PDF Oxu

Araşdırma

  • 1 386

İslamofobiya: "başqası" olmanın arxa planı

İslamofobiya: "başqası" olmanın arxa planı

İslamofobiya ifadəsi ilk dəfə 1991-ci ildə 11 sentyabr terror aktı ilə aktuallıq qazandı. Bu gün islamofobiya deyildiyində, həm İslamı tanımamaqadan qaynaqlanan bir qorxu, həm də bu qorxuya istinad edilərək, müsəlmanlara qarşı neqativ münasibət başa düşülür.

Qərb dünyasında islamofobiyanın kökləri daha qədim tarixə uzanır. Bu mənada, tarix islamofobiyanın başa düşülməsi üçün əlverişli mənbədir. Məhz tarixdəki səlib yürüşlərinin də arxasında ovaxtkı islamofobiya düşüncələri və qavrayışları mövcud idi. Müasir dövrdə də müəyyən mənada "terror ilə mübarizə" konsepsiyasının arxasında islamofobiya durur. Təsadüfi deyil ki, "İslami terrorla mübarizə" islamofobiyanı qloballaşdıran bir münasibət ikən, eyni zamanda, bütün müsəlmanları da şübhəli və günahkar vəziyyətə salan faktorlardandır.

Ümumiyyətlə, sivilizasiyalararası dialoqun əsası kimi islamofobiyanın əsasını da "mən" və "başqası" məfhumları təşkil edir. Belə ki, "mən" hər hansı bir mədəniyyətin və ya sivilizasiyanın daxilində "başqa"larından fərqli düşünmə sistemləri ilə qarşılaşır. Nəticədə, "mən" sivilizasiyalararası əlaqədə həm qəbul etmə, həm də ayrılma mənasında özünü ancaq başqası və ya başqa sivilizasiya vasitəsi ilə müəyyən edir. Bu mənada, Levinasın da haqlı olaraq qeyd etdiyi kimi, "insanlığın mənbəyi bəlkə də Başqasıdır" (1). Bütün bu münasibətlər, yəni "mən" və "başqası" əsasında formalaşan sivilizasiyalararası dialoq pozitiv fərqləndirmə (positive discrimination) kateqoriyasına istinad edir. Halbuki, islamofobiya mahiyyət olaraq "başqası" ilə münasibətdə neqativ fərqləndirməyə (negative discrimination) istinad edir. Bu isə müsəlmanların "başqaları" olaraq hər zaman neqativ münasibətlərə məruz qalmasına səbəb olur.

Bu vəziyyətdə islamofobiya irrasional və təhlükəli şəkildə İslamın nifrət və qorxu obyekti olaraq təqdim olunmasına gətirib çıxarır. Belə ki, islamofobiya hal-hazırda peşəkar şəkildə qlobal arenada tətbiq olunur. Nəticədə, təhdid olaraq təbliğ olunan İslam və müsəlmanların məhv edilmə düşüncəsi müxtəlif təbliğat yolları ilə təhtəlşüura yerləşdirilməkdədir. Bu mənada, islamofobiyanı yayanlar radikal İslam qorxusunu davamlı şəkildə canlı tutaraq, ideoloji təbliğat aparırlar. Nəticədə, Qərb islamofobiya ilə özünə düşmən prototipi yaratmaqdadır. "Soyuq müharibə" dövründə yaradılan "Qırmızı təhlükə" qorxusu yerinə indi "Yaşıl təhlükə" icad edilib.

Müasir islamofobiya irqçi bir ideologiya olaraq qarşımıza çıxır. Qərbdə müxtəlif zamanlarda İslam və müsəlmanlara istehza etmək və alçaltmaq üçün istehsal olunan kinolar, karikaturalar və nəşr olunan kitablar ciddi intellektual müzakirələrin həyata keçirilməsi üçün əlverişli deyil. Bütün bunlar irqçi islamofobiyanın təzahür formalarıdır. Nəticədə, İslam bu təbliğatla Qərbdə neqativ mahiyyətdə "başqası" kateqoriyası altında qiymələndirilir və düşmən mövqeyinə yerləşdirilir.

Hegemonluq ünsürü

İslamofobiya ideologiyası və məfhumu müsəlmanlar və İslam üzərində hegemonluq qurma məqsədini daşıyır. Məfhumun hegemonik mahiyyətində siyasi və sosial aspektlərdən müsəlman və İslamı təhqir edərək, Qərbin müstəmləkə siyasətini həyata keçirmə arzusu yer alır.

Yeri gəlmişkən qeyd etməliyəm ki, siyasi mənada anti-İslam meyllərinin güclənməsində Samuel Hantinqtonun 1993-cü ildə yazdığı məşhur "Mədəniyyətlərin toqquşması" məqaləsinin böyük rolu var. Məhz Hantinqton bu məqaləsində İslamı da Qərblə olan münasibəti kontekstində "başqası" kateqoriyasına aid edir: "Dünya siyasətinin gələcəkdəki əsas mövzusu Qərb və başqaları arasındakı konflikt və qərbli olmayan sivilizasiyaların Qərb gücünə və dəyərlərinə qarşı gəlmələri olacaqdır" (2). Hantinqtonun bu görüşü həqiqətən də aqressiv mahiyyət daşıyır.

Qeyd etməliyəm ki, islamofobiyanın yaranmasında xüsusilə ABŞ-ın ifrat praqmatik siyasətinin də rolu böyükdür. Belə ki, ABŞ vaxtaşırı olaraq müxtəlif müsəlman ölkələrində baş verən hərbi-siyasi çevrilişlərdə həm radikal islamcıları dəstəkləyir, həm də onlara qarşı hərbi əməliyyatlar aparır. Məsələn, Əfqanıstan müharibəsi buna nümunə ola bilər. Məhz keçmiş Sovet İttifaqı Əfqanıstanı işğal edərkən, ABŞ Əfqanıstanda müsəlman mücahidləri və taliban üzvlərini hər cür dəstəkləyirdi. Hal-hazırda isə Bin Ladenin qiyamından sonra ABŞ xüsusilə Əfqanıstanda bu qruplara qarşı NATO çərçivəsində mübarizə aparır. İraqda və Suriyada baş verən hadisələr də bura əlavə oluna bilər. Beləliklə, ABŞ-ın bu ifrat praqmatik tərzli siyasəti eyni zamanda İslamafobiyanın yayılmasına da təsir göstərir.

Nəticə etibarilə, İslamofobiya İslamın yayılmasına və susdurulmasına qarşı aparılan neqativ fəaliyyətdir. Bu mənada, "İslami terror"un İslami həqiqətlər ilə heç bir əlaqəsi yoxdur. İslamofobiya bəzi güclü və nüfuzlu dövlətlərin müstəmləkə siyasətini həyata keçirmələri üçün yaratdıqları təsiredici mifdir.

Newtimes.az

Digər xəbərlər