Erməni KİV-ləri də Sarkisyana qarşı
Son prezident seçkilərindən iki aydan çox vaxt keçməsinə baxmayaraq, Ermənistanda gərginləşən siyasi vəziyyət hakimiyyətlə xalq arasında yaşanan qarşıdurmanın daha da dərinləşməsi ilə müşayiət olunmaqdadır. Müxalifətin fasiləsiz aksiyaları isə total saxtakarlıqla yenidən hakimiyyəti qəsb edən qaniçən prezident Serj Sarkisyanın durumunu daha da ağırlaşdırır. Bu barədə Ermənistan mətbuatı, demək olar ki, hər gün xəbərlər, informasiyalar yayır.
Artak Kirakoryan: "Müxalifətin məğlubiyyətinin əsas səbəbi bilavasitə iqtidar mənsublarının hər yerdə pul dili ilə danışmasıdır"
Belə ki, Panorama.am saytının yazdığına görə, məğlub olmuş namizədlər də, artıq etiraz tədbirlərinin davamlı şəkil almasının tərəfdarı olduqlarını bəyan edirlər. "Vətəndaş Cəmiyyəti İnstitutu"nun direktoru Artak Kirakoryanın adıçəkilən informasiya saytına verdiyi açıqlamasında bildirilir ki, müxalifətin məğlubiyyətinin əsas səbəbi, bilavasitə iqtidar mənsublarının hər yerdə pul dili danışmasıdır: "Nəticədə, məlum oldu ki, təkcə seçkilər günü, günün birinci yarısında cəmiyyətimizə seçki prosedurunun pozulması haqqında 123 telefon zəngi daxil olub. Müraciətlərdə bildirilib ki, bir çox insanlar avtobuslardan düşürdülərək, məntəqələrə doğru istiqamətləndirilib, polislər seçkilərin gedişinə müdaxilələr edib, eləcə də, seçicilərin kimə səs vermələri haqqında onlara kabinələrin ətrafında tövsiyyələr verilib". A.Kirakosyan sonda onu da deyib ki, budəfəki seçkilərdə öncəkilərdən fərqli olaraq, daha çox qanunsuzluqlara rast gəlinib.
"Qolos Armenii" qəzeti: "Erməni cəmiyyətinin mexanizmində nə isə kökündən qırılıb"
Qəzet ölkənin terrorçu prezidenti Serj Sarkisyanın və eks baş nazirinin siyasətə qayıdışı haqqında sual edərək yazır: "...İstər erməni xalqının qanını içən Serj Sarkisyan, istərsə də ən alçaq nüfuza malik olan birinin, yəni eks baş nazirin yenidən hakimiyyətə geri dönməsi necə ola bilər? Cavab çox sadədir: erməni cəmiyyətinin mexanizmində nə isə kökündən qırılıb. Əgər bir insan Ermənistan iqtisadiyyatının süquta uğramasında hakimiyyətdə olduğu 5 il ərzində əlindən gələni edibsə və buna rəğmən hakim komandaya qayıdıbsa, demək, bu, belədir".
Nəşr xatırladır ki, 1993-cü ildə kresloya sahib olandan sonra Q.Baqratyan ölkənin bütün institusional hökumət strukturlarını məhv etdi. Buraya bank, aqrar və vergi strukturları da aiddir: "Baqratyanın rəhbərliyi altında ölkədə açıq oğurluq, talançılıq baş alıb getdi. O və onun elitası ölkə sənayesinin bütün avadanlıqlarını talan edərək, qonşu respublikalara ucuz metal kimi satdı. Ermənistan liberal iqtisadiyyata keçid aldığı bir dönəmdə məhz Baqratyanın xüsusi canfəşanlığı nəticəsində, ölkədə oliqarxiya, korrupsiya, inhisarçılıq özünün ən yüksək həddinə çatdı. Ümumiyyətlə, heç bir postsovet ölkəsində bir iqtisadi formasiyadan digərinə keçid zamanı, Ermənistanda olduğu kimi, özbaşınalıq, barbarlıq yaşanmayıb. Məhz Baqratyanın "siyasəti" nəticəsində ermənilərin ölkədən kütləvi axınına start verilib".
Yoxsul və ümidsiz ermənilərin son çarəsi
Müxalifətin əsas simalarından olan sabiq prezident Levon Ter-Petrosyan S.Sarkisyanın ölkənin növbəti beş ildə dünya xəritəsindən silinəcəyini bildirib. L.Ter-Petrosyan onu da bildirib ki, Serj Sarkisyanın növbəti dəfə 5 il müddətinə prezident seçilməsi ölkələrində insan kimi yaşamaq ümidlərinin boşa çıxdığını görən ermənilər xaricə üz tutmağa başlayıblar. Sabiq prezident "Haykakan Jamanak" qəzetinə verdiyi açıqlamasında ermənilərin Ermənistandan niyə qaçmasının səbəblərini də açıqlayıb: "İndiki məqamda ölkə üçün ən ağrılı problem əhalinin kütləvi şəkildə miqrasiya axınının hələ də davam etməsidir. Hər il ölkəni 25 min adam tərk edir. Mən heç də təəccüblənmirəm. Çünki Sarkisyan kimi xalqına xəyanətkar rəhbər olmayıb".
Sabiq prezident onu da bildirib ki, Ermənistandan çıxıb, geri qayıtmayanların sayı son 5 ildir sürətlə artmaqda davam edir. Təkcə bu ilin ilk 3 ayı ərzində Ermənistandan gedənlərin sayı 45 mini ötüb. Ötən ilin eyni dövrü ilə müqayisədə ölkədən gedənlərin sayı gələnlərdən 12.000 nəfər çox olub. Rəsmi statistikaya görə, 1991-ci ildə Ermənistanda olan 3,5 milyondan, hazırda 2,3 milyon əhali yaşayır. Amma qeyri-rəsmi statistikaya görə, ölkədə milyon yarım əhali var. Qəzetin yazdığına görə, insanların ölkəni tərk etməsi Ermənistanda sosial-iqtisadi və mənəvi-psixoloji duruma təsir göstərir. Bu da, öz növbəsində, ölkəniN ermənilərsiz Ermənistana çevrilməsinə gətirib çıxaracaq. Bunun üçün, ilk növbədə, Gürcüstan və Azərbaycanın üzləşdiyi Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağ separatizmi dəf olunmalıdır. Ermənistan iqtidarı, hələ ki, bunun fərqində deyil. Fərqinə varanda isə çox gec olacaq".
Göründüyü kimi, yaranmış vəziyyət Ermənistan cəmiyyətində parçalanma və xaosun hökm sürdüyünü bir daha sübut edir. Belə demək mümkünsə, Ermənistan artıq çat verir. İstər yerli ekspertlər, istər Rusiya ekspertləri isə bu çatın daha da dərinləşəcəyini proqnozlaşdırırlar.
Aytən SƏMƏDOVA