Prezident İlham Əliyev: Hər bir azərbaycanlı gənc öz doğma Vətəni ilə qürur duyur...
Ümumiyyətlə, Azərbaycan gəncliyinin inkişaf dinamikası istiqamətində Ümummilli Lider Heydər Əliyevin 1995-ci ilin martında ölkə gəncləri ilə görüşərək onların sağlam ruhda tərbiyə almaları və əsil vətəndaş kimi yetişmələri naminə əlindən gələni əsirgəməyəcəyini bildirməsini bu kontekstdə xatırlamaq vacibdir. Belə ki, 2 fevral 1996-cı ildən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə gənclərin forumlarının keçirilməsi, ölkədə gənclər gününün qeyd olunması, gənclərimizin problemlərinin həllinə yönələn fərman və sərəncamların verilməsi, onların dövlət quruculuğu prosesinə cəlb edilməsi və müvafiq qanunların qəbulu gənclər siyasətinə dair siyasi kursun nəticələrindəndir.
Təsadüfi deyil ki, hal-hazırda da Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hökuməti, gənclər siyasəti sahəsində müxtəlif proqramlar və tədbirlər həyata keçirir. "2005-2009-cu illərdə dövlət gənclər proqramı" tətbiq olunub. Bunun ardınca 2011-2015-ci illəri əhatə edən növbəti gənclər proqramının icrasına başlanılıb. Məhz Prezident yanında Gənclər Fondunun yaradılması və ölkə başçısının Sərəncamı ilə bu fonda bu ildə 5 milyon manat pul ayrılması əlamətdar hadisələrdəndir.
Qeyd etməliyəm ki, bir neçə gün əvvəl Bakıda Azərbaycan Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə "Cənubi Qafqaz və Mərkəzi Asiya: 2020-ci ilə baxış" mövzusunda Dünya İqtisadi Forumunun (Davos Forumu) Qlobal Gənclər Birliyinin (Global Shapers Community) görüşünün keçirilməsi də Azərbaycan gəncliyinin qlobal inteqrasiya prosesində fəal fəaliyyətindən xəbər verir. Məhz Leyla xanım Əliyevanın bu forumdakı nitqi də qlobal gənclər siyasətinin uğurlu inkişafını göstərir: "Regionumuz siyasi təfəkkür və dövlətçilik ənənələri, incəsənətin, mədəniyyətin və elmin tərəqqisi ilə bəşər tarixinin bir hissəsinə çevrilmişdir. Eyni zamanda, şairlərimizin və filosoflarımızın əsərləri bütün dünyada milyonlarla insanın qəlbini və zəkasını fəth etmişdir" deyə Leyla Əliyeva bildirib. Onun sözlərinə görə, coğrafi baxımdan Qərb ilə Şərqin qovuşuğunda yerləşən Cənubi Qafqaz nəinki iki sivilizasiyanın dəyərlərini özündə ehtiva edir, həm də Qərbi Şərqə, Şərqi Qərbə təqdim etmək iqtidarındadır".
Məhz bu forum çərçivəsində "Açıq rəf" layihəsinin reallaşdırılması və bunların paytaxtımızın müxtəlif məkanlarında yerləşdirilmə planı qlobal mahiyyət daşıyır. Layihənin məqsədi ölkəmizə gələn əcnəbi turistlərin qeydiyyatdan keçmədən Azərbaycan ilə bağlı kitablara sahib olmalarını təmin etməkdir.
Digər tərəfdən dövlət başçımızın davamlı olaraq ölkə gənclərinə qayğısı bir çox tədbirlərin keçirilməsində özünü büruzə vermişdir. Belə ki, keçən il martın 12-də Bakıda, "Gülüstan" sarayında Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı keçirilmişdir. Cənab Prezident İlham Əliyevin qurultay iştirakçılarına ünvanladığı məktubda vurğuladığı: "Bu mötəbər məclisin keçirildiyi gün Azərbaycan gənclər hərəkatının tarixinə əlamətdar hadisə kimi daxil olacaqdır"-düşüncəsi həqiqətən də qurultayın tarixi əhəmiyyətini əks etdirmişdir. Cənab Prezident İlham Əliyevin Dünya Azərbaycanlı Gənclər Qurultayına ünvanladığı təbrik məktubunda da, Azərbaycan gəncliyinin qlobal inteqrasiya prosesindəki rolu analitik şəkildə vurğulanmışdır: "Azərbaycanın gələcəyi gənclərimizin təhsilindən, yeniliyi tətbiq etmək bacarığından, vətənpərvərliyi və milli-mənəvi dəyərlərə sədaqətindən asılıdır. Odur ki, gənclərin hərtərəfli inkişafı, sosial problemlərinin həlli və cəmiyyətdə layiqli yer tutması üçün əlverişli şəraitin yaradılması dövlət siyasətinin başlıca istiqamətlərindəndir ".
Ümumiyyətlə həm bir neçə gün əvvəl Azərbaycanda keçirilən Davos Forumu çərçivəsində Qlobal Gənclər Birliyinin görüşünün keçirilməsi, həm də dövlətimizin həyata keçirdiyi gənclər siyasəti xüsusilə Azərbaycan gəncliyi üçün əlamətdar fəaliyyətlərdəndir. Məhz Cənab Prezident İlham Əliyev, vaxtaşırı olaraq bu məsələyə öz diqqət və qayğısını göstərərək Azərbaycan gəncliyinin qlobal məkanda söz sahibi olması üçün əlindən gələni əsirgəməməkdədir.
Rəşad İlyasov,
fəlsəfə doktoru