PDF Oxu

Araşdırma

  • 1 466

Ölkədəki siyasiləşmiş QHT-lərə "dərs vəsaiti" paylayanlar hansı təşkilatlardır?

Ölkədəki siyasiləşmiş QHT-lərə "dərs vəsaiti" paylayanlar hansı təşkilatlardır?

"Diktaturadan demokratiyaya keçid" və "Qeyri-zorakı yolla dəyişikliyin 198 metodu" adlı vəsaitləri bilavasitə anarxiya və dağıdıcılığa hesablanmış "siyasətin" tərkib hissəsidir

ABŞ-ın Milli Demokratiya İnstitunun (NDİ) Azərbaycandakı qeyri-obyektiv və dağıdıcılıq istiqamətindəki fəaliyyəti ifşa olunduqdan sonra bir daha bəlli olmuşdur ki, özlərini "demokratiya uğrunda mübarizlər" kimi qələmə verən bəzi beynəlxalq təşkilatlar bu və ya digər formada ölkəmizdə süni ajiotajlar, anarxiya vəziyyəti yaratmaqdan ötrü siyasiləşmiş QHT-lərə "dərs vəsaitləri" paylayırlar. Əslində, bütün bunlar NDİ-nin "NİDA"-ya "ərməğan" etdiyi "Molotov kokteylləri"nin, məqsədli şəkildə ayrılan pul vəsaitlərinin davamıdır desək, yanılmarıq. Daha dəqiq desək, ölkələrdə çevrilişlər yaratmaqdan ötrü yazılmış kitabları vəsait kimi paylayaraq, siyasiləşmiş QHT-lərə təlimlər keçən bu kimi təşkilatlar həmin fəaliyyətlərində qətiyyən bir-birindən fərqlənmirlər.

"Yox" da NİDA hərəkatı kimi seçkilər ilində ortaya atılmışdı

Məsələn, bəlli olmuşdur ki, ABŞ-ın Albert Eynşteyn İnstitutunun hazırladığı "Diktaturadan demokratiyaya keçid" və "Qeyri-zorakı yolla dəyişikliyin 198 metodu" adlı vəsait dağıdıcı düşərgənin nəzarətində olan QHT-lərə, "gənclər təşkilatlarına" paylanaraq, onlara tövsiyyələr verilmişdir. Başqa tərəfdən o da məlum olmuşdur ki, fondun Azərbaycandakı tərəfdaşları hələ 2005-ci ilin fevralında "Diktaturadan demokratiyaya keçid" vəsaiti "Yox" hərəkatının sifarişi ilə Azərbaycan dilinə tərcümə olunub. Onu da xatırladaq ki, belə hərəkatlar dağıdıcı müxalifət partiyalarının timsalında yaradılmış qurumlardırlar və onların ölkədaxili təlimatlarını məhz partiya sədrləri verirlər. Lakin onlara verilən təlimatların əsas bazasında təbii ki, Azərbaycanda siyasi-iqtisadi maraqları olan beynəlxalq təşkilat rəhbərlikləri dayanıb. Məsələn, "Yox" hərəkatının yaranmasında da sözügedən faktorlar özünü kifayət qədər qabardıb. Qeyd edək ki, "Yox" hərəkatının yaranmasında ən çox canfəşanlıq edən tərəf də AXCP sədri Əli Kərimli olub. Bu baxımdan, hərəkatın yaradılmasını öz müavini Razi Nurullayevə həvalə edən "cəbhə" sədri burada Azərbaycana qarşı qərəzli mövqedə dayanan beynəlxalq təşkilatlardan maliyyə qrantları almağı əsas məqsəd kimi istifadə edib. Xatırladaq ki, "Yox" hərəkatı 2005-ci ilin fevral ayında təsis edilib və həmin il ölkədə parlament seçkiləri ili kimi yadda qalıb. Məhz parlament seçkiləri ərəfəsinə təsadüf edən bu kimi təsisatların bu il - prezident seçkiləri ilində də fəallaşmaları qaranlıq qalan məsələləri açığa çıxarır. Yəni hazırda Müsavat partiyasına yaxınlığı ilə seçilən NİDA-nın da post-seçki dövründə ortaya atılması təsadüfi sayıla bilməz.

Maraqlıdır, bu gün belə hərəkatlara, siyasiləşmiş QHT-lərə "dərs vəsaiti" kimi paylanan külliyyatlar onları əslində hansı tərəfə istiqamətləndirir?

Hadisələrə yalnız jurnalist mövqeyindən yanaşmalı olan media işçilərinə də dağıdıcılıq siyasəti təbliğ olunur

"Diktaturadan demokratiyaya doğru" vəsaitinin "Dinc mübarizə metodları" bölümündə sadalanan üsullar belədir: məmurların daban-dabana izlənməsi, məmurların ələ alınması, əsgərlərlə qardaşlaşma, etiraz soyunmaları, gecələr keşikdə durma, dini hərəkatlar, gizli etiraz mitinqləri və s. Maraqlıdır ki, sözügedən kitablar həm də jurnalistlər üçün nəzərdə tutulub. Bəzi terminlər və onların izahı geniş verilib. Xüsusi qeyd olunub ki, jurnalistlər məhz bu terminlərdən istifadə etməklə "vəziyyətin xarakterini daha dəqiq çatdırmalı, vətəndaşda vəziyyətin "xoflandırıcı" olması barədə tam təəssürat yaratmalıdır". Başqa tərəfdən, "Qeyri-zorakı yolla dəyişikliyin 198 metodu" adlı vəsaitə nəzər salarkən, görmək mümkündür ki, üsulların "qeyri-zorakı" olduğu görünmür. Misal üçün göstərmək olar ki, təlimin "demokratik dəyişikliklər" bölümündə qansız çevriliş, hakimiyyətlə siyasi və sosial əsnada əməkdaşlığı boykot, vətəndaş itaətsizliyi, kütləvi tətillər, vətəndaş qiyamı kimi bölmələr var. Burda bu cür halları yetişdirməyin vasitələri barədə də qeydlər əksini tapıb. Daha sonra isə jurnalistlərə bu növ "demokratik dəyişikliklər" zamanı labüd sonluq kimi "devrilmiş hakimiyyətin ölkədən qaçması variantları" göstərilir. Göründüyü kimi, hadisələrə yalnız jurnalist mövqeyindən yanaşmalı olan media işçilərinə də dağıdıcılıq siyasəti təbliğ olunur. İctimaiyyət bu gün dağıdıcı düşərgəyə məxsus media orqanlarında çalışan jurnalistlərin siyasi hadisələrə müdaxilələrini, onların icazəsiz aksiyalarda bilavasitə iştirakçılara çevrilmələrinin dəfələrlə şahidi olub.

