Lap körpəlikdən belə bir söz eşitmişəm: "ölüm haqqdır". Antik dövrün filosoflarından birinə oğlunun ölüm xəbərini bildirdikdə, soyuqqanlılıqla "o dünyaya gələndən öləcəyini bildirdim" cavabını vermişdi. Dinimizə görə hər bir müsəlmanın bu dünyanın fani olması və özünün bir gün dünyadan köçəcəyi haqda düşünməsi vacibdir. Zira insan bu dünyanın naz-nemətinə uyar, axirət barədə fikirləşməz, dünyadan dördəlli yapışaraq savab sahibi olmağa cəhd göstərməz. Bu günlərdə şəhərimizin bəzəyinə çevrilmiş "Qış bulvarı"nın açılışında və xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 90 illiyi münasibətilə gulzarə çevrilmiş Heydər Əliyevin adını daşıyan parkdakı bayramda hər kəsin qürur və heyranlıqla tamaşa etdiyi gözəllikləri seyr edərkən jurnalistlərin birinin suallarını cavablandıran son bir neçə ay ərzində gecəli-gündüzlü möhtəşəm layihənin gerçəkləşməsi üçün böyük zəhmətlər çəkmiş, məhəbbət və ehtiramını gördüyü işlə bir daha sübut etmiş Bakı şəhərinin meri, professor Hacıbala Abutalıbovun işlətdiyi "qəbristanlıqdakı ölü" ifadəsi ətrafında bəzilərinin "gəzişmə"ləri səngimək bilmir. Hansı səbəbdənsə Hacıbala müəllimin jurnalistlərin təsnifatını verərkən işlətdiyi "cibinə, özünə hörmət edən və mənəviyyatını itirən" jurnalistlər barədə dedikləri də rezonans doğurmuşdur. Özünə hörmət edən jurnalistlər cəmiyyətin hesablaşdığı əqidəli, mübariz, zəhmətkeş peşəkarlardırlar. Milli mətbuatımızın yarandığı gündən maarifçilik fəaliyyətinə üstunluk vermiş, cəhalətə, fanatizmə, ədalətsizliyə qarşı mübarizə aparmış, haqq sözünü deməkdən heç zaman çəkinməmiş jurnalistlər təbii ki, hər cür diqqətə layiqdirlər. Səviyyəli jurnalist hər şeydən əvvəl özünə hörmət edir, haqqı nahaqqa qurban vermir, ədalətli, peşəkar imici qazanırlar. Təəssüflər olsun ki, bu peşə sahibləri arasında bütün zamanlarda cibini güdən, böyük Üzeyir Hacıbəyovun dili ilə desək para muqabilində istənilən adamı "qəzetəsində" biyabır edən jurnalistlər də mövcud olmuşdur. Onlardan bəziləri heç olmasa, aldıqlarının əvəzində sözlərinin üstündə durmuş "ciblərinə hörmət" edərək ənam aldıqları şəxslərə sədaqət göstərməyə çalışmış, bir qayda olaraq həmin şəxslər barədə mətbuat vasitəsilə ən azı susmağa üstünlük vermişlər. Təəssüflər olsun ki, hətta belələrinin də arasında peşəsini hərraca çıxarıb mənəviyyatsızlığın appogeyinə çevrilən müxtəlif intriqaların episentri kimi qarşıdurma yaratmaq, çuğulluq, söz gəzdirmə, faktları təhrif yolunu tutan reketçiliklə məşğul olan mənəviyyatsızlar da az deyil. Belələri kim daha çox ödəyirsə onun tərəfini tutur, peşəsinə qarşı sədaqətsizlik göstərir. Bu kimi mənəviyyatsızların ölülərlə müqayisə edilməsinin özündə də rəmzi bir məna var. Böyük Mirzə Cəlilin dili ilə desək, "diriykən ölü"yə çevrilmiş bu kimi şəxslərin axirət barədə qiyamət günü o dünyaya hansı üzlə gedəcəkləri barədə düşünməkləri çox vacibdir. Bu cür qələm əhlinə o dünyanı xatırlatmaq, onları qəbristanlıqdakı ölülərlə müqayisə etmək, əslində, onların əyri yoldan çəkinməsi mətbuatın qızıl qaydası olan düzü-düz, əyrini-əyri təsvir etməsi üçün bir çağırışdır.
Beləliklə, jurnalist həmkarlarıma diriykən "ölü" olmaqdansa, ölümdən sonra saf əməllərlə yaddaşlarda yaşamağı məsləhət görərdim. Böyük Cavid demişkən: "Ölüm var ki, həyat qədər dəyərli, həyat var ki, ölümdən də zəhərli".
Svetlana Bayramova,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü