Ölkədən köçmələr kütləvi hal aldı, sosial-iqtisadi və siyasi vəziyyət daha da gərginləşdi, ordu çökmə həddinə gəldi
Hər bir ölkədə ictimaiyyət, idarəçi və intellektual dairələr geridə qalan ildə hansı uğurlar qazanıldığı və bundan sonrakı hədəflərin nələr ola biləcəyi barədə geniş müzakirələr aparır. Faktlar belə deməyə əsas verir ki, bu baxımdan Ermənistanda vəziyyət dəhşətli həddə çatmışdır. Belə ki, il ərzində ölkə miqyasında heç bir uğur, nəzərəçarpacaq irəliləyiş, nailiyyət əldə edilməmiş, ölkə uçurumun kənarınadək sürüklənmiş, sosial-iqtisadi vəziyyət "müstəqillik" tarixində görünməmiş dərəcədə pisləşmiş, kriminal vəziyyət dözülməz həddə çatmışdır. Yoxsulluqdan, işsizlikdən təngə gələn əhali kütləvi şəkildə ölkəni tərk etməyə başlamış, qarşıdurmalar, toqquşmalar fonunda siyasi qeyri-müəyyənlik davam etmiş, korrupsiya, qanunsuzluq çoxalmış, maddi-texniki təminatdan məhrum edilən orduda ölüm halları xeyli artmışdır. İşğalçı ölkənin əhalisinin 41 faizi yoxsulluq səviyyəsindən də aşağı həddə yaşadığı halda, bu rəqəm keçən il artaraq 53 faizə yüksəlmişdir. Ermənistanda sabit gəliri olmayan 160 minə yaxın insan var ki, onlar rəsmi statistikada işsiz sayılmırlar. Fəqət, bu insanların ailələrində adambaşına düşən gəlir minimal yaşayış təminatı həddindən də aşağı olduğundan, onlar ifrat yoxsul sayıla bilərlər. Həmin rəqəmləri də 53 faizin üzərinə əlavə etsək, onda belə çıxır ki, ölkə əhalisinin, demək olar ki, yarısından çoxu dilənçi vəziyyətində yaşayır. Bu isə sosial-iqtisadi vəziyyətin kifayət qədər gərgin olduğunu göstərir.
Miqrasiya kütləviliyi Ermənistanı yoxluğa sürükləyir
Ermənistanda sosial-iqtisadi sahələrdə gərginliyin daha da dərinləşməsi nəticəsində ölkəni tərk edənlərin sayı sürətlə artır. Bu barədə Ermənistanın "Lragir" qəzeti bu ölkənin Miqrasiya Xidmətinə istinadən məlumat dərc edilmişdir. Həmin məlumatda göstərilir ki, son üç ildə Ermənistanı 180 min nəfər tərk etmişdir. "Armenia Today" portalında yer alan xəbərdə vurğulanır ki, Rusiyada yaşayan ermənilərin sayında daha 650 min nəfər artım müşahidə olunmuşdur. Araşdırmalar erməni əhalisinin Rusiyada artmasına səbəb kimi yüksək doğum göstəricilərinin deyil, məhz miqrasiya proseslərinin səbəb olduğunu göstərir. "İPSC" Siyasi və Sosial Məsləhətləşmələr İnstitutu tərəfindən bu günlərdə keçirilmiş sorğuya əsasən, Ermənistan əhalisinin 47,4 faizi yaşayış səviyyəsindən narazıdır, 51 faizi isə pis yaşadığını bildirir. İnstitutun əməkdaşı Samvel Manukyanın sözlərinə görə, ölkəni tərk edənlər narazı insanlardır. Hazırda Ermənistan mediası maraqlı bir məqama diqqət çəkərək bildirir ki, ölkədə getdikcə artan intiharların əsas səbəbi işsizlikdir. Ermənistan Milli Elmlər Akademiyasının Fəlsəfə-Hüquq İnstitutunun direktoru Gevorq Poqosyan keçirdiyi mətbuat konfransında bildirmişdir ki, son illər intiharların 50 faizi 30-65 yaşlı kişilər arasında baş verir. Bu ölkədə 2009-cu ildə intiharların sayı 498, 2010-cu ildə 592, 2011-ci ildə 647, 2012-ci ildə isə 958 nəfər olub. İnsanların sosial vəziyyəti də buna uyğun şəkildədir. İşsizliyin səviyyəsi 69-70 faizə çatmışdır. Ən çox intihar halları paytaxt Yerevan və Gümrü şəhərlərində qeydə alınmışdır. Bu şəhərlərdə işsiz vətəndaşların sayı gündən-günə artır.
