"Milli Şura"nın sədri Rüstəm İbrahimbəyovun seçkilərə getməməsi Müsavat və AXCP arasındakı ədavəti daha da qızışdırıb
Bu ilin 9 oktyabr tarixində Azərbaycanda keçiriləcək prezident seçkilərilə bağlı mənzərə yavaş-yavaş formalaşır. Belə ki, artıq seçkidə iştirak etmək istəyən namizədlər MSK-ya müraciət edib, imza vərəqələrini alıb, lakin yeganə Yeni Azərbaycan Partiyasının namizədi İlham Heydər oğlu Əliyevin seçki qərargahı 40 mindən artıq imza toplayıb. Beləliklə də, seçki prosesi qanunvericiliyə uyğun şəkildə şəffaf və demokratik şəraitdə davam edir. Amma böyük problemlər hələ də radikal müxalifət düşərgəsində müşahidə olunmaqdadır. Bunun səbəbi isə "Milli Şura"nın timsalında vahid namizədin ortaya çıxarılmasıdır. Ancaq hələ də radikal müxalifət düşərgəsində bununla bağlı vahid mövqe ortaya qoyulmayıb. Daha doğrusu, vahid namizəd məsələsi radikal müxalifət düşərgəsini döyüş meydanına çevirib. "Milli Şura"nın sədri Rüstəm İbrahimbəyovun seçkilərə getməməsi Müsavat və AXCP arasındakı ədavəti daha da qızışdırıb. Müxalifət düşərgəsində bəzi partiyalar hesab edirlər ki, Rüstəm İbrahimbəyov bütün bu proseslərə bilə-bilə rəvac verir. Məsələn, Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib ki, Rüstəm İbrahimbəyov pasport məsələsini özü həll etmək istəmir. O, Azərbaycana gəlmək istəmir. Bu, açıq şəkildə əvvəlcədən də məlum idi ki, Rüstəm İbrahimbəyov Azərbaycana gəlməyəcək. S.Cəlaloğlu bildirib ki, əgər Rüstəm İbrahimbəyov Azərbaycana gəlməyəcəksə, "Milli Şura"nın nəyəsə nail olmaq şansı gündəmdən çıxır: "Çünki Rüstəm İbrahimbəyovun arxasında müəyyən qüvvələr durdu və əgər o qüvvələr onun Azərbaycana gəlməyini təmin etmirsə, "Milli Şura"nın başqa heç bir namizədini dəstəkləməyəcəklər".
S.Cəlaloğlu deyib ki, "Milli Şura"da təmsil olunan partiyalar arasında da müəyyən qarşıdurma var: "Rüstəm İbrahimbəyov burada birləşdirici rol oynamağa çalışırdı və əgər o yoxdura, "Milli Şura"da birlikdən söhbət gedə bilməz. Belə ki, Rüstəm İbrahimbəyov variantı boykotdan daha yaxşı variant olduğuna görə, alternativ variantı qəbul etmirdilər. Rüstəm İbrahimbəyovla bağlı ümidləri var idi ki, o, birləşdirici fiqur olacaq. Əgər birləşdirici fiqur idisə, niyə ciddi bir iş görə bilmir? Müxalifəti nə "İctimai Palata", nə "EL" hərəkatı birləşdirə bilmədi, Rüstəm İbrahimbəyov necə birləşdirə bilər? Yəni bütün bunların hamısı seçki konyukturası üçün hesablanmışdı. Fikirləşirdilər ki, ya Rüstəm İbrahimbəyov Azərbaycana gəlməsə boykot edərik, gəlsə Rusiyanın vasitəsi ilə nəsə edərik. Əgər Rüstəm İbrahimbəyov Azərbaycana gəlmirsə, bu, o deməkdir ki, Rusiyanın Azərbaycanda seçki proseslərinə qarışmaq fikri yoxdu. Qarışmaq fikri yoxdursa, deməli "Milli Şura"nın heç bir ciddi dəstəyi yoxdur. Belə olan halda orada nə birlik qalacaq, nə də başqa bir şey. Çox güman ki, partiyalar ayrılıb, hərəsi öz namizədi ilə gedəcək. Artıq "Milli Şura" haqqında danışmağın mənası yoxdur".
S.Cəlaloğlu deyib ki, prezidentliyə namizəd olmaq istəyən Rüstəm İbrahimbəyov nə qədər yalan danışar? Nə qədər insanları aldadar: "Neçə dəfə deyib gələcəm, gəlmir, deyirdi vətəndaşlığım yoxdu, sonra deyir var, indi deyir ki, mənə vətəndaşlıqdan çıxmaq lazım deyil ki. Mənim ikili vətəndaşlığım yoxdur. Əgər prezident olmaq istəyən şəxs xalqa bu qədər yalan deyirsə, deməli, onun gələcəyi çox təhlükəli olacaq".
Bu mənada, Rüstəm İbrahimbəyovun daha bir namizədin müəyyələşdirilməsilə bağlı fikirlərindən sonra qarşılıqlı açıqlamalar "müharibəsi" başladı. Belə ki, AXCP sədrinin müavini Nurəddin Məmmədli deyib ki, "Milli Şura"nın vahid namizəd məsələsi həllini tapmazsa, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) prezident seçkilərində öz namizədi ilə iştirak edə bilər. O bildirib ki, təmsil etdiyi partiya istənilən halda seçkilərdə iştirakın tərəfdarıdır: "Prinsip etibarilə hansısa bir variantda buna çalışacağıq. Əgər "Milli Şura"nın 19 avqust sessiyasına qədər Rüstəm İbrahimbəyovun ikili vətəndaşlıq məsələsi həll olunsa, biz onun namizədliyi ətrafında mübarizəmizi davam etdirəcəyik. Olmasa, yeni namizəd irəli sürüləcək". Lakin N.Məmmədli seçkilərdə başqa alternativ variantlarda iştirakı da istisna etməyib.
