Onların rəhbərləri bilavasitə öz maraqlarına xidmət göstərmək məqsədləri ilə tamamilə zidd mövqelər nümayiş etdirirlər
Ölkəmizdə çoxsaylı QHT-lər, vətəndaş cəmiyyəti institutları timsalında təşkilat və qurumlar, ictimai birliklər fəaliyyət göstərməkdədir. Həmin təşkilatların quruculuq, eləcə də, praktiki fəaliyyətlərində bir çox istiqamətlər mövcuddur ki, bütün bunlar yalnız inkişaf və sağlam düşüncəli cəmiyyətin formalaşmasına, maarifləndirilməsinə xidmət edir. Eyni zamanda, tam demokratik və müstəqil şəkildə, genişmiqyaslı layihələr həyata keçirən bu təşkilatlar bütün hallarda, vətəndaş cəmiyyətinin inkişafı müstəvisində maarifçilik prinsiplərinə sadiq qalır, hər bir vətəndaşa yönəltdiyi layihə istiqamətində aşılayıcı rol oynamağa səy göstərir. Qeyd etdiyimiz kimi, bu cür təşkilatlar ölkəmizin demokratik inkişafı sferasında önəm və əhəmiyyət kəsb edirlər.
Lakin əfsuslar olsun ki, yuxarıda qeyd olunanlardan fərqli olaraq, qeyri-normal, inkişaf prinsiplərindən kənar QHT-lər də mövcuddur ki, həmin QHT-lər və onların rəhbərləri bilavasitə öz maraqlarına xidmət göstərmək məqsədləri ilə tamamilə zidd mövqelər nümayiş etdirirlər. Bunların nəticəsində isə həmin təşkilatlarda sırf siyasiləşmələr müşahidə olunmaqdadır. Bu barədə istər qəzetimiz, istərsə də digər KİV-lər vasitəsilə ictimaiyyətə kifayət qədər məlumatlar verilmişdir. Bəs bu cür halların mövcudluğu daha hansı məqsədləri güdür və onlar kimə (nəyə) xidmət göstərirlər?
QHT-lər unudurlar ki, onların xidmət səlahiyyətləri siyasət sərhədlərini aşır
Təkcə dağıdıcı müxalifət düşərgəsində, xüsusilə, "İctimai Palata"da baş verən son olaylara diqqət yetirsək, görərik ki, antidövlətçilik çağırışları, dövlət əleyhinə cinayətlər törədilməsinə sövq və bu kimi digər hallara yol verən siyasi partiyaların ruporları da məhz bu tip QHT-lərdir. Daha dəqiq desək, dağıdıcılıq və anarxiyaya meyilli radikalların öz istəklərinə uyğun taktikaları, qeyri-qanuni hərəkətləri nəticəsində həbs olunmaları sanki sözügedən QHT-lərin dəyirmanlarına su tökür. Və onların hamısı bir ağızdan başlayırlar cinayətlərini "təmizə çıxarma" əməliyyatlarına. Həmin saat bütün xarici səfirliklərə, səfirliklərin siyasi partiyalarla iş qurumlarına, xarici diplomatlara müraciətlər qəbul olunur, və sair və ilaxır...Hətta vəziyyət bəzən elə hallara gəlib çıxarır ki, səs-küy çıxararaq, sözün əsil mənasında, həyasızlıq edən QHT-lər tamamilə unudurlar ki, onların xidmət səlahiyyətləri siyasət sərhədlərini aşır. Bunu biz uzun illərdir ki, dəfələrlə müşahidə etmişik və bu, təəssüf ki, indi də, davam etməkdədir.
Təbii ki, bu cür motivlərin arxasında başqa pərdəarxası məqamlar da mövcuddur. Həmin məqamlardan biri də QHT-lərin xarici anti-Azərbaycan meyilli qüvvələr qarşısında müxtəlif, çeşid-çeşid vədlər verib, siyasi öhdəliklər götürmələridir. Belə ki, siyasi partiyalardan fərqli olaraq, xarici ölkələrə daha tez-tez səfərlər edən sözügüdən ictimai birlik rəhbərləri tenderlər, konqreslər, tədbirlər pərdəsi altında gizli görüşlər keçirir, öz çirkin planlarını həyata keçirirlər. Bu barədə kifayət qədər məlumatlar mövcuddur.Onların maddi durumlarını "tənzimləyən" "siyasi məhbus" sərsəmləmələri də həmin qurumalardandır.
Qarşılıqlı savaşlar
Əslində, diqqət yetirsək, bu tipli QHT rəhbərlərinin daha öncələr hansı əməllərin sahibləri olduqlarını xatırlasaq, artıq onların hansı yuvanın quşları, ya da ki, hansı dərənin tülküləri olduğunu görərik. Məsələn, "Sülh və Demokratiya İnstitutu" adlı təşkilatın rəhbəri Leyla Yunus AXC-Müsavat diktatorluğu dönəmində Müdafiə Nazirliyinin nəzdində təchizat və təminat (əsgərlərin qidalanması və qida rasionu üzrə) şöbəsinə rəhbərlik edirdi. Daha dəqiq desək, oranı çapıb-talayırdı. Cəbhəyə göndəriləsi ət və digər qida məhsullarını mənimsəyərək, bazara çıxarırdı. Bu barədə açıqlamanı onun öz həmkarı - Helsinki Vətəndaş Assambleyasının rəhbəri Arzu Abdullayeva bir neçə il öncə mətbuata açıqlamasını bu yaxınlarda bir daha səsləndirmişdir. Onu da deyək ki, vaxtilə aralarından su keçməyən bu iki "rəfiqənin" arasında yaranmış söz-söhbət də haram pullar üstündə yaranmışdı. Görünür, Arzu Abdullayeva hələ də o pulları ala bilməyib. Həmçinin, "siyasi məhbus" məsələsinin süni halda qabardılması nəticəsində bölünə bilinməyən qrantlar üstündə də Yunus-Abdullayeva müharibəsi davam etməkdədir. Belə olan halda, məhz bu cür insanların indi durub hansısa "haqsızlıqdan" bağıranda, onların nə cür sifətə malik olmaları ifşa olunur. Səidə Qocamanlı, Novella Cəfərova, Arif Yunus, Eldar Zeynalov kimi fərdlərin də bu sıralamaya aid olmaları şübhəsizdir. Onların müxtəlif cür xəyanətkar əməllərdən çıxaraq, Azərbaycana, xalqa-millətə qarşı təxribat xarakterli çıxışlar etmələri arxasında da düşmənlərə qulluq etmək amili dayanır.
Digər maraqlı nüansa isə, bu adamların bu günə qədər bir dəfə də olsun dövlət tərəfindən maliyyələşdirilən layihələrə qoşulmamalarıdır. Çünki bunların əlaqələri xarici siyasiləşmiş fondlarla, ya da fərdi insanlarladır. Onlar bir növ radikal müxalifət partiyaları ilə əlbir olaraq qeyd edilən xarici təşkilatlar və ya fərdi şəxslərlə aradüzəldənlik (anlaşma) rolu oynayaraq, maddi durumlarını artırırlar. Bu vasitəçiliklər yeni maliyyə donorlarının üzə çıxarılmasına da xidmət edir. Təki "siyasi" don geydirməyə "problemlər" ortaya çıxsın.
Görünür, bunlar haqqında lazımi güc strukturları tərəfindən ciddi tədbirlər görülməsə, onların "xəmiri" hələ çox su aparacaq...
R.Hüseynova