22 iyul 1875-ci ildə təməli qoyulan milli mətbuatın yaranma tarixindən 138 il ötür
22 İyul Azərbaycan milli mətbuatının yaranması günüdür. Bu tarixi günün əsrdən artıq tarixi var ki, həmin dövrdən başlayaraq mətbuatımız milli ruhun, milli düşüncənin ifadəçisinə çevrilib. 1875-ci il iyulun 22-də əsası qoyulan milli mətbuatımız Azərbaycanın maarifpərvər ziyalısı Həsən bəy Zərdabinin böyük zəhməti hesabına ərsəyə gəlmişdir. "Əkinçi" qəzetinin ilk nömrəsinin dərc olunması bütün Qafqazda əks-səda doğurdu. 1875-1877-ci illər ərzində fəaliyyət göstərən qəzetin 56 nömrəsi işıq üzü gördü. Bu mətbu orqan - "Əkinçi" qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynadı.
Qəzetin yaradıcısı Həsən bəy Zərdabi yazırdı ki, türk millətinin yaşamasını, qabağa getməsini, elm və mərifət sahibi olmasını istəyirsinizsə, ona dil verin. O, qəzet vasitəsi ilə yazırdı ki, vaxt keçməmiş elmi kitablar gətirin, məktəblər bina edin, öz dilimizdə təhsillə, elmlə məşğul olun ki, müsəlmanlıqda qayım olasınız. Milli vətənpərvərlik ruhunu özündə birləşdirən mətbu orqan təqiblərə məruz qalsa da öz məsləkindən dönmədi. Azərbaycan xalqının, millətinin maraqlarını müdafiə edərək, insanların huquqlarının qorunması ilə mübarizədə mətin oldu. Düzü düz, əyrini əyri yazdı. Haqqın tapdanılmasına göz yummadı. Məslək və amalını gerçəkləşdirdi. Çətin dövrdə hakim qüvvələrin təqiblərinə məhəl qoymadı. Belə çətin vəziyyətdə Azərbaycan milli mətbuatının yaranmasına nail olaraq ətrafına əqidə, məslək dostlarını topladı.
Qəzetin mütərəqqi ideyaları Rusiya hakim dairələrini narahat etdiyindən iki il sonra qəzet bağlandı. Azərbaycan mətbuatının ilk müjdəçisi "Əkinçi"dən sonra bu sahədə xeyli irəliləyişlər oldu. XIX əsrin sonlarında "Ziya", "Kəşkül", "Kaspi" qəzetləri nəşrə başladı. XX əsrin əvvəllərində C.Məmmədquluzadə, M.Şahtaxtinski, S.Hüseyn, Ö.Faiq Nemanzadə, Ü.Hacıbəyov və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə aparırdılar. Bu gərgin mübarizə öz nəticəsini verdi. "Şərqi-rus", "Həyat", "Açıq söz", "Azərbaycan" kimi demokratik ruhlu, milli qayəli qəzetlər meydana çıxdı.
Sovet dövründə - totalitar rejimin senzura maşını milli mətbuat ənənəsinin inkişafını dayandırsa da, peşəkarlıq baxımından müəyyən bir yol qət edildi. 1969-cu ilin 14 iyulunda Ümummilli Lider Heydər Əliyevin Azərbaycana siyasi hakimiyyətə gəlişi, bütün sahələrdə olduğu kimi, mətbuatın inkişafına da böyük təkan verdi. Ulu Öndər Heydər Əliyev Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində ixtisaslı kadrların hazırlanması istiqamətində əhəmiyyətli addımlar atılmasına nail oldu. Artıq Azərbaycanda nəşr olunan çap mətbuatı ittifaq miqyasında peşəkarlıq və digər parametrləri ilə müsbət mənada seçilməyə başladı. Məhz həmin illərdən etibarən Azərbaycan mətbuatında milli adət-ənənələrimiz, tariximiz, mədəniyyətimiz, dilimiz haqqında geniş yazılar yazıldı.
