1992-93-cü illəri İran-Azərbaycan münasibətlərinin ən gərgin dövrü kimi xarakterizə edirlər. Bu illərdə Bakıda rəsmi səviyyədə İrana qarşı ərazi iddiaları səslənir, İranda isə Azərbaycan dövlətçiliyinə qarşı ciddi tədbirlər planlaşdırılırdı.Lakin 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın digər qonşuları ilə yanaşı, İranla münasibətlər də keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. 1993-cü ildə İran prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin Azərbaycana səfəri, bir il sonra isə Prezident Heydər Əliyevin Tehrana rəsmi səfəri, səfərlər zamanı imzalanmış sənədlər İran-Azərbaycan münasibətlərinin yaxşılaşmasına təkan verdi və dövlətlərarası əlaqələrin hüquqi bazasını yaratdı.
1996-cı ilin mayında Prezident Heydər Əliyev prezident H.Rəfsəncaninin dəvəti ilə yenidən İranda rəsmi səfərdə oldu və bu səfər zamanı aparılan danışıqlarda tərəflər bir sıra iqtisadi xarakterli məsələlər barəsində razılığa gəldilər. Prezident Heydər Əliyevin 1997-ci ilin dekabrında Tehranda keçirilən İslam Konfransı Təşkilatının zirvə görüşündə iştirakı zamanı İranın prezidenti S.M.Hatəmi, Ali dini rəhbər Ayətullah Xamneyi, Məsləhət Şurasının sədri H.Rəfsəncani və digər yüksək səviyyəli dövlət xadimləri ilə keçirdiyi görüşlər də ikitərəfli münasibətlərin inkişafına təkan verdi. Nəticədə, 2002-ci il mayın 18-də Prezident Heydər Əliyevin İrana növbəti rəsmi səfərini artıq tədqiqatçılar dost ölkəyə səfər kimi xarakterizə edirdilər.
Düzdür, Prezident Heydər Əliyevin 2002-ci ilin mayında İrana səfəri iki ölkə arasındakı bəzi narazılıqları, xüsusən, Xəzərin statusu məsələsini həll etməsə də, Azərbaycan-İran münasibətlərində konstruktiv əməkdaşlığın başlanğıcını qoydu. Səfərin yekunu olaraq, mayın 20-də iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin prinsipləri haqqında yeni memorandum imzalandı.
Heydər Əliyevin Türkiyəyə 12-17 mart 2001-ci il tarixli rəsmi səfəri gedişində müxbirlərdən biri Ona İranın Qarabağ məsələsində vasitəçilik istəyində bulunması haqda sual vermiş və Heydər Əliyev sualı belə cavablandırmışdır: "İran bir dəfə vasiətçilik etmişdir. 1992-ci ildə Azərbaycan nümayəndə heyəti ilə Ermənistan nümayəndə heyəti Tehrana getmişdi ki, guya, orada İran vasitəçilik etsin. Onlar Tehranda olduğu zaman Ermənistan silahlı qüvvələri Şuşanı işğal ediblər. Siz bunu bilirsiniz, yoxsa yox? Gedin, onları oxuyun." Qeyd etmək lazımdır ki, Heydər Əliyev Qarabağ münaqişəsinin həlli üçün daha çox Minsk Qrupunun (ATƏT) tədbirlərindən istifadə etmişdir.
Siyasi şərhçi cənab Vəfa Quluzadə "Azadlıq" qəzetinin 3 iyul 2001-ci il tarixli nömrəsində getmiş müsahibəsində İranın vasitəçilik səylərinin uğursuzluğuna və Şuşanın işğalına görə rusların məsuliyyət daşıdığını bildirmişdir: "1992-ci ildə Yaqub Məmmədov İrana səfər edərkən orada bir müqavilə imzalandı və bu müqavilədə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımışdır. Ancaq ruslar Şuşanı və Laçını işğal etməklə müqavilənin təsirini heçə endirdilər. Rəfsəncani və Yaqub Məmmədov pis vəziyyətdə qaldılar. Ruslar İranı başa saldılar ki, bölgədəki münaqişələrə onlar nəzarət edir və başqa ölkənin müdaxiləsi yaxşı nəticə verməyəcəkdir. İranın vasitəçiliyi ilə o zaman yaxşı bir müqavilə imzalanmışdı, ancaq ruslar Şuşanı işğal etməklə İranı təzyiqlə üzbəüz qoydular və oyundan kənarlaşdırdılar."
İran İslam Respublikasının Bakıdakı səfirliyinin birinci katibi cənab Mehdi Abbasi Paydar Naxçıvanda muxtar respublika Ali Məclisinin sədri Heydər Əliyevlə görüşündə (22 yanvar 1992) səfərinin əsas məqsədinin İran İslam Respublikasının Naxçıvanda Baş Konsullğunun açılması təklifini çatdırmaq olduğunu bildirmişdir. Heydər Əliyev bunun cavabında təklifi qəbul etməklə Naxçıvan Muxtar Respublikasının Təbriz şəhərində Baş Konsulluğunun açılmasının zəruriliyini bəyan etmişdir.
