Bu gün Qərb elmi-texniki tərəqqinin sayəsində inkişafın zirvəsinə ucalmış və sahib olduğu nailiyyətləri ilə dünya ictimaiyyəti üçün nümunə göstərir. Təbii ki, bu hadisə özü özlüyündə müsbət haldır və ilk baxışda qlobal səviyyədə inkişaf uçun zəmin təşkil edir, ona stimul verir və lokomotiv rolu oynayır.
Lakin bu gün dünyada gedən proseslərə və bu proseslərdə Qərbin iştirakına baxdığımız zaman, məsələnin heç də göründüyü kimi olmadığı, geosiyasətin pərdə arxasında hadisələrin olduqca fərqli şəkildə cərəyan etdiyi açıq şəkildə nəzərə çarpır: demokratiya, söz azadlığı, insan hüquqları kimi prinsipləri beynəlxalq aləmə universal dəyərlər kimi təlqin etmək istəyən bir sıra Qərb dövlətlərinin özləri belə yaradıcısı və carçısı olduqları bu dəyərlərə əməl etmirlər.
Bu günlərdə elə Qərb mətbuatında dərc olunan bir neçə məlumat dediklərimizin əyani sübutudur.
Belə ki, hüquq dövlətinin, şəffaflığın fəzilətlərindən bəhs edən bir Avropa ölkəsi olan Fransada büdcə naziri Kaüzakın İsveçrə bankında gizli hesabının olması, bunu dövlətdən gizlətməsi, məsələnin üzə çıxmasından sonra belə bunu inkar etməyə cəhd edərək dövləti aldatması həmin nazirin istefasına səbəb olmuşdur [i] . Zədələnən imiclərini qorumaq üçün ölkə rəhbərliyi və hakim təbəqə ondan üz döndərmişdir.
Məsələ burasındadır ki, nazir Kazüakın məsələsi Fransada yeganə skandal deyildir və bu qəbildən digər nümunələrə də rast gəlmək mümkündür. Misal üçün, 2012-ci ildə Fransua Ollandın təbliğat qrupunun xəzinədarı olan Jan Jak Ojie də Kaimans adalarında iki ofşor şirkətinin səhmdarıdır [ii] . Unutmayaq ki, elə Fransanın sabiq Prezidenti Nikola Sarkozi də seçki təbliğatında Liviyanın o dönəmdəki lideri Qəddafinin pullarından geniş şəkildə istifadə etmişdir [iii] . Bundan əlavə, sabiq prezident Jak Şirakın [iv] , Baş nazir Dominik dö Vilpenin [v] , nazir Dominik Stros Kanın [vi] və başqalarının adları da rüşvət və maliyyə fırıldaqlarında hallanmışdır.
Yeri gəlmişkən, korrupsiya və maliyyə fırıldağı təkcə Fransaya xas deyildir. Dünyanın super dövləti olan ABŞ da bu bəladan yaxasını hələ də qurtara bilməyib. Belə ki, Aljazeera telekanalının verdiyi məlumata əsasən, işğaldan sonra İraqın bərpa edilməsi üçün ayrılan 60 milyard dolların hara və necə xərcləndiyi bəlli deyil. Xərclər smetası təyin edilərkən İraq dövlətinin rəyi soruşulmamış, İraq tərəfindən təqdim edilən rəylər isə ABŞ tərəfindən diqqətə alınmamışdır [vii] .
Mətbuat və söz azadlığından ağız dolusu bəhs edən ABŞ özü azad mətbuatın susdurulmasında və qlobal səviyyədə qara piarın yayılmasında da geniş rol oynayır. Misal üçün, CNN-in sabiq müxbiri Amber Lyon bəyan edir ki, ABŞ Administrasiyasından Suriya və İran haqqında mənfi səpkili yalan informasiyalar yazmaq və reportajlar hazırlamaq üçün təlimat almış və onun bu məqsədə xidmət etməyən reportajları yayınlanmamışdır [viii] .
Dünya ictimaiyyətini beynəlxalq təşkilatların müşahidə missiyalarının seçkilərin demokratik keçirilib-keçirilməməsinə dair rəylərinin təyinedici olduğuna və onların fəaliyyətlərinin icrası üçün hər bir şəraitin yaradılmasının vacib olduğuna inandırmağa çalışan Qərb özü bu təşkilatların öz ölkələrindəki fəaliyyətinə nə imkan yaradır, nə də onların hesabatlarına ciddi yanaşırlar. Misal üçün, ABŞ-da keçirilən seçkiləri müşahidə etmək istəyən ATƏT nümayəndə heyətinin seçki keçirilən ərazilərə 100 fitdən çox yaxınlaşmamasına, əks halda bunun qanunvericiliyə əsasən cinayət halı kimi dəyərləndiriləcəyinə dair Texas Ştatının prokurorluğunun qərarı Qərb dünyasının və belə təşkilatların heç bir etirazına səbəb olmadı[ix] . ATƏT özü də sadə bir bəyanatla kifayətləndi. [x] Bu da iki səbəbdən ola bilər: ya ABŞ ATƏT missiyasının neytrallığına şübhə edir, ya da öz seçkilərinin azad və ədalətli olmayacağına əmindir. O halda, bu təşkilatların legitimliyi artıq şübhə doğurur və digər dövlətlərin onlara skeptik yanaşmalarına rəvac verir.
Seçkilərdən söz düşmüşkən, digər bir maraqlı fakta da toxunmamaq mümkün deyil. Cari ilin 18 fevral tarixində Ermənistanda keçirilən prezident seçkiləri əsnasında, Ermənistan Mərkəzi Seçki Komissiyasının rəyinə əsasən, 2,528,773 nəfər seçici qeydiyyatdan keçmişdir [xi] , halbuki CİA tərəfindən verilən məlumata əsasən ölkə əhalisinin ümumi sayı 2,974,184 nəfər təşkil edir [xii] . Bu isə o deməkdir ki, əhalinin 85 faizi seçicidir. Bu da məntiqsiz görünür. ATƏT isə bunu araşdırmaq əvəzinə, Ermənistandakı seçkilərdə əhalinin yüksək iştirakını alqışladı [xiii] .
Qərbin və beynəlxalq təşkilatların ikili standartlarının bir nümunəsi də Gürcüstanla bağlıdır. Yeni seçilən Baş nazir İvanişvilinin qeyd etdiyinə əsasən Gürcüstanda Saakaşvili rejiminə qarşı çıxdığı üçün həbs olunan yüzlərlə siyasi məhbus vardır. Hətta bu yaxınlarda yeni hökumət 190 nəfəri bu səbəblə həbsdən azad etmişdir. Maraqlıdır ki, Qərb dövlətləri və beynəlxalq təşkilatlar Saakaşvili dövründə Gürcüstanda siyasi məhbus sözünü dillərinə gətirmədiyi kimi, onların həbsdən azad olunmalarına da səssiz qaldılar. Siyasi məhbus məsələsinin öz ajandalarında ən mühüm məsələ olması təəssüratını yaratmağa çalışan Qərb ölkələrinin və beynəlxalq təşkilatların bu cür münasibəti belə bir sual yaradır: əgər Gürcüstanda həqiqətən də bu qədər siyasi məhbus vardısa, nədən bu qədər müddətdə onlar buna qarşı biganə yanaşıblar? Bəs o zaman onlar hara baxırdırlar? Yox əgər əksinə, bunlar siyasi məhbus deyillərsə və həqiqətən də kriminal ünsürlərdirsə, o zaman nədən onların azad olunmalarına göz yumurlar? Hər iki durumda, bu addım nəyə hesablanıb?
Bunları görən zaman istər-istəməz insanın ağlında belə bir fikir dolaşır: necə ola bilər ki, öz ölkəsində demokratiya olmayan dövlət başqa ölkələrə demokratiya təlqin etsin, öz ölkəsində müstəqil mətbuat olmayan dövlət başqa ölkələrdə mətbuatın azadlığı naminə mübarizə aparsın, öz ölkələrində korrupsiya halları geniş vüsət almış dövlət başqa ölkələrdə bu sahədə mübarizəyə çağırışlar etsin, öz ölkələrində zərrə qədər etibarı olmayan beynəlxalq təşkilatların hesabatlarını başqaları üçün əmsal kimi qəbul etsin, öz ölkələrində fəaliyyətinə izin vermədikləri qurumlara başqalarının bütün imkanları yaratmasını tələb etsin? Əh sadəlövh deyişlə, bu hal özlüyündə ziddiyyət və məntiqsizlik təşkil etmirmi?
Newtimes.az