Lider amili cəmiyyətin ümumi inkişafının, milli tərəqqiyə xidmət edən dayanıqlı əsasların yaradılmasının, bütöv bir ölkənin, xalqın gələcək taleyini müəyyən edən ideyaların reallığa çevrilməsinin ən mühüm şərtidir. Bir çox hallarda cəmiyyətin xilası, dövlətin tərəqqisi məhz lider amilindən asılı olur. Xalqın yetirdiyi liderlər milli ideyaların yaradıcıları kimi çıxış edir və cəmiyyəti bu ideyaların həyata keçirilməsi uğrunda səfərbər edə bilir. Azərbaycanın çağdaş tarixində bu missiyanı xalqımızın Ümummilli lideri Heydər Əliyev yerinə yetirmiş, Azərbaycanın milli dövlətçilik konsepsiyasını irəli sürən Ulu öndər, tarixi ənənələrə və müasir inkişaf meyllərinə əsaslanaraq bu konsepsiyanı böyük uğurla həyata keçirmiş, ölkəmizin inkişaf strategiyasının əsasını qoymuşdu.
Müstəqil Azərbaycanın banisi və xilaskarı Ümummilli lider Heydər Əliyev "Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim vətənimdir, mənim torpağımdır" fikirləri ilə xalqına, Vətəninə necə bağlı olduğunu bəyan etmişdi. Dahi şəxsiyyət haqqında dünyanın görkəmli dövlət başçılarının dediyi fikirlərdə də ümumi rəy bundan ibərətdir ki, Ulu öndər Heydər Əliyev Azərbaycan xalqına tale qisməti idi. Ümummilli lider Azərbaycana rəhbərlik etdiyi dövrlərdə daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, tarixi ilə qürur duyduğu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxardı.
Onun uzun illər Azərbaycana rəhbərlik etməsinin özü Ümummilli lider Heydər Əliyev şəxsiyyətində formalaşan, müstəqilliyə və xalqına sədaqət, millilik və vətənə məhəbbət hissindən qaynaqlanan inamın təzahürü idi.
Sovetlər birliyi dövründə Azərbaycana rəhbərlik edən, bəşəri düşüncəli Ulu öndər ölkəmizi qabaqcıl respublikalar sırasına çıxardığı kimi 1993-cü ildə siyasətə qayıdışı ilə dövlətçilik tarixinin yeni mərhələsinin, müstəqilliyi əbədiləşdirən uğurlu bir yolun başlanğıcını qoydu. Müstəqil, iqtisadi cəhətdən qüdrətli, vahid, dünya birliyinin tanıyıb, hörmət etdiyi Azərbaycan kimi bir dövləti yaratmaq Xilaskar kimi ona nəsib oldu. Onun hakimiyyətə qayıdışı ilə milli ideologiyamızın əks olunduğu dövlətçilik konsepsiyası hazırlandı.
"Biz Azərbaycanda demokratik, müstəqil respublika quraraq sivilizasiyalı cəmiyyət uğrunda mübarizə apararaq ümumi, dünyəvi, bəşəri dəyərlərin hamısından istifadə etməliyik. Biz çalışmalıyıq ki, Azərbaycan uzun illərdən, əsrlərdən sonra ilk dəfə müstəqilliyini qazandıqdan sonra bütün dünyaya öz tarixi nailiyyətlərini, milli ənənələrini nümayiş etdirə bilsin. Güman edirəm ki, Azərbaycan xalqının həm tarixi, həm müasir potensialı olduqca böyükdür. Bunların hamısından səmərəli istifadə olunarsa, Azərbaycan həm tam müstəqil, demokratik dövlət olacaq, həm də cəmiyyətimiz tam demokratik, hüquqi, ümumbəşəri dəyərlərin əsasında qurulan demokratik bir cəmiyyət olacaq" deyə müstəqil dövlətimizin gələcək inkişaf yollarını müəyyənləşdirən Ulu öndər ən dəyərli milli sərvət hesab olunan dövlət müstəqilliyinin əbədiliyini, dönməzliyini, sarsılmazlığını təmin etdi…
Bu bir faktdır ki, hakimiyyət səbatsız adamların əlinə keçərsə, bu bütünlükdə bir xalqın məhvinə səbəb olar. Müstəqilliyimizin ilk illərində yaşananlar buna bariz nümunədir. Dahi şəxsiyyət Heydər Əliyev 1993-cü ildə ölkəmizin üzərini qara buludlar aldığı çətin bir vaxtda xalqın çağırışına səs verərək düçar olduğumuz bəla və xaosu aradan qaldırmaq üçün heç bir dahi, müdrik dövlət başçısının öhdəsindən gələ bilməyəcəyi bir məsuliyyəti üzərinə götürməklə Azərbaycanın əbədi müstəqilliyini təmin etdi. Müasir Azərbaycanın qurucusu, memarı kimi tanındı, seçildi, milyonların etiramını qazandı.
1993-cü ilin 3 oktyabrında yüksək etimad qazanan və 11 oktyabr 1998-ci ildə qələbəsini təkrarlayan Heydər Əliyev milyonların ürəyindən keçən istəkləri reallaşdırdı. Prezidentliyinin ilk mərhələsində həyata keçirdiyi islahatlar, böhran içərisində qalan Azərbaycanın iqtisadiyyatının gücləndirilməsi istiqamətində həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri xalqın gələcəyə olan inamını doğrultmaqla ölkəmizin dünya birliyinə açılan yoluna yaşıl işıq" yandırdı. Artıq Azərbaycanın səsi bir çox beynəlxalq təşkilatların tribunasından eşidilir, diplomatik uğurları diqqət çəkirdi. Dünya siyasətində dəst-xətti ilə seçilən, dövlət başçıları arasında fenomen istedadı və hazırlığı ilə fərqlənən Heydər Əliyev şəxsiyyəti müdriklik simvolu kimi nümunə göstərilirdi. Bu, cəsarət və qətiyyət, liderlərə məxsus dönməzlik və məğrurluq müasir Azərbaycanın qurucusu olan dahinin həyat amalının gerçəkləşməsinin parlaq ifadəsi kimi Azərbaycanın imicini, nüfuzunu yüksəltdi.
Heydər Əliyevin Azərbaycan üçün göstərdiyi xidmətlərin çəkisi və əhəmiyyəti ölçüyəgəlməz dərəcədə çoxdur. Azərbaycanın ermənilər tərəfindən elan olunmamış müharibəyə cəlb olunduğu, ideoloji blokadaya alındığı bir vaxtda-1994-cü ildə dünya ictimaiyyətinin diqqətini cəlb edən, o dövrdə çoxlarına xəyal kimi görünən "Əsrin müqaviləsi""nin imzalanması ilə üç dəniz əfsanəsini gerçəkləşdirən Ulu öndər misli görünməmiş, mühüm əhəmiyyətli, qlobal bir layihənin müəlliflik hüququnu qazandı. Neft strategiyasının əsasını təşkil edən Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarından səmərəli istifadə, xarici ölkələrin tanınmış neft şirkətləri ilə birgə fəaliyyətə əsaslanan, neft və təbii qaz hasilatının artırılmasını təmin edən yeni yataqların kəşf olunub birgə işlənməsi istiqamətində görülən işlər miqyasına və geosiyasi əhəmiyyətinə görə yeni mərhələlər üzrə davam etdirilirdi. Təbii ehtiyatların xalqa məxsusluğunu sözdə deyil, əməldə göstərilməsinin tərəfdarı olan Ümummilli lider Heydər Əliyev Dövlət Neft Fondunu yaratmaqla əldə olunan gəlirlərin şəffaf və ədalətli bölünməsini təmin etdi. Hazırda Dövlət Neft Fondunun vəsaitlərinin həcmi 45 milyard dollardan artıqdır.
Neft strategiyasının tətbiqini sürətləndirməklə, qeyri-neft sektorunu inkişaf etdirən, bazar iqtisadiyyatı yolu ilə irəliləmənin mexanizmlərinin təkmilləşdirilməsi üçün ölkəyə xarici investisiya axınının təməlini qoyan Ulu öndər inanırdı ki, yaxın illərdə ən böyük arzusu olan Azərbaycanın dünya birliyində lider dövlət kimi tanınmasına nail olunacaq.
İdarəçilikdə humanizm prinsiplərini rəhbər tutan Heydər Əliyev demokratik və sivil cəmiyyətin qurulmasının fundamental əsaslarından olan qanunun aliliyinin təmin edilməsinə daim xüsusi diqqət yetirmişdir. Bu kontekstdə hakimiyyət bölgüsünü xarakterizə edən islahatların həyata keçirilməsi istiqamətində konkret addımlar atmış, imzaladığı hüquqi sənədlərlə mülki cəmiyyətin formalaşmasında mühüm nailiyyətlərin əldə olunmasını təmin etmişdir. Ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün real zəmin yaratmışdır. Ulu öndərin rəhbərliyi ilə hazırlanan müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası, bu baxımdan, Azərbaycanın milli dövlətçilik tarixinin ən əhəmiyyətli faktlarından biridir. Dövlətin idarə olunmasında hakimiyyət bölgüsünün Avropa təcrübəsinə uyğun həyata keçirilməsini özündə ehtiva edən Konstitusiya hüquqi, demokratik dövlət quruculuğu işində mükəmməl bir sənəd rolunu oynayaraq demokratik cəmiyyətin başlıca prinsip və meyarlarını müəyyən etmişdi.
Təcrübəli dövlət xadimi kimi xarici siyasət məsələlərinə həmişə xüsusi önəm verən böyük tarixi şəxsiyyətin dünyanın müxtəlif ölkə və təşkilatlarında etdiyi qətiyyətli çıxışlar, ən nüfuzlu beynəlxalq tribunalardan milli məqsədlər üçün məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin həm bu günü, həm də gələcəyi baxımından müstəsna rol oynamışdı.
Ümummilli liderin xarici sferada həyata keçirdiyi siyasətin əsasını sülh, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət kimi fundamental məsələlər, o cümlədən mehriban qonşuluq prinsipləri, qarşılıqlı surətdə faydalı əməkdaşlıq məsələləri təşkil etmiş, bu istiqamətdə də konkret addımlar atılmışdı.
Məhz, dövlət siyasətinin əsas prioritetləri kimi böyük əhəmiyyətə malik, Avropa və dünya birliyi dövlətlərinin enerji təhlükəsizliyinin təminatında etibarlı tərəfdaş sayılan Azərbaycanın lider dövlət kimi tanınmasının təməlində də Ümummilli lider tərəfindən qoyulan daxili və xarici siyasətin uğurlu həlli dayanır. Bütün xalqlar və dövlətlərlə qarşılıqlı anlaşma və əməkdaşlıq siyasətini yeridən, Azərbaycanın ən tanınmış beynəlxalq təşkilatlarda təmsil olunub, söz sahibi nüfuzu qazanması müdrik bir siyasətin məntiqi nəticəsi kimi bu gün də özünü doğruldur.
Bununla yanaşı, Ümummilli lider Heydər Əliyev Azərbaycanı azərbayanlılara, azərbaycanlıları isə özünə qaytardı. Məlum olduğu kimi, 31 dekabrın Dünya azərbaycanlılarının həmrəyliyi günü kimi qeyd olunması barədə qərar Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan MR Ali Məclisinin 16 dekabr 1991-ci ildə keçirilən sessiyasında qəbul olunmuşdu. Ümummilli lider hakimiyyətə qayıdışından sonra da xaricdə yaşayan azərbaycanlıların birliyi və təşklatlanması məsələsini dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirmiş, müxtəlif xarici ölkələrə çoxsaylı səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşlər keçirmiş, onların problem və qayğılarına daim böyük həssaslıqla yanaşmışdı. Azərbaycanın diaspor təşkilatlarına öz tövsiyələrini verən Ulu öndər xarici ölkələrdəki səfirliklərimizi də diaspor quruculuğu prosesinə cəlb etmiş, həmvətənlərimizi Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında real iştiraka istiqamətləndirmişdi.
Ulu öndər Heydər Əliyev xarici ölkələrə səfərləri zamanı əsas diqqəti bu münaqişəyə yönəldərək, Ermənistanın işğalçılıq siyasətini dünya bəyan etdi. Azərbaycan ətrafında yaradılan informasiya blokadasının yarılması Ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri idi. Məlumdur ki, müstəqilliyimizin ilk illərində Azərbaycanın bir sıra problemləri yaşmasında ölkəmiz haqqında məlumatsızlıq da mühüm rol oynamışdı. 1992-ci ildə ölkəmizə qarşı tətbiq olunan "Azadlığı mıdafiə aktına" ədalətsiz 907-ci düzəliş də bu məlumatsızlığın nəticəsidir. Dünyada cərəyan edən proseslərə təsir imkanlarına malik olan erməni diasporu ölkəmiz barədə mənfi rəy yaratmaqla həmin ədalətsiz qərarın tətbiqinə nail oldu. Bu düzəlişin ölkəmizə maddidən çox, mənəvi ziyanını önə çəkən Ulu öndər Heydər Əliyev dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından Azərbaycan həqiqətlərini, Dağlıq Qarabağ probleminin əsil mahiyyətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı.
Bunlar təbii ki, böyük dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərinin çox az bir hissəsidir. Ulu öndərin xidmətləri barədə xeyli sayda kitablar yazılıb və yazılmaqdadır.
Məhz, Azərbaycanın müstəqilliyinin daha da möhkəmləndirilməsi, dünya birliyində öz layiqli yerini tutması, dövlətin xalqa xidmət missiyasını həyata keçirməsi Heydər Əliyevin tarixi xidmətləridir. Ulu öndər qurub yaratdığı dövlətin hərtərəfli inkişafı üçün iqtisadi, siyasi, hüquqi zəminin yaradılması, onun güclü daxili potensiala malik olması yönündə möhtəşəm nailiyyətlərə imza atmış, dövrün çağırışlarına adekvat reaksiya verərək Azərbaycanın dünyaya uğurlu inteqrasiyasını təmin etmişdi.
Ümumi fikir bundan ibarətdir ki, nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaq. Bütün ömrünü xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Heydər Əliyev irsi daim öyrənilməli, təbliğ olunmalıdır və gələcək nəsillərə çatdırılmalıdır.
Nazim İsmayılov
YAP Siyasi Şurasının üzvü,
Sabirabad rayon İcra Hakimiyyətinin başçısı
yap.org.az