PDF Oxu

Araşdırma

  • 1 497

Rüstəm İbrahimbəyov yeni ampluada

O öz ətrafında "dissidentlik" ssenarisi yazmağa cəhd edir

Rüstəm İbrahimbəyov yeni ampluada

"Ziyalılar Forumu"nun həmtəsisçisi Rüstəm İbrahimbəyovun Azərbaycana geri dönməyəcəyi ilə bağlı yayılan xəbərlər və həmin xəbərlər ətrafında aparılan təhlillər bir neçə qənaətə gəlməyə əsas yaradır. Başlıcası odur ki, R.İbrahimbəyov hələ Rusiyada fəaliyyət göstərərkən, bu ölkənin bəzi siyasi dairələri, eləcə də, həmin dairələrlə sıx münasibətlərdə olan digər şəxslərlə yaxın əlaqələrdə olmuş, öz fəaliyyətini də məhz sözügedən kontekstlər üzərində qurmuşdur.

Məsələn, onun hazırda Rusiyada partiya sədri olan Söyün Sadıqov vasitəsilə Azərbaycan əleyhinə aparılan kampaniyada müstəsna rol oynaması, eyni zamanda, həmin ölkədə formalaşmış erməni lobbisi ilə sıx təmaslar qurması nəticə etibarilə R.İbrahimbəyovun sözügedən qüvvələr tərəfindən ələ alınmasından xəbər verir. Ümumiyyətlə isə, R.İbrahimbəyov Azərbaycana geri dönməyəcəyi ilə bağlı bəyanatlar verməklə, vurğulanan ittihamları dolayısı ilə qəbul etmiş olur. Bunun ardınca, onun Azərbaycana dönüb "Ziyalılar Forumu" adlı reneqatlar birliyini yaratması, adıçəkilən "forum"un vasitəçiliyi ilə siyasi proseslərdə dağıdıcılıq yolu tutmuş müxalifət "liderlərini" özünə tərəfdar seçməsini də təsadüf hesab etmək olmaz. Çünki qeyd edilən hər bir halda müəyyən bağlılıqlar və qaranlıq məqamların mövcudluğu sonradan atılan addımların davamında əks olunmuşdur. Məsələn, onun "EL" hərəkatının sədri Eldar Namazov "kartından" məharətlə istifadə edib müxalifət mətbuatının gündəmində "ulduza" çevrilməsi, ardınca isə müxtəlif populist bəyanatlarla çıxış etməsi tandemini də unutmaq lazım deyil. Söz yox ki, R.İbrahimbəyovun Bakıda keçirilən kino festivalında erməni həmkarlarını (Daşnaksütyun partiyasının üzvləri və qatı millətçiləri) ən yüksək səviyyədə qonaqlamasını da buraya əlavə etsək, fikrimizdə yanılmarıq. Sonradan isə bəlli oldu ki, Bakıya təşrif buyurmuş erməni qonaqlarına istədikləri komfortu yaşatmaqdan ötrü R.İbrahimbəyov dövlətin ona ayırdığı pulları havaya sovurub və festivalın daxili xərclərinə sərf etməyib. Vergilərdən yayınma və digər dələduzluq halları, vətəndaşlara məxsus ərazilərin qanunsuz zəbtetmə məsələlərini də R.İbrahimbəyovun "vicdadına" yazsaq, onda bir daha ehtimal etmək olar ki, reneqat kinossenarist əldə etdiyi qeyri-qanuni gəlirləri şəxsi maraqları ilə yanaşı, həm də siyasi maraqlarına xərcləyib. Məhz bütün bunların nəticəsidir ki, hazırda öz yaxın reneqatları vasitəsilə ətrafında süni ajiotaj yaratmağa çalışan R.İbrahimbəyov guya Azərbaycana bir daha geri dönməyəcəyi ilə bağlı bəyanatlar verməklə vurğulanan ittihamları dolayısı ilə qəbul etmiş olur. Daha dəqiq desək, reneqat kinossenarist indi də öz ətrafında "dissidentlik" şousu yaratmağa cəhd edir. Ölkədə keçiriləcək prezident seçkiləri ərəfəsində R.İbrahimbəyovun tez-tez xarici ölkələrə səfərlər etməsi arxasında da Azərbaycanda qarışıqlıq yaratmaq, xidmət göstərdiyi siyasi dairələrin tapşırıqlarını həyata keçirmək cəhdlərinin dayandığını söyləmək mümkündür. Belə ki, onun ABŞ-da yaşayan eks-spiker, ACP "lideri" Rəsul Quliyevlə mütəmadi olaraq telefon əlaqələri saxlaması, görüşmək üçün vaxt müəyyənləşdirməsi də Azərbaycan əleyhinə işləyən qüvvələrin planları çərçivəsindədir.

Nəticə olaraq belə qənaətə gəlmək mümkündür ki, reneqat R.İbrahimbəyov məhz iqtidarın diqqəti və qayığısı sayəsində vaxtilə qazandığı nüfuzunu heçə endirməklə özü-özünə dərin və çıxılmaz quyu qazmış olub. İndi isə həmin quyudan çıxa bilmədiyinə görə, öz günahlarını başqalarının, xüsusilə də, hakimiyyətin üzərinə atmağa cəhd edir. Lakin həmin cəhdlərin ona heç bir səmərə verməyəcəyini də yaxşı anlayan R.İbrahimbəyov öz ətrafında "dissident" ssenarisini yazmaqla hələ də bəyaz səhrada al günəşin "doğmasını" gözləyir. Hansı ki, belə təxəyyüllər yalnız kinolarda olur...

AYDIN HÜSEYNOV,

YAP Siyasi Şurasının üzvü,

YAP Qaradağ rayon təşkilatının sədri

Digər xəbərlər