Artıq ikinci gündür ki, Yeni Azərbaycan Partiyası (YAP) prezident seçkiləri ilə bağlı imzatoplama kampaniyasını müvəffəqiyyətlə həyata keçirməkdədir. Qeyd edək ki, budəfəki seçkilər ərəfəsində də partiya seçki qanunvericiliyi əsasında, eləcə də müasir seçki texnologiyalarından səmərəli şəkildə istifadə edir. Bu baxımdan, onu da xatırlatmaq yerinə düşərdi ki, ölkədə fəaliyyət göstərən digər siyasi təşkilatlardan fərqli olaraq YAP prezident seçkiləri marafonuna bir il öncədən başlayıb. Məhz bu kimi amilləri nəzərə alaraq vurğulamaq mümkündür ki, aparılan ardıcıl və davamlı işlər nəticəsində qarşıya qoyulmuş bütün məqsədlər reallaşdırılır.
Xatırladaq ki, avqustun 7-də Mərkəzi Seçki Komissiyası (MSK) Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Prezident İlham Əliyevin namizədliyini təsdiq edib. Qərar qəbul edildikdən sonra YAP MSK-dan imza vərəqələri götürərək, imzatoplama kampaniyasına başlayıb və partiyanın 1000 nəfərə qədər fəalı prosesə cəlb olunub. Namizədliyin qeydə alınması üçün tələb olunan 40 min imzanı toplamaq məqsədilə yerli təşkilatlar arasında müvafiq bölgü aparılıb. Qəzetimizə məlumat verən rayon və şəhər təşkilatları imzatoplama kampaniyasının uğurla həyata keçirildiyini bildiriblər.
Naqif Həmzəyev: "Proses qanunvericilik əsasında müvəffəqiyyətlə həyata keçirilir"
YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev qeyd etdi ki, prosesə 30 nəfər imzatoplayan şəxs cəlb olunub. Belə ki, 37 saylı Nizami 1-ci (Gəncə), 38 saylı Nizami 2-ci (Gəncə), 39 saylı Kəpəz 1-ci (Gəncə), 40 saylı Kəpəz 2-ci (Gəncə) seçki dairələrində 1500 imzanın toplanması uğurla həyata keçirilməkdədir. Şəhər təşkilatının sədri qeyd etdi ki, artıq xeyli imza toplanılıb və kampaniya öz işini yekunlaşdırmaq üzrədir: "Proses qanunvericilik əsasında və müvəffəqiyyətlə həyata keçirilir. Gəncə seçiciləri, həmişə olduğu kimi, bu dəfə də fəallıqlarını nümayiş etdiriblər. Onlar böyük coşqu hissi ilə Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin xeyrinə öz imzalarını verməkdədirlər. Biz isə, öz növbəmizdə ayın 13-də başlanan imzatoplama kampaniyasının uğurla başa çatacağına və qanunun tələblərinə uyğun olaraq toplanan imzaları vaxtında partiyanın Mərkəzi Aparatına təqdim edəcəyik."
Ramiz Tatarov: "İmzatoplayanlar öz işlərinin öhdəsindən məsuliyyətlə gələ bilmişlər"
YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov isə qəzetimizə məlumat verərkən bildirdi ki, artıq imzatoplama prosesi yekunlaşmışdır: "Belə ki, rayon sakinləri böyük həvəs və fəallıqla prosesdə iştirak edirlər. Bu fakt isə, artıq seçicilərin bəri başdan öz mövqelərini ifadə etməsidir. Vətəndaşlar Cənab İlham Əliyevin namizədliyinin xeyrinə qürur hissi ilə imzalarını verməkdədirlər. Qeyd edim ki, imzatoplama kampaniyası müvafiq qanunvericilik əsasında həyata keçirilir. Belə ki, 108-saylı Ağstafa, 106-saylı Tovuz-Qazax-Ağstafa seçki dairələrində 10 nəfər 500 imza toplamışdır. İmzatoplayanlar bundan öncə seçki ekspertləri tərəfrindən maarifləndirilmiş, onlara imzatoplama kampaniyası ilə bağlı treyninq və təlimlər keçirilmişdir. Nəticədə onlar öz işlərinin öhdəsindən məsuliyyətlə gələ bilmişlər."
