PDF Oxu

Araşdırma

  • 1 455

Prezidentlərin növbəti görüşü nəzərdə tutulur

Prezidentlərin növbəti görüşü nəzərdə tutulur

Elçin Mirzəbəyli: "Əgər yenə də Ermənistan özünün əvvəlki mövqeyində israrlı qalacaqsa və özünün ənənəvi mövqeyini sərgiləməkdə davam edəcəksə, düşünmürəm ki, prezidentlərin görüşü baş tutacaq"

Məlum olduğu kimi, iyulun 12-də Vyanada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüşü keçirilib. Sonra Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın iştirakı ilə həmsədrlərlə daha bir görüş olub. Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli müzakirə olunub: "Azərbaycanın prinsipial mövqeyi xarici işlər naziri tərəfindən həmsədrlərlə ayrılıqda və Edvard Nalbandyanın iştirakı ilə keçirilən görüşlərdə ifadə edilib. Bu mövqe ondan ibarətdir ki, sülh prosesinin "ölü nöqtə"dən tərpənməsi üçün Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməlidir". E.Abdullayevin sözlərinə görə, nazir E. Məmmədyarov mövcud status-kvonun qəbuledilməz olduğunu bir daha bəyan edib.

Politoloq Elçin Mirzəbəyli isə bizimlə söhbətində bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı keçirilən görüşdə hər hansı fikir səsləndirilməyib: "Yalnız Eduard Nalbadiyan bəzi ifadələr səsləndirib. Bu ifadələrin özündə də Ermənistanın danışıqlar prosesində konstruktiv möve sərgiləcəyi barədə hər hansı bir ümidverici fikir yoxdur. Bu baxımdan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların hər hansı bir irəliləyişə səbəb ola biləcəyini gözləmək doğru olmazdı. Bir sözlə, ATƏT sədrinin açıqlamasında icmalar arasındakı görüşlərin intensivləşməsi ilə bağlı səsləndirilən fikirlər onu sübuta yetirir ki, indiki şəraitdə beynəlxalq təşkilatların və ATƏT-in əsas məqsədi "xalq diplomatiyası"na üstünlük verməkdən ibarətdir. Bu da onun sübutudur ki, danışıqlar prosesində rəsmi səviyyədə hər hansı bir irəliləyişin olmadığı üçün icmalar arasındakı danışıqları beynəlxalq təşkilatlar və ATƏT və ATƏT-in Minsk Qrupu intensivləşdirmək niyyətindədir. Bundan başqa prinsipial olaraq ortalıqda hər hansı bir mövqe yoxdur".

"Ermənistanın xarici işlər naziri Eduard Nalbadiyanın iddiasına görə bu ilin sonuna qədər Azərbaycan və Ermənistan prezidentləri arasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı görüş keçiriləcək. Bu görüş münaqişəsin tənzimlənməsinə nə kimi önəmli rol oynayacaq" sualını cavablandıran politoloq Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyinin ortada olduğunu bildirdi: "Azərbaycan açıq şəkildə bir necə dəfə yenilənmiş Madrid prinsiplərinə dair mövqeyini açıqlayıb. Eyni zamanda, BMT çərçivəsində məsələ qaldırıb ki, danışıqlar prosesi uzun illər boyu davam edə bilməz. Bunun üçün də konkret bir müddətə sülh sazişinin hazırlanması üçün vaxt müəyyənləşdirməlidir. Təəssüflər olsun ki, hələ də bu istiqamətdə prinsipial addımların atılması nəzərə çarpmır. Adətən xarici işlər nazirlərinin görüşü prezidentlərin görüşünə hazırlıq xarakteri daşıyır. Yəni, onlar müvafiq müzakirəyə çıxarılacaq hər hansı prinsipial məqamları razılaşdırdıqdan sonra son nəticədə prezidentlərin müzakirəsinə çıxarırlar. Əgər yenə də Ermənistan özünün əvvəlki mövqeyində israrlı qalacaqsa və özünün ənənəvi mövqeyini sərgiləməkdə davam edəcəksə, düşünmürəm ki, prezidentlərin görüşü baş tutacaq".

GÜLYANƏ

Digər xəbərlər