XXI əsrdə bütün dünyada mənəvi dəyərlərin sürətlə dəyişməsi, yəni mühafizəkar dini, əxlaqi dəyərlərin aşınması, adət-ənənələrin unudulması, əvəzində isə materialist və liberalist düşüncəyə söykənən yeni dəyərlərin meydana gəlməsi göz önündədir. Bu proses demək olar ki, özünü hər bir sahədə - elmdə, təhsildə, mədəniyyətdə və məişətdə göstərir. Qərb cəmiyyətinin ön sırada getdiyi bu tendensiya iqtisadiyyat, mədəniyyət, informasiya sahələrində qloballaşmanın təsirilə və media vasitəsilə dünyanın digər bölgələrinə də sürətlə yayılır.
Dəyərlərin dəyişməsi ardıcıl və sistemli xarakter daşıyır
Qərbdə humanitar elm sahələrində geniş yayılmış düşüncəyə görə, XIX əsrin sonlarından başlayan və XX əsrdə geniş vüsət alan sekulyarlaşma prosesi urbanizasiya, elmin, texnikanın inkişafı, sənaye cəmiyyətinin formalaşması kimi amillərlə səciyyələnən modernləşmənin tərkib hissəsidir. Bu mövqedən çıxış edən alimlərin fikrincə, cəmiyyətin inkişafının növbəti mərhələsi olan müasirləşmə insanların həyat tərzinin və dünyagörüşünün dəyişməsinə, adət-ənənələrin, stereotiplərin, ali dəyərlərin inkar olunmasına, yaxud onlara laqeyd münasibətin yaranmasına gətirib çıxarıb. Bu mövqeni paylaşan tədqiqatçılar sekulyarizasiyaya cəmiyyətin təbii inkişafının nəticəsi kimi yanaşırlar.
Lakin bu fikirlə razılaşmayan, tamamilə fərqli mövqe sərgiləyən elm adamları da mövcuddur. Məsələn, "Dünyəvi inqilab: güc, maraqlar və Amerika ictimai həyatının sekulyarlaşmasında konflikt" (The secular revolution: power, interests, and conflict in the secularization of American public life) kitabının redaktoru Kristian Smit qeyd edir ki, ABŞ cəmiyyətinin dini-mənəvi dəyərlərdən uzaqlaşması heç də inkişafın təbii nəticəsi deyil, elitalar tərəfindən məqsədli şəkildə gerçəkləşdirilən dünyəvi inqilabın məhsuludur. Onun fikrincə, siyasi, iqtisadi, sosial institutlarda mövqelərini möhkəmləndirən liberal qüvvələr mühafizəkar protestant dairələri sosial idarəçilikdən tamamilə uzaqlaşdırmaq, onların cəmiyyətdəki nüfuzunu sarsıtmaq üçün çevriliş həyata keçiriblər və bu zaman xalq kütlələrinin bu dəyişikliyi rahat həzm etməsi üçün təhsil, xüsusən də mədəniyyət sahələrindən geniş istifadə olunub.
Həqiqətən də, sosial dəyərlərin, mənəviyyatın dəyişməsində mədəniyyətin insanların dünyagörüşünə, həyat tərzinə təsiri danılmazdır. XX əsrdə ABŞ-da sosial inqilabların baş verməsində, Qərb cəmiyyətlərində bitniklərin, hippilərin və digər altmədəniyyət və kontrmədəniyyət cərəyanlarının meydana gəlməsində ədəbiyyatın, incəsənətin, daha çox isə musiqi sənayesinin böyük rolu olub. Nümunə üçün qeyd edək ki, XX əsrin 60-cı illərinin canlı əfsanəsinə çevrilən "The Beatles" qrupunun bir çox mahnılarının sözləri psixotrop maddələrin istifadəsinə həsr olunub, ənənəvi dəyərlərə, əxlaqi çərçivələrlə məhdudlaşdırılan yaşam tərzinə üsyan üzərində qurulub.
