PDF Oxu

Araşdırma

  • 1 434

Suriya: təhlükəli ssenarilər başlayır?

Suriya: təhlükəli ssenarilər başlayır?

Yaxın Şərqin geosiyasi mənzərəsi qeyri-müəyyən olaraq qalır. Suriyada son zamanlar baş verən müəmmalı hadisələrin fonunda ekspertlər çox qorxulu ssenarilərin mövcudluğu haqqında proqnozlar verirlər. Böyük dövlətlərin də bu regionla bağlı diplomatik fəallıqlarını artırdıqları müşahidə edilir. Bu proseslər Suriyanı hara aparır?

Kimyəvi silahı kim işlədib?

Suriya böhranı keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Hakimiyyətin üsyançılara qarşı kimyəvi silah işlətməsi haqqında informasiyaların yayılması ilə diplomatik fəallıq da artıb. Məsələyə Qərbin və Rusiyanın münasibətləri fərqlidir. ABŞ prezidenti B.Əsədin kimyəvi silah işlətməsi məsələsini araşdırmağa ehtiyac olduğunu bəyan edib. Pentaqon isə dərhal sərt tədbirlərin görülməsini tələb edir. İsrail əvvəlki kimi rəsmi Dəməşqə qarşı hərbi güc tətbiq olunmasında israrlıdır.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Əsəd rejiminin Banyasda dinc sakinlərin kütləvi qırğınını təşkil etdiyini bildirib. Rəsmi Ankara bunu Suriya iqtidarının ölkəni bölmək planını işə salması kimi qiymətləndirir (1). Belə bir vəziyyəti bütövlükdə bölgə üçün ciddi təhlükə hesab edən Türkiyə BMT-ni tədbir görməyə çağırır.

Rusiya isə məsələyə başqa istiqamətdən yanaşır. Rəsmi Moskva Banyasda kimyəvi maddəni (zarin qazı) müxalif güclərin tətbiq etdiyini bildirir və burada xüsusi məqsədin güdüldüyünü iddia edir. Həmin aspektdə iki istiqamətdə çox təhlükəli məqamların meydana çıxa biləcəyindən ehtiyat edilir. Birincisi, Qərb Suriya ilə bağlı yeni güc qruplaşmaları yaradır. İkincisi, ölkənin bir-biri ilə savaşan əyalətlərə bölünməsi ssenarisi hazırlanır (2). Hazırda, Yaxın Şərqlə əlaqədar dünyanı narahat edən əsas məsələ bundan ibarədir.

Yeni güc qruplaşmaları: hərb, yoxsa sülh?

B.Əsədə sadiq olan hərbi birləşmələrin müxalifətə güclü zərbələr endirməsi Qərbi narahat edib. İsrail qırıcı təyyarələrinin Dəməşqi bombalamasını bu narahatlığın əlaməti hesab etmək olar. Bununla Suriyadakı vəziyyət faktiki olaraq keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş olur. Gözlənilir ki, Qərb Yaxın Şərqdə fəaliyyət taktikasını yeniləşdirəcək. Ekspertlər bunun əsas təzahürü kimi Suriya müxalifətinə hərbi yardımın artırılmasını göstərirlər. Eyni zamanda, Vaşinqtonun diplomatik aktivliyi artırmaqda olduğu da müşahidə edilir. Dövlət katibi C.Kerrinin Moskvaya səfəri bunun təsdiqi ola bilər.

Kremldə amerikalı diplomatı isti qarşılayıblar. Rusiya KİV-in yaydığı informasiyaya görə, tərəflər Suriya ilə bağlı beynəlxalq konfransın keçirilməsi haqqında razılığa gəliblər. Bütövlükdə Rusiya və ABŞ beynəlxalq məsələlərdə daha sıx əməkdaşlıq etmək niyyətlərini ifadə ediblər. Lakin bir sıra ekspertlər vəziyyətin heç də tam aydın olmadığı fikrini irəli sürürlər.

ABŞ-ın "Chicago Tribun" nəşri yazır ki, "...qonağı (C.Kerri nəzərdə tutulur – NewTimes) danışdığı müddətdə V.Putin avtoqələmi ilə oynayırdı. Özü isə bir dəfə də olsun Suriya məsələsinə danışığında toxunmadı" (3). Bundan başqa, ABŞ B.Əsədin Suriyadakı keçid hökumətində təmsil edilməsini istəmir. C.Kerri bu haqda Kremldə açıq deyib. Vaşinqton Suriyada ümumiyyətlə, hakimiyyətin yeniləşməsinə üstünlük verir. Lakin buna necə nail olmaq haqqında da konkret bir ideya irəli sürmür. Buradan Qərbin Yaxın Şərq siyasətində hansısa gizli məqamların ola biləcəyi şübhəsi yaranır. Ekspertləri daha çox həmin regionda gərginliyin uzun müddət saxlanması perspektivi narahat edir. Vəziyyətin belə qalmasında kimlərin hansı maraqları var?

Bu suala adətən Qərb-Rusiya və İran-İsrail-Qərb münasibətləri müstəvisində cavab axtarılır. Təl-Əvivdə əmindirlər ki, B.Əsədin son hərbi uğurlarında iranlı təlimçilərin rolu vardır. Tehran Dəməşqin məğlub olmasını özünə qarşı ciddi hücumların başlanğıcı kimi qəbul edir. Bu səbəbdən B.Əsədə var gücü ilə yardım edir. Bundan əlavə, Rusiya və Çinin də rəsmi Dəməşqə ciddi dəstək verdiyi haqqında informasiyalar yayılır. Deməli, hazırda Yaxın Şərqdə faktiki olaraq yerli siyasi qüvvələrdən çox, geosiyasi güc mərkəzləri savaşırlar. Bu, çox təhlükəli tendensiyadır. Lakin regionun gələcəyi baxımından məsələnin başqa tərəfi daha düşündürücü təsir bağışlayır.

Suriya: parçala və bir-birinə düşmən et

Nə qədər acı olsa da, Suriyanı parçalamaq ssenarisi haqqında müxtəlif KİV orqanlarında yazırlar. Bu barədə Rusiya və Türkiyə diplomatları müəyyən fikirlər ifadə edirlər. Belə görünür ki, Suriyada proseslər olduqca həssas və təhlükəli mərhələdədir.

Burada ən təhlükəli ssenari radikal dini qruplaşmaları silahlandıraraq bir-birinə qarşı qoymaqdır. Kimyəvi silahdan istifadə olunması ətrafında aparılan informasiya təbliğatından bunu hiss etmək olur. Hətta Vaşinqtonun "əl-Qaidə"yə gizli yardım etdiyi barədə məlumatlar da yayılır. Halbuki Amerikanın siyasi rəhbərliyi Suriyada bu təşkilatın liderlərini məhv etməyə hazır olduğunu bəyan edir. İndi əsl həqiqətin hansı məqamda ifadə edildiyini müəyyənləşdirmək çətindir. Görünən odur ki, Yaxın Şərqdə radikal dini qrupların siyasətə gətirilməsi prosesi yeni vüsət almaqdadır.

Bəs Suriyanın bir-birinə düşmən olan əyalətlərə parçalanması kimə lazımdır? Məsələnin əsas mahiyyəti ondan ibarətdir ki, həmin prosesi bütövlükdə Yaxın Şərq regionuna və sonra bütün İslam dünyasına yaymaqda maraqlı olan dairələr vardır. Onlar müsəlman ölkələrinin inkişafının qarşısını almaq üçün müxtəlif təxribatçı planlar qururlar. Elmi araşdırmalar göstərir ki, yaxın perspektivdə demoqrafik və sosial-iqtisadi tərəqqi sahəsində İslam aləmi digər regionları üstələyəcək. İndi həmin prosesin ləngidilməsi istiqamətində bir sıra böyük dövlətlər fəallıq göstərirlər.

Başqa məqam qlobal geosiyasətdə cərəyan edən proseslərin mahiyyəti ilə əlaqəlidir. Böyük dövlətlər dünya liderliyi uğrunda getdikcə daha kəskin və amansız mübarizə aparırlar. Onlar bir-birinə güzəştə getmirlər. Bu iddiaların qurbanı isə adətən sadə insanlar, günahsız vətəndaşlar olur. Təəssüf ki, bu kimi ambisiyaların qarşısının alınması üçün beynəlxalq səviyyədə hələlik ciddi mexanizm hazırlanmayıb.

Burada Bəşər Əsədin siyasi hərisliyi məqamını da vurğulamaq lazımdır. O, hakimiyyətdə qalmaq üçün hər bir addımı atır, hətta müsəlmanlar arasında məzhəb savaşı yaratmaqdan belə çəkinmir. İndi o, nusayrilərlə sünnilər arasında nifaq salmaqda maraqlıdır. Bununla həm özünün hakimiyyət uğrunda apardığı müharibəyə ideoloji haqq qazandırır, həm də qonşu ölkələrdə analoji problemlərin yaranmasına rəvac verir.

Hər bir halda Suriya tarixinin çox mürəkkəb və ziddiyyətli bir mərhələsini yaşayır. Bu ölkənin taleyi sözün əsl mənasında qeyri-müəyyəndir. Böyük bir ehtimalla, proseslərin bundan sonra hansı istiqamətdə inkişaf edəcəyi suriyalılardan çox geosiyasi güc mərkəzlərindən asılı olacaq. Belə bir vəziyyətin bütövlükdə Yaxın Şərqdə geosiyasi mənzərəyə müəyyənlik gətirəcəyini gözləmək çətindir.

Newtimes.az

Digər xəbərlər