Xarici ekspertlər vəziyyətin kritik həddə çatacağını istisna etmirlər
Ermənstanda 18 fevral tarixində keçirilən prezident seçkisindən sonrakı vəziyyət qarşıduran tərəflər arasında daha aqressiv xarakter almaqdadır. Belə ki, prezident seçkilərindən dərhal sonra, hakim partiyanın namizədləri tərəfindən şəhər və rayonlarda seçicilərə paylanmış rüşvətin geri yığılması, oliqarx deputatların xərclərini əvəzləmək üçün mənsub olduqları ticarət obyektlərində, bazar və dükanlarda qiymətləri süni sürətdə artırması, eləcə də, digər bu kimi rusvayçı halların baş verməsi sadə xalqın planlaşdırdığı üsyan gününü daha da yaxın edir.
Artak Kirakoryan: "Müxalifətin məğlubiyyətinin əsas səbəbi bilavasitə iqtidar mənsublarının hər yerdə pul dili ilə danışmasıdır"
Panorama.am saytının yazdığına görə, məğlub olmuş namizədlər də, artıq etiraz tədbirlərinin davamlı şəkil almasının tərəfdarı olduqlarını bəyan edirlər. "Vətəndaş Cəmiyyəti İnstitutu"nun direktoru Artak Kirakoryanın adıçəkilən informasiya saytına verdiyi açıqlamasında bildirilir ki, müxalifətin məğlubiyyətinin əsas səbəbi bilavasitə iqtidar mənsublarının hər yerdə pul dili ilə danışmasıdır: "Təkcə seçkilər günü, günün birinci yarısında cəmiyyətimizə seçki prosedurunun pozulması haqqında 123 telefon zəngi daxil olub. Müraciətlərdə bildirilib ki, bir çox insanlar avtobuslardan düşürdülərək, məntəqələrə doğru istiqamətləndirilib, polislər seçkilərin gedişinə müdaxilələr edib, eləcə də, seçicilərə kimə səs verilməsi haqqında kabinələrin ətrafında tövsiyyələr verilib".
A.Kirakosyan sonda onu da deyib ki, budəfəki seçkilərdə öncəkilərdən fərqli olaraq, daha çox qanunsuzluqlara rast gəlinib.
"Qolos Armenii" qəzeti: "Erməni cəmiyyətinin mexanizmində nə isə kökündən qırılıb"
Qəzet ölkənin eks-baş nazirinin siyasətə qayıdışı haqqında sual edərək yazır: "...Necə ola bilər ki, ən alçaq nüfuza malik olan biri yenidən hakimiyyətə geri döndü? Cavab çox sadədir: erməni cəmiyyətinin mexanizmində nə isə kökündən qırılıb. Əgər bir insan Ermənistan iqtisadiyyatının süquta uğramasında hakimiyyətdə olduğu üç il ərzində əlindən gələni edibsə və buna rəğmən hakim komandaya qayıdıbsa, demək, bu, belədir".
Qəzet xatırladır ki, 1993-cü ildə kresloya sahib olandan sonra Q.Baqratyan ölkənin bütün institusional hökumət strukturlarını məhv etdi. Buraya bank, aqrar və vergi strukturları da aiddir: "Baqratyanın rəhbərliyi altında ölkədə açıq oğurluq, talançılıq baş alıb getdi. O və onun elitası ölkə sənayesinin bütün avadanlıqlarını talan edərək, qonşu respublikalara ucuz metal kimi satdı.
Ermənistan liberal iqtisadiyyata keçid aldığı bir dönəmdə məhz Baqratyanın xüsusi canfəşanlığı nəticəsində, ölkədə oliqarxiya, korrupsiya, inhisarçılıq özünün ən yüksək həddinə çatdı. Ümumiyyətlə, heç bir postsovet ölkəsində bir iqtisadi formasiyadan digərinə keçid zamanı, Ermənistanda olduğu kimi, özbaşınalıq, barbarlıq yaşanmayıb."
"Panorama.am" informasiya portalı: "Ermənistan kommunistləri prezident seçkilərinin nəticələrini tanımır"
Portalın yazdığına görə, Ermənistan Kommunist Partiyası parlament seçkilərinin nəticələrini tanımadığı barədə bəyanatla çıxış edib. Bəyanatda qeyd edilib ki, 18 fevral seçkiləri falsifikasiyalar nəticəsində saxtalaşdırılıb: "Hökumətyönlü partiyalar yaxşı bilirdilər ki, kommunistlərə uduza bilərlər. Ona görə də bizim səsimizi pulla almağa başladılar. Bu səbəbdən, hazırkı seçkilərin nəticələri ölkənin siyasi xəritəsini əks etdirmir".
AYTƏN