Məlum olduğu kimi, İranın coğrafi mövqeyi və geostrateji vəziyyəti qlobal-siyasi arenada ciddi şəkildə əhəmiyyət kəsb edir. İranda 14 iyunda keçiriləcək prezident seçkiləri də bu kontekstdə aktualdır. İlkin olaraq qeyd etməliyəm ki, iqtisadi embarqolar səbəbilə xaricdə, siyasi konfliktlərə görə isə daxildə ciddi problemlər ilə qarşı-qarşıya qalan İran, kritik prezident seçkiləri ərəfəsindədir.
Daxili faktorlar
İran siyasi tarixində on birinci dəfədir ki, prezident seçkiləri keçirəcəkdir. Belə ki, son dəfə keçirilən prezident seçkilərində qanunsuzqların meydana çıxmasına dair iddialar ortaya atılmışdı. Məhz bu iddialar 2009-cu ildə prezident seçkilərindən sonra böyük kütlələrin meydana çıxmasına səbəb olmuşdur. Qeyd olunan etiraz dalğasından sonra sabiq rəsmilərdən - prezident Məhəmməd Hüseyin Hatəmi, Baş nazir Musəvi və Məclis Sədri Kərrubi "fitnəkar" olmaqla ittiham edilmişdi.
Yeri gəlmişkən qeyd etməliyəm ki, səlahiyyətləri daxilində heç bir konstitusiya məhdudiyyəti və nəzarəti olmayan ali dini lider Ayətullah Xamneyi vətəndaşların seçdiyi prezident və məclis sədrindən daha yüksək səlahiyyətlərə malikdir. Məhz buna görə də hazırki prezident Əhmədinecat və ali dini lider Xamneyi arasında bəzi nazirlərin təyin olunmasında ciddi fikir ayrılıqları da mövcud olmuşdur.
Prezident seçkilərinin keçirilmə prosesinə gəldikdə isə, bu seçkilərdə "üləma" (alimlər) tərəfindən idarə olunan Konstitusiya Mühafizə Şurası 600-ə yaxın namizəd arasından yalnız səkkiz şəxsi namizədliyə layiq bildi. Qeyd etməliyəm ki, keçmiş Prezident Haşimi Rəfsancaninin namizədliyinin rədd edilməsi islahatçı qrupda məyusluq yaratdı.
Ümumiyyətlə həm prezident seçkiləri ərəfəsində, həm də normal siyasi həyatda İranda müxalif düşüncə hər zaman özünü ifadə edə bilir. Bu mənada müxaliflər belə fikri tez-tez söyləyirlər: "Hökümət seçkiləri rejimi leqallaşdırmaq üçün istifadə edir. İran Konstitusiyasına görə daha çox səlahiyyət dini liderə aiddir. Bu səbəblə 89 faiz səs toplayan Məhəmməd Xatəmi də öz proqramını tətbiq edə bilmədi". Məhz 1997-2005-ci illərdə dialoq tərəfdarı olan Məhəmməd Xatəminin nüvə proqraqmının təxirə salınması barədə səyləri bir nəticə vermədi. Belə ki, 2005-ci ildə hakimiyyətə gələn yeni prezident Əhmədinejad nüvə və uranın saflaşdırılmasına dair olan proqramı yenidən tətbiq etməyə başladı. Bu səbəblə, Qərb də yeni seçiləcək prezidentin uzlaşma və dialoq tərəfdarı olmasında çox maraqlıdır.
Namizədlər arasında Həsən Ruhani və Məhəmməd Rza Arif praqmatik siyasət tərzini tətbiq etməklə həm reformistləri, həm də mühafizəkarları əhatə etməyə çalışır. Artıq bir neçə gün əvvəl Məhəmməd Rza Arif, keçmiş prezident Hüseyin Hatəminin tövsiyəsi ilə Həsən Ruhaninin xeyrinə öz namizədliyini geri götürdüyünü bəyan etdi. Digər tərəfdən İraq-İran müharibəsi iştirakçısı olan Səid Cəlili də Xamneyiyə yaxınlığı və təhlükəsizlik məsələlərindəki fəal iştirakına görə seçkilərdə favorit olaraq göstərilrir.
