PDF Oxu

Araşdırma

  • 1 277

İşğalçı ölkədə yenidən mitinqlər

İşğalçı ölkədə yenidən mitinqlər

Ermənistanda sosial-iqtisadi sahələrdə gərginlik getdikcə dərinləşir

Artıq Ermənistanda vəziyyət gündən-günə daha acınacaqlı hal alır. İyulun 22-dən etibarən yenidən Ermənistanın paytaxtı Yerevanda oturaq aksiyalar keçirilməyə başlanılıb. Erməni mətbuatının verdiyi məlumata görə, aksiya erməni xalqı üzərində prezident seçilən Serj Sarkisyanın istefası ilə bağlı olub. Ermənistanda hüquqları kobud şəkildə pozulan uşaqlardan biri olan Davidin yenə də beynəlxalq təşkilatlara, ayrı-ayrı dövlətlərə, o cümlədən, qonşu Azərbaycana kömək üçün müraciət etməkdən başqa əlacı qalmayıb. Növbəti məktubda da David yalanın, böhtanın, satqınlığın milli siyasətin bir hissəsinə çevrildiyi, ədalət və həqiqət mübarizlərinin həbs olunduğu Ermənistan adlanan bir dövlətdən, təhsil almaq hüququndan məhrum edildiyi ölkədən onu xilas etməyi xahiş edir. Uşaq erməniçilikdən qorxur: "Bizi bu dövlətdən xilas edin! Mən artıq altı ildir ki, məktəbə getmirəm. Nə idi mənim günahım?! Bizi erməni prezidentindən, erməniçilikdən xilas edin!!!" David Davityan dövlətindən heç bir yardım görmədiyindən Azərbaycan hökumətinə, ölkəmizin aparıcı kütləvi informasiya vasitələrinə, qeyri-hökumət təşkilatlarına üz tutub.

Ter-Petrosyan: "Erməni xalqı Sarkisyana nifrət edir"

Erməni Milli Konqresi Partiyasının sədri, ölkənin sabiq prezidenti Levon Ter-Petrosyan Sarkisyanın ölkədə "parçala, hökm sür" siyasətini həyata keçirdiyini bildirib. Levon Ter-Petrosyan bildirib ki, Sarkisyan rejimi saxtakarlıq məqsədilə müxtəlif üsullardan - hazırda ölkədə olmayan 700 min nəfərin səsindən, pasportlara vurulan möhürün asanlıqla silinməsi nəticəsində bir nəfərin təkrar-təkrar səs verməsi, açıq səsvermə, seçicilərin satın alınması, seçki komissiyaları üzvlərinin, jurnalistlərin qorxudulması və satın alınması, seçki bülletenlərinin topa-topa qutulara atılması, səslərin sayılması zamanı saxtakarlıq kimi mexanizmlərdən istifadə edib: "Bu seçki mövcud rejimə və şəxsən Serj Sarkisyana xalqın kin və nifrətinin dərəcəsini nümayiş etdirdi. Bu səbəbdən də xalq dayanmayacaq. Məlum oldu ki, xalqın iradəsi ortaya qoyulmadan və beynəlxalq birliyin müvafiq münasibəti olmadan bu rejim seçki saxtakarlığından vaz keçmək niyyətində deyil. Beynəlxalq birlik bu rejimə dayəlik etməyə və Ermənistandakı qanunvericilik manipulyasiyalarını islahat kimi təqdim etməyə son qoymalıdır".

Tiqran Sarkisyan: "Son 20 ildə bu ölkəni 1,4 milyon nəfər tərk edib"

Alaverdi şəhərində seçicilərlə görüşündə Ermənistan prezidenti Serj Sarkisyan utanmadan söyləyib: "Sayımız o qədər azdır ki, bundan o tərəfi yoxdur. Lakin problem təkcə dövlətdə deyil, hər birimizdədir. Biz münasib atmosfer yaratmalıyıq". Miqrasiya problemini şərh edən Serj Sarkisyan qeyd edib ki, yaxın illər ərzində bu problemi həll etmək zəruridir.

Xatırladaq ki, Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə, ölkədə əmək qabiliyyətli insanların sayı ümumi əhalinin 11,5 faizini təşkil edir. BMT-nin dəyərləndirməsinə görə, əgər bu rəqəm 7-8 faizi keçirsə, deməli, o ölkədə qocalma prosesi gedir. Ermənistanın baş naziri Tiqran Sarkisyanın sözlərinə görə, problemin əsas səbəblərindən biri ölkədə doğum səviyyəsinin aşağı olması, digəri isə son 20 ildə bu ölkəni 1,4 milyon nəfərin tərk etməsidir".

Ermənistanın "Lragir" qəzetinin yazdığına görə, son üç ildə Ermənistanı 180 min nəfər tərk etmişdir. Cari ilin 11 ayı ərzində isə Ermənistanı tərk edənlərin sayı ölkəyə gələnlərdən 81 min 574 nəfər çox olmuşdur. Bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz çoxdur.

"Armenia Today" portalında yer alan xəbərdə vurğulanır ki, Rusiyada yaşayan ermənilərin sayında daha 650 min nəfər artım müşahidə olunmuşdur. "İPSC" Siyasi və Sosial Məsləhətləşmələr İnstitutu tərəfindən keçirilmiş sorğuya əsasən, Ermənistan əhalisinin 37,4 faizi yaşayış səviyyəsindən narazıdır, 49 faizi isə pis yaşadıqlarını bildirir. İnstitutun əməkdaşı Samvel Manukyanın sözlərinə görə, ölkəni tərk edənlər narazı insanlardır. Hazırda Ermənistan mediası maraqlı bir məqama diqqət çəkərək bildirir ki, ölkədə getdikcə artan intiharların əsas səbəbi işsizlikdir. Ermənistan Milli Elmlər Akademiyasının Fəlsəfə-Hüquq İnstitutunun direktoru Gevorq Poqosyan keçirdiyi mətbuat konfransında bildirmişdir ki, son illər intiharların 50 faizi 30-65 yaş arasındakı kişilər arasında baş verir. Bu ölkədə 2009-cu ildə intiharların sayı 498, 2010-cu ildə 592, 2011-ci ildə isə 647 olub. İnsanların sosial vəziyyəti də buna uyğun şəkildədir. İşsizliyin səviyyəsi 56-57 faizə çatmışdır. Ən çox intihar halları paytaxt Yerevan və Gümrü şəhərlərində qeydə alınmışdır. Bu şəhərlərdə işsiz vətəndaşların sayı gündən-günə artır.

Ermənistanın dövlət borcu hazırda 1 trilyon 752,966 erməni dramına bərabərdir. Bu məbləğin 233,273 milyard dramı daxili, 1 trilyon 519,693 milyard dramı və ya 3 milyard 740,783 milyon dolları isə xarici borcdur.

Ermənistan Maliyyə Nazirliyinin yaydığı ilkin hesabata görə, həmin borcların 37,5 faizi Ermənistanın Dünya Bankına, 33,2 faizi Beynəlxalq İnkişaf Assosiasiyasına, 23,2 faizi Beynəlxalq Valyuta Fonduna, 4,6 faizi Asiya İnkişaf Bankına, 4,2 faizi isə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankına olan borclardır.

Ermənistan ordusunda kriminal vəziyyət

Ermənistan ordusunda da acınacaqlı vəziyyət hökm sürür. Sabiq hərbçi Arman Poqosyan "Kavkazski uzel"ə bildirmişdir: "Ermənistan ordusunda kriminal aləmin qanunları hökm sürür. Orduda kriminalın "yazılmamış qanunları" var və bu qanunları pozanları sərt cəza gözləyir. Əsas münaqişələr isə zabitlərlə əsgərlər arasında olur. Əksər hallarda zabitlərin davranışı və reaksiyası əsgərin törətdiyi əmələ adekvat olmur. Əsgərlər arasında da qanlı haqq-hesablar baş verir. Belə hadisələr bütün hallarda postlarda xidmət çəkən əsgərlərin qulluq etdiyi hissələrdə özünü göstərir".

Ermənistanda da əhalinin 66 faizi yoxsulluq səviyyəsində yaşayır

Beynəlxalq Valyuta Fondu və Dünya Bankının ekspertləri hesabatlarında vurğulayırlar ki, Sarkisyan rejiminin idarəetməsi dünyanın ən geridə qalmış, yoxsul dövlətlərindəki sistemdən əsla fərqlənmir. Lesoto, Mali və ya Madaqaskarda olduğu kimi, Ermənistanda da əhalinin təxminən 66 faizi yoxsulluq səviyyəsində, 32 faizi isə həmin səviyyədən də aşağı, yəni səfil kökündə yaşayır. Ölkənin bütün maddi və maliyyə ehtiyatları, resursları hakimiyyətdəki şəxslərlə onların nəzarətində fəaliyyət göstərən şirkətlərə rəhbərlik edən oliqarxların əlindədir.

1992-ci ildən keçən 20 il ərzində Ermənistanda inhisarların yaranması, təşəkkül tapması və möhkəmlənməsi nəticəsində indi bütün kommersiya, biznes, emal, istehsalat və bank fəaliyyəti 21 ailənin nəzarətindədir. Həmin ailələrin hamısı da hazırda dövlətə başçılıq edən Serj Sarkisyan, onun ailə üzvləri və yaxın qohumlarının nəzarətindədir.

Ölkə iqtisadiyyatı kollaps durumunda olduğundan Serj Sarkisyan iqtidarı fəlakət gününü uzaqlaşdırmaq və bəlanı mümkün qədər təxirə salmaq məqsədilə beynəlxalq təşkilatlardan, maliyyə qurumlarından böyük miqdarda borclar alır. Sonra həmin borcların faiz ödənişlərini vermək üçün digər təşkilatdan kreditlər götürülür və bu minvalla alınan borcla başqa borcun faizləri ödənilir. Beləcə, Serj Sarkisyan ölkənin gələcəyini və perspektivlərini girov qoymaqla aldığı kreditləri iqtisadiyyatın normal hala salınmasına, azad bazar və ədalətli rəqabət şəraitində, süni inhisarların ləğv olunacağı normal mühitdə iqtisadiyyatı dirçəltmək əvəzinə, can verməkdə olan "orqanizmə" daha ağır zərbələr vurur. Hesablamalara əsasən, Ermənistanın indiki daxili və xarici borclarının tam ödənməsi üçün Sarkisyan iqtidarı köklü islahatlar apararaq məmur özbaşınalığı, korrupsiya, haqsız rəqabət, kiçik və orta sahibkarlığa qarşı aparılan total terrora son qoymayacağı təqdirdə, ən azı 16 il sərf etməlidir.

Ümumiyyətlə, araşdırmalar göstərir ki, Ermənistanda iqtisadiyyatın ifrat mərkəzləşdirilməsi, bütün resursların hakimiyyətdəki ailə ilə oliqarxların əlində cəmləşməsi, vergilərin qarətə çevrilməsi nəticəsində bu ölkədə ağır bir situasiya formalaşmışdır. Bundan xilas olmaq üçün isə yuxarıda qeyd etdiyimiz kimi, sadə vətəndaşlar xaricə qaçmağa üstünlük verirlər. Aparılan sorğulardan məlum olmuşdur ki, əhalinin 80 faizi yaşayış səviyyəsindən narazıdır. Respondentlərin 20 faizi ölkəni tərk etmək istədiyini bildirib. Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan son günlər dəfələrlə bəyan edib ki, 2013-cü ildə Ermənistanı çox ciddi maliyyə-iqtisadi böhran gözləyir. Yəni indikindən də ağır vəziyyət olacaq. O, qeyd edir ki, Ermənistan artıq Yunanıstan yolu ilə gedir. Ölkənin milli valyutası sürətlə dəyərdən düşməkdədir və 2013-cü ildə Ermənistan dövləti daha 500 milyon dollar xarici borc qaytarmalıdır. Ermənistanın büdcə kəsiri ümumi daxili məhsulun 3 faizini çoxdan ötüb".

Bütün bunlar bir daha təsdiq edir ki, Ermənistan rəhbərliyinin yürütdüyü siyasət getdikcə ölkəni daha çox fəlakətə sürükləməkdədir. Ermənistan artıq öz ləyaqətini itirmiş bir dövlət vəziyyətindədir.

A.SƏMƏDOVA

Digər xəbərlər