PDF Oxu

Araşdırma

  • 1 473

Barak Obamanın Yaxın Şərqə səfəri regionda siyasi vəziyyəti dəyişəcəkmi?

Barak Obamanın Yaxın Şərqə səfəri regionda siyasi vəziyyəti dəyişəcəkmi?

Məlum olduğu kimi son bir əsrdir ki, Yaxın Şərqdə siyasi baxışlar və hakimiyyətlər dinamik şəkildə dəyişməkdədir. Hazırda da belə siyasi mənzərəylə qarşı-qarşıyayıq. Məhz ABŞ prezidenti Barak Obamanın bu günlərdə regiona etdiyi rəsmi səfər də bunu təsdiq edir.ABŞ prezidenti Barak Obamanın, ikinci dəfə prezident seçildikdən sonra İsrail-Ramallah və İordaniyaya rəsmi səfər etməsi, bir çox aspektdən siyasi əhəmiyyət kəsb edir. Belə ki, Barak Obama ilk dəfə prezident seçildiyində, ilk rəsmi səfərini Yaxın Şərqə edərkən İsrailə getməmişdi. Məhz İsrailə budəfəki rəsmi səfəri, siyasi və tarixi baxımdan Yaxın Şərqdə cərəyan edən hadisələr kontekstində aktuallıq qazanmışdır.

İlkin olaraq onu qeyd etməliyəm ki, Barak Obamanın xüsusilə İsrailə səfəri ABŞ mətbuatında birmənalı qiymətləndirilmədi. Hətta ABŞ mətbuatında "Obama, prezidentlik dövründə İsrailə turist olaraq gedən ilk ABŞ prezidenti ola bilər" kimi sərt ifadələrə rast gəlindi. Təsadüfi deyil ki, siyasi analitiklər də Obamanın bu səfərində əlində konkret bir planla İsrailə getmədiyini vurğulayırdı.

Ancaq səfərin nəticələrini təhlil etdiyimizdə, Obamanın İsrailə yenidən güclü dəstəyini, Türkiyə-İsrail əlaqələrinin qurulmasını təşkil etməsini və fələstinlilərə verdiyi dəstəyi, ABŞ-ın Yaxın Şərqə dair həyata keçiriləcək planlarının tərkib hissələri kimi qiymətləndirə bilərik. Digər tərəfdən İran və Suriya məsələsinə dair Obamanın regionun liderləri ilə müzakirə aparması da bu kontekstdə aktuallıq qazanır.

İordaniya kralı Abdullahın, ABŞ prezidenti Barak Obamanın ölkəsini ziyarət etməzdən az əvvəl, Bəşər Əsəd rejiminin süqutunun labüd olduğunu və təhlükəli ssenarilərdən birinin də Suriyanın parçalanması olduğunu ifadə etməsi, regionda gələcəyi ilə bağlı təhlükələrdən xəbər verir. Məhz Barak Obama və Kral Abdullahın görüşü zamanı ABŞ və İordaniya arasında strateji müttəfiqlik və müxtəlif sahələrdə əlaqələrin gücləndirilməsinə dair verilən bəyanatlar da bunu göstərir.

ABŞ-ın İsrailyönümlü siyasi gedişləri

Müasir dövrdə siyasi-iqtisadi cəhətdən Yaxın Şərqdə güc xəritəsi dəyişir. Bu, regionda maraqlı olan dövlətlərin də, vaxtaşırı siyasi manevrlər edərək öz qərarlarını dəyişdirməsi mənasını verir.

Məhz ABŞ, İsrailin hazırkı siyasətinin regionda etiraza səbəb olaraq həm İsrail, həm də ABŞ üçün təhlükəli vəziyyətə gətirib çıxara biləcəyini düşünərək regionda yeni siyasi manevrlər edir. Belə ki, ABŞ prezidentini bu ölkəyə rəsmi səfəri İsrailə tam dəstək olmaqla bərabər, fələstinlilərə də dəstək mahiyyətini daşıyır. Barak Obamanın İsraildə universitet tələbələri qarşısındakı çıxışında israillilərdən, fələstinliləri xor görməmələrini, özlərini onların yerinə qoyaraq problemin daha geniş baxış tərzi ilə həll edilməsinin vacibliyini vurğulaması, siyasi baxımdan ciddi əhəmiyyət kəsb edir.

Digər tərəfdən bu səfər nəticəsində İsrail-Türkiyə əlaqələrinin yenidən təşkilində Barak Obamanın xüsusi rolu oldu. İsrail Baş naziri Netanyahunun fikrini dəyişdirərək Türkiyədən üzr istəməsi, ABŞ-ın xaos şəraitində olan bir regionda iki əsas müttəfiqi üzərindəki diplomatik təsirinin bariz nümunəsi olaraq qəbul edildi. Yeri gəlmişkən qeyd etməliyəm ki, İsrailin keçmiş xarici işlər naziri Liberman, bunu çox böyük xəta olaraq qiymətləndirdi.

Məhz Türkiyə və İsrail əlaqələrinin yenidən bərpa olunması, regionda tətbiq olunacaq siyasi gedişlərin təsir gücünü artıracaqdır. Təsirlərin hiss ediləcəyi sahələr olaraq bir anda Suriya, İran, İraqı saymaq mümkündür. Yaxın zamanda Yaxın Şərqdə yeni siyasi xəritənin yaranacağı böyük ehtimalla reallıq olacaqdır.

Netanyahu isə öz növbəsində Türkiyə ilə münasibətlərin yenidən qurulmasında əsas faktorun Suriya olduğunu qeyd etdi. Belə ki, Netanyahuya görə Suriya böhranının davamlı olaraq pisləşməsi və kimyəvi silahların müxtəlif terrorçu qrupların əlinə keçməsi, Türkiyədən üzr istənməsinin arxa planını təşkil edir. Bu mənada Suriya ilə geniş sərhədi olan Türkiyənin, İsrail ilə ciddi əlaqələrinin olması vacibdir.

Nəticədə ABŞ prezidenti Barak Obamanın Yaxın Şərqə səfəri, ABŞ-ın yeni təyin olunan dövlət katibi Con Kerrinin yaxın zamanda regionun digər ölkələrinə etdiyi səfərlər kontekstində ələ alınmalıdır. Belə ki, bütün bu səfərlər onu göstərir ki, ABŞ regiona dair yeni plan üzərində işləyir. Əlbəttə ki, ilkin baxışda Suriya və İran bu planda həll olunması vacib olan problemli ölkələr arasında yer alır.

Newtimes.az

Digər xəbərlər