Eyni zamanda, Heydər Əliyev 9 iyun 2000-ci il tarixdə Tehrana yola düşməzdən əvvəl Bakı aeroportunda jurnalistlərlə müsahibəsində "Bu səfərinizdə Azərbaycan Respublikasının Təbrizdə Baş Konsulluğunun açılması məsələsini müzakirə edəcəksinizmi?" sualı xüsusunda demişdir: "Bilirsiniz ki, biz bu məsələni çoxdan qaldırmışıq. Amma nə olacaq-onu deyə bilmərəm."
İran İslam Respublikasının energetika naziri cənab Həbibulla Bitərəfin Heydər Əliyevlə 28 mart 2001-ci il tarixli görüşündə sərhəd çayları üzərində su bəndlərinin tikintisi məsələsi qaldırılmış və cənab Bitərəf demişdir: "Xudafərin su bəndinin inşası üçün İran və Ermənistan siyasi rəhbərliyi arasında lazımi danışıqlar aparılmış və erməni tərəfi təhlükəsizliyə zəmanəti öz öhdəsinə götürmüşdür. Biz işi başlamaq istəyirik."
Heydər Əliyev deyilən sözlərə cavab olaraq bildirmişdir: "Xudafərin Ermənistan tərəfindən işğal olunmuşdur. Siz işi hansı tərəflə görəcəksiniz? Bu, əsla mümkün deyil. Mən bunu Sizə bildirmən istəyirəm ki, Ermənistanla sülh müqaviləsi əldə olunmayınca və ərazilərin işğalına son qoyulmamış Xudafərin su bəndinin tinintisindən söz gedə bilməz. Mən bu işə əsla icazə vermirəm. Əslində, Siz bizim Azərbaycan torpağında Ermənistanla əməkdaşlıq edəcəksiniz və bu, mümkün deyil".
Heydər Əliyev deyir: "Birinci müqavilə imzalandıqdan ("Əsrin müqaviləsi", 1994) sonra hiss etdim ki, İran onu tərəfdaşlığa cəlb etməməyimizdən narahatdır. Buna görə də, "Şahdəniz" qaz yatağına aid ikinci müqavilədə şəxsən mənim təklifimlə İranın OİEC şirkətini müqavilədə payçı etdik və layihənin 10 faizini ona verdik. Bu şirkətin başqa müqavilədə də 10 faiz payı var. İran şirkətinə "Şahdəniz"də 10 faiz pay ayırılması şəxsən mənim təşəbbüsüm idi".
Ulu Öndər Heydər Əliyev demişdir: "Ölkələrdən hər birinin inkişafı və digər beynəlxalq, regional təşkilatlarla sıx və qarşılıqlı faydalı əlaqələrin yaradılması üçün ECO-nun rolunun gücləndirilməsi zəruridir. Azərbaycan ECO ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı arasında əlaqə yaradılmasında səylərini göstərməyə hazırdır və mən bu iki təşkilatın baş katiblərinin Bakıda görüşünün keçirilməsini və üzv ölkələr arasında ticarət sahəsində maneələrin tədricən aradan götürülməsini təklif edirəm.
"Bakı-Novorossiysk" və "Bakı-Supsa" boru kəmərinin 1997 və 1999-cu illərdə istifadəyə verilməsi regionda dəyişiklik yaratmışdır. Bakı-Tbilisi-Ceyhan kəmərinin yekunlaşması ilə regionun mənzərəsi daha da dəyişəcəkdir.
18-20 may 2002-ci il tarixlərində Heydər Əliyevin İran İslam Respublikasına rəsmi səfəri zamanı iki ölkə prezidentləri Azərbaycan Respublikasının İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin prinsipləri haqda Sazişi imzalamışlar. Eyni zamanda, tərəflər arasında aşağıda siyahısını təqdim etdiyimiz digər saziş və anlaşma sənədləri də imzalanmışdır: "Azərbaycan Respublikası hökuməti və İran İslam Respublikası hökuməti arasında gömrük məsələlərində əməkdaşlıq və qarşılıqlı yardım haqda Saziş" "Azərbaycan Respublikası hökuməti və İran İslam Respublikası hökuməti arasında beynəlxalq yükdaşımalara dair Saziş" "Azərbaycan Respublikası hökuməti və İran İslam Respublikası hökuməti arasında bitki Karantini haqda Saziş" "Azərbaycan Respublikası hökuməti və İran İslam Respublikası hökuməti arasında baytarlıq sahəsində Əməkdaşlıq Memorandumu" "Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə İran İslam Respublikasının Elm, Tədqiqat və Texnologiya Nazirliyi arasında elmi-tədqiqat işləri sahəsində Əməkdaşlıq Memorandumu" "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında mədəniyyət sahəsində Əməkdaşlıq Memorandumu" "Azərbaycan Respublikası hökuməti və İran İslam Respublikası hökuməti arasında aviasiya yükdaşımalarına dair Saziş" "Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi və İran İslam Respublikası Standart və Sənaye Tədqiqatları Müəssəsi arasında Əməkdaşlıq Memorandumu", "Azərbaycan Respublikasının İdman, Gənclər və Turizm Nazirliyi ilə İran İslam Respublikasının Bədən Tərbiyəsi Təşkilatı arasında idman əməkdaşlıqları Sazişi".
