PDF Oxu

Araşdırma

  • 1 114

Ermənistan-diaspor münasibətləri zəminində maraqların toqquşması və gərginliyin artması

Ermənistan-diaspor münasibətləri zəminində maraqların toqquşması və gərginliyin artması

Məlumdur ki, erməni diasporu təşkilatlanma səviyyəsinə, maliyyə resurslarına, təsir dairəsinə, lobbiçilik fəaliyyətinə görə kifayət qədər güclü hesab olunur. Erməni diasporu Ermənistan dövlətinin əsas maliyyə, siyasi, ideoloji dayağı, bu dövlətin Azərbaycanın və Türkiyənin maraqlarına zidd siyasətinin mühüm dəstəkçisidir. Lakin o da həqiqətdir ki, erməni diasporu ilə Ermənistan hakimiyyəti, bəzi hallarda Ermənistan əhalisi arasında çox ciddi fikir ayrılıqları, qarşılıqlı narazılıqlılar da mövcuddur və münasibətlərdəki bu boşluqlar zaman keçdikcə daha da dərinləşməkdədir.

Tərəflər arasında qondarma "erməni soyqırımı"nın, Dağlıq Qarabağın müstəqilliyinin tanınması, erməni məsələsi, sərhədlərin açılması, Ermənistanda demokratiya və insan haqlarının vəziyyəti ilə bağlı fikir ayrılıqları özünü daha qabarıq göstərir. 2013-cü ildən etibarən isə gərgin münasibətlər qarşıdurma səviyyəsinə yüksəlib. Təsadüfi deyil ki, Sarkisyan rejiminin daxili və xarici siyasətindəki qüsurları kütləvi mediada ən çox ifşa edənlər biri məhz Qərb ölkələrindəki erməni diasporunun nümayəndələridir və belə tənqidlər son aylarda daha da artıb.Əvvəlcə, qeyd edək ki, ermənilərin indiki Ermənistan ərazisində yerləşdirilməsindən əsrlər öncə onlar əsasən Yaxın Şərqdə, Avropanın müxtəlif yerlərində yaşayıblar. Hazırda, sayı 6-7 milyon olan erməni diasporunun 3 əsas mərkəzi mövcuddur: Yaxın Şərq, keçmiş sovetlər məkanı və Avropa, eləcə də, Amerika qitəsi. Erməni diasporu müxtəlif dövrlərdə olduqca geniş coğrafi əraziyə yayılıb. Fərqli regionlarda yaşayan erməni toplumları fərqli mədəniyyətlərə və dünyagörüşünə sahibdirlər. Maliyyə imkanlarına və təşkilatlanma səviyyəsinə görə Amerika qitəsindəki, xüsusən də, ABŞ-dakı erməni diasporu daha güclüdür. Ermənistan hökuməti ilə daha gərgin münasibətlərə malik olan da erməni diasporunun məhz bu qoludur.Diaspor-hökumət münasibətlərində ilk çatlar hələ 1980-ci illərin sonlarında keçmiş SSRİ-nin süqutu ərəfəsində Ermənistan SSR-də müstəqilliyə meylin artdığı vaxtda yaranıb. Həmin dövrdə bir sıra erməni diaspor təşkilatları yaydıqları birgə bəyanatda erməniləri mərkəzlə münasibətləri pisləşdirməmək üçün müstəqillik istəklərindən imtina etməyə çağırmışdı. Diaspor təşkilatlarının bu mövqeyi Ermənistanda xəyanət kimi qarşılanmışdı.Lakin imperiyanın dağılmasından sonra diaspor Ermənistan dövlətini fəal şəkildə dəstəkləməyə başlayıb. Ermənistana maliyyə yardımı edən, onu lobbiçilik üsulları ilə dəstəkləyən diaspor ölkənin daxili siyasətində daha çox təsirə malik olmaq istəyir. 20 ildir ki, xaricdəki erməni təşkilatları Ermənistan hökumətində diaspor nümayəndələrinin də yuxarı eşelonlarda təmsil olunmasına çalışır. Lakin nə Levon Ter-Petrosyanın, nə Robert Köçəryanın nə də hazırda Serj Sarkisyanın prezidentliyi dövründə diaspor ermənilərini razı salacaq səviyyədə belə bir hal baş verməyib.Ermənistan-diaspor münasibətlərində əsas fikir ayrılıqlarından biri Ermənistanla Türkiyənin sərhədinin açılması məsələsi ilə bağlıdır. Belə ki, hələ Ermənistan dövləti yaradılmazdan xeyli əvvəl erməni diasporu qondarma "erməni soyqırımı"nı dünyada tanıtmaq yönündə çalışırdı. Bu məsələ bu gün də diaspor üçün bir nömrəli məqsəd olaraq qalır. Bu səbəbdən də, 2009-cu il oktyabrın 10-da Ermənistan və Türkiyə arasında Sürix protokolları imzalanan zaman əksər diaspor təşkilatları buna etiraz etmişdi. Diaspor kimi, Ermənistan rəhbərliyi də qondarma "soyqırımı" və Türkiyəyə olan ərazi iddialarından əl çəkmək niyyətində deyil. Lakin Ermənistan tərəfi sərhədin açılmasının ölkə üçün gətirə biləcəyi iqtisadi dividentləri nəzərə alaraq, bu məsələləri müvəqqəti də olsa arxa plana salmaq istəyir, diasporu ölkəni, Ermənistan əhalisini düşünməməkdə ittiham edir. Diaspor nümayəndələri isə sərhədlərin açılmasından Ermənistan əhalisinin deyil, yalnız hakim dairələrin, bir qrup məmurun faydalanacağını düşünür.Diasporla Ermənistan hökuməti arasında yaranan daha bir fikir ayrılığı Dağlıq Qarabağdakı qondarma rejimin tanınması ilə bağlıdır. Əksər diaspor təşkilatları Ermənistanın Dağlıq Qarabağı ayrıca dövlət kimi tanımasını istəyir. Ermənistan tərəfi belə bir addım atmamasını ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Azərbaycanla aparılan danışıqları pozmamaq və dünya dövlətlərini özünə qarşı qoymamaq istəyi ilə izah edir. Lakin məsələnin Ermənistan üçün xeyli mürəkkəb hüquqi tərəfləri də var. Belə ki, 1989-cu il dekabrın 1-də Ermənistan SSR Azərbaycan SSR-in tərkibində olan Dağlıq Qarabağ Muxtar Vilayətini qanunsuz olaraq, Azərbaycan dövlətinin və bölgənin azərbaycanlı əhalisinin iradəsinə zidd olaraq öz tərkibinə birləşdirmək qərarını verib. Ermənistan konstitusiyasının bir hissəsi sayılan Ermənistanın müstəqillik haqqında bəyannaməsində də dövlətin yaradılmasının əsasında dayanan prinsiplərdən biri kimi məhz bu qanunazidd qərar göstərilib. Buradan da görünür ki, Ermənistanın Dağlıq Qarabağa və ətraf rayonlara hücum edərək Azərbaycana qarşı müharibə aparması heç də üzdə deyildiyi kimi, erməni separatizmini dəstəkləmək yox, bölgəni öz tərkibinə qatmaq, yəni işğal məqsədi daşıyıb. Deməli, Ermənistanın Dağlıq Qarabağı tanıması nəinki beynəlxalq hüquqa və Azərbaycan qanunvericiliyinə, bu ölkənin özünün konstitusiyasına da ziddir.Erməni diaspor təşkilatlarına məxsus KİV-lərdə tez-tez rast gəlinən məqamlardan biri Ermənistan hakimiyyətində təmsil olunan oliqarxların ölkənin iqtisadiyyatı üzərində qurduğu monopoliyadan narazılıqdır. Xaricdən gələn varlı erməni biznesmenlərə mövcud rejim tərəfindən yaradılan maneələr onların ölkədə iş qurmasını çətinləşdirir. Bu və digər səbəblərdən, Qərb yarımkürəsindəki erməni diaspor təşkilatları Ermənistan respublikasının mövcud olduğu 20 ildən artıq bir dövrdə ölkədə insan haqları və demokratiya sahəsində irəliləyişin olmamasını əsas gətirərək ölkənin idarəçiliyinə diaspor nümayəndələrinin də cəlb olunmasını istəyirlər. Hazırkı Sarkisyan hökuməti Ermənistanda əhalisinin böyük əksəriyyəti kimi, erməni diasporunun əsas hissəsinin də nəzərində legitimliyini itirib. Erməni diasporu Ermənistan əhalisinin ölkədən kütləvi miqrasiyasının, ölkənin sosial-iqtisadi böhran içərisində olmasının əsas səbəbi kimi Serj Sakisyanın qeyri-demokratik rejimini göstərir. Həmçinin, Ermənistan əhalisinin əksəriyyəti kimi, bir çox erməni diaspor təşkilatları da diaspor ermənisi olan Raffi Hovannesyanın Ermənistandakı sonuncu prezident seçkilərində qalib gəldiyini düşünür. Xüsusən də ABŞ-dakı diaspor təşkilatları Kaliforniyadan olan R.Hovannesyanı öz maraqlarının təmsilçisi kimi görürlər. Erməni diasporunun fəalları Ermənistanda demokratiyanın bərqərar olması üçün geniş hərəkatın meydana çıxamasının və onun diaspor tərəfindən dəstəklənməsinin zəruriliyini əsaslandırırlar.Lakin hələ ki, erməni diasporunun bu ölkə ilə bağlı bir çox arzuları gerçəkləşməmiş qalır. Ermənistanın hazırkı hakimiyyəti ölkəni əvvəlki qayda ilə idarə etməkdə maraqlı görünür. Bu isə onu deməyə əsas verir ki, Ermənistan-diaspor münasibətlərinin qarşıdakı illərdə də gərgin olaraq qalacaq, hətta ziddiyyətlər daha da dərinləşəcək.

Newtimes.az

Digər xəbərlər