"Wikileaks" saytı: "Psixoloji zombiləşdirmə üçün külli-miqdarda vəsaitlər ayrılıb"

Yeri gəlmişkən, məşhur "Wikileaks" sənədlərində də bu institut barədə xeyli məlumat var. Məlumatlarda göstərilib ki, "hegemoniya institutu" 60-70-ci illərdən etibarən ABŞ-da reallaşdırmasına başlanılan "digər dövlətləri özündən asılı vəziyyətdə inkişaf etdirmək" adlı xüsusi sxemin əsas oyunçularından biridir: "Bu institutun hazırladığı təlim vəsaitləri və strateji plan əsasında humanitar fondlara "demokratik inkişaf", başqa sözlə, psixoloji zombiləşdirmə üçün külli-miqdarda vəsaitlər ayrılıb, daha sonra isə həmin ölkədəki "xoşagəlməz faktor aradan qaldırıldıqdan sonra" yenə eyni institutun tövsiyələri ilə vəsait kəskin azaldılıb və ya ümumiyyətlə kəsilib". Eyni zamanda, məlum olub ki, Albert Eynşteyn Fondunun son illər ərzindəki əsas maliyyə qaynağı NDİ və NED təşkilatlarıdır.

"Wikileaks" sənədlərində bu institut barədə daha bir amil də göstərilib ki, fond işlədiyi ölkələrdə "Freedom House" və Beynəlxalq Respublikaçılar İnstitutu ilə tərəfdaşlıq edir. Hazırda "Albert Eynşteyn"in əsas tərəfdaşı bir vaxtlar inqilab hazırladığı Serbiyada yaradılmış CANVAS (Center for Applied NonViolent Action and Strategies) təşkilatıdır. Qeyd edək ki, bu təşkilat Gürcüstan, Ukrayna, Misir, Liviya, Tunis inqilablarının əsas təşkilatçısı və ideyavericisi olub, öz təbliğat vasitələrini külliyyat şəklində müxtəlif dillərə tərcümə edərək, yerli vətəndaş cəmiyyəti institutu təmsilçiləri ilə əməkdaşlıq qurub. "Wikileaks"in bu ilin fevral ayında açıqlanmış son məlumatına görə, CANVAS-ın hazırda işlədiyi ölkələr arasında Azərbaycanın da adı var. Bu təşkilat hazırda işlədiyi ölkələrdə "Azadlıq evi", Amerika Sülh İnstitutu, Beynəlxalq Respublikaçılar İnstitutu, Soros Fondu ilə əməkdaşlıq edir.

Riçar Morniqstarın NDİ-nin "uğurlu" fəaliyyət göstərməsi haqqında iddiaları rəsmi Vaşinqtonun siyasi baxışlarında da əks olunub

Əldə edilən məlumatlarda o da vurğulanır ki, CANVAS-ın son illərdəki fəaliyyəti ABŞ üçün uğurludur və Vaşinqtonun "taktiki tapşırıqlarının" reallaşmasında "yaxşı rol oynayır". Burada növbəti maraqlı nüanslar üst-üstə düşür. Məsələn, NDİ-nin Azərbaycandakı fəaliyyəti ifşa olunduqdan sonra ABŞ-ın Azərbaycandakı səfiri Riçar Morniqstarın "Azadlıq" radiosuna verdiyi müsahibəsi rəsmi Vaşinqtonun siyasi baxışları ilə üst-üstə düşür. Xatırladaq ki, R.Morniqstar öz müsahibəsində NDİ-nin Azərbaycandakı fəaliyyətini "uğurlu" hesab etmiş, eləcə də, bildirmişdi ki, o, adıçəkilən təşkilatın "şəffaflığını" sübut edəcək. Ancaq göründüyü kimi, nə sübutlar ortaya qoyuldu, nə də NDİ Azərbaycanda obyektiv işlədiyini isbat edə bildi. Nəticədə, bir daha bəlli oldu ki, bu gün ölkəmizdə siyasiləşmiş QHT-lərlə, müxtəlif hərəkatlarla, eləcə də, müxalifyönlü siyasi partiyalarla gizli, ya da açıq şəkildə iş birliyi quran, bununla da siyasi maraqlarını təmin etmək istəyən beynəlxalq təşkilatlar heç də demokratiyanı, humanizm prinsiplərini təbliğ etməyiblər. Onların əsas məqsədləri ölkədə daxili sabitliyi pozmaq, anarxiya yaratmaq və digər bu kimi hallardan ibarət olub. Ona görə də bu gün belə təşkilatların Azərbaycanda fəaliyyətlərinə xitam verilməklə yanaşı, onlarla iş birliyində olan siyasiləşmiş QHT-lər və onların rəhbərləri də qanun qarşısına çıxarılmalıdırlar.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər