PDF Oxu

Araşdırma

  • 3 151

Azadlıq müqabilində təzminat – bir ölkənin acı taleyi

Azadlıq müqabilində təzminat – bir ölkənin acı taleyi

Qul ticarəti və insanların bütün hüquqlarından məhrum etməklə köləliyə məcbur etmə bəşəriyyət üçün qara bir ləkədir. Böyük coğrafi kəşflərdən sonra Qərb dövlətlərinin iqtisadi yüksəlişi yeni insan resursları tələb edirdi. "Köhnə qitə"nin sakinləri yeni kəşf etdikləri torpaqlarda daha çox idarəçilikdə təmsil olunmaq üçün kifayət edirdilər. Şəkər, tütün, kofe plantasiyalarında ağır işlər üçün avropalılar Afrikadan milyonlarla insanı qul kimi gətirmişlər.

Maraqlıdır ki, bu gün bütün dünyaya demokratiya dərsi keçənlər vaxtilə bəşəriyyət qarşısında törətdikləri əməllərə görə özlərini haqlı sayırlar. Belə olmasaydı 2010-cu il zəlzələsindən sonra yerlə bir olan, 200 000-dən çox insan ölən Haitinin dirçəldilməsi üçün beynəlxalq bir qrupun təşəbbüsü yerdə qalmazdı.

Fransada yerləşən Qaradərililər Assosiasiyasının Nümayəndələr Şurası və yazıçı və alimlərdən ibarət beynəlxalq qrup Fransa rəhbərliyinə müraciət edərək qul ticarətinin bu günkü mirası olaraq dünya xəritəsində yer tapan Haitinin müstəqillik qazanması üçün Fransaya ödədiyi 21 milyard dollar təzminatın geri qaytarılmasını tələb edirlər.

Fransa Prezidenti bu təzminat tələblərini qəbuledilməz hesab edib. Məsələ heç də təzminatın verilib-verilməməli olmağında deyil. Tarixdə baş vermiş bütün hadisələr indi mühakimə edilməli olsaydı onda beynəlxalq münasibətlər sisteminin müasir arxitekturası olduqca mürəkkəb olardı. Lakin tarixdə nəyinsə üstündən heç nə olmayıb kimi ötüb keçmək də gələcək üçün yaxşı heç nə vəd etmir.

Qərb sivilizasiyasının Karib hövzəsinə töhfəsi: ispanlar - yoluxucu xəstəlik, fransızlar - köləlik, ABŞ - narkotranzit

Bütün hadisələr Xristofor Kolumbun Yeni dünyanın kəşfi ilə başlamışdır. Karib dənizində Antil adalarının ən böyüklərindən biri Hispaniola adasına hər yeni avropalı işğalçı özü ilə yeni bir bəla gətirdi. İlk əvvəl ispanların işğalı adada Avropadan gələn yoluxucu xəstəliklərin yayılmasına səbəb oldu. Nəticədə yerli əhalinin böyük hissəsi qırıldı. Bu ispanların töhfəsi.

İspanlardan bir az sonra gələn fransızlar da adanın taleyində dərin iz buraxdılar. Adanın qərbində məskunlaşan bukkoner adlanan fransız piratlar buranı pirat yuvasına çevirdilər. XVII əsrin ortalarından bu bukkonerlər adanın qərbini Fransa kralına bağlı müstəmləkəyə çevirdilər. Əslində bununla adanın taleyində ən mühüm hadisə baş verdi ki, bu öz təsirini bu gün də saxlayır. O dövrdən başlayaraq adanın qərbi fransız, şərqi ispan nüfuz dairəsinə daxil oldular. İndi də qərbdəki Haiti Respublikası fransızdilli, şərqdəki Dominikan Respublikası isə ispandillidir. Haiti Respublikası Amerika qitəsində Kanada ilə bərabər fransız dilinin rəsmi dil olduğu 2 dövlətdən biridir. Bir adanı bölüşən Haiti və Dominikan Respublikaları arasında fərqlər nüfuz dairəsi və mədəni təsirdən başqa iqtisadi inkişaf səviyyəsindən tutmuş beynəlxalq münasibətlərədək bütün sahələri əhatə edir. Ölkələrin tarixi inkişaf yolu və böyük dövlətlərin adanın həyatında oynadığı rol bu fərqləri göstərməyə imkan verir.

Fransız bukkonerlər bir müddət sonra iri plantasiya sahiblərinə çevrildilər. Onlar Haitidə əvvəlcə tütün, daha sonra isə şəkər və kofe istehsalçısına çevrildilər. Bu plantasiyalarda işlətmək üçün isə fransızlar Afrikadan qullar gətirməyə başladılar. Haitiyə 2 milyona yaxın qaradərili qul gətirilmişdir ki, bunun da üçdə biri yerli iqlim şəraiti, tropik xəstəliklər və ağır işlə əlaqədar Haitidə ilk yaşadıqları illərdə ölmüşdür. Ümumiyyətlə aparılan araşdırmalar təsdiq edir ki, Haitiyə gətirilən qulların böyük hissəsi Afrikada doğulmuşdur. Yəni, Haitidə bu qullar övladları olana qədər yaşamaq iqtidarında deyildilər. Buna görə Haitidə əhalinin Afrikaya bağlılığı digər qonşu dövlətlərdən, o cümlədən Dominikan Respublikasından olduqca fərqlidir. Haiti Respublikasının rəsmi siyasətində və xarici əlaqələrində də bu özünü göstərir. Belə ki, hazırda Afrika İttifaqında müşahidəçi statusu olan Haiti Respublikasının bu təşkilata üzvlüyü məsələsi gündəmdədir.

XIX əsrin "Azadlıq adası"

Böyük Fransa inqilabı fransız müstəmləkələrinə də ciddi təsir etdi. Haitidə qaradərili qullar üsyan etdilər və nəticədə 1792-ci ildə burda köləlik ləğv olundu. Beləliklə, köləlik bu ölkədə ABŞ-dan, İngiltərədən daha əvvəl ləğv olunmuşdu. Həmin dövrdə ABŞ-dan azad qaradərililərin Haitiyə gəlmələri məlumdur. Haiti o dövrdə köləliyin ləğv olunduğu və ətraf müstəmləkələrdə qulların azadlıq ümidi ilə üz tutduğu "Azadlıq adasına" çevrilmişdi.

100 mindən çox qaradərilinin öldürülməsi (25 000-ə yaxın ağ dərili də öldürülmüşdür) hesabına olsa da qulların bu qiyamı 1804-cü ildə Haitinin müstəqil Respublika elan edilməsi ilə nəticələndi. Bu Latın Amerikası və Karib hövzəsində ilk müstəqil dövlət idi. Dünyada isə Haiti qaradərili insanın rəhbər olduğu ilk dövlət kimi tarixə düşmüşdür.

Bu da bir həqiqətdir ki, Haiti öz müstəqilliyini təzminat ödəyərək qazanmış və qorumuşdur. 1825-ci ildə kral X Karl Haitini yenidən tutmaq üçün donanma göndərmişdi. Fransanın tələbi əsasında, keçmiş quldarların öz əmlakını və varidatını itirməsi bəhanə edilərəkHaiti 150 milyon frank (qızılla) təzminat ödəmək öhdəliyi götürməyə məcbur edildi. Əvəzində Fransa bu dövlətin müstəqilliyini tanıdı. Fransaya 1947-ci ilədək 90 milyon frank (indiki qiymətləndirmədə 21 milyard dollar) dəyərində təzminat ödənmişdir.Beləliklə, Fransa Haitinin müstəqilliyini 122 ilonun var-dövlətini mənimsəmək hesabına tanımışdır. Bütün hallarda bu işdən uduşlu çıxan Fransadır. Çünki, hətta qul ticarəti və əməyi qalsaydı belə Fransanın Haitidə bu qədər pul qazana bilməsi bəlkə də mümkün olmayacaqdı.

200 illik müstəqillik tarixində 32 çevriliş

XX əsrin əvvəllərindən Karib hövzəsi ABŞ-ın nüfuz dairəsi altına keçdi. 1915-ci ildə ABŞ adanı işğal etdi və o dövrdən başlayaraq Haiti və Dominikan Respublikalarının siyasi mövqelərində əsaslı təzad yarandı. Dominikan Respublikası bu nüfuz dairəsi ilə barışıb və zaman-zaman ABŞ-ın hərbi müdaxiləsi ilə burda müxtəlif rejimlərin hakimiyyətə gətirilməsi təbii hadisə sayılıb. Haiti də XX əsrin böyük hissəsində ABŞ işğalı altında qalsa da, ölkədə hər zaman anti-amerikan hərəkat mövcud olmuşdur. Haitinin 200 illik müstəqillik tarixində 32 çevriliş olmuşdur ki, bunların da əksəriyyəti xarici qüvvələrin maraqlarına uyğun olmuşdur. Maraqlıdır ki, Qərbin diktator adlandırdığı bir çox Haiti rəhbərlərinə gah ABŞ, gah da Fransa qucaq açmışdır. 15 il hakimiyyətdə olan Jan-Klod Düvalye 1986-cı ildə Parisə sığınmışdı. 2004-cü ildə devrilən Prezident Jan Bertrand Aristid də Mərkəzi Afrika Respublikasında fransız hərbi obyektinə qaçırılmışdı.

ABŞ-ın adada hökmranlığı dövründə Haiti və Dominikan Respublikalarının hər ikisi narkotranzit məkana çevrildilər. Kolumbiyadan Amerikaya və Avropaya narkotik daşınmasında bu ölkələr mühüm rol oynayırlar. Lakin maraqlıdır ki, beynəlxalq təşkilatların hesabatlarında hər zaman nədənsə Haitinin üzərində çox dayanırlar. Beləliklə, Haiti məhz ABŞ nəzarətində olarkən narkoticarət mərkəzinə çevrildi. Bu da ABŞ-ın töhfəsi.

BMT sülhməramlı missiyasının töhfələri

2004-cü ildə demokratik yolla seçilmiş prezident devrildikdən sonra Haitiyə BMT-nin sülhməramlı missiyası yeridildi. Lakin bu illər ərzində BMT missiyası da ölkəyə sülh gətirə bilmədi və adı daim qalmaqallarda hallandı. İlk növbədə BMT sülhməramlı kontingenti ölkə daxili siyasi mübarizədə birtərəfli mövqe tutmaqda günahlandırılır. İttihamlara görə, mavi dəbilqəlilər keçmiş Prezidentin tərəfdarlarına qarşı silahlı reydlərin keçirilməsində hökumət qüvvələri ilə birgə çıxış ediblər.

Başqa bir insident Haitidə BMT missiyasında xidmət edən Şri-Lanka hərbçiləri ilə əlaqədar olmuşdur. 2007-ci ildə Şir-Lanka hərbçilərinin uşaqlara qarşı seksual istismar və sui-istifadə halları üzə çıxdı. Nəticədə isə 114 hərbçinin sadəcə geri göndərilməsi ilə proses yekunlaşdı.

2010-cu ildə Haitidə baş verən dəhşətli zəlzələ zamanı da BMT sülhməramlılarının adı xoşagəlməz hadisələrdə hallandı. Zəlzələ nəticəsində 200 mindən çox adam öldü, ölkəyə milyardlarla dollar həcmində ziyan dəydi. Bir tərəfdən də vəba xəstəliyi yayıldı və xəstəlik nəticəsində 10 minə yaxın insan həyatını itirdi. Müstəqil ekspertlərin araşdırmalarına görə xəstəliyin mənşə etibarı ilə BMT-nin sülhməramlı missiyasında Nepaldan olan hərbçilər tərəfindən yoluxdurula biləcəyi iddia olundu. Bununla BMT-nin sülhməramlı missiyasıda Haitidə olduğu təxminən 10 il ərzində ölkəyə öz töhfələrini verdi.

Bütün bunlar vaxtilə Fransanın ən zəngin müstəmləkəsi olan, indi isə Amerikada ən kasıb ölkələrdən olan Haitinin təzminat ödəməklə qazana bildiyi müstəqilliyinin inkişaf yolunun hələ də böyük güclərdən asılı olduğunu göstərir.

newtimes.az

Digər xəbərlər