PDF Oxu

Araşdırma

  • 1 009

Azərbaycan yenidən qaliblər sırasında yer aldı

Azərbaycan yenidən qaliblər sırasında yer aldı

Və ya Avropa tamaşaçısı hələ də Azərbaycanda keçirilmiş "Eurovision-2012"nin təsirindən çıxa bilmədiyini açıq etiraf etdi

"Eurovision-2012" hələ bundan sonra da dünya ictimaiyyətinin diqqət mərkəzində olacaq və xüsusilə də, Crystall Hall, Bayraq Meydanı, Alov Qüllələri xoş xatirələrlə yada salınacaq

İsveçin Malmö şəhərində keçirilmiş "Eurovision-2013" mahnı müsabiqəsi başa çatdı. Birinci yerin sahibi Danimarka, ikinci yer Azərbaycan, üçüncü isə Ukrayna oldu. Göründüyü kimi, Azərbaycan yenidən qaliblər sırasında yer aldı. Bu isə bir daha Azərbaycan mədəniyyətinin və insani qabiliyyətinin nə qədər yüksək olduğunu isbatladı. Sübut olundu ki, Azərbaycan bu müsabiqəyə böyük diqqət ayırır və Fərid Məmmədovun səhnə şousu da Avropa tamaşaçıları arasında inanılmaz marağa səbəb olub. Hətta, təmsilçiniz bukmeykerlərin və fanatların səsverməsinə görə birinci yerdə idi. Yəni, anlaşılan odur ki, Azərbaycan istənilən beynəlxalq müsabiqəyə böyük həaəslə hazırlaşır və qalib olmaq üçün bütün potensialını ortaya qoyur. Bu həm də onu göstərir ki, Azərbaycan xalqı ümumbəşəri ideallara və dəyərlərə hörmətlə yanaşır, milli keyfiyyətlərini digər xalqların nümayəndələrilə paylaşmağa hazır olduğunu nümayiş etdirir.

Lakin bəzən ortaya çıxan həqiqətlər bir sıra məqamlara aydınlıq gətirir və ən yaxşı yenidən diqqət mərkəzinə gəlir. Söhbət bu ilki və ötən ilki "Eurovision" mahnı müsabiqəsinin təşkilindən, keçirilmə səviyyəsindən və dünya ictimaiyyətinin diqqətinə təqdim olunmasından gedir.

Etiraf etmək lazımdır ki, Malmönün ev sahibi olduğu müsabiqə daha çox çatışmayan cəhətləri ilə yadda qaldı. Bu mənada gələcəkdə həm təşkilatçılıq, həm qonaqların qəbulu, həm də digər xüusiyyətlərilə müsabiqə tarixində zəif müsabiqə kimi xatırlanacaq.

Amma sevindirici hal ondan ibarətdir ki, Avropa tamaşaçısı Azərbaycanda keçirilmiş "Eurovision-2012"nin təsirindən çıxa bilmədiyini açıq etiraf etdi. Hər bir avropalı əminliklə bildirirdi ki, ideal təşkilatçılıq, yüksək səviyyəli səhnə şousu yalnız Azərbaycanda olub.

Faktdır ki, Azərbaycanda mahnı müsabiqəsi yüksək səviyyədə təşkil olundu və keçirildi. Müsabiqənin Təşkilat Komitəsi, Azərbaycanın aidiyyatı orqanları, Avropa Yayım Birliyi, həmçinin, İctimai Televiziya üzərilərinə düşən vəzifələri tam yerinə yetirdilər və fəxr ediləsi, qürur duyulası yarışma təşkil etdilər. Burada təhlükəsizlik, nəqliyyat, viza, qarşılama, yerləşdirmə və digər məsələlər peşəkarlıqla həll edildi. Bununla yanaşı, müsabiqəni işıqlandıran xarici jurnalistlər, eləcə də, fanklublar üçün sərbəst fəaliyyət üçün lazımi şərait yaradıldı, Mətbuat Mərkəzinin texniki təchizatı yüksək səviyyədə təşkil edildi.

Bütün reallıqlar əsasında belə bir həqiqi fikir ortaya çıxır ki, "Eurovision-2012" bu yarışmanın 57 illik tarixində ən möhtəşəm müsabiqə oldu və Azərbaycan Avropa ailəsinə yüksək səviyyəli şou təqdim edə bildi.

Əlbəttə ki, "Eurovision-2012" mahnı yarışması hər şeydən əvvəl Azərbaycanın dünyaya bir tanıdılması baxımından böyük əhəmiyyət kəsb etdi. Müsabiqə iştirakçılarının, ümumilikdə yarışmanın təşkili ilə məşğul olan nümayəndə heyətlərinin, həmçinin, xarici jurnalistlərin, turistlərin, qonaqların, fanklubların üzvlərinin və digər insanların bir neçə həftə ərzində Bakını gəzməsi, qədimliklə müasirliyin sintezindən doğan mədəniyyətimizlə tanış olması, milli mətbəximizin ləziz nümunələrindən dadması Azərbaycan, Bakı haqqında yeni təsəvvürlər formalaşdırdı. Avropadan və dünyanın digər ölkələrindən şəhərimizə gəlmiş insanlar Azərbaycanı yenidən kəşf etdilər. Odur ki, Azərbaycana səfər edən nümayəndə heyətləri, jurnalistlər, qonaqlar onlara olan diqqət və qayğıdan, tədbirin yüksək səviyyədə təşkilindən, Bakının müasirliyi və gözəlliyindən, azərbaycanlıların qonaqpərvərliyindən tam razılıqlarını ifadə etdilər, məmnun qaldıqlarını bildirdilər. Onlar, hətta, Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycanın sürətli inkişafı, müasir cəmiyyət quruculuğu, insan hüquq və azadlıqlarının təmin edilməsi, əhalinin rifahının yaxşılaşması və s. sahələrdə əldə edilmiş mühüm nailiyyətləri yüksək qiymətləndirdi, ölkəmizin avrointeqrasiya istiqamətində sürətlə irəliləyən ölkə olduğunu xüsusi qeyd etdilər.

Bu mənada əminliklə demək olar ki, "Eurovision-2012" Azərbaycan üçün öz zəngin mədəniyyətini, adət-ənənələrini, milli xüsusiyyətlərini, müstəqillik illərində əldə etdiyi uğurları, o cümlədən, müasir, demokratik sosium quruculuğunu, güclü iqtisadi potensialını təqdim etmək, həmçinin, öz mili problemlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün gözəl fürsət oldu. Eyni zamanda, "Eurovision-2012" Azərbaycan dövlətinin güclü potensialını, onun istənilən məsələni həll etmək bacarığını, dünya səviyyəli tədbirləri təşkil etmək və keçirmək üçün geniş imkanlara malik olduğunu nümayiş etdirdi.

Düşünürük ki, "Eurovision-2012" hələ bundan sonra da dünya ictimaiyyətinin diqqət mərkəzində olacaq və xüsusilə də, Crystall Hall, Bayraq Meydanı, Alov Qüllələri xoş xatirələrlə yada salınacaq.

yap.org.az

Digər xəbərlər