Müsavat Partiyanın icra aparatının rəhbəri Arif Hacılı da deyib ki, "Milli Şura"da prezidentliyə vahid namizəd məsələsi öz həllini tapmasa, Müsavat Partiyası seçkilərdə öz namizədi ilə iştirak edə bilər. O bildirib ki, "Milli Şura"nın avqustun 19-da keçiriləcək toplantısına qədər Rüstəm İbrahimbəyovun namizədliyi ilə əlaqədar yaranmış problemlər aradan qaldırılmasa, yəqin ki, yenidən "Milli Şura"nın digər bir intellektualın vahid namizəd irəli sürülməsi barədə təkliflər təkrar ediləcək: "Ancaq əgər bu məsələdə konsensus alınmasa, bu təklifə qarşı çıxan siyasi partiyalar bu həftə ərzində öz mövqelərini korrektə etməsələr, artıq Müsavat Partiyası olaraq biz seçkilərdə iştirak etməyin digər yollarını aramaq məcburiyyətində qalacağıq".
Müsavat Partiyasının öncədən alternativ vahid namizədlə bağlı təkliflərinin "Milli Şura"da narazılıqla qarşılanmasına münasibət bildirən A.Hacılı qeyd edib ki, bu cür halın baş verməsi ilk dəfə deyil: "Zaman-zaman biz belə təkliflər irəli sürürük və təəssüflə qeyd etmək lazımdır ki, bir çox hallarda bizim təşəbbüslərimiz və təkliflərimiz müqavimətlə qarşılanır. Bu təklifləri, bu mövqeləri demokratik düşərgəyə xəyanət, hakimiyyətin maraqlarına xidmət etmək kimi qiymətləndirənlər də tapılır və əleyhimizə kampaniya aparılır və sonda görürsən ki, bir çox siyasi qüvvələr bizim mövqeyimizin haqlı olduğunu etiraf etməyə məcbur olurlar və ya etiraf etməyərək susmaq zorunda qalırlar".
A.Hacılının sözlərinə görə, bu dəfə də təəssüf ki, belə oldu və əgər zamanında "Milli Şura"nın qarşısına çıxa biləcək problemlərin profilaktikası ilə bağlı Müsavat Partiyasının təklifləri qulaqardına vurulmasaydı və bu məsələlərlə bağlı soyuqqanlı qərarlar qəbul edilsəydi, yəqin ki, indi "Milli Şura"nın vəziyyəti olduğundan daha yaxşı olardı: "Təəssüf ki, seçkilərə hazırlıqla bağlı xeyli vaxt itkisinə yol verdik, hətta "Milli Şura"nın dünənki toplantısında da bizim uzağı avqustun 16-da bu məsələyə yenidən qayıtmaq təklifimizi də qəbul etmədilər və faktiki olaraq bir həftə də vaxt itkisinə yol verdik. Cəmi 60 günlük seçki kampaniyasının 10 gününü itirmiş olduq".
A.Hacılı bildirib ki, buna baxmayaraq Müsavat Partiyası öz işini görüb: "Yaxşı ki, Müsavat Partiyası olaraq biz bütün bu məsələlərin başvermə ehtimallarını əvvəlcədən bilərək seçkilərə hazırlıq işlərinə başlamışıq, hələ yanvar ayında Müsavat Partiyasının seçki qərargahı yaradılıb və bu seçki qərargahına Müsavat Partyasının praktiki işlə məşğul olan funksionerlərinin bir qismi daxil olub. Biz seçkilərə hazırlıqla əlaqədar görüləcək işlərin Müsavat Partiyasından asılı olan hissəsini artıq görmüşük və ayın 19-da yenidən nəyisə təxirə salmaq, yenidən nəyisə gözləmək təklifləri üstünlük təşkil etməyəcəksə və "Milli Şura" vahid namizəd ilə seçkiyə getmək qərarı verəcəksə, Müsavat Partyasının bütün resursları ilə seçki kampaniyasına qoşularaq bu itirilmiş vaxtın əvəzini çıxmağa çalışacaqlar".
Lakin Hacılı qeyd edib ki, vahid namizəd məsələsi ilə bağlı razılığa gəlinməsə də, Müsavat Partiyası bütün halları nəzərə alıb: "Biz bütün halları nəzərə almışıq və proseslərin ən müsbət gedişindən ən mənfi gedişinə qədər müxtəlif yollar, müxtəlif variantlar üzərində düşünmüşük və müxtəlif variantlara hazırlaşmışıq".
Göründüyü kimi, "Milli Şura"da təmsil olunan Müsavat Partiyası da Rüstəm İbrahimbəyovun vahid namizəd məsələsinin reallaşmayacağı təqdirdə, öz namizədi ilə seçkilərə qatılacağını bildirib. Ekspertlər də hesab edir ki, nə Müsavat Partiyası, nə də AXCP bu məsələdə bir-birlərinə güzəştə getməyəcək.
"Səs"Analitik Qrupu