Mehdi Balabəyov: "Rayon sakinləri ilk gündən imzatoplama kampaniyasına böyük ruh yüksəkliyi ilə qoşulmuşlar ki, bu amil də Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədinin xalq arasındakı nəhəng nüfuzunun göstəricisi kimi quymətləndirilir"
YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov "Səs" qəzetinə açıqlamasında bildirdi ki, imzatoplama kampaniyası ərəfəsində partiyanın rayon təşkilatının nəzdində seçki qərargahı yaradılmış, imza toplayan şəxslərlə treninqlərin, seçki təlimlərinin keçirilməsi təşkil olunmuş, seçici imzalarının toplanılması ilə bağlı təlimatlar, imza vərəqələrinin nümunələri öyrənilmiş, imza toplayan şəxslərə müvafiq izahatlar verilmişdir: "Belə ki, 54 saylı Şabran-Siyəzən seçki dairsində 8 nəfər fəal tərəfindən 400 imza toplanılmaqdadır ki, bu proses də müvəffəqiyyətlə yekunlaşdırılmaq üzrədir. Rayon sakinləri ilk gündən imzatoplama kampaniyasına böyük ruh yüksəkliyi ilə qoşulmuşlar ki, bu amil də Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədinin xalq arasındakı nəhəng nüfuzunun göstəricisi kimi quymətləndirilir."
Muxtar Nağıyev: "Qısa zamanda tələb olunan imzaların toplanılması bu faktın əyani göstəricisidir"
YAP Səbail rayon təşkilatının sədr müavini Muxtar Nağıyev də imzatoplama kampaniyasının uğurla reallaşdırıldığını bildirdi. Rayon təşkilatının sədr müavini qeyd etdi ki, 16 nəfər fəal 800 imza toplamalıdır ki, hazırda bu proses məsuliyyətli və uğurlu şəkildə yekunlaşdırılmaq üzrədir: "Vətəndaşlar həvəslə və böyük qürur hissi ilə İlham Əliyevin xeyrinə imza verirlər. Qısa zamanda tələb olunan imzaların toplanılması bu faktın əyani göstəricisidir. İmzatoplama kampaniyasında heç bir neqativ və qanunsuz hallara yol verilməyib və bizim rayon təşkilatımız vaxtında topladıqları imzaları partiyanın Mərkəzi Aparatına təqdim edəcək".
Əli Quliyev: "Prosesin müvəffəqiyyətlə aparılması, eyni zamanda partiyanın növbəti uğuru kimi dəyərləndirilməkdədir"
YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev isə imzatoplama kampaniyasının gedişatı ilə bağlı qəzetimizə məlumat verərkən qeyd etdi ki, rayon təşkilatının partiya fəalları imzatoplama kampaniyasını yerinə yetirmək üçün bütün səylərini səfərbər ediblər və qısa zaman kəsimində məsuliyyətli işin öhdəsindən gələcəklər: "İmzatoplama prosesində hər hansı bir qanun pozuntusuna yol verilməyib və fəallarımız kampaniyadan öncə keçirilən treyninqlər vasitəsilə maarifləndiriliblər. Eyni zamanda, vərəqələrin doldurulması prosesinə xüsusi diqqət göstərilir. Vətəndaşlar və rayon sakinləri könüllü şəkildə Cənab İlham Əliyevin xeyrinə imza vermək üçün müraciət edirlər. Təbii ki, prosesin müvəffəqiyyətlə aparılması, eyni zamanda partiyanın növbəti uğuru kimi dəyərləndirilməkdədir. İmzatoplama ilə bağlı partiyanın Mərkəzi Aparatının bütün tövsiyə və tapşırıqları lazımi səviyyədə yerinə yetirilir. Belə ki, 48 saylı Yevlax, 49 saylı Yevlax-Mingəçevir seçki dairələrində 1020 nəfər öz imzasını verməklə, bu uğuru təsdiqləmiş olur".
Bilman Vəliyev: "Proses zamanı qanunvericiliyin bütün tələbləri gözlənilməklə, kampaniya uğurla davam edir"
YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev isə qeyd etdi ki, rayon sakinləri bütün seçkilərdə aktiv şəkildə iştirak edirlər. Belə ki, qarşıdan gələn prezident seçkilərinə hələ 2 aya qədər vaxt qalsa da, indidən bu rayonun seçkilərdə fəal olacağını söyləmək olar. YAP Abşeron rayon təşkilatının sədrinin sözlərinə görə, rayon təşkilatının 10 nəfər fəalı 44 saylı Sumqayıt-Abşeron və 41 saylı Abşeron seçki dairələri üzrə qanunla nəzərdə tutulmuş ərazilərdə kampaniyanı həyata keçiriblər: "Artıq 500 imzanın toplanması prosesi yekunlaşdırılır. Rayon sakinləri könüllü şəkildə öz imzalarını YAP-ın namizədi, Prezident İlham Əliyevin xeyrinə veriblər. Proses zamanı qanunvericiliyin bütün tələbləri gözlənilməklə, kampaniya uğurla davam edir."
Gündüz Bayramov: "Samux rayon təşkilatının həyata keçirdiyi imzatoplama kampaniyası böyük ictimai marağa səbəb olub"
Ölkəmizdə bu ilin oktyabr ayının 9-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirdi ki, seçkilərlə bağlı nəzərdə tutulmuş tədbirlər ardıcıllıqla həyata keçirilir: "Avqustun 13-dən rayon təşkilatında dövlət başçısı İlham Əliyevin namizədliyinin qeydə alınması üçün imzatoplama kampaniyası çox yüksək səviyyədə həyata keçirilməkdədir. Həmçinin, Samux rayonunda da 102 saylı Samux-Şəmkir seçki dairəsində 400 seçici imzalarının toplanması məqsədilə 8 nəfər partiya fəallarının hər birinə imza vərəqi və onun doldurulması üçün müvafiq təlimatlar və yaddaş kitabçaları verilib, imza vərəqələrinin doldurulması qaydası ətraflı izah olunub, suallar cavablandırılıb. Partiyanın fəalları rayonun əhalisi arasında olublar və imza toplayıblar. Rayon əhalisi tərəfindən imzatoplama kampaniyası çox fəal keçirilib.
Elçin İsmayılov: "Bu amil bir daha təsdiq edir ki, partiyamızın namizədi Azərbaycan xalqının alternativsiz Lideridir"
YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılovun bildirdiyinə görə, hazırda bu rayonda da imzatoplama kampaniyası öz işini uğurla yekunlaşdırmaq üzrədir: "Belə ki, 96 saylı Goranboy-Naftalan, 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairələrində 10 nəfər rayon təşkilatının fəalı 500 imza toplamaqla bir daha Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin xalq tərəfindən dəstəkləndiyini sübut edəcək. Çünki rayon sakinlərinin özləri YAP-ın namizədinin xeyrinə imza vermək üçün rayon təşkilatımıza müraciət edirlər. Söz yox ki, bu amil bir daha təsdiq edir ki, partiyamızın namizədi Azərbaycan xalqının alternativsiz Lideridir".
E.İsmayılov eyni zamanda vurğuladı ki, artıq başa çatmaqda olan imzatoplama kampaniyası Goranboy rayonunda da yekunlaşmaqdadır. Toplanan imza vərəqələri YAP-ın Mərkəzi Aparatına təqdim ediləcək.
Rəfiqə KAMALQIZI
Rövşən NURƏDDİNOĞLU