PDF Oxu

Araşdırma

  • 1 325

UNUDULMAZ GÜN

UNUDULMAZ GÜN

Bugünkü gün mənim üçün xüsusi əhəmiyyət kəsb edir. Belə gözəl saatları mənə bəxş etdiyiniz üçün sizə öz təşəkkürümü bildirirəm. Bayaq burada çıxış edənlərdən biri qeyd etdi ki, bu gün Quramın günüdür. Mən isə deyərdim ki, bu gözəl gün məhəbbət, birlik günüdür, iki ölkə mədəniyyətinin qovuşduğu gündür və nəhayət, iki qonşu xalqın qarşılıqlı etimadı günüdür. Ən başlıca məqsəd isə ondan ibarətdir ki, bu salonda əyləşənlərin hər biri, bizim hər birimiz belə ülvi məhəbbətlə və burada iştirakımızla baş memarları Heydər Əliyev və Eduard Şevardnadze olan Ümumqafqaz evinin tikintisində iştirak etmiş və təməlinə daş qoymuş oluruq.

Bu gözəl bayramın müəllifi isə geniş qəlbli və xeyir soraqlı Aslan Aslanovdur.

Sizə bir rəvayət söyləmək istəyirəm: "Deyirlər, belə bir ölkə var ki, orada insan vəfat edəndə onun qəbir daşının üzərinə doğum və ölüm tarixini deyil, ömründə özünü xoşbəxt saydığı illəri həkk edirlər. Deyilənə görə, bu rəvayəti eşidən mənim həmyerlilərimdən biri deyib: "Elə isə, mənim başdaşımın üstünə yazın ki, bu zavallı ölü doğulmuşdur!"

Mən isə deyərdim ki, məhz bu günü mənim qəlbimə yaşadığım gün kimi həkk etmək olar.

Bir əhvalatı xatırlatmaq istəyirəm: "1971-ci ildə Bakı şəhərində müxtəlif ölkələrdən gələn nümayəndə heyətlərinin genişmiqyaslı görüşü keçirilirdi. Görüşdən sonra verilən ziyafətə Heydər Əliyev cənabları başçılıq edirdi. Biz, gürcüstanlı qonaqlar qatara gecikirdik. Ona bu barədə çəkinə-çəkinə bildirəndə, o, "Qatar siz vağzala gedəndə tərpənəcəkdir,"-deyə cavab verdi. Həmin gün ərzində Gürcüstanın nümayəndə heyəti dövlət başçısından xüsusi hərarət hiss edir və həmin hərarət bizi yol boyu vətənə sarı ötürürdü".

Bir neçə il bundan öncə mən İraqa Kərbəla şəhərinə getmişdim. İmam Hüseyinin məqbarəsinin yanında uyuyan böyük Azərbaycan şairi Füzulinin qəbrini də ziyarət etdim.

Cibimdəki axırıncı qəpik-quruşdan keçdim, gül alıb şairin məzarına düzdüm. Mən Azərbaycan poeziyasını qəlbən sevirəm. Bu məmləkətdə çoxlu dostum var, Hidayət, Anar, (onun atasına da böyük ehtiram hissi bəsləyirdim) Mirzə İbrahimov və nəhayət, mənim azərbaycanlı dostlarımın sırasına Aslan Aslanov da əlavə olundu. Mən Aslana gürcücə lomi (şir) deyirdim, heç ağlıma gəlməzdi ki, Aslan sözü türkcə də şir demək imiş. Yəqin buna görədir ki, onun təbəssümü də şahənədir. Abxaziyadan qaçqın düşən uşaqlara onun uzatdığı yardım əli yaddaşıma həmişəlik həkk olundu. Sonra da o, uşaqlara dəfələrlə yeni il hədiyyələri gətirdi. Uşaqlardan biri hədiyyəni geri özümüzə qaytarıb əlavə etdi: "Mənə artıq vermisiniz, ikinci dəfə götürsəm, qorxuram uşaqlardan biri hədiyyəsiz qalar". Bunu eşidəndə qəhər məni boğdu.

Bayaq burada "Qarabağ şikəstəsini" dinləyəndə də həmin ağrını hiss etdim. Necə qəmli, necə də ürəyəyatan havadır. Bu mahnını dinləyərkən düşünürdüm ki, bizim hələ də dinc və rahat olmağa haqqımız yoxdur. Azərbaycanlılarla gürcülərin ürəyimizin başında eyni yara var, axı! Bizim 9 aprelimiz, sizin 20 yanvarınız, bizim Abxaziyamız, sizin Qarabağınız. Yəqin, elə buna görədir ki, bir-birimizi yaxşı anlayırıq. İncəsənətin böyük vəzifəsi millətləri yaxınlaşdırmaqdan, xalqlararası etimadsızlıq buzunu əritməkdən ibarətdir.

Mən bu gün xoşbəxtəm. Bu ədəbi axşamı gözəlləşdirənlərin hər birinə öz təşəkkürümü bildirirəm. Mənə gül gətirən balalara da səmimi təşəkkürlər olsun. Mənim romanımı tərcümə edən İmir Məmmədliyə də öz dərin minnətdarlığımı bildirirəm, onun istedadına inanıram. Mənim dostum və kitabımın redaktoru Süleyman Süleymanova da öz təşəkkürlərimi çatdırıram. Dərin minnətdarlıq hissi ilə Aslan Aslanova üz tuturam, bu kitab onun himayədarlığı sayəsində nəşr olunduğu üçün ona səmimi təşəkkürlər! Elə bu görüş də ona görə baş tutmuşdur.

Məni Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının fəxri üzvü seçdilər, bunun üçün də Aslan Aslanova minnətdaram, məni akademiyanın alimləri ilə də o tanış etdi. Buyurun, Gürcüstana təşrif gətirin, mən sizə Axundovun ev-muzeyini, mədəniyyət mərkəzini, Axundovun panteonundakı büstləri və memorial xatirə lövhəsini göstərərəm...

Bütün bu işlərdə Aslan Aslanovun əməyi böyük və əvəzsizdir. Aslanın bir xeyirxahlığını da xatırlamaq istəyirəm: Gürcüstanın Azərbaycandakı səfirliyinin əməkdaşı, bizim sevimli yazıçı xanımımız Leyla Eradze müalicə üçün Almaniyaya getməli olanda, ona da Aslan Aslanov maddi yardım göstərmişdir. Bir sözlə, Aslan qu quşu qəlbli şirdir. Bunun üçün də ona aslanlara layiq hədiyyə gətirdim - bu gürcü xənçəridir. Amma başlıca sürpriz başqa şeydən ibarətdir, bu, mənim şəxsi hədiyyəm deyil. Bu sürpriz Gürcüstan Yazıçılar İttifaqının qərarıdır. Həmin qərara görə, Aslan Aslanov bu gündən Gürcüstan Yazıçılar İttifaqının fəxri üzvüdür.

Bir dəfə Amerika milyonçusu Tbilisiyə gəlmişdi. Simpozium başa çatan kimi o, hava limanına üz tutdu. Ondan ziyafətdə qalmağını xahiş edəndə, dedi: "Mənim hər şeyim - şirkətlərim, təyyarələrim, gəmilərim var, yeganə çatışmayan şey isə vaxtdır".

Sizin hər birinizə minnətdaram ki, ən qiymətli sərvətiniz olan vaxtınızı mənə sərf etdiniz. Mənim bayramıma şərik çıxdığınız üçün də dərindən minnətdaram.

1997-ci ildə Şəmkirdə öz kitabının təqdimat mərasimində Quram Pançikidzenin söylədiyi nitq.

Digər xəbərlər