Azərbaycanın müstəqilliyinin ilk illərində dövlətçiliyimiz böyük təhlükələr qarşısında idi. O dövrlərdə, nəinki mətbuat, bütün dövlət sahələri tamamilə iflic olmuşdur. Xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəmizin bütün sahələrində olan problemlərin həllinə nail olmaqla yanaşı, mətbuat sahəsində də neqativ halların qarşısı alındı və tərəqqinin əsası qoyuldu. "Əkinçi" qəzetinin nəşrə başladığı gün - 22 iyul Milli Mətbuat Günü kimi qeyd olunmağa başladı.
Ulu Öndərimiz Heydər Əliyev bütün bunlarla yanaşı, mətbuatı dövlət idarəçilik sistemindən, tənzimləmədən azad edərək, "Əkinçi" ənənələrinə söykənən bir sıra yeni-yeni mətbu orqanların yaranmasına şərait yaratmış oldu. Müstəqilliyimizin ilk illərində dövlətimizin özünün də maddi imkanları zəif olduğuna görə, həmin şəraitdə mətbuatın borclarının dondurulması və sonradan silinməsi, xüsusən də, 1998-ci ildə milli mətbuat üzərində senzuranın ləğv edilməsi ölkədə medianın inkişafı üçün çox böyük təməl oldu. Təbii olaraq, bu ənənələri Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev böyük uğurla və əzmlə davam etdirir. Yeni dövrün tələblərinə uyğun olaraq, bu gün Azərbaycan mətbuatı inkişaf dövrünü yaşayır. Azərbaycan mətbuatına göstərilən diqqət və qayğı, atılan zəruri addımlar medianın hərtərəfli inkişafı üçün böyük zəmin yaradır. Eyni zamanda, ölkə başçısı İlham Əliyev tərəfindən bir sıra mətbuat nümayəndələrinin fəxri adlarla təltif edilməsi onu göstərir ki, Azərbaycan dövləti istənilən vaxt öz mediasına diqqət və qayğı ilə yanaşır. Bütün bunlar isə Azərbaycan mətbuatının inkişafına xidmət göstərən amillər sırasındadır.
Onu da qeyd edim ki, Mətbuat Şurasının, Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması mətbuatın tərəqqisi naminə dövlətimizin diqqət və qayğısının ənənələr əsasında davamıdır. Bu gün Azərbaycan mətbuatı özünün böyük mütəfəkkirləri ilə düzgün istiqamətdə inkişaf edir. Mövcud zəruri addımların atılması, prinsipial qərarların qəbul edilməsi Azərbaycan mətbuatının perspektivi üçün böyük imkanlar açır.
Dövlətimizin mətbuata və mətbuat nümayəndələrinə göstərmiş olduğu yüksək diqqət və qayğı mediamızın daha da inkişafına, savadlı və intellektli jurnalist kadrlarının yetişdirilməsinə böyük təkan verən amildir. Mövcud qayğı mətbuat nümayəndələrini daha da ruhlandırır, obyektivlik, gerçəklik prinsiplərini əldə əsas tutaraq daha sanballı yazılar ortaya çıxarmalarına stimul verir. Mətbuat tarixində ilk dəfə olaraq Cənab İlham Əliyevin jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında məlum Sərəncamı bu sahənin əməkdaşları tərəfindən daha böyük sevincə səbəb olub. Mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi böyük diqqət və qayğının göstəricisidir. Azərbaycan mətbuatı tarixin heç bir dövründə olmadığı şəkildə dövlətin qayğısı ilə əhatə olunub.
Bu reallıqlar mətbuat işçilərini daha səylə çalışmağa, üzərilərinə düşən məsuliyyəti dərk etməyə və ən çətin işi belə lazımi səviyyədə yerinə yetirmələrinə geniş imkanlar yaradacaq. Bu gün Azərbaycan mətbuatı milli mənafelərə, dövlətçiliyimizə xidmət edir.
NƏZAKƏT ƏLƏDDİNQIZI