M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin informasiya-təhlil mərkəzinin saytında bu mərkəzin baş direktorunun müavini Aleksandr Karavayevin "Ombudsmanın normal işi" sərlövhəli məqaləsi dərc edilib. Məqalədə Moldova ombudsmanı Aureliya Qriqoriunun Azərbaycan ərazilərinin işğal edilməsi və Qarabağ münaqişəsi nəticəsində qaçqın vəziyyətinə düşmüş insanların hüquqlarının tapdanması barədə çıxışından sonra yaranmış vəziyyətdən bəhs edilir.Müəllif yazır ki, bu faktı Ermənistan-Azərbaycan informasiya müharibəsinin adi bir epizodu kimi qəbul etmək olardı: ombudsman öz şəxsi mövqeyini bildirmiş, Ermənistan ictimaiyyəti isə onunla razılaşmayıb. Lakin tədbirin ev sahibləri üçün xoşagəlməz çıxış Ermənistan Konstitusiya məhkəməsi tərəfindən Yerevanda təşkil edilmiş beynəlxalq konfransda səslənib.A.Karavayevin fikrincə, erməni tərəfi qəzəbləndirən məqam münaqişə ətrafında yaranmış faktiki vəziyyətə göz yummaq cəhdidir. Məqalədə deyilir: Ermənistanın münaqişə barədə doğru tezislər üzərində inhisarı yoxdur, Azərbaycanda da bu barədə mütləq həqiqət məlum deyildir. Lakin reallıq belədir ki, Ermənistan mübahisəli Qarabağla bərabər Azərbaycanın bir hissəsini də işğal edib və həmin hissəni təhlükəsizlik zolağı adlandırıb. Münaqişənin danışıqlar yolu ilə həllinə dair müzakirə edilən bütün rəsmi ssenarilərdə Azərbaycanın həmin ərazilərini geri qaytarmaq lazım gələcək. Hətta Rusiya diplomatiyasının veteranı, fikirlərinə Yerevanda həvəslə istinad edilən Vladimir Kazimirov da bunun labüd olduğunu deyir".Müəllif belə hesab edir ki, Qarabağın statusunun müəyyən edilməsi prosesində, hərbisizləşdirmə məsələlərində və buna oxşar məqamlarda müxtəlif mübahisələr yarana bilər, lakin işğal fakt olaraq qalır, Qriqoriu da bunu deyib. Ombudsmanın vəzifəsi tarixin xoşagəlməz məqamlarına görə qüssələnmək yox, belə məqamları açıb göstərməkdir, bunun məsuliyyəti isə konkret iştirakçıların üzərinə düşür.Məqalədə daha sonra qeyd edilir ki, Avropa dövlətlərinin iki yüz illik mürəkkəb təcrübəsində formalaşmış ombudsmanın vəzifələrinə münaqişədən sonrakı tənzimləmənin qərb modelini çatdırmaqdır. Bu modeli təsəvvür etmək o qədər çətin deyil. Avropa bəyannamələrinə və keçmiş Yuqoslaviyaya dair Haaqa tribunalının təcrübəsinə müraciət etsək, aşkar görünür ki, Bakı və Yerevan Avropaya doğru irəlilədikcə onlar müəyyən öhdəliklər toplusu ilə üzləşəcək, gələcəkdə həmin öhdəliklər barışığın siyasi bazasının humanitar-hüquqi hissəsi kimi icra üçün zəruri olacaq. Müəllif yazır: "Bu öhdəliklərdən biri ondan ibarət olacaqdır ki, Xocalı şəhərinə hücum müharibənin adi kədərli epizodu deyil, dinc sakinlərə divan tutulması kimi tanınmalıdır. Yeri gəlmişkən, elə bu günlərdə Bosniyada bir neçə yüz mülki şəxsin cəsədləri torpağa tapşırılıb. Bu adamlar Srebrenitsada soyqırımı nəticəsində həlak olublar. 1992-1995-ci illərdə Srebrenitsa şəhərinin özündə və ətraf ərazilərdə qətlə yetirilmiş 3 mindən çox serb və azı 8 min bosniyalı müsəlmanın qardaşlıq məzarlarının yeri hələ də dəqiq məlum deyil. 2010-cu ilin mart ayında Serbiya parlamenti Srebrenitsada Bosniya müsəlmanlarının kütləvi şəkildə qətlə yetirilməsini pisləyən və həlak olmuş şəxslərin ailələrindən üzr istənilən qətnaməyə səs verib. Böyük ehtimalla demək olar ki, Xocalı mövzusu Avropa tənzimləmə modeli çərçivəsində iki ölkənin münaqişədən sonrakı tarixində peşmançılığın humanitar elementi olacaq. O vaxt öz yurduna qayıtmağı arzu edən bütün qaçqınların oraya qayıtmasına və əcdadlarının məzarlarını ziyarət etməsinə imkan yaranacaq".
sia.az