PDF Oxu

Araşdırma

  • 2 894

İslam və demokratiya: uzlaşma mümkündürmü?

İslam və demokratiya: uzlaşma mümkündürmü?

Məlum olduğu kimi "ərəb baharı" adlandırılan çevrilişlərdən sonra Tunis, Misir və digər bəzi ərəb ölkələrində İslamçı partiyaların hakimiyyətə gəlməsi nəticəsində İslam və demokratiya mövzusu daha da aktuallıq qazandı. Burada əsas məsələni İslamın demokratik sistemlə uzlaşıb-uzlaşmayacağı ətrafında gedən müzakirə və mübahisələr təşkil edir. İslamın din və öz daxilində hüquqi sistem olaraq demokratik dəyərlərə necə baxdığı müxtəlif aspektlərdən təhlil oluna bilər.

Tarix boyunca İslam dininin hüquqi tərəfini sistemləşdirən şəriət heç bir müsəlman cəmiyyətində birtərəfli şəkildə tətbiq olunmamışdır. Müxtəlif xarakterli və mahiyyətli müsəlman cəmiyyətləri şəriəti müxtəlif aspektlərdən öz həyatlarında tətbiq etmişlər. Şəriətdə qəbul olunan "zamanın dəyişməsilə hökmlərin dəyişməsi " prinsipi hazırda aktual qaydalardan biridir. Məsələn İran İslam respublikası olması ilə bərabər Qərb dəyərlərinə istinad edən parlamentə və prezidentə malikdir. Bu həm paradoks, həm də sistemi tamamlamaq təşəbbüslərindən irəli gəlir. Nəticədə İslam bir din olaraq sosializm, kapitalizm, avtoritarizm və digər ``izm``lərə sistemli model təqdim etməyərək, əsaslı şəkildə fərdin və cəmiyyətin ilahi həqiqətləri qəbul etməsini istəməkdədir.

Bu mövzuda mühüm problemlərdən biri də İslam dünyasında kifayət qədər tərəfdarı olan bir təbəqənin ``hakimiyyət yalnız Allaha məxsusdur`` arqumenti ilə demokratiyanı rədd etməsi və xalqın iradəsini qəbul etməməsidir. Bu fikir sahiblərinə görə demokratik bir dövlətdə ``zina, faiz və eynicinslilik`` kimi şəriət hökümləri ilə uyğunluq təşkil etməyəcək vəziyyətin meydana gəlməsi labüddür.

Ancaq yeri gəlmişkən qeyd etməliyəm ki, şəriətin beş əsas məqsədini (can, ağıl, din, namus, mal) müəyyən edən hüquq metodologiyasında (fiqh üsulu) insani cəhət daha geniş şəkildə ələ alınır. Bu metodologiya insan həyatının tənzimlənməsini şəriətin ən ülvi məqsədi olaraq qəbul edir. Burada "ziyan vermə və ziyana düşmə yoxdur", "gücü çatmayanlar məsuliyyət daşımaz", "çətinliklərin həlli", "pisliyə mane olmaq faydadan əvvəl gəlir", "şübhə olduğu zaman hökmlər tətbiq olunmaz" kimi prinsiplər mövcuddur. Eyni zamanda insan davranışları səbəb, şərt, maneə kimi faktorlar kontekstində təsvir və təhlil olunmalı və hökmlər tətbiq olunmazdan əvvəl bilinməlidir. Məsələn, aclıq, işsizlik və yoxsulluq vəziyyətlərində oğrunun əli kəsilməz. Bu cəzanın tətbiq olunmasının şərti insanın təməl ehtiyaclarının qarşılanması istiqamətində hərəkət etmək və ədalətli olmaqdır (1). Bu mənada dində şəriətin məqsdləri olaraq bilinən prinsiplərin demokratik qayda və prinsiplərlə uzlaşabiləcəyini düşünmək mümkündür.

Demokratiyanın qarantiyası

Qlobal dünyada dinlər azadlıqların qarantiyasını təşkil edə bilməzlər. Ancaq müasir demokratiya bütün dinlərin, məzhəblərin, ideologiyaların və mədəniyyətlərin qarantiyası olmağa davam edir. Bu baxımdan dinin ictimai həyatda yer alması fərqli bir məsələdir və bu, demokratik prinsiplərlə paradoks təşkil etmir. Demokratik prosesə zidd olan isə dinin və ya başqa bir dini sektanın təzyiq ünsürü halına gəlməsidir. Bunun xaricində hər bir etiqad və düşüncə cəmiyyət həyatında həm düşüncə, həm də həyat tərzi olaraq öz yerini ala bilər (2).

Bu kontekstdə qeyd etməliyəm ki, Türkiyənin baş naziri R. T. Ərdoğan 2011-ci ildə Misirə səfəri zamanı oradakı çıxışında dünyəvi dövlət dəyərlərinin və demokratiyanın müsəlmanlar üçün vacib olduğunu ifadə etmişdi. Bu ifadələri Müsəlman Qardaşlara mənsub islamçılar etirazla qarşılamışdı. Ancaq onu qeyd etməliyəm ki, bundan sonra İslamçıların özləri də demokratiya və dünyəvi dövlət prinsiplərinin onlar üçün imkan yaratdığını düşünməyə başladılar. Belə olmasaydı Müsəlman Qardaşların hakimiyyəti dövründə də konstitusiyada ``hakimiyyət milli iradəyə mənsubdur`` maddəsi yer almazdı. Digər tərfədən Tunisdə hakimiyyətə gəlmiş olan mülayim İslamçı Ən-Nahda partiyası da liberal və bəzi sol təmayüllü partiyalarla koalisiya hökümətini təşkil etdilər.

Ümumiyyətlə İslam və demokratiya mövzusunda