PDF Oxu

Araşdırma

  • 1 523

Amberin Zamanın "Courrier İnternational" qəzetində dərc olunan məqaləsinə dair qeydlər

Amberin Zamanın "Courrier İnternational" qəzetində dərc olunan məqaləsinə dair qeydlər

Xanım Amberin Zamanın 21 fevral tarixində Courrier İnternational qəzetində dərc olunan Azərbaycanla bağlı yazısını oxuduqca, insan heyrətini gizləyə bilmir. Məqalənin hər bir sətrində yer alan ifadələr müəllifin ya məlumatsızlığından, ya da qərəzli yanaşmasından xəbər verir.

Maraqlıdır ki, türk ananın və Banqladeşli səfir atanın övladı olan bu xanımın indiyədək yazmış olduğu məqalələri nə atasının, nə də anasının təmsil etdiyi ölkənin və xalqın maraqlarına deyil, ən yaxşı ehtimalda doğulmuş olduğu Amerikanın, ən pis ehtimalda isə bir zamanlar keçmiş həyat yoldaşının ABŞ-ın müvəqqəti işlər vəkili olaraq fəaliyyət göstərdiyi Ermənistanın maraqlarına xidmət edir. Elə xanım Amberin Zaman da həm keçmiş həyat yoldaşının Türkiyədə diplomatik xidmətdə olduğu müddətdə, həm də ondan əvvəl və ondan sonra Ermənistanın maraqlarını müdafiə edən şəxs kimi oxucuların yaddaşında qalmışdır. Halbuki o, neytral mövqedə dayanaraq özünə hörmət qazana bilərdi.

Məsələyə bu nöqteyi-nəzərdən baxıldığında bu xanımın Azərbaycan haqqında söylədikləri ifadələrin arxasında hansı məqsədlərin dayandığını anlamaq o qədər də çətin olmur.

İndi də gələk qeyd edilən məqalədəki ifadələrin analizinə.

Elə məqalənin ilk cümləsindən müəllifin Azərbaycana imperiya gözlüyündən baxdığı bəlli olur. Eyni fikir müəllifin artıq 20 ildən çoxdur müstəqil dövlət olan Azərbaycanı hələ də keçmiş SSRİ ölkəsi olaraq görməsində də özünü büruzə verir. 100 il sonra belə yenə də Azərbaycan hansısa sabiq imperiyanın bir hissəsi kimi verilməlidir? Görəsən məsələyə bu səpkidə yanaşan bu xanım öz ata yurdu olan Banqladeşdən danışarkən onu hansı imperiya ilə əlaqələndirir?

Amberin xanımın tarixi savadının da yetərli olmadığı yazısından bəlli olur: Azərbaycanla Türkiyə bir birindən soyuq müharibənin nəticəsində ayrı düşməyib, ən azından tarixi xronologiya bunu təsdiq etmir.

Amberin xanım Azərbaycanda baş verən bəzi hadisələri mahiyyətinə varmadan öz bildiyi kimi təqdim edir, insan hüquqları kimi həssas məsələni siyasiləşdirməyə üstünlük verir. Görəsən bu xanımın ABŞ-dakı və ya Avropadakı insan hüquqlarının vəziyyətindən xəbəri varmı? Ümumiyyətlə bu xanımın siyasi terminologiya savadı da ya yetərli deyil, ya da işinə qeyri-ciddi yanaşır. Görəsən Amberin xanım istifadə etdiyi mövhumların nə mənaya gəldiyinin fərqindədirmi? Demokratiya, avtokratiya, diktatura, totalitar sistem və s. harada necə gəldi istifadə edilə bilməz və ya ən azından sinonim sözlər deyildir. Siyasi savadı olan bir mütəxəssis bu mövhumların yerində işlədilməsinə diqqət etməlidir. Xüsusən də İsveçrədə təhsil almış bir mütəxəssis bunun gəlişigözəl istifadə edilmədiyini bilməlidir.

Müəllifin qərəzli olduğu onun İsmayıllı hadisələrinin ümumiləşdirməsindən aydın görünür. Bu isə olduqca səhv və təhlükəli bir addımdır. Bir mütəxəssisin hadisələrə belə primitiv yanaşması başa düşülən deyildir. Elə onun istinad etdiyi "ikra diplomatiyası" adlı məqalə də onun kimi bir maryonet müəllif tərəfindən yazılıb yayılmışdır.

Əgər xanım Amberin Zaman Azərbaycanı tənqid etməzdən əvvəl bir az tədqiqat aparmış olsaydı, Azərbaycanın qısa müddət ərzində əldə etdiyi uğurları görə bilərdi. O görə bilərdi ki, Azərbaycanda aparılan məqsədyönlü siyasət nəticəsində ölkədə sabitlik və əmin-amanlıq bərqərar olunub. Dünyanın əzab çəkdiyi qlobal maliyyə böhranı Azərbaycana təsir göstərməyib, qısa müddət ərzində yoxsulluğun səviyyəsi təkrəqəmli göstəriciyə qədər düşüb.

O görə bilərdi ki, Azərbaycan bu gün dünyaya nümunə ola biləcək tolerant cəmiyyət modeli yaratmağı bacarıb: çoxmillətli ölkə olan Azərbaycanda yaşayan etnik qruplar müxtəlif din və məzhəblərə etiqad edir. Onlar qarşılıqlı anlaşma, ehtiram və bərabərlik mühitində yaşayırlar. Bu ölkədə həqiqi mənada multikulturizm mövcuddur. Burada bütün dini azlıqların hüquqlarına hörmətlə yanaşılır. Azərbaycanda məscidlərdən başqa pravoslav kilsələri, erməni apostol kilsələri, yəhudi, gürcü, malakan, protestant, krişna və bəhai dini cəmiyyətləri fəaliyyət göstərir.

O görə bilərdi ki, bu gün Azərbaycanda 600-dən artıq informasiya agentlikləri və qəzetlər rəsmi olaraq dövlət reyestrində qeydiyyata alınmışdır. Siyasi partiyaların əksəriyyəti öz qəzetlərini nəşr etdirirlər, bir çoxunun isə vebsaytları da var. Nəşrlərdə müəlliflər açıq şəkildə müxtəlif, o cümlədən tənqidi və müxalif xarakterli olan fikirlərini ifadə edirlər.

O görə bilərdi ki, Azərbaycanda 30 jurnalist birliyi mövcuddur, 9 ümumrespublika televiziya kanalı, 14 regional, 14 kabel və 14 radiokanal fəaliyyət göstərir. O görə bilərdi ki, Azərbaycanda 30-dan çox internet provayderları var və əhalinin yarısından çoxu internetdən sərbəst istifadə edə bilir. Bunlar cəmiyyətdə plüralizmin inkişafına şərait yaradır.

Əgər xanım Amberin Zaman bir az tədqiqat aparmış olsaydı, aydın şəkildə görə bilərdi ki, Azərbaycanda müstəqilliyin yeni əldə edilməsinə baxmayaraq, demokratikləşmə ənənəsinin tarixi kökləri hələ keçən əsrin əvvəllərinə qədər uzanır. Azərbaycan bəzi sahələrdə ilklərə imza ataraq tarixə düşmüş bir dövlətdir. Belə ki, Qərbin bu gün dünyaya təlqin etməyə çalışdığı universal dəyərlər Azərbaycanda hələ ö dövrlərdə bərqərar idi.

O görərdi ki, Qərb mədəni dəyərlərinin mənimsəməsi nəticəsində bütün Şərqdə ilk opera və ilk balet Azərbaycanda yaradılıb. Müsəlman Şərqində ilk dünyəvi peşəkar teatr sənətinin əsası XIX əsrin ikinci yarısında Azərbaycanda qoyulmuşdur.

O görərdi ki,Azərbaycanda demokratiyanın liberal ənənələrinə cavab verən dövlət quruluşu hələ 1918-ci ildə yaradılmışdır. Azərbaycan Demokratik Respublikası parlament ənənələri əsasında, liberal düşüncə bazasında, hüquqi-siyasi bir qurum olaraq Şərqin ilk dünyəvi respublikası idi.

O görərdi ki,Demokratik və insan hüquqlarının həmin dövr üçün geniş təşəkkül tapdığı ölkə olan Azərbaycan Demokratik Respublikasında Şərq aləmində ilk dəfə olaraq qadınlara seçmək və seçilmək hüququ verilirdi. Bu baxımdan Azərbaycan ABŞ (1920), Fransa (1944), İsveçrə (1971), Yaponiya (1945), Cənubi Koreya (1948), Portuqaliya (1931), İspaniya (1931) kimi müasir dövrün mütərəqqi dövlətlərinin əksəriyyətini qabaqlamışdı.

Əgər xanım Amberin Zaman məsələyə neytral və ədalətli yanaşsaydı, Azərbaycanın yerləşdiyi regionun nə qədər həssas olduğunu, Azərbaycanın hansı təhlükələrlə qarşı-qarşıya dayandığını, bütün bu təhlükələrə rəğmən Qərb ilə əməkdaşlığa necə əhəmiyyət verdiyini görmüş olardı. Terrorizmə qarşı mübarizədə, enerji sahəsində əməkdaşlıqda Qərbə verdiyi dəstəyin hansı mənaya gəldiyini anlamış olardı.

Əgər xanım Amberin Zaman neytral və ədalətli olsaydı, məqaləsində Azərbaycanın onun hər zaman dəstəklədiyi Ermənistan tərəfindən işğala məruz qaldığını qeyd edərdi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmamasına yer verərdi.O münaqişə ki, onun nəticəsində Azərbaycan ərazisinin 20 faizi, Dağlıq Qarabağ və ətrafdakı yeddi rayon işğal olunmuşdur.

O neytral və ədalətli olsaydı, qeyd edərdi ki, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində etnik təmizləmə siyasəti aparılmış, bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Bu ərazilərdə qədim mədəniyyət abidələri məhv edilmiş, məktəblər, muzeylər, məscidlər dağıdılmış, məzarlıqlar təhqir olunmuş, dünya sivilizasiyasının nadir inciləri yer üzündən silinmişdir.

O neytral və ədalətli olsaydı, qeyd edərdi ki, havadarlarına arxalanan Ermənistan münaqişə ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, o cümlədən BMT-nin Baş Məclisi, ATƏT, Avropa Şurası, NATO, Avropa Parlamenti, İƏT və digər beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymamaqda davam edir.

O neytral və ədalətli olsaydı, Minsk Qrupunun həmsədri olan ABŞ-ı, eləcə də digər dövlətləri təcavüzü dayandırması, işğal edilən ərazilərin geri qaytarılması, qaçqın və məcburi köçkünlərin öz ata-baba ocaqlarına geri qaytarılması üçün Ermənistana təzyiq göstərməyə çağırardı.

Təbii ki, Amberin Zaman bunları yaxşı bilir. Ancaq bunları ifadə etmək onun sadəcə işinə yaramır, çünki onun xidmət etdiyi prinsiplərlə üst-üstə düşmür. Onun üçün tək bir prinsip var, əvvəlcədən nə yazacağına qərar verib, necə deyərlər, sən nə çalsan da o öz bildiyi havaya oynayacaq.

newtimes.az

Digər xəbərlər