Bu gün artıq beynəlxalq təşkilatlar da Ermənistanda bu faktı təsdiqləməklə yanaşı, korrupsiyanın tüğyan etdiyini, bu bəlanın ölkəni fəlakətə sürüklədiyini, əhalinin geniş təbəqəsinin bundan son dərəcə əziyyət çəkdiyini, narazı qaldığını dilə gətirir, belə gedərsə, 2013-cü il ərzində sosial partlayışın qaçılmaz olacağını qeyd edirlər. Ölkədən köçün kütləvi hal almasının səbəbi də insanların sosial-iqtisadi çətinliklərdən təngə gəlməsidir. 2012-ci ildə bu məsələ ilə bağlı Ermənistan hakimiyyətinin gördüyü preventiv tədbirlər, sadəcə olaraq əks effekt verdi, ölkədən qaçanların sayı azalmaq əvəzinə, daha da artdı. Ermənistanın miqrasiya xidmətinin bildirdiyinə görə, təkcə keçən il bu ölkəni 180 min 760 nəfər tərk edib. "Aykakan Jamanak" qəzeti isə bu rəqəmin ən azı iki dəfə artıq olduğunu bildirir. Rəsmi rəqəmlərin özü 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkəni birdəfəlik tərk edənlərin sayının 10 min nəfər və ya 9,5 faiz artdığını göstərir. Araşdırmalar göstərir ki, 2012-ci ildə bu ölkədəki miqrantların sayı yerli əhalinin sayını ötüb və Ermənistan bu göstəricisinə görə dünyada yeganə ölkədir. 300 minə qədər erməni bu gün düşmən elan etdikləri Türkiyədə türk çörəyi yeyir. Yəqin ki, sərhədlər açıq olsaydı, Azərbaycana da axıb gələrdilər. Ermənilər həm də Avropaya üz tutmağa üstünlük verirlər və onların sayında ciddi artım var. 2012-ci ilin hesablamalarına görə, Ermənistanda ərzağın qiyməti Avropa ilə müqayisədə 70 faiz baha olub və bahalaşma hər gün daha da artmaqdadır. Bununla paralel olaraq əhalinin aldığı əmək haqları və müavinətlərin həcmi Avropadan 5-10 dəfə aşağıdır. Düşünün, ayda 100 dollar əmək haqqı alan erməni Avropa qiymətləri ilə necə yaşaya bilər? Maraqlı burasıdır ki, Ermənistan bu il də iqtisadi vəziyyətini sabitləşdirmək üçün heç bir maliyyə resursu əldə edə bilmədi. 2013-cü ildə Ermənistanın dövlət büdcəsi 3,4 milyard dollar həcmində nəzərdə tutulsa da, hazırda ölkənin dövlət və qeyri-dövlət borcu 7,6 milyard dollar səviyyəsinədək artıb. Ermənistan Maliyyə Nazirliyinin yaydığı ilkin hesabata görə, həmin borcların 37,5 faizi ölkənin Dünya Bankına, 33,2 faizi Beynəlxalq İnkişaf Assosiasiyasına, 23,2 faizi Beynəlxalq Valyuta Fonduna, 4,6 faizi Asiya İnkişaf Bankına, 4,2 faizi isə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının payına düşür. Digər tərəfdən, Ermənistanın öz ekspertləri, xüsusən, bu ölkənin keçmiş baş naziri Qrant Baqratyan dəfələrlə bəyan edib ki, 2013-cü ildə Ermənistanı çox ciddi maliyyə-iqtisadi böhran gözləyir. Yəni bu il vəziyyət daha da ağırlaşacaq. Ölkənin milli valyutası sürətlə dəyərdən düşəcəkdir. 2013-cü ildə Ermənistan dövləti 500 milyon dollar xarici borc qaytarmalıdır. Ermənistanın büdcə kəsiri ümumi daxili məhsulun 3 faizini çoxdan ötüb. Beləliklə də, göstərilən faktlar bir daha onu təsdiqləyir ki, Ermənistan cari ildə də uğursuzluq zolağından çıxa bilməyəcək.
A.SƏMƏDOVA