Seçkilərdə digər əhəmiyyətli namizəd hal-hazırda Tehranın meri olan Məhəmməd Bağır Qalibafdır. Mer olduğu müddətdə Qalibağ uğurlar əldə etmişdir. Qalibaf "daha yaxşı iqtisadiyyat və insanlar üçün həyat" şüarı ilə seçkilərdə iştirak edir. Digər namizədlər Möhsün Rizai, Qulaməli Həddad Adel, Əli Əkbər Vilayəti və Məhəmməd Xərrazi elit təbəqədən "köhnə nəsli" təmsil edirlər. Onların həm islahatçılar, həm də mühafizəkarlar arasında çoxlu tərəfdarları vardır. Qulaməli Həddad Adel də mühafizəkar qanadın təmsilçisi olaraq bir neçə gün əvvəl öz namizədliyini geri götürdüyünü açıqladı.
Xarici faktorlar
Son bir ildə Qərb ölkələr neft satışları və xarici ticarətə mane olmaq üçün İrana qarşı iqtisadi sanksiyalar tətbiq edirlər. Bu da İranda inflyasiyanın artmasına səbəb olmuşdur. Bunu fürsət bilən bəzi qruplar ABŞ ilə əlaqələrin qurulmasını dəstəkləyirlər. Qarşı fikirdə olanlara görə isə Qərb üçün nüvə texnologiyası bir bəhanədir. İran əgər nüvə texnologiyasındakı inkişafı dayandırsa və bütün avadanlıqları Qərbə göndərsə, yenə də Qərbi razı sala bilməyəcəkdir. Bu mənada İran, İslami dəyərləri tərk etmədiyi, Qərbin regional və qlobal siyasətini qəbul etməyəcəyi və ən nəhayət İsrailin varlığını qəbul etmədiyi müddətcə Qərb İrana iqtisadi və siyasi sanksiyalar tətbiq edəcəkdir.
Bununla bərabər 14 iyunda keçiriləcək prezident seçkiləri İran üçün həm daxildə, həm də xaricdə əhəmiyyət kəsb edir. Yeni seçiləcək prezident xarici siyasətdə düzəlişlər edə bilər. Xarici siyasət Ali Dini Lider Xamneyinin nəzarətində də olsa, xalqın dəstəyini ala biləcək yeni prezident İranı xaotik xarici siyasi vəziyyətdən çıxara bilər. Namizədlər arasında mühafizəkar keçmişə sahib olanların çoxu eyni zamanda praqmatik siyasətçilər olaraq da bilinir. Hal-hazırkı Parlament sədri Laricani və keçmiş xarici işlər naziri və prezidentliyə namizəd Əli Əkbər Vilayəti bu məsələdə Qərblə uzlaşmağın tərəfdarlarıdır. İran tərəfindən nüvə müzakirələrini həyata keçiriən hal-hazırkı Milli Təhlükəsizlik Şurası Katibi və prezidentliyə namizəd Səid Cəlili də konkret nəticələr almasa belə müzakirələrin aparılması tətəfdarıdır.
Ümumən İranda keçiriləcək yeni prezident seçkiləri daxili və xarici faktorlar kontekstində İranın nüvə strategiyası, Suriya problemi və regionda İranın genişlənən nüfuz dairəsi aspektindən də asılıdır. Bütün bu xarici və daxili faktorları nəzərə aldıqda isə əsas yarışın Səid Cəlili və Məhəmməd Bağır Qalibaf arasında gedəcəyini güman etmək olar. İran cəmiyyətinin hansı faktora üstünlük verəcəyini isə prezident seçkilərinin nəticələri göstərəcək.
Newtimes.az