Erməni xalqının səsini və həyatlarını oğurlayan saxta prezident
Ermənistanda fevralın 18-də keçirilən növbəti prezident seçkilərindən sonra vəziyyət daha gərgin hal alıb. Belə ki, saxtakarlıqlara və qanunların ayaqlar altına salınmasına etiraz edən, Serj Sarkisyanın ikinci dəfə prezident "seçilməsi"ni fırıldaq sayan, seçki saxtakarlıqlarına qarşı çıxan insanlar küçələrə çıxaraq oturaq mitinqlər keçirməyə başlayıblar. Ancaq gəlin görək, Ermənistan vətəndaşları tək seçki saxtakarlıqları ilə aldadılıblar? Ekspertlərin sözlərinə görə, erməni vətəndaşları, həmçinin, həyat saxtalığından, sosial ədalətsizlikdən, məmur harınlığından, qanunların işləməmsindən, Sarkisyan rejimində yer almış adamların başıpozuqluqlarından beziblər. Əsas məsələ odur ki, erməniləri yaşadıqları ölkədə boğaza yığan, səbr kasalarını daşdıran məqamlar gurultulu olsa da, patetikdir, amma çürük qoz qədər dəyəri yoxdur. Çünki millət, dövlət və birlik məhz indi küçələrə çıxaraq etiraz etmək istəyən, hakimiyyətdən zinhara gəldiklərini deyən insanlardan, onların fərdi və kollektiv problemlərindən asılıdır. Ekspertlərin prezident seçkilərindən sonra vəziyyətin nə qədər acınacaqlı olduğunu göstəriblər: "Ermənistan çökür, iqtisadi cəhətdən geriləyir, mənəvi-psixoloji cəhətdən bərbad vəziyyətdədir. Ölkədə mühacirət kütləvi hal alıb. İnsanlar işsizlkdən, aclıqdan, haqsızlıqdan canlarını qurtarmaq üçün xaricə üz tuturlar. Ermənistanın daxili siyasi məkanı isə küləklərin at oynatdığı və ucu-bucağı görünməyən, ətrafda nadir hallarda kiməsə rast gəlinə biləcək səhranı xatırladır. Həmin səhradakı məxluqların çoxu o qədər eybəcərdir ki, görkəmləri və səsləri ikrah hissi yaradır".
Xalqı sümürən zəlilər
Ermənistandakı siyasi təbəqələr, prezident də başda olmaqla siyasi avantüristlər, cinayətkarlar və sadə ermənilərin dili ilə desək, xalqı qanını sümürən "zəlilərdən" ibarətdir. Dövlət başçısı Serj Sarkisyan növbəti dəfə prezident seçildikdən sonra ətrafını pis, özünü isə yaxşı "dövlət başçısı" və bəzi məmurların əməllərindən xəbərsiz qalmış obrazını yaratmağa çalışır və bununla yanaşı, son vaxtlar icraedici hakimiyyət və hüquq-mühafizə orqanlarının müxtəlif səviyyələrindəki adamların ünvanlarına "sərt tənqid"lərlə çıxış edir.
Əslində, vəziyyət tamam başqa cürdür. Sarkisyanın idarə etdiyi ölkə nə demokratik, nə hüquqi, nə suveren, nə də sosialdır. Ümumiyyətlə, Sarkisyanın özünün siyasətə gəlişi belə təsadüfü haldır. O, siyasətdən çox şəxsi biznesi, başçılıq etdiyi mafioz qrupların fəaliyyəti ilə məşğul olur. Hakimiyyətə gəldiyi gündən bəri Serj Sarkisyanın maraqları hətta onun başçılıq etdiyi və iqtidarda olan Respublika Partiyasının mənafeləri ilə də üst-üstə düşmür. İqtidar partiyası sadəcə Sarkisyanın rəhbərlik etdiyi iribuynuzlu quldurlar dəstəsinin siyasi alətinə çevrilib.
Ermənistanda korrupsiyanın səviyyəsi yüksək olaraq qalır
Ermənistanın "Aykakan Jamanak", "Coxovurd" və digər qəzetlərinin verdiyi məlumata görə, Avropa İttifaqının (Aİ) Ermənistandakı nümayəndə heyətinin birinci müşaviri Onno Simmons "Korrupsiya ilə mübarizədə vətəndaş cəmiyyəti və medianın rolu: mövcud fəaliyyətlər və çağırışlar" mövzusunda keçirilən seminarda bildirib ki, ölkədə korrupsiyanın səviyyəsi yüksək olaraq qalmaqdadır. "Korrupsiya ölkə üçün hələ də ciddi problem və çağırış olaraq qalır", deyən Simons əlavə edib ki, "Transparency İnternational" beynəlxalq antikorrupsiya təşkilatının 2012-ci il üçün "Korrupsiyanı mənimsəmə indeksi" reytinqində Ermənistan 176 ölkə arasında ön sıralarda gedir. O, həmçinin, qeyd edib ki, korrupsiya biznesin inkişafına mane olan ən geniş yayılmış təzahürlərdən biridir. Korrupsiya ilə mübarizə sahəsində beynəlxalq ekspert, Aİ-nin "Ermənistanın ictimai sektorunda korrupsiyaya dair vəziyyətin araşdırılması" proqramının rəhbəri Londa Esadze isə qeyd edib ki, korrupsiya ilə mübarizədə KİV-in rolu çox böyükdür, lakin Ermənistanda KİV-in fəaliyyət sahəsi heç də azad deyil.
"Joxovurd" qəzeti yazır ki, Ermənistanın baş naziri Tiqran Sarkisyan öz xalqını lağa qoyaraq, yoxsul təbəqəni savadsız olmaqda təqsirləndirib: "Ermənistan uçurumun astanasında olduğu bir şəraitdə Serj Sarkisyanın yenidən prezident seçilməsi ölkədə işsizlik, maaş azlığı, korrupsiya daha yüksək səviyyəyə qalxacaq. Bu səbəbdəndir ki, Ermənistanı tərk edənlərin sayı durmadan artır. Ümumilikdə, son 3 ildə Ermənistanı 160 min insan tərk edib".
Beləliklə də, bütün bunlar onu göstərir ki, Serj Sarkisyan siyasəti tezliklə iflasa uğrayacaq.
A.Səmədova