1992-ci illərin əvvəllərində Ermənistan silahlı qüvvələri bir-birinin ardınca Qarabağın dağlıq hissəsində azərbaycanlıların yaşadığı sonuncu yaşayış məntəqələrini də işğal etdilər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə onlar Xankəndidə yerləşən Rusiyanın 366-cı motoatıcı alayının köməkliyi və iştirakı ilə Xocalı şəhərinə hücum edərək min nəfərə qədər dinc sakini qətlə yetirdilər. Bu soyqırımı əsrin ən böyük faciələrindən biri idi. Xocalı erməni-rus birləşmiş qüvvələri tərəfindən işğal edildikdən sonra az müddət içərisində bütün Yuxarı Qarabağ zəbt olundu.
1992-ci il mayın 8-də Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşa şəhəri ələ keçirildi. Ermənistan ordusu Azərbaycan torpaqlarında möhkəmlənmək, Qarabağın dağlıq hissəsini Ermənistan Respublikasına birləşdirmək məqsədilə ətraf rayonlara hücuma başladı. Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi yolunda qonşu respublikanın sərhədinə yaxın ərazidə yerləşən qədim Azərbaycan şəhəri Laçın əsas maneə idi. 1992-ci il mayın 17-də Laçın şəhəri də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Beləliklə, "öz müqəddəratını təyin etmək ideyasını" reallaşdırmaq adı altında Azərbaycanın Dağlıq Qarabağ bölgəsini işğal edən ermənilərin təcavüzkar siyasəti vüsət aldı. Laçının işğalı müharibənin Dağlıq Qarabağın hüdudlarından çıxaraq Ermənistanın hərbi işğalçılıq niyyətinin daha böyük olduğunu göstərdi. Ermənilərin "humanitar dəhliz" adlandırdıqları bu yol ilə Dağlıq Qarabağa qısa zaman çərçivəsində külli miqdarda silah, döyüş sursatı, hərbi qüvvə gətirildi. Nəticədə, 1993-cü il ərzində Ermənistanın ərazi iddiası obyekti olan Dağlıq Qarabağ bölgəsinin (4400 kv. km) hüdudlarından kənarda yerləşən və onun ərazisindən 4 dəfə böyük olan Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları (17000 kv. km) Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Müharibədə 20000 nəfərdən çox Azərbaycan vətəndaşı həlak olmuş, 100000 nəfər yaralanmış, 50000 nəfər isə əlil olmuşdur. Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyona qədər əhali öz torpağında qaçqın vəziyyətinə düşdü. Yüzlərlə yaşayış məntəqəsi dağıdıldı, talan edildi və yandırıldı. Hazırda Azərbaycan ərazisinin 20 faizdən çox hissəsi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.
Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğalı ilə əlaqədar, BMT Təhlükəsizlik Şurası 7 bəyanat və 4 qətnamə qəbul etmişdir. Kəlbəcər rayonunun işğalı ilə əlaqədar 822 (30 aprel, 1993), Ağdam rayonunun işğalı ilə əlaqədar 853 (29 iyul, 1993), Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının işğalı ilə əlaqədar 874 (14 oktyabr, 1993), Zəngilan rayonunun işğalı ilə əlaqədar isə 884 (11 noyabr, 1993) saylı qətnamələr-qəbul edilərkən Təhlükəsizlik Şurasının daimi üzvü olan böyük dövlətlər Ermənistanın təcavüzkar dövlət kimi tanınmasına razılıq verməyərək, münaqişənin ATƏT-in Minsk Qrupu çərçivəsində atəşkəs və danışıqlar yolu ilə həll olunmasını üstün tutdular. Cəzasız qaldığından ruhlanan və bundan istifadə edən Ermənistan BMT TŞ-nin münaqişəyə dair qəbul etdiyi 4 qətnaməyə də məhəl qoymadı.
Çox təəssüf ki, dünya birliyi Ermənistanın bu açıq-aşkar təcavüzkarlığına göz yumdu və təcavüzkarın cilovlanması üçün heç bir əməli tədbir görmədi. 1992-1993-cü illərdə münaqişəni nizama salmaq üçün BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələr zamanı və sənədlər qəbul edilərkən şuranın daimi üzvləri olan böyük dövlətlər Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşməsinin səbəblərinin, xarakterinin və mahiyyətinin qiymətləndirilməsinə birmənalı yanaşmadılar. Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən bütün sənədlərdə Ermənistanın Azərbaycana qarşı təcavüzü Dağlıq Qarabağ regionunda və onun ətrafında münaqişə" kimi qiymətləndirilmişdir. Şuranın daimi üzvləri münaqişəyə Azərbaycanla Dağlıq Qarabağ arasında olan münaqişə kimi baxırdılar.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətinamələr:
I. 822 saylı QƏTNAMƏ ( 30 aprel 1993-ci il)
Təhlükəsizlik Şurası,
Təhlükəsizlik Şurası sədrinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 29 yanvar və 6 aprel 1993-cü il tarixlərində verdiyi bəyanatlara istinad edərək,
Baş katibin 14 aprel 1993-cü il tarixli məruzəsini nəzərə alaraq, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasındakı münasibətlərin pisləşməsi ilə bağlı ciddi narahatlığını ifadə edərək, silahlı hərbi əməliyyatların genişlənməsini, xüsusilə də, yerli erməni qüivvələrinin Azərbaycanın Kəlbəcər rayonunun işğal etməsini narahatlıqla qeyd edərək, yaranmış vəziyyətin regionda sülh və təhlükəsizlik üçün təhlükə olduğundan narahat olaraq, regionda, xüsusilə də, Kəlbəcər rayonunda əhalinin böyük hissəsinin qaçqın düşməsilə və fövqəladə humanitar vəziyyətlə bağlı dərin narahatçılıq ifadə edərək, regiondakı bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörməti bir daha təsdiq edərək, beynəlxalq sərhədlərin pozulmazlığını və ərazilərin güc tətbiq etməklə əldə olunmasının yolverilməzliyini təsdiq edərək. ATƏM çərçivəsində həyata keçirilən silah prosesinə dəstək verdiyini bəyan edərək və bu sülh prosesinə silahlı hərbi əməliyyatların pozucu təsir göstərə bilməsindən narahat olaraq:
I. Bütün hərbi əməliyyatların və atəşin kəsilməsinə mane törədə biləcək aktların təcili dayandırılmasını, həmçinin, Kəlbəcər rayonundan və Azərbaycanın işğal olunmamış digər rayonlarından bütün işğalçı qüvvələrin təcili çıxarılmasını tələb edir.
2. Maraqlı tərəfləri ATƏM-in Minsk Qrupu çərçivəsində münaqişənin həll edilməsi məqsədilə təcili danışıqlara başlamağa və problemin dinc vasitələrlə həllini çətinləşdirən istənilən fəaliyyətdən imtina etməyə təkidlə çağırır.
3. Regionda, xüsusilə də, münaqişənin əhatə etdiyi bütün rayonlarda əhalinin iztirablarını yüngülləşdirmək məqsədilə humanitar yardım göstərilməsi ilə bağlı beynəlxalq fəaliyyətin həyata keçirilməsini təmin etməyə çağırır və beynəlxalq humanitar hüququn norma və prisiplərinə bütün tərəflərin riayət etməyə borclu olduqlarını bir daha təsdiq edir.
4. Baş katibdən ATƏM-in fəaliyyətdə olan sədri və Minsk Qrupunun sədri ilə məsləhətləşmələr apararaq, regiondakı vəziyyətə, xüsusilə də, Azərbaycanın Kəlbəcər rayonundakı vəziyyətə qiymət verməsi və şuraya məruzə təqdim etməsi xahiş olunur.
5. Bu məsələlərlə fəal məşğul olunmasının davam etdirilməsini qərara alır:
3205-ci toplantıda yekdilliklə qəbul olunmuşdur
2. 853 saylı QƏTNAMƏ ( 29 iyul 1993-cü il)
Təhlükəsizlik Şurası,
Özünün 30 aprel 1993-cü il tarixli 822 saylı qətnaməsini təsdiq edərək,
ATƏM-in Minsk Qrupunun sədrinin 27 iyul 1993-cü il tarixli məruzəsini nəzərdən keçirərək,
Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasındakı münasibətlərin pisləşməsi və onlar arasındakı gərginliklə bağlı ciddi narahatlığını ifadə edərək,
822 saylı qətnamənin həyata keçirilməsi ilə bağlı tədbirlər planının maraqlı tərəflər tərəfindən qəbul olunmasını alqışlayaraq, hərbi əməliyyatların genişlənməsini, xüsusilə də, Azərbaycanın Ağdam rayonunun işğal edilməsini həyacanla qeyd edərək, belə vəziyyətin regionda sülhün və təhlükəsizliyi təhdid etməsindən narahat olaraq, Azərbaycanda böyük sayda qaçqınların yaranması və regiondakı fövqəladə humanitar vəziyyətlə bağlı ciddi narahatlığı ifadə edərək, Azərbaycanın və regionun bütün digər dövlətlərinin ərazi bütövlüyünü və suverenliyini bir daha təsdiq edərək, beynəlxalq sərhədlərin pozulmazlığını və ərazilərin zor gücü ilə zəbt edilməsinin yolverilməzliyini bir daha təsdiq edərək:
1. Ağdam rayonunun və Azərbaycanın bütün digər rayonlarının işğalını pisləyir.
2. Regiondakı bütün düşmənçilik fəaliyyətlərinin, xüsusilə də mülki şəxslərə basqın edilməsini, yaşayış məntəqələrinin bombalanmasını və artilleriya atəşinə tutulmasını pisləyir.
3. Bütün hərbi əməliyyatların tez dayandırılmasını və Ağdam rayonundakı və Azərbaycanın digər işğal olunmuş ərazilərindəki işğalçı qüvvələrin təcili, tam və qeyd-şərtsiz çıxarılmasını münaqişə iştirakçılarından tələb edir.
4. Maraqlı tərəfləri atəşin kəsilməsi haqqında razılıq əldə etməyə və ona riayət etməyə çağırır.
5. Regionda iqtisadi, nəqliyyat və enerji əlaqələrini bərpa etməklə bağlı əvvəlki çağırışlarını yuxarıdakı 3 və 4-cü müddəalar kontekstində bir daha təsdiq edir.
6. 822 saylı qətnamənin həyata keçirilməsi də daxil olmaqla, ATƏM-in Minsk Qrupunun münaqişənin sülh yolu ilə həllinin təmin edilməsindəki davamlı səylərini bəyənir.
7. ATƏM-in müşahidəçilik missiyasının hazırlanması və onların cəbhə xəttində yerləşdirilməsi qrafikinin tərtib edilməsi ilə bağlı tədbirləri, həmçinin, ATƏM-in regiona gəlməsinin təmin edilməsi təklifinə ATƏM çərçivəsində baxılmasını alqışlayır.
8. Maraqlı tərəflərdən münaqişənin dinc yollarla həllinə mane ola biləcək istənilən fəaliyyətdən çəkinməyə, münaqişənin axıra qədər nizamlanmasının əldə edilməsi məqsədi ilə danışıqları Minsk Qrupu çərçivəsində, həmçinin, birbaşa əlaqələrin yaradılması yolu ilə davam etdirməyi tələb edir.
9. Ermənistan Respublikasının hökumətini Azərbaycanın Dağlıq Qarabağ regionunun ermənilərinin Minsk Qrupunun bu ölkə tərəfindən qəbul olunmuş təkliflərinə və 822 saylı qətnamənin və bu qətnamənin müddəalarına riayət etmələrinə təmin etmək məqsədilə öz nüfuzundan istifadə etməyə təkidlə çağırır.
10. Münaqişənin genişlənməsi və ərazilərin zəbt olunmasının davam etdirilməsi ilə nəticələnə biləcək istənilən növ silahların münaqişə zonasına gətirilməsindən imtina etməyi dövlətlərdən təkidlə tələb edir.
11. Əhalinin iztirablarını yüngülləşdirmək məqsədilə regionda, xüsusil də münaqişənin əhatə etdiyi rayonlarda humanitar yardımlarla bağlı beynəlxalq fəaliyyətin maneəsiz həyata keçməsini təmin etməyə və bütün tərəflərin beynəlxalq humanitar hüququn norma və prinsiplərinə riayət etmələrinə borclu olduqlarını bir daha təsdiq edir.
12. Baş katibdən və uyğun beynəlxalq qurumlardan münaqişədən əziyyət çəkmiş əhaliyə təcili olaraq humanitar yardım göstərməyə və köçkünlərin öz evlərinə qayıtmalarına kömək etməyi xahiş edir.
13. Baş katibdən ATƏM-in fəaliyyətdə olan sədri ilə, həmçinin Minsk Qrupunun sədri ilə məsləhətləşmələr apararaq vəziyyətin inkişafı ilə bağlı şuraya məruzə təqdim etməsini xahiş edir.
14. Bu məsələ ilə fəal məşğul olunmasının davam etdirilməsini qərara alır.
3259-cu toplantıda yekdilliklə qəbul olunmuşdur.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru