İctimaiyyət dövlət başçısının korrupsiya ilə mübarizə bəyanatını yüksək qiymətləndirir
Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramının dördüncü ilinin yekunlarına dair konfransda səsləndirdiyi fikirlər ölkə ictimaiyyətində geniş maraq doğurub. Bizimlə həmsöhbət olan millət vəkilləri, cəmiyyətin ayrı-ayrı nümayəndələri də bu cür məsələlərin, atılan addımların təqdirəlayiq olduğunu vurğulayıblar.
Aydın Mirzəzadə: "Korrupsiya ilə mübarizə dövlətin əsas prioritet istiqamətlərindən biridir"
Ölkə Prezidenti İlham Əliyevin bir neçə gün öncə regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramının dördüncü ilinin yekunlarına dair konfransda səsləndirdiyi nitqinin hər cümləsi bu gün diqqətlə öyrənilməlidir deyən YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə konfransda ölkə başçısı tərəfindən deyilən hər bir fikirin, Onun toxunduğu hər bir mövzunun günün aktual məsələlərini özündə əks etdirdiyini diqqətə çatdırdı. Bildirdi ki, sadalanan məsələlərin hər birinə dair dövlət başçısının konkret mövqeyi ortadadır. A.Mirzəzadə onu da əlavə etdi ki, cənab Prezident sadəcə olaraq, məsələyə toxunmur və məsələyə dair ümumi nəzəri fikirlər səsləndirmir. "O, həmçinin, hər bir məsələni araşdırır və real vəziyyəti, uğurlar varsa, uğurların genişlənməsi və problemlər varsa, problemlərin aradan qaldırılması üçün konkret yollar göstərir. Bunlardan biri də, cənab Prezident İlham Əliyevin son dövrlər korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə aparılan işlə bağlı söylədiyi fikirlər oldu. Amma çox təəssüf ki, ölkə daxilində müxalif qüvvələr aparılan işi kampaniya xarakteri daşıdığını, bir müddətdən sonra bunun yaddan çıxacağını iddia edirlər. Dövlət başçısı isə bütün bunların əksinə olaraq və eyni zamanda, irəli sürülən ittihamları alt-üst edərək, bildirdi ki, bu kampaniya deyil, sistemli bir işdir. Bu sistemin əsas isə uzun illər bundan öncə qoyulub və bundan sonra da öz tempində davam etməlidir. Ümumi götürdükdə isə, elə bir sistem yaradılır ki, o sistem Azərbaycanda korrupsiya halının mümkünlüyünü minumuma endirəcək. Prinsipcə biz korrupsiya ilə mübarizənin 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi, 1995-ci ildə ilk demokratik Konstitusiyanın qəbulu, sonradan mərhələ-mərhələ sosial-iqtisadi məsələlərin həlli, xarici siyasətin müəyyənləşməsi, hüququ sistemin yenidən qurulması ilə yenidən başladığını tam əminliklə söyləmək olar".
Aydın Hüseynov: "Azərbaycanda elə bir sistem qurulub ki, heç bir halda burada hər hansı bir neqativ halın geniş vüsət alması mümkün deyil"
YAP Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafına dair İkinci Dövlət Proqramının dördüncü ilinin yekunlarına dair konfransda səsləndirdiyi fikirlərin cəmiyyətimiz tərəfindən çox müsbət qarşılandığını bildirdi. Qeyd etdi ki, həmin konfransda toxunulan məsələlər və qarşıya qoyulan məqsədlər idarəçilik sistemindəki qarşılıqlı münasibətlər sisteminə öz töhfəsini vermiş olub. A.Hüseynov ölkədə baş verən neqativ hallara qarşı sərt tədbirlərin görüldüyünü dilə gətirdi: "Azərbaycanda elə bir sistem qurulub ki, heç bir halda burada hər hansı bir neqativ halın geniş vüsət alması mümkün deyil. Artıq müasir cəmiyyətimiz özünün bütün imkanlarını və prinsiplərini müəyyənləşdirməyi çox gözəl bilir və bütün dövlət strukturlarında sadalanan məsələ ilə bağlı müvafiq tədbirlər görülür". A.Hüseynov ötən gün Meliorasiya və Su Təsərrüfatı ASC-nin Tovuz rayon suvarma sistemləri idarəsinin rəisi Namiq Əliyevin, Şəmkir rayonu Təzəkənd bələdiyyəsinin sədri Məhəmməd Məmmədovun həbs edilməsi ilə bağlı konkret addımların atıldığını da vurğuladı. Elə bu faktın özünün məhz korrupsiya ilə mübarizədə kiçik-böyük vəzifəli insanlar məfhumunun əsas olmadığını qeyd edən rayon təşkilatının sədri istənilən məhsul şəxsin öz maraqlarını önə çəkəcəyi təqdirdə, analoji vəziyyətlə üzləşəcəyinin qaçılmaz olduğunu da dedi və qeyd etdi ki, korrupsiya ilə mübarizədə dövlətin əsas prioritet istiqamətlərindən biridir və artıq bunun müsbət nəticələri cəmiyyətimiz tərəfindən açıq şəkildə müşahidə edilməkdədir.
RƏFİQƏ