Məlum olduğu kimi, ABŞ-ın dövlət katibi Con Kerri Avropa və Orta Şərqə rəsmi səfəri çərçivəsində fevralın 24-dən martın 6-dək İngiltərə, Almanya, Fransa və Türkiyədən sonra Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətəri ziyarət etdi. Bundan başqa Kerri İtaliyada təşkil olunan "Suriya xalqının dostları" toplantısında da iştirak etdi. ABŞ-ın yeni dövlət katibinin bu səfərləri bir çox aspektdən siyasi əhəmiyyət kəsb edir.
İlkin olaraq qeyd etməliyəm ki, Orta Şərqdə mövcud olan xaotik vəziyyəti idarə etmədə, Vaşinqton problemlərlə qarşılaşmışdır. Məhz Obamanın yenidən prezident seçilməsi ilə ABŞ, dünyanın müxtəlif ölkələrində yenidən siyasi gedişlərini təsirli şəkildə həyata keçirməyə başlamışdır. Təsadüfi deyil ki, Barak Obama da prezident seçildikdən sonra ilk səyahətini Cənubi-şərqi Asiya ölkələrinə etdi. Digər tərəfdən ABŞ, İran-Suriya və Əfqanıstanda da yeni siyasi həmlələr etmək niyyətindədir.
ABŞ-ın yeni təyin olunan dövlət katibi Con Kerrinin Avropa və Orta Şərqi ziyarət etməsi onun bu vəzifədə aktiv siyasi fəaliyyət göstərəcəyindən xəbər verir. Belə ki, Kerrinin bu səyahətləri onun özünü və ABŞ-ın yeni siyasi istiqamətini Avropa və Orta Şərqdəki liderlərə izah etmə mənasına gəlir. Obamanın yeni siyasi strategiyasını icra edən Kerrinin səfəri, xüsusilə Orta Şərqdə ABŞ-ın müttəfiqləri ilə hərəkət edəcəyini göstərir. Bu mənada ABŞ, İsrail ilə olan əlaqələrini İran kontekstində yenidən nəzərdən keçirir. Belə ki, Barak Obamanın ikinci prezident dövründə ilk səfərini İsrailə edəcəyi də bu baxımdan əhəmiyyət kəsb edir.
Kerrinin Orta Şərqə səfəri iki əsas məsələ ətrafında cərəyan etdi. Bu Suriya və İrana dair region liderləri ilə aparılan müzakirələrdə özünü büruzə verdi. Belə ki, Con Kerri Səudiyyə Ərəbistanı xarici işlər naziri ilə görüşündə İranla bağlı aparılan nüvə müzakirələrinin çox uzun davam edə bilməyəcəyini bildirdi. İran isə siyasi manevrlər ilə bu müzakirələri daha da uzatmaq istəyir.
Qətərə ziyarətində isə Kerri, ABŞ-ın Suriya barəsindəki siyasətinin aydın və Əsəd rejiminin də qeyri-qanuni olduğunu bir daha vurğuladı. Bu kontekstdə Kerrinin, ABŞ-ın da Suriyalı müxalifətə hərbi təlim keçdiklərini bildirməsi, verilən dəstəyin mahiyyətini ortaya qoyur.
Con Kerrinin Misirə səyahəti, misirli siyasətçilər tərəfindən birmənalı qarşılanmadı. Belə ki, bəzi partiya mənsubları və siyasətçilər Kerrinin bu səfəri nəticəsində Misirin daxilə işlərinə qarışdığını, digərləri isə Kerrinin Misirdəki partiyalar arasında ortaq məxrəcin təşkil olunması üçün çalışdığını iddia etdilər. Nəticədə bu səfər, ABŞ-ın Misirə, regional lider dövlətlərdən biri olaraq siyasi əhəmiyyət verdiyini bir daha göstərir.
Kerrinin Türkiyə səfəridə yeni siyasi notlardan xəbər verir. Məhz 10 il əvvəl, yəni 2003-cü ildə Vaşinqton ilə Ankara arasında, İraqa ABŞ əsgərlərinin Türkiyə ərazisindən keçməsinə dair Türkiyə Böyük Millət Məclisinin veto qoyması nəticəsində etimadsızlıq atmosferi yaranmışdı. Con Kerrinin 10 il sonra 1 mart tarixində Ankaraya gəlməsi, simvolik də olsa siyasi məna daşıyır. Əlbəttə ki, Kerri Ankarada əsas mövzu olaraq Suriya məsələsini müzakirə etdi. Məlum olduğu kimi Suriya mövzusunda, Ankara ilə Vaşinqton arasında fikir ayrılığı mövcuddur. Belə ki, Ankara Obamanın ikinci dövründə Suriyaya birbaşa müdaxilə ediləcəyini və daha ciddi addımlar atılacağını düşünürdü. Ancaq Vaşinqton birbaşa müdaxilə yerinə hələlik diplomatiyaya üstünlük verir. Kerrinin Ankaradakı görüşmələri eyni zamanda baş nazir Ərdoğanın BMT-nin Mədəniyyətlər İttifaqı toplantısında sionizm və İsrailə dair sərt açıqlamalarının kölgəsində qaldı. Belə ki, Kerri Ankaradakı görüşlərində R.T.Ərdoğanın fikrinə etiraz edərək, ABŞ müttəfiqi olan İsrail və Türkiyə arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini bir daha vurğuladı.
Nəticədə ABŞ-ın yeni təyin olunan dövlət katibi Con Kerrinin Avropa və Orta Şərqə etdiyi səfərlər daha çox mövcud vəziyyətlə əlaqədar fikir mübadiləsinə yönəlmişdir. Belə ki, Kerrinin xüsusilə Suriya və İran məsələlərinə dair həm avropalı, həm də region liderləri ilə görüşlərində müzakirələr aparması, onun müəyyən bir plan üzərində işlədiyini göstərir. Əlbəttə ki, gələcək siyasi gedişlər və nəticələr bu planın yol xəritəsini də üzə çıxaracaqdır.
newtimes.az