Bu sənədləri Azərbaycan tərəfdən xarici işlər naziri Vilayət Quliyev, iqtisadi inkişaf naziri Fərhad Əliyev, kənd təsərrüfatı naziri İrşad Əliyev, gənclər, idman və turizm naziri Əbülfəz Qarayev, mədəniyyət naziri Polad Bülbüloğlu imzalamışlar. Çıxışların birində Ulu Öndər Heydər Əliyev demişdir: "Əsas reallıq bundan ibarətdir ki, Azərbaycan bir zamanlar Rusiyanın tərkibində, sonra Sovet İttifaqının tərkibində olmuşdur. Nəhayət, 10 il əvvəl ölkəmiz müstəqilliyə çıxmışdır. İndi müstəqil Azərbaycan dövlətimiz var. İranda da Şərqi və Qərbi Azərbaycan var. O ostanlar İranın əyalətləridir. Heç kəsin buna şübhəsi yoxdur və ola da bilməz ki, qəzetlərdəki həmin məqalələrin müəllifləri İran-Azərbaycan münasibətlərinə zərər yetirirlər. Biz öz əməkdaşlıqlarımızın qorunması və inkişafına çalışmalıyıq. İran İslam Respublikası Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyıb və indi də tanıyır. Azərbaycan da İranın ərazi bütövlüyünü tanıyır. Heç kəs İranın heç bir bölgəsinə iddia edə bilməz".
"...İran-Azərbaycan əlaqələrinin tarixi böyükdür. Bu tarix əsrlərə gedib çıxır. Xalqlarımız əsrlər boyu birlikdə, bir-birinin yanında yaşamış, bir kökə sahib olmuş, eyni adət-ənənələrə malik və bir-birinə arxa olmuşlar".
Mədəni, etnik və dini baxımdan İran bizə ən yaxın ölkə sayılır. Təqdim olunmuş rəsmi statistikaya əsasən, demək olar ki, İran əhalisinin etnik baxımdan təxminən yarısı azərbaycanlıdır və dünya azərbaycanlılarının dörddə üçü də İranda yaşayır. Azərbaycanın ən böyük ortaq sərhədləri İranladır.
Tarix boyunca bir çox dövrlərdə iki xalq vahid imperatorluq və hökumətlərin tərkibində yaşamış və birgə tarixin böyük dövrünə sahib olmuşlar. Bu reallıqlar ölkələrimizin regional və beynəlxalq səviyyələrdə hər iki ölkənin qarşılıqlı maraqlarını təmin edən ortaq siyasi kurs işləmələrini tələb edir. Heydər Əliyev deyir: "Məsəl var deyərlər, yaxşı qonşu uzaq qohumdan yaxşıdır".
İran İslam İnqilabının qələbəsindən sonra İran Azərbaycanından Azərbaycan və fars dillərində onlarla yeni qəzet və jurnal işıq üzü görmüşdür. Heydər Əliyevə yüksək qiymət verildiyi məqalə və materiallar da İran mətbuatında əks olunur.
Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinə rəhbərlik etdiyi dövrdə özünün İran İslam Respublikasına səfərini (2-22 may 1992) açıqlayarkən şanlı Rəhbər və Onun azərbaycanlı olması barədə belə deyir: "Qeyd etməliyəm ki, İran İslam Respublikasının dini və siyasi lideri həzrəti ayətullah Xamenei ilə görüş və Onunla bir saatdan artıq hərtərəfli söhbət bizim üçün müstəsna əhəmiyyət kəsb edirdi. Bildiyiniz kimi, O həzrəti ayətullah Xomeyninin (r.ə) rəhbərliyi dövründə səkkiz il İran İslam Respublikasının Prezidenti olmuş və ayətullah Xomeyninin (r.ə) vəfatından sonra isə dini-siyasi lider seçilmişdir. O, Təbriz şəhərinin yaxınlığındakı Xamənə kəndindəndir. O, bizim ana dilimizdə mənimlə söhbət etdi. Çox mənalı və hərtərəfli söhbətimiz oldu. Mənim şəxsi təəssüratım bundan ibarətdir ki, ağayi Xamenei çox böyük alim, böyük dini-siyasi şəxsiyyətdir. O, İran İslam Respublikasında çox sevilir və böyük hörmətə malikdir. Bu səbəbdən də, Onun Naxçıvan Muxtar Respublikasına diqqəti bizim üçün çox əhəmiyyətlidir".
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru