PDF Oxu

Araşdırma

  • 1 081

Növbəti iqtisadi böhran Çindən başlaya bilərmi?

Növbəti iqtisadi böhran Çindən başlaya bilərmi?

2013-cü ilin birinci rübü üçün Çinin ÜDM-nin artımı 7,7% aşağı düşəndə bütün dünyada həyəcan təbilləri çalınmağa başladı. Ekspertlərin rəyinə görə, bu hələ başlanğıc ola bilər. Doğurdan da, Çin iqtisadiyyatının böhrana sürüklənməsinin bir neçə səbəbi vardır.

ABŞ Çinin hazırda üzləşdiyi 3 ən böyük problemlə (daşınmaz əmlak qiymətlərinin kəskin artması, kreditlərin nizamsız paylanılması, kölgə bankçılığın idarəolunmaz sistemi) 5 il bundan əvvəl tarixə məlum olan ən böyük iqtisadi böhran ərəfəsində üzləşmişdi. Bu problemlərin içində kölgə bankçılığı xüsusi narahatlıq doğurur. Çin hakimiyyəti sürətlə inkişaf edən iqtisadi artım tempini zəiflətməmək üçün kölgə iqtisadiyyatındakı bank sektorunun qarşısını almaq üçün ciddi addımlar atmalıdır. Ekspertlərin qənaətinə görə, əks təqdirdə Amerika ssenarisinin təkrarı ola bilər. Kommunist partiyasının hansı qərarı verməyindən asılı olmayaraq, qərarın nəticələri bütün dünyaya təsir etmək qüdrətindədir.

Çin iqtisadiyyatının əsas maliyyə mənbəyi hələ ki, ənənəvi bank kreditləridir. Lakin hazırkı vəziyyətdə maraqlı mənzərə yaranıb. Çin Xalq Respublikasında kölgə bankçılıq sistemindəki kredit vermədə illik artım dinamikası 34% təşkil etdiyi halda, bu artım adi banklarda cəmi 14% olub. Bu cür uyğunsuzluğun yaranmasına Çinin kiçik və orta sahibkarlarının 42 milyondan ibarət nümayəndəsinin böyük hissəsinin bank kredit götürmələrinə çıxışlarının olmamağı səbəb olub.

Çin rəsmiləri kredit aktivliyini məhdudlaşdırmaqla inflyasiyanın qarşısını almağa çalışırlar. Hökumət kredit portfellərinin keyfiyyətinin azalmamasına qarşı mübarizə aparmaq məqsədilə banklar üçün vəsaitlərin ayrılması normalarını sərtləşdirir. Buna görə də, kiçik və orta sahibkarlar üçün kredit alma məsələsi çətinləşmiş olur. 2010-cu ildən bəri bu sektorun tənzimlənməmiş kreditlərinin, yatırımlarının və digər maliyyə vəsaitlərinin dəyəri ikiqat artaraq 5,86 trilyon ABŞ dollarına çatmışdır. Bu da ÜDM-un 69%-nə bərabərdir.[i] Dünyanın ən böyük üç kredit üzrə reytinq agentliklərindən biri olan "Moody" 2013-cü il hesabatında "Kölgə bankçılıq sistematik risklər yaradır" – deyə Çini xəbərdarlıq etmişdir.[ii]

Kölgə bankçılığı dünyada geniş vüsət alıb. Lakin nəzərə almaq lazımdır ki, müxtəlif dövlətlərin maliyyə bazarları öz inkişaflarının müxtəlif mərhələsindədirlər. Hər bir dövlətdə qanunvericilik fərqləndiyi üçün oradakı boşluqlar da fərqli olur. Çindəki kölgə bankçılığı 2000-ci illərdə olduğu kimi insanlara yuxarı faizlərlə borc verən gizli kontorolar kimi deyil. Bu bazarın hal-hazırkı əsas oyunçuları kifayət qədər hüquqi statusa malik, əsas sektorun nümayəndələrinə kreditlər verən və ölkənin maliyyə sisteminin əsas oyunçularına çevrilən trast və broker şirkətlərdir. "Financial Times"-ın məlumatına görə bu qurumların aktivləri 1,1 trilyon dollardan çoxdur.

ÇXR-kı vəziyyət get-gedə ABŞ-da baş verən hadisələri xatırlatmağa başlayıb. Eynən ABŞ-da ipoteka böhranına qədər olduğu kimi, Çin yerli bankları şəxsi balanslarını təmizləmək üçün törəmə təşkilatlar yaratmırlar. Bunun yerinə onlar müəyyən faizlərlə investor və borcalan arasında özlərinə məxsus tərzdə vasitəçilik edərək, artıq mövcud olan trastlardan istifadə edirlər.

Çinin hökumət orqanları tərəfindən verilən sərt göstərişlərdən sonra banklar kölgə kredit sektorunun əsas maliyyə mənbəyinə çevrildilər. Rəsmilər daha yaxşı normalarla investorlar cəlb edərək Maliyyə Vəsaitlərinin İdarə edilməsi (Wealth Management Products) kimi bütöv bir xətt yaratmağa nail oldular. WMP kölgə fondlara yatırım etmə nəticəsində yaranan satış vasitəsidir. İnvestorlar üçün bu adi əmanətlərdən daha sərfəlidir. WMP sahibkarlara illik 6% gəlir gətirir.

Ekspertləri ən çox WMP-nin şəffaf olmaması narahat edir. Alıcılar çox vaxt pullarının nəyə yönəldiyini və yaranan riskləri dərk etmirlər. 50 Çin bankını araşdıran "Financial Times" göstərdi ki, yalnız bir neçə potensial investora vəsaitlərin hara yatırılacağını başa salmaq mümkün olub. WMP çərçivəsində vəsaitlərin cəlb edilməsi və reinvestisiyası sxemi Milli bank sistemi üçün əlavə risklər yaradır.

Çin maliyyə sistemində artıq boşluqlar yaranmağa başlayıb. Amerika ipotekasının uğursuz piramidası ilə Çin kölgə bankçılığı arasındakı paralellik xarici investorlar üçün məlum olan məsələdir. Amerikalı maliyyəçi Corc Soros 2007-2008-ci illərdəki böhranın baş verdiyi ABŞ-da ipoteka bazarı ilə Çinin kölgə bankçılığı arasında narahatedici oxşarlığın olduğunu bildirmişdir. C.Sorosa görə ABŞ-da baş verən böhran təcrübəsini öyrənən Çinin bu bazar üzərində nəzarəti əldə etmək üçün bir neçə ili daha var. Sorosun belə açıqlamaları isə narahatçılıq üçün əsas olduğunu deməyə əsas verir. Ona görə yox ki, C.Soros Çin bazarını diqqətlə izləyib və praqmatik proqnoz verib. Sadəcə bu maliyyə möhtəkirinin dünyanın müxtəlif bölgələrində baş verən iqtisadi böhranlar zamanı oynadığı rol acı təcrübəni unutmağa imkan vermir.

Müşahidələr göstərir ki, Soros hər dəfə birjada hansısa valyutanın məzənnəsinə təsir etmək üçün əvvəlcə kütləvi informasiya vasitələri və analitik nəşrlər tərəfindən informasiya hücumu təşkil edir. Məhz bu səbəbdən də Soros fondları bir çox məşhur medya qurumlarını və nəşrlərini, beyin mərkəzlərini maliyyələşdirir. Sorosun hədəfə aldığı ölkəyə ilk hücumu informasiya məkanında olur və dünya ictimaiyyətində həmin ölkə haqqında özünə lazım olan təəssüratı yaratmağa yönəlir.

Məlumdur ki, Sorosun fondları maliyyə bazarına süni müdaxilələrlə qısa müddətli durğunluq yarada bilir və bu müddətdən istifadə edərək dərhal müxtəlif əməliyyatlar apararaq milyonlarla dollar qazanc əldə edir. 1997-ci il Şərqi Asiya iqtisadi böhranında, 1992-ci ildə Britaniyada valyuta böhranında, 1998-ci il Rusiya iqtisadi böhranında Soros fondlarının əməyi var.

1992-ci ildə Sorosun funt sterlinqlə bağlı spekulyasiyada bir gündə 1 milyard dollar qazanmasını yəqin ki, dünya hələ unutmayıb. Sorosun keçirdiyi maliyyə əməliyyatları nəticəsində funt-sterlinqin dəyəri birdən-birə 12 % aşağı düşür ki, bu da Sorosun bir gecədə 1,1 milyard dollardan çox gəlir qazanmasına səbəb olur. İngiltərənin valyuta bazarı isə faktiki olaraq dağılmışdır. Buna görə də indi Sorosun Çinin maliyyə bazarı ilə bağlı açıqlamaları hansısa yeni oyunun qurulmasına hazırlıq getdiyini zənn etməyə əsas yaradır.

Pekin təhlükənin fərqindədir. Çinin bank əməliyyatlarının nizama salınması üzrə Komissiyası bankların balanslarında görünməyən WMP-nin dövriyyəyə buraxılmasına sərt nəzarət tətbiq etmək niyyətindədir. Bu da investisiya obyektlərinə toxunmuş olacaqdır. Bunun nəticəsi olaraq da, onlar vəsaitlərin geri qaytarılması qarantiyasını verməli və sərmayələr barədə həm rəsmiləri, həm də müştəriləri məlumatlandırmalıdırlar.

Bu cür tədbirlər yetərli olmaya bilər. Çin sosial elmlər akademiyasının ekspertlərinə görə, maliyyə bazarında tələbatı yumşaltmaqla kölgə kredit əməliyyatları ilə mübarizəni sürətləndirmək lazımdır. Artan likvidlik riskini səbəb kimi göstərən analitiklər hakimiyyətdən bank yatırımları üzərindəki nəzarəti azaltmağa və borc bazarını liberallaşdırmağa çağırırlar. İnflyasiya qarşı mübarizə aparmaq üçün iqtisadiyyatın kreditləşdirilməsinə tam nəzarəti ələ almaqla Çin rəsmiləri liberal islahatları daha da uzun müddətə təxirə salmış olacaqlar. 2012-ci ildə Çinin iqtisadi artım üzrə göstəricisi 13 il ərzində ən pis rəqəmə düşdüyünə görə iqtisadiyyatın stimullaşdırılması üçün kölgə bankçılığından istifadə etmək həddindən artıq cəlbedici görsənir. Çin hakim dairələri əjdahanı öldürmək əvəzinə onu cilovlamağa cəhd etmələri müşahidə olunur. Amerika nümunəsi sübut edir ki, əjdahadan vaxtında atlanmağın zamanını bilməkdən əlavə bunu etmək üçün siyasi iradəyə də malik olmaq lazımdır.

Çin dilində "böhran" – veiji – sözü həm "təhlükə", həm də "imkan" mənasını verir. Çin üçün bu keçid dövrü əziyyətli ola bilər, lakin daha yaxşı gələcək üçün bir çox dəyişiklərin öhdəsindən gəlməlidir.

newtimes.az

Digər xəbərlər