PDF Oxu

Araşdırma

  • 1 644

Ermənistan: şantaj siyasətinin acıları

Ermənistan: şantaj siyasətinin acıları

Cənubi Qafqazda geosiyasi fəallığın yüksəlməsi rəsmi İrəvanı silkələyib. Erməni mediası bu proseslərin ölkəni çox çətin vəziyyətə sala biləcəyi haqqında yazır. Nədənsə Ermənistan rəhbərliyi belə bir durumun yaranmasında illərdir yeritdiyi başqalarını şantaj etmə siyasətinin əsas rol oynadığını dərk edə bilmir.

İrəvanın narahatlığı

Ermənistan yenə tərəddüd içindədir. Prezident seçkisindən sonra ölkənin sosial-iqtisadi, siyasi və geosiyasi həyatında hansısa yeniliyin baş verəcəyi gözlənilmir. İctimai rəydə hökm sürən başqalarına nifrət sindromu qalır. Ekspertlərin fikrinə görə, həmin psixoloji apatiya yeni məzmun kəsb etməyə başlayıb.

Bu prosesin bir tərəfi siyasi qarşıdurma nəticəsində ermənilərin bir-birinə nifrətinin artmasından qaynaqlanır. Yerli ekspertlər bu tendensiyanı çox təhlükəli hesab edirlər. Çünki əsrlərdir ki, qonşu xalqlara nifrət ruhunda tərbiyə edilmiş cəmiyyətin indi həmin hissləri özünə qarşı çevirməsi keçici olmaya bilər. Total nifrət sindromunun demokratik siyasi mübarizə psixologiyasına transformasiyası ehtimalı yox dərəcəsindədir.

Məsələnin digər tərəfi regionda gedən geosiyasi proseslərə Ermənistan rəhbərliyinin adekvat reaksiya verə bilməməsinə bağlıdır. Maraqlıdır ki, bu ölkənin xarici siyasətində müasir şəraitə uyğun ola biləcək dəyişiklik baş vermir. Əvvəlki dövrlərdə olduğu kimi, rəsmi İrəvan qonşu dövlətləri düşmən obrazında görməkdə davam edir. İndi həmin sıraya Rusiya da əlavə edilib.

Sirr deyil ki, Ermənistan adlanan dövlətin yaranması və indiyə qədər mövcud olması birbaşa Moskvanın dəstəyi ilə əlaqəlidir. İndi isə ermənilər Kremli "imperiya mənbəyi", "Ermənistanın müstəqilliyinə təhlükə", "Avrasiya şantajçısı" kimi təqdim edirlər. "Lragir.am", "1in.am", "Panarmenian", "168 jam" bu mövzuda analizlər dərc edirlər. V.Putinin bir bəyanatı isə onları əməlli-başlı təşvişə salıb.

Rusiya prezidenti bu günlərdə bəyan edib ki, 2015-ci ildən başlayaraq ölkə daxilində işçi qüvvəsinin hərəkət sərbəstliyi ilə bağlı ciddi dəyişikliklər edəcəklər. Hazırda əmək miqrantları üçün mövcud olan imtiyazlı şərtlər yalnız Gömrük İttifaqı üzvü olan ölkələr üçün saxlanacaq. Bu quruma daxil olmayan dövlətlərdən isə miqrantların qəbulu kəskin azalacaq.

Təbii ki, hər bir ölkənin öz miqrasiya siyasəti var. Rusiyanın miqrasiya siyasətini doğru hesab etmək çox çətindir. Burada bir çox subyektiv məqamlar mövcuddur. Lakin onu da nəzərə almaq lazımdır ki, həmin siyasət Rusiyanın dövlət maraqları üzərində qurulur. Ermənistanda məhz məsələnin bu tərəfini görmək istəmirlər. Çünki bu günə qədər İrəvan müstəqil daxili və xarici siyasət yeritməyib. Daim kənardan verilən göstərişlər əsasında hərəkət edib. Ona görə də ağır vəziyyət yarananda ilk növbədə öz havadarlarını günahlandırır.

Modernləşmə kursunun yoxluğu

Tarixin müstəqil dövlət qurmaq üçün verdiyi nadir şansdan ermənilər yararlana bilmədilər. Ermənistanın müstəqil inkişaf konsepsiyası mövcud deyil. İndiyə qədər ölkəyə rəhbərlik etmiş heç bir siyasətçi modernləşmə kursunu ortaya qoymayıb. 1991-ci ildən başlayaraq rəsmi İrəvanın bütün siyasəti qonşu ölkələrin ərazisinə, tarixinə, mədəniyyətinə və mənəvi dəyərlərinə iddia fonunda böyük dövlətlərdən yardım ummaq fəlsəfəsi üzərində qurulub.

Ermənilər həmişə ABŞ, Rusiya, Fransa, İran, Almaniya kimi böyük dövlətlərə Azərbaycan və Türkiyəyə qarşı şər-böhtan atmaqda yardım mənbəyi kimi baxıb. Keçən əsrin 90-cı illərinin ikinci yarısında Cənubi Qafqazda Azərbaycan modernləşmənin birinci mərhələsini həyata keçirməyə başlayanda, İrəvan başqalarından daha çox maliyyə və maddi yardım almağın yeni üsullarını axtarırdı. Onun məqsədi Azərbaycanın dövlət kimi mənfi obrazını yaradıb, öz işğalçı siyasətinə haqq qazandırmaqdan ibarət idi. Ancaq indi hər kəs dərk edir ki, reallıqda Ermənistan üçün həmin mərhələ itirilmiş zaman olub. Çünki ölkənin müstəqil inkişafı üçün modernləşmə prosesi yaddan çıxıb.

XXI əsrin başlaması ilə də Ermənistanın daxili və xarici siyasətində heç bir yenilik olmadı. Birincisi, Ermənistandan miqrasiya axını daha da gücləndi. Ermənilər hətta bütöv kəndləri boşaldaraq, xaricə iş arxasınca getdilər. Onlar əsasən Rusiyaya üz tuturlar. 2012-ci ilin statistik məlumatına görə, Rusiyadan bank sistemi vasitəsi ilə 1,4 milyard ABŞ dolları miqdarında Ermənistana pul köçürülüb. Bu o deməkdir ki, ölkə əhalisinin əsas dolanışıq yeri Rusiyadır.

İkincisi, Ermənistan iqtisadiyyatı inkişafdan dayandı. Çünki sistem olaraq həmin iqtisadiyyat xarici mənbələrdən asılıdır. Özünün müstəqil daxili inkişaf qaynaqları yoxdur. Bu səbəbdən Rusiyada, İranda, Avropada və ya Amerikada hər hansı böhran yarananda, ondan zərər görənlər sırasında Ermənistan da olur.

Üçüncüsü, rəsmi İrəvan böhrandan çıxmaq üçün heç bir səmərəli kurs ortaya qoya bilmədi. Nəticədə, xarici qüvvələrdən daha çox asılı vəziyyətə düşdü. Bu məqam prezident seçkisi ərəfəsində özünü qabarıq surətdə göstərdi. Rusiya, ABŞ və Fransadan Ermənistana təzyiqlər oldu. Onların hər biri İrəvan qarşısında öz maraqlarına uyğun tələb qoydular. Ekspertlər Ermənistanın bütün bunlara görə çox gərgin vəziyyətə düşdüyünü vurğulayırlar (bax: Naira Ayrumən. Mejdu Putinım i Barrozu. Lragir.am, 8 mart 2013). İndi erməni cəmiyyətinin seçim etməsi zamandır – ya avrointeqrasiya, ya da Rusiya ilə strateji tərəfdaşlığa sadiqlik!

Bütün bu ziddiyyətlərin kökündə bir reallıq durur – Ermənistanın modernləşmə kursu yoxdur! Bunun tərkib hissəsi kimi də müstəqil xarici siyasət kursu mövcud deyil. Odur ki, müxalifət bundan sonra xarici siyasətin necə olacağı ilə bağlı məsələni referenduma çıxarmağı təklif edir.

Problemin bu cür qoyuluşunun başqa tərəfi cəmiyyətin Ermənistan rəhbərliyinin yeritdiyi siyasətə inamının qalmamasıdır. Yerli KİV S.Sarqsyanın proqramında geosiyasi seçim məsələsinin dumanlı şəkildə əks olunduğunu vurğulayır. Belə ki, indiki prezident həm Rusiya ilə strateji tərəfdaşlıqdan danışır, həm də Avropaya inteqrasiyanı önə çəkir. Bu tezislər isə bir-birini təkzib edir.

Zorən demokrat

Bütün bunların fonunda Ermənistanın qeyri-müəyyən geosiyasi vəziyyətə düşməsi təbii görünür. O cümlədən, V.Putinin əmək miqrantları haqqında söylədiklərinin erməniləri təşvişə salması gözləniləndir. Çünki Rusiya Ermənistandan gedənləri qəbul etməsə, ölkə çox çətinliklərə düçar olar. Belə çıxır ki, İrəvan əvvəlcədən düzgün xarici siyasət kursu seçməməsinin zərərini görür. Eyni zamanda, müstəqil geosiyasi seçim etmək şansını itirir. Bunun zərbəsi isə bütövlükdə regiona dəyə bilər. Artıq onun ilk əlamətləri özünü göstərir.

Son günlər Ermənistana bir neçə avropalı diplomat səfər edib. Onların sırasında Almaniya Bundestaqının sədri, Litvanın xarici işlər naziri, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi də vardı. Hətta qonşu Gürcüstanın müdafiə naziri İrakli Alasaniya İrəvana getmişdi. Bu diplomatik hərəkətliliyin arxasında Ermənistanın regionun qeyri-müəyyənlik mənbəyi olması durur.

Görünür, burada Moskvanın desantçıları Ermənistana göndərə biləcəyi ilə bağlı verdiyi bəyanat da müəyyən rol oynayıb. Erməni KİV-i Alasaniyanın rus desantlarının Ermənistan ərazisindən istifadə edərək Gürcüstana müdaxilə etməməsinə təminat almağa çalışdığını vurğulayıb.

Rəsmi Tbilisinin ehtiyatlılığını başa düşmək olar. Hərbi proqnozlaşdırma Mərkəzinin direktoru Anatoli Sıqanok Moskvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan ölkələrə desant göndərmək qərarını, "Rusiya Qafqazda mövqelərini möhkəmləndirir", kimi qiymətləndirib. Onu deyək ki, ekspertlər Dağlıq Qarabağda rus desantçıların yerləşdirilməsi ehtimalını da istisna etmirlər. Bununla da regionda qüvvələr nisbətinin kəskin dəyişməsi riskinin mövcudluğundan danışmaq olar.

Qərb İran probleminin daha da kəskinləşməsi halında Rusiyanın ilk olaraq Ermənistan vasitəsi ilə proseslərə müdaxilə edə biləcəyini proqnozlaşdırır. O cümlədən, İranla həmsərhəd olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı hava limanını qorumaq adı ilə Rusiya hərbçiləri bölgəyə göndərilə bilər. Lakin bu məsələ böyük dövlətlərin geosiyasi maraqları ilə region ölkələrinin maraqlarının uyğunlaşdırılmasının mürəkkəb mexanizmləri ilə sıx bağlıdır. Həmin aspektdə hələlik konkret bir qərara gəlindiyini söyləmək mümkün deyildir. Belə çıxır ki, rus desantı məsələsini ermənilər daha çox böyük dövlətləri şantaj etmək üçün şişirdirlər.

Bütün bunlar geosiyasi aspektdə Ermənistanın ciddi problemə çevrildiyini göstərir. Şübhəsiz ki, Rusiya İrəvana təzyiqlərini artıracaq. Qərbin də kənarda qalmayacağını təxmin etmək mümkündür. Erməni ekspertlər bir çox məqamlara S.Sarqsyanın martın 12-də Moskvaya səfəri zamanı aydınlıq gətiriləcəyinə ümid edirdilər. Lakin bu da özünü doğrultmadı. V.Putin və S.Sarqsyan apardıqları müzakirələrin məzmunu haqqında az məlumat verdilər. Onlar ümumi səviyyədə strateji tərəfdaşlığı vurğuladılar. Konkret mövzular üzrə isə heç bir fikir söyləmədilər.

Maraqlıdır ki, Ermənistan prezidenti Moskvadan qayıtdıqdan dərhal sonra Brüsselə gedib. Erməni ekspertlər hesab edirlər ki, S.Sarqsyan təhlükəsizliklə bağlı məsələləri real olaraq məhz Qərblə müzakirə edir. Bu halda Moskvada Putin və Sarqsyanın nəyə görə konkretliklərə baş vurmaması səbəbi aydın olur.

Burada S.Sarqsyanın andiçmə mərasiminin hələ olmaması məsələsi də rol oynaya bilər. Mümkündür ki, o, inauqurasiya öncəsi Rusiya və Qərbdən müəyyən təminatlar alır. Əks təqdirdə legitimlik problemi ilə üzləşə bilər. Hər bir halda İrəvanın mürəkkəb bir duruma düşdüyü hiss edilir.

Ermənistan prezidenti zorən demokrat qiyafəsində görünməyə çalışsa da, onun kimliyini Kreml yaxşı bilir. Əslində, S.Sarqsyana bu "siyasi maskanı" Moskva verib. Bu səbəbdən rəsmi İrəvanın hələlik situasiyanı qeyri-müəyyənlikdə saxlamaqda maraqlı olduğunu proqnozlaşdırmaq mümkündür. Ermənistanın özünün süni barışçı obrazını yaratmaq üçün manevrlərini davam etdirəcəyini demək olar.

newtimes.az

Digər xəbərlər