PDF Oxu

Araşdırma

  • 2 271

İraqda vəziyyət sabitləşəcəkmi?

İraqda vəziyyət sabitləşəcəkmi?

Məlum olduğu kimi İraq, Yaxın Şərqdə "barıt çəlləyi" olaraq bilinən ölkələr sırasındadır. Məhz on ildir ki, İraq ABŞ və müttəfiqlərinin bu ölkəyə hərbi müdaxilə etməsilə qlobal müstəvidə problemli ölkə statusunu qazanmışdır. Belə ki, Səddam rejiminin alt-üst edilməsindən sonra, İraqda federal dövlət sistemi tətbiq olundu. Bu federal sistem, hələ də etnik-məzhəbi çalarlarla ölkə üçün ciddi problemlərə səbəb olur. Məhz son təhlükəli hadisələrdən biri də, Kərkük şəhərinin sünnilər yaşayan hissəsində baş verdi. Belə ki, bir əsgərin qatili olaraq günahlandırılan şəxsi yerli əhali orduya təslim etmək istəmədi. Ordu isə 24 saat möhlət verdikdən sonra əməliyyat keçirərək, 85-ə yaxın vətəndaşın ölməsi və yüzlərlə insanın yaralanması ilə nəticələn adekvat addım atdı.

Kərkük şəhəri etnik və məzhəbi mozaikə malikdir. Məhz Kərkükdə sabitlik mühafizə edilsə, bütün İraqda sabitlik yaranacaqdır. Azərbaycana etnik və mədəni cəhətdən yaxınlığı ilə bilinən Kərkükdə məskunlaşan İraqlı Türkmənlər də burada ciddi nüfuza malikdirlər.

Ümumiyyətlə bütün bu iğtişaş və etirazlar dalğası Nuri Əl-Maliki hökumətinin tətbiq etdiyi məzhəbi siyasət tərzinə son qoyulmasını, siyasi dustaqların sərbəst buraxılmasını və sünni regionlarda qüsurlu dövlət xidmətlərinin inkişaf etdirilməsini tələb edir.

Xarici faktorlar

Ümumiyyətlə İraqda hakimiyyət uğrunda etnik-məzhəbi çalarlarla baş verən hadisələrin arxa planında bir neçə xarici faktor dayanır. Baş nazir Nuri Əl-Maliki və hal-hazırki Mərkəzi Bağdad hökuməti bütün bu daxili iğtişaşların səbəblərini, körfəz ölkələrinin sünni gücü genişləndirməsi, Suriyadakı üsyanı İraqa gətirmə və İrana qarşı müqavimət prizmasından qiymətləndirirlər.

Məhz dünyanın ikinci neft ehtiyatlarına malik olduğu iddia edilən İraqdakı neft yataqlarının iqtisadi və siyasi rolu da bu baxımdan qiymətləndirilməlidir. Belə ki, İraqdakı neft və qaz ehtiyatları və dünya siyasətinə təsir edən nüfuzlu dövlətlərin siyasi-iqtisadi maraqları da, İraqın daxili siyasətinə təsir edici xarici faktor mahiyyəti daşıyır.

Digər tərəfdən Suriyada məlum hadisələrin baş verməsindən sonra İraq-İran münasibətləri və əməkdaşlığı daha da artmışdır. Məhz İranın Suriya siyasətində İraq mühüm körpü rolunu oynayır. Bu mənada İranın İraqdakı təsirinin davam etməsi, ABŞ-ın təsirini zəiflədir. Burada əsl məsələ, İran-İraq əməkdaşlığının siyasi qütbə, yəni regionda "Şiə Zolağı"nın daha da güclənməsinə köməklik göstərib-göstərməyəcəyidir. Bu siyasi tendensiya regionun gələcəyi baxımından çox əhəmiyyət kəsb edir.

Daxili faktorlar

Bu kontekstdə qeyd etməliyəm ki, ABŞ və müttəfiqlərinin 10 il əvvəl İraqı işğal etmələrinin haqsız olmaları mövzusunda ciddi arqumentlər mövcuddur. Bu mənada hazırda əsas məsələ İraqın işğal olunması deyil, işğaldan sonra qurulan federal dövlət sisteminin nöqsanlı olmasıdır. Ölkədəki siyasi sabitliyin incə bir ipə bağlı olduğu region ekspertləri tərəfindən yekdilliklə qəbul olunur. Son iki ildir ki, Nuri Əl-Malikinin mərkəzi hökuməti gücləndirmə səyləri, İraqlı kürdlərin 2005-ci ildə Konstitusiya ilə əldə etdikləri hüquqlarını mühafizə etmə və sünni ərəblərin keçmişdə qarşı çıxdıqları federalizmi öz bölgələrində yerləşdirmə təşəbbüsləri ilə ziddiyyət təşkil edir.

Ancaq bir neçə gün əvvəl İraq baş naziri Nuri əl-Maliki və Şimali Kürdistan Müxtar Vilayəti başçısı Məsud Bərzaninin Bağdaddakı görüşləri tərəflər arasında yenidən isti münasibətlərin yaranmasından xəbər verir. Belə ki, Nuri əl-Maliki Bağdad ilə Ərbil arasında problemlərin həll olunmasında ortaq məxrəcə gəlindiyini bu ifadələri ilə bəyan etmişdir: "İraqın bir dövlət kimi mənfəəti, bütün anlaşılmazlıqların fövqündədir. Tərəflər ölkənin vəziyyətini yaxşılaşdırma və təhlükələrdən qorumaq üçün müştərək şəkildə hərəkət etməlidir". Digər tərəfdən Məsud Bərzaninin bu münasibətlərin yenidən bərpa edilməsi barəsində söylədiyi fikirlər də əhəmiyyət kəsb edir. Belə: "Biz buraya qardaşlıq mesajı vermək üçün gəldik. Ölkəni təhlükələrdən xilas etmək üçün əlaqələrimizi gücləndirəcəyik. Xarici təhlükələrdən qorunmaq üçün daxili cəbhəni gücləndirməliyik" (http://www.timeturk.com/tr/2013/07/07/bagdat-ta-maliki-barzani-zirvesi.html).

Həqiqətən də İraqın yenidən xaotik şəkildə parçalanmaması və etnik-məzhəbi iğtişaşların davam etməməsi üçün daxildəki birliyə çox ehtiyacı vardır. Əks təqdirdə xarici faktorların təsirilə "demokratiya" adına oynanan oyun nəticəsində İraqın yenidən parçalanması Yaxın Şərqdə yeni siyasi xəritənin yaranmasına gətirib çıxaracaqdır. Əlbəttə ki, bu parçalanma, eyni zamanda Yaxın Şərqdə tətbiq olunan müstəmləkə siyasətinin də tərkib hissəsidir.

newtimes.az

Digər xəbərlər