmış "İctimai Palata" haqqında da demək olar. Belə ki, üzdə səmimi münasibətlərin olmasını nümayiş etdirən Müsavat və AXCP-nin "İP"-in yaradılmasında xüsusi fəallıq nümayiş etdirməsi heç kəsə sirr deyil. Həmin ilin siyasi vəziyyətinə uyğun olaraq, İsa Qəmbər və Əli Kərimli baş tutmuş seçkilərdən sonra sosial bazası sürətlə seyrələn müxalifət düşərgəsini nəzarətdə saxlamaq üçün belə bir qurumun yaradılmasına getdilər. Amma "İP"-in müxalifətin fəaliyyətini koordinasiya edəcək qurum rolunu oynaya bilməyəcəyi elə ilk günlərdən aydın oldu. Çünki Müsavat partiyasının funksionerlərinin AXCP nümayəndələrinə qarşı tez-tez hücuma keçməsi, müzakirəyə çıxarılmış məsələlərdə ortaq nöqtənin tapılmasına mane olması "İctimai Palata"nın "ölü doğulmuş" təşkilat olduğuna işarə etməyə başladı. İki partiya arasındakı münasibətlərin kritikləşməsi isə, məhz 2013-cü il prezident seçkiləri ərəfəsinə təsadüf edir.

İsa Qəmbər və Əli Kərimli bütün resursları ilə "döyüşürlər"

Bu bir faktdır ki, həm Müsavat başqanı İsa Qəmbər, həm də AXCP sədri Əli Kərimli seçkilərdə vahid namizəd olmaq üçün bütün vasitələrə əl atırlar. Mətbuat orqanlarında qarşılıqlı ittihamlar etik çərçivədə baş tutsa da, sosial şəbəkələrdəki qarşıdurmalar ədəbsiz bir mühitdə baş tutur. Baxmayaraq ki, ötən ilin sonuna yaxın ABŞ səfiri Riçard Morninqstarın elçiliyilə barışmağa razı olmuş "mehriban düşmənlər" çox keçmədən yenidən gizli savaşa başlayıblar.

Belə ki, Müsavat Məclisi partiya başqanı İsa Qəmbərin prezidentliyə namizədliyilə bağlı rəsmi qərar verdikdən sonra AXCP rəsmilərinin anti-Müsavat, anti-İsa Qəmbər mövqeli açıqlamaları daha da çoxaldı. Qeyd etdiyimiz kimi, əgər əvvəllər ancaq sosial şəbəkələrdə ədəbsiz, qeyri-etik mövqe sərgilənirdisə, son günlər partiya sədrinin müavinləri səviyyəsində aqressivlik nümayiş etdirilir. Müxalifət mətbuatı bununla bağlı yazır ki, əslində, AXCP sədri Əli Kərimlinin "İctimai Palata"nın son toplantısında Müsavat başqanını rəsmi namizəd olması münasibətilə təbrik etməsindən sonra AXCP-dən Müsavata qarşı namizədliklə bağlı hücumlara moratorium qoyulacağı gözlənilsə də, bu, baş vermədi. AXCP-nin sədr müavini Asəf Quliyevin son müsahibəsində yenə də Müsavat başqanına hücum xarakterli mövqelərə rast gəlinir. O da növbəti dəfə müttəfiqlik məsələləri ilə bir araya sığmayan mövqe sərgiləyərək, "Əbülfəz Elçibəyin namizədliyini qəbul etməyən müxalifətin İsa Qəmbəri vahid namizəd kimi qəbul etməsi real görünmür" deyib. "Müsavat partiyasının başqanı İsa Qəmbərin prezidentliyə namizədliyini irəli sürməsi bizi o qədər də narahat etmir. AXCP ona görə narahatdır ki, bu gün müttəfiq olduğu və cəmiyyətdə çəkisi olan Müsavat partiyası barışdırıcılıq mövqeyini əldən verir. Namizədini irəli sürmək dostlarımızın hüquqlarını məhdudlaşdırır, gələcəkdə seçkilərə vahid mövqe ilə getməsində problem yaradır və müəyyən qədər qarşısını alır. Problem cəmiyyətdə barışdırıcılıq strategiyasının qarşısının alınmasıdır. Amma son vaxtlar İsa Qəmbərin çıxışları məndə belə təəssürat yaradır ki, İsa Qəmbərin özü namizədliyinin irəli sürülməsində israrlı deyil. Hiss olunur ki, onun öz namizədliyini irəli sürməsində partiyadaxili məsələlərin təsiri böyük olub. Məncə, gec deyil və İsa Qəmbər cəmiyyətdə barışdırıcı mövqeyə keçə bilər", - deyə bildirib.

AXCP-çinin bu mövqeyinə cavab olaraq, Müsavat məclisinin sədri Arzu Səmədbəyli deyib ki, AXCP rəhbərliyinin mövqeyi müttəfiqlik münasibətlərinə yaraşan açıqlamalar deyil: "Ən azı dostlarımız, müttəfiqlərimiz səmimi görünmürlər. Biz istər Müsavat divanında, istər məclisində, istərsə də "İctimai Palata"nın sessiyasında yekdil qərarı almışıq. Bir tərəfdən AXCP sədri alınan qərarları "İctimai Palata"nın qərarlarına uyğun olduğunu söyləyir, eyni zamanda da, müttəfiqlik münasibətləri ilə bağlı səylərin davam etdirilməsi və gələcəkdə demokratik seçki mühitinin yaradılması ilə bağlı birgə mübarizə aparılacağını deyib. Digər tərəfdən Cəbhənin önəmli isimləri İsa Qəmbəri, Müsavatı hədəf götürür. Burdan hansı səmimi müttəfiqlikdən danışmaq olar? Axı, bu, səmimi müttəfiqlik deyil, bunu təkcə biz demirik, kənardan da görünür. Kimisə aşağılamaqla, vurmaqla, kimisə ona yaraşmayan sözlərlə geri itələyib başqasını önə çəkmək düzgün deyil axı. Bizim söhbətlərimiz bu cür olmayıb axı. Mən bu vəziyyətlə bağlı çox böyük təəssüf hissi keçirirəm".

A.Səmədbəyli bildirib ki, hər kəs özünün aldığı qərarına uyğun olaraq fəaliyyət göstərir: "Vahid və ya əsas namizədin nə olduğunu bizə kimsə izah eləməyə qalxmasın. Biz bunu çox gözəl bilirik, elə onlar özləri də. Amma bu cür münasibətlərlə önə çıxmaq, xalqı inandırmaq olmaz. Sən müttəfiqinə, dostuna qarşı səmimi deyilsənsə, qabağa keçmək üçün onu aşağılayırsansa, ona qara ləkə yaxırsansa, hansı müttəfiqlikdən danışmaq olar?".

Göründüyü kimi, Müsavat ilə AXCP arasında nə qədər centlmen sazişi imzalansa da, hər iki partiyanın maraqları, liderlərinin fərqli mövqeləri onların səmimi əlaqələr qurmasına mane olur. Hətta İsa Qəmbərin Lənkərana səfəri zamanı insanların etirazı ilə qarşılaşarkən, Müsavat başqanına daş atan şəxsin siyasi kimliyinin AXCP-dən olmasının üzə çıxması, eyni zamanda, bir qrup AXCP-çinin istefa verərək, Müsavata üz tutması da onu göstərir ki, iki partiya arasındakı savaş səngiməyəcək, əksinə, daha da alovlanacaq...

Eldar Namazov heç də çəkili siyasətçi deyilmiş

Cari ilin başlanmasından sonra Müsavat və AXCP arasındakı münaqişə ilə yanaşı, yenicə milli siyasi məkanda özünü sübut etməyə çalışan Eldar Namazov və onun reneqat dəstəsinin "ölü doğulmuş" uşaq kimi özünü doğrultmadı. Bir sıra şəxsləri aldatmaqla, "Ziyalılar Forumu"nu təsis etmiş Eldar Namazov və Rüstəm İbrahimbəyovun məqsədinin siyasətə gəlmək olduğu anlaşılan kimi onları dəstəkləyən tərəfdarları da bir-bir geri çəkilməyə başladılar. Hətta Eldar Namazovun prezident seçkilərində iştirak etməsi niyyətinin meydana çıxması "Ziyalılar Forumu" daxilində parçalanmanı dərinləşdirdi və hətta açıq şəkildə bəziləri bildirdilər ki, seçkilər zamanı ya Müsavatın, ya da AXCP-nin nümayəndəsini dəstəkləyəcəklərini dedilər. Bu səbəbdən də, iflasa uğrayan "Ziyalılar Forumu" "El" hərəkatı ilə əvəzləndi. Əlbəttə ki, hərəkatın dəstəklənməsi problemi ortada olduğundan, elçi qismində Rüstəm İbrahimbəyov Rusiyaya, ABŞ-a, Fransaya və digər ökələrə səfər etdi. Elə bu səbəbdən idi ki, "El" hərəkatının təqdimatı yubadırdı.

ABŞ səfiri "EL" hərəkatına xeyir-dua verib?

Görüşdə iştirak etmiş mənbələrdən birinin sözlərinə görə, məhz yuxarıda təsvir etdiyimiz vəziyyəti bilən ABŞ səfiri "El" hərəkatının yaranmasına xeyir-dua verib. Görünür, Rüstəm İbrahimbəyovun xarici səfərləri zamanı erməni lobbisinin dəstəyini alması, üstəlik, ABŞ səfirinin dəstək verməsi hərəkatın mart ayında elan ediləcəyi haqqında ehtimalları artırır. Amma burada daha bir qaranlıq məqam ortaya çıxmış olur. Belə ki, Eldar Namazov və Rüstəm İbrahimbəyov dəfələrlə müsahibələrində deyiblər ki, hərəkat mart ayında elan ediləcək. Demək ki, hərəkatın təşəbbüsçüləri elə bu görüşü gözləyirmişlər.

Bir sözlə, hər zaman olduğu kimi, budəfəki seçkilər ərəfəsində də radikal müxalifət Azərbaycanla bağlı qərəzli planları olan qüvvələr tərəfindən struktur və prosedur baxımından dəstək alır. Amma bir şey bəllidir ki, xarici qərəzli dairələrin köməyi nə qədər ciddi olsa da, radikal müxalifət heç nəyə nail olmayacaq. Çünki onlar arasında mövcud olan düşmənçilik və şəxsi prinsiplər bu düşərgənin birgə fəaliyyət göstərməsinə və addımlamasına mane olur. Futuroloji baxış da eyni proqnozu verməyə əsas verir.

"Səs" Analitik Qrupu

Digər xəbərlər