PDF Oxu

Araşdırma

  • 1 334

ABŞ-ın “Vice” nəşrinin saytında “Qafqaz dağlarının San-Fransiskosu – Naxçıvana xoş gəlmisiniz!” sərlövhəli məqalə dərc olunmuşdur

ABŞ-ın “Vice” nəşrinin saytında “Qafqaz dağlarının San-Fransiskosu – Naxçıvana xoş gəlmisiniz!” sərlövhəli məqalə dərc olunmuşdur

ABŞ-ın "Vice" nəşrinin www.vice.com saytında Mark Hayın "Qafqaz dağlarının San-Fransiskosu – Naxçıvana xoş gəlmisiniz!" sərlövhəli məqaləsi dərc olunmuşdur. AzərTAc məqaləni müəyyən ixtisarla təqdim edir.

Təyyarə Azərbaycanın Naxçıvan Muxtar Respublikasına enərkən gözləyirdim ki, "Düşmən qapıda dayanıb" filmində olduğu kimi, parça-parça olan bir əraziyə ayaq basacağam. Düzünü desəm, məndə belə bir təsəvvür cüzi və cansıxıcı məlumatlar əsasında formalaşmışdı.

Naxçıvanın tarixi, ərazisi, əhalisi, coğrafi mövqeyi və blokadada olması barədə məlumat verən müəllif muxtar respublikada onun təsəvvürlərinin tam əksini gördüyünü qeyd edərək yazır: "Təsəvvürlərimin əksinə olaraq mən əsl həqiqətdə özümü təcrid edilmiş San-Fransiskoya bənzər bir yerdə səyahət edən gördüm. Naxçıvan inanılmaz dərəcədə inkişaf etmiş, mütərəqqi, məğrur bir məkandır. Əhalisi yerli təbii məhsullara, əczaçılıq məhsullarına, səhiyyə və turizm imkanlarına, ekoloji məsələlərə çox diqqət yetirir. Burada hər yerdə simsiz internet tapmaq imkanı vardır".

Ermənistanın Azərbaycana qarşı elan edilməmiş müharibəsi nəticəsində Naxçıvanın blokadaya düşdüyünü, münaqişənin ilk illərində ciddi məhrumiyyətlərlə qarşılaşdığını xatırladan müəllif ulu öndər Heydər Əliyevin muxtar respublikaya rəhbərliyi dövründə gördüyü işlərdən, Türkiyə və İran ilə əlaqələr qurmasından, əhalini çətin vəziyyətdən çıxarmasından söhbət açmışdır. Həmin dövrü xatırladan Mark Hay yazır: "Vəziyyət nisbətən sabitləşəndən sonra jurnalist və hökumət adamları bu bölgəyə gəlməyə başlamışlar. Qeyd edilənlər beynəlxalq müşahidəçilərin yaddaşında həkk olunmuşdur. O vaxtdan etibarən Bakının neftdən əldə etdiyi yüksək gəlirlər sayəsində Naxçıvan yeni tərəqqi dövrünə qədəm qoymuşdur. Belə ki, 1995-2012-ci illərdə ümumi daxili məhsul 48 dəfə artmışdır. Yerli əhalinin güzəranı yaxşılaşmışdır".

Muxtar respublikada kənd təsərrüfatının və sənayenin inkişafı ilə bağlı proqramların icra olunduğunun qeyd edildiyi məqalədə bildirilir ki, bu proqramlar blokadadan çıxmağa hesablanmışdır. Mövcud şərait Naxçıvanda ərzaq təhlükəsizliyinə, yerli məhsullarla özünü təminetməyə diqqətlə yanaşmağı tələb etmişdir. Qida üçün zəruri olan 334 növ məhsuldan 330-u ilə Naxçıvan özünü təmin etməyə qadirdir.

Məqalədə deyilir: "Özünü təmin etməyə yol göstərən digər tarixi və psixoloji aspekt ondan ibarətdir ki, Naxçıvanın iqtisadi modeli təbii, təzə qida məhsulları və ərzaq üzərində qurulmuşdur. Naxçıvanlılar qəti surətdə geni dəyişdirilmiş məhsullardan imtina edirlər. Baxmayaraq ki, bu, kənd təsərrüfatının inkişafını təmin edə bilərdi. Onlar avtomatlaşdırılmış, iri fermer təsərrüfatlarından istifadə edirlər və mal-qaranı yalnız yerli yem hesabına bəsləməyə üstünlük verirlər. Naxçıvanlılar, həmçinin yerli məhsullarını və mətbəxlərini tərifləyir, bir ədəd Ordubad limonunun 10 manata olduğunu, bu pula isə 7 türk limonu ala biləcəklərini bildirsələr də, yerli camaatın (həmçinin türklərin də) Ordubad limonuna üstünlük verdiyini deyirlər. Onlar, həmçinin qoz mürəbbəsinin dünyada ən yaxşı və yüksək keyfiyyətli olduğunu bildirirlər. Həmçinin deyirlər ki, bir dəfə Ordubad yumurtası (yağsız və balda bişirilən qayğanaq) yeyən adam daha heç bir yerdə yumurta yeməz. Yerli duzun bədəndən tez süzülərək artrit yaratmadığını, buraya gəzməyə gələnlərin geri - Bakıya qayıdanda su, meyvə, qoyun əti apardıqlarını söyləyirlər. Burada hər bir yemək yerli məhsullardan hazırlanır, yalnız yerli olmayan subtropik meyvələrdir. Bölgədə belə bir fikir hökm sürür ki, mətbəx mədəniyyətdir. Mənim bələdçimin dediyi kimi, mətbəxsiz mədəniyyət natamamdır. Xalqın kimliyini bilmək istəyirsənsə mətbəxini başa düşməlisən.

Mətbəxin mədəni qüdrətinin bir cəhəti də ondan ibarətdir ki, burada alternativ təbabətə inam vardır. Naxçıvanlılar 300-ə yaxın adları ingiliscəyə məlum olmayan dağ otu yetişdirirlər və onlardan müxtəlif növ sərinləşdirici içkilər hazırlayırlar. Həmçinin qeyd edirlər ki, o otları yemək insanın ömrünü uzadır. Bələdçim deyir ki, onun mədə xəstəliyinə tutulan dostu Naxçıvana gedərək bir həftə ərzində dağ otlarından yemişdir. Nəticədə onun xəstəliyi aradan qalxmış, ömrü uzanmışdır. Mən, həmçinin sinir sistemi və əli iflic olmuş bir türkün mineral su vannasını qəbul edərək sağalması və Duzdağda dərin mağarada olan kiçik taxta daxmalarda astma və digər illətlərdən əziyyət çəkən insanların aylarla orada yurd salaraq oturması və şəfa tapması haqqında əhvalat dinlədim.

Naxçıvanlılar bu yerləri bu diyarın ekoloji turizm imkanlarını artırmaq üçün təbliğ-təşviq edirlər. Onlar, həmçinin Əshabi-Kəhf ziyarətgahını turizm məqsədilə təbliğ edir, bu yerin Quranda xatırlandığını söyləyirlər. Bununla bağlı erməni iddialarının əksinə olaraq deyilir ki, Nuh peyğəmbərin gəmisi İlandağa lövbər salmış və nəticədə Naxçıvanın təməlinin qoyulmasına gətirib çıxarmışdır".

Müəllif yazır ki, Naxçıvanda mətbəxdən sonra ikinci aludəçilik ağaclarla bağlıdır. Hər şənbə günü hökumət nümayəndələri yerli camaatla birgə blokada zamanı itirilmiş ağacların bərpa edilməsi üçün yaşıllaşdırma işlərinə cəlb olunur. Mənim bələdçim tez-tez pəncərədən boylanaraq bu və ya digər yaşıllıq sahəsinin onun tərəfindən salındığını qeyd edirdi. Bütün yerli camaat kiçik ağac tinglərinin əkilməsinə böyük ticarət mərkəzinin tikintisi kimi baxır. Bu, ətraf mühitin təmizliyi və bərpa işlərinə aludəçilik məsələsidir. Məhz hökumət 10 il əvvəl irimiqyaslı iş yeri ola biləcək sement zavodunun tikintisini dayandırmış və bu layihənin ətraf mühitə, sağlamlığa vura biləcəyi zərər nəzərə alınmışdı. Tikinti işləri yalnız zavodun tullantısını zərərsizləşdirən süzgəc sisteminin tətbiq edilməsindən sonra başlamışdır.

Buranın San-Fransiskoya bənzərliyi o zaman ağlıma gəldi ki, hər yerdə kütləvi texniki qovşaqlar müşahidə etdim. Bir daha qeyd edək ki, ərazidə kommunikasiya və keçid islahatlarının aparılması bəlkə də 1990-cı illərin təcrid olunma xatirələri ilə bağlı və ya buna məntiqi cavabdır. Hazırda yerli mobil telefon istehsalı və internet şirkətlərinin inkişafına xüsusi diqqət yetirir və 2015-ci ilin sonuna qədər bölgənin bütün yollarının modernləşəcəyini qeyd edirlər. Kənd təsərrüfatı və ekologiyada olduğu kimi, Naxçıvan burada da bir addım irəlidə gedir. Yerli hökumətin bir sıra nazirləri texnokratdır və yerli əhalinin 72 faizinin internetə çıxış imkanı vardır. Onlardan biri mənim qulağıma pıçıldadı ki, yaşlı nəsil kompyuterdən istifadəyə qarşı çıxır, əks halda əhalinin 100 faizi internetdən istifadə edərdi. Səkkiz şəhərdə və 200 kənddə simsiz internetdən istifadə üçün avadanlıq alınmış və simsiz internetin əhatə dairəsi bəzən Ermənistanın sərhədlərinə çatır. Hazırda bütün bölgəni əhatə edə biləcək fiber optik internet kabelin çəkilməsi üçün layihə üzərində iş gedir və belə bir layihə yeri gəlmişkən San-Fransiskodakına bənzəyir.

Mark Hay qeyd edir: "Böyüyüb boya-başa çatdığım ABŞ-ın qərb sahilinin liberal dəyərlərə malik dairələrinin texniki cəhətdən inkişafı mənəviyyat və utopiya ideyalarına əsaslanır. Naxçıvanın nümunəsində isə müəyyən mənada quruculuqda özünümüdafiə çaları vardır. Demək olar ki, hər bir söhbətin kökündə Ermənistan və onun tərəfindən Naxçıvan mədəniyyətinə məxsus olan hər bir elementi özününküləşdirmək və mənimsəmək təbliğatının aparılmasına eyham edən məqamlar vardır. Naxçıvan yeməklərini bir az da tərifləyəndən sonra ev sahibləri qalın "Naxçıvan mətbəxi" ensiklopediyasını açaraq (ensiklopediyanın Naxçıvan mədəniyyətinə aid 5 cildi vardır) bu kitabın Azərbaycana məxsus olan maddi mədəniyyət nümunələrindən bəhs etdiyini və bunun ermənilər tərəfindən mənimsənilməsinin qarşısının alınması məqsədi daşıdığını söyləmişlər. Həmçinin mənə söylədilər ki, son zamanlar ermənilər Azərbaycana məxsus olan qoyun cinsini mənimsəməyə cəhd göstərmişlər...

Naxçıvan Azərbaycanın ən qonaqpərvər və ziyalı kütləsinə malik ərazisi kimi ad çıxarmışdır. Ümummilli lider Heydər Əliyev burada doğulmuş, müstəqil Azərbaycanın bayrağı burada qaldırılmışdır. Faktiki olaraq, Naxçıvan qədim sivilizasiya beşiyidir, dünyanın mərkəzidir, Nuhun yurdudur və beləliklə, bütün bəşəriyyətin ocağıdır.

Yolüstü yerli hərbi liseydə ayaq saxladım. Orada bir neçə yüz oğlan uşağı sərt Sparta rejimində təlim görür və gələcək hərbçi karyerasına hazırlaşır. Məktəbin direktoru mənə söylədi ki, üç gün əvvəl liseyin şagirdi sərhədin o tayından atılan snayper gülləsinə tuş gəlmişdir. Bu, liseyin sayca üçüncü qurbanıdır. Atəşkəsdən bəri çoxlu sayda insan snayper gülləsinin qurbanı olmuşdur.

Yerli avtomobil zavodu Dağlıq Qarabağ münaqişəsi nəticəsində əlil olmuş veteranlar üçün güzəştli şərtlərlə avtomaşın istehsal edir".

AzərTAc

Digər xəbərlər