İndiki dövrdə vəziyyət daha da mürəkkəb xarakter alıb. Bir çox Qərb dövlətlərində elm, təhsil demək olar ki, materialist prinsiplər üzərində irəliləyir. Mənəvi dəyərlərə zidd, qeyri-etik normaların təbliği uşaq proqramlarına və cizgi filmlərinədək əyləncə sektoruna bütünlüklə nüfuz edib. Yaranmış vəziyyət isə göz önündədir. Qərb cəmiyyətlərində ailə modeli iflasa uğramaqdadır, nikahdan kənar birgəyaşayış, rəsmi evliliklə bərabər səviyyəyə çatıb. Eyni zamanda, ənənəvi ailə təsəvvürlərinə uyğun olmayan yeni ailə modelləri meydana çıxır və bu prosesin Qərbdə bir sıra hakim siyasi dairələr tərəfindən idarə və himayə olunması, "CNN", "BBC" kimi məşhur transmilli media qurumları tərəfindən dəstəklənməsi diqqətdən yayınmır. Təkcə 2013-cü ildə ABŞ-ın bir sıra ştatlarında, Britaniyada, Fransada eynicinsli nikahları rəsmiləşdirən və belə cütlüklərin övladlığa uşaq götürməsinə icazə verən qanunların qəbul olunması deyilənləri təsdiqləyir.
Mühafizəkar dəyərlərin son sütunu
Hazırda, ənənəvi, dini dünyagörüşünün yaşadılmasının Qərbdə ən böyük simvolu Roma Katolik kilsəsidir. Nəzərə almaq lazımdır ki, XX əsrin böyük sosial dəyişikliklər dövrü Vatikan kilsəsindən də yan keçməyib. 1962-1965-ci illərdə fəaliyyət göstərən İkinci Vatikan Şurasının apardığı islahatlar Roma kilsəsi üçün də yeni dövrün başlandığını göstərdi. Həmin dövrdən Katolik kilsəsində islahatlar mütəmadi hal alıb və dəyişikliklər içərisində katoliklər üçün əməl olunması vacib buyurulan bir çox ayinlərin artıq kilsə tərəfindən əvvəlki kimi zərurət hesab olunmamasını, qaydaların yumşaldılmasını, oruc tutulan günlərin sayının azaldılmasını, bəzi mərasimlərdə duaların yalnız latın dilində deyil, hər ölkənin rəsmi dilində oxunmasına icazə verilməsini göstərmək olar. Yeniliklərdən biri də Bibliyanın yenidən tərcümə olunması ilə bağlıdır. Lakin yeni tərcümə versiyalarında təhriflərə yol verilməsi, hətta, geniş istifadə olunan tərcümə versiyalarından birində "cəhənnəm" anlayışının mətnlərdən tamamilə çıxarılması ilə bağlı narazılıqlar və sekulyar inqilabın artıq kilsəyə də nüfuz etməsi şübhələri mövcuddur (Summary of Changes Since Vatican II. A Revolution in the Church?).
Son illər isə Roma kilsəsinin tarixində daha çox qalmaqallarla yadda qalır. Belə ki, bəzi keşişlərin uşaqlara təcavüz etməsi, Vatikan kilsəsində maliyyə fırıldaqlarının törədilməsi ilə bağlı məlumatların dünyada yayılması kilsənin nüfuzuna ciddi zərbə vurub. Digər tərəfdən, yeni islahatlar tələbi ilə Katolik kilsəsinə ictimai təzyiqlər artmaqdadır. Tələblər içərisində neqativ halların qarşısının alınması üçün katolik keşişlərinin evlənməsinə icazə verilməsi, kişilər kimi, qadınların da kilsədə vaizlik etməsi, keşiş olması və s. var. Bu yaxınlarda yeni papanın seçilməsi isə Roma kilsəsi üçün kifayət qədər mürəkkəb bir dövrdə gerçəkləşib. Yeni papa kilsənin nüfuzunu qaldırmaq və kilsə qanunlarının köhnəldiyini düşünənlərlə dəyişikliyə ehtiyac görməyənləri ortaq məxrəcə gətirmək kimi bir vəzifənin öhdəsindən gəlməlidir.
Yeni papanın gözlənilməz addımları
Məlum olduğu kimi, 2013-cü ilin fevral ayında keçmiş Roma papası XVI Benediktin istefasından sonra (son 600 ildə baş verən ilk belə hadisə) mart ayında gizli səsvermə yolu ilə Argentinadan olan italyan əsilli Corc Berqoqlio Roma katolik kilsəsinin yeni yepiskopu seçilib. C.Berqoqlio Latın Amerikasından, bütövlükdə isə "Yeni Dünya"dan seçilən, yezuitlər ordeninə mənsub olan ilk Roma papasıdır. C.Berqoqlio həm də Frensis adını götürən ilk pontifikdir. Bununla o, orta əsrlər dövründə yaşamış, özünün sadəliyi, təvazökarlığı, yoxsullara qayğıkeşliyi ilə seçilən Müqəddəs Assisili Frensisə olan rəğbətini göstərib. Lakin bir sıra ekspertlər yeni papanın Müqəddəs Frensisin adını götürməsini sadəcə olaraq, onun təvazökarlığı ilə izah etmirlər. Belə ki, Müqəddəs Frensis sadə olduğu qədər yenilikçi olub və katolik kilsəsinə yeni ənənələr gətirib.
Yeni papanın dəyişikliyə meylli olması özünü Vatikana rəhbərlik etdiyi ilk günlərdən göstərib. Roma kilsəsinin rəhbərinin əvvəlki papalardan fərqli olaraq dəbdəbəli geyimlərdən, onun üçün ayrılmış malikanədən imtina edib. Pontifikin çıxışlarının birində qadınların cəmiyyətin və kilsənin həyatında rolunu yüksək qiymətləndirməsi, ənənəvi dini mərasimlərin birində kişilərlə yanaşı, ilk dəfə olaraq qadınların da ayaqlarını yuması gender bərabərliyinə çalışan feminist qrupları ruhlandırıb. Bu və digər addımları Frensisə "gözlənilməz papa" ləqəbini qazandırıb. Papanın gələcəkdə bütün dünyanı, o cümlədən katolikləri təəccübləndirəcək addımlar atacağını düşünənlər də var. Artıq bu gözləntilər özünü doğrultmaqdadır. Belə ki, katolik kilsəsində islahatların aparılması məqsədilə papa Frensis beş qitədən ümumilikdə 8 kardinaldan ibarət məsləhətçi qrup yaradıb. Bu ondan xəbər verir ki, yaxın gələcəkdə katolik kilsəsində və Vatikanda islahatların yeni dalğası başlanacaq.
Beləliklə, Qərb dünyasında gedən proseslərin ardıcıllığına nəzər saldıqda, mənəvi dəyərlərdən, dini dünyagörüşündən uzaqlaşma tendensiyasının sistemli xarakter daşıdığını görmək olar. Bu isə proseslərə, həqiqətən də, hansısa dairələrin üstüörtülü şəkildə təsir göstərməsi ehtimallarını gücləndirir. Lakin bu zaman elmi-texniki tərəqqinin, qloballaşmanın insan həyatına gətirdiyi dəyişikliklərin bu prosesə yaratdığı əlverişli şəraiti də diqqətdən yayındırmamaq lazımdır. Daha təhlükəlisi ondan ibarətdir ki, milli-mənəvi dəyərlərdən uzaqlaşma meylləri qloballaşmanın çox mühüm tərkib hissəsi olan mədəni və ideoloji vesternizasiyanın təsiri ilə dünyanın digər regionlarında yaşayan xalqların da milli şüuruna daxil olmaqdadır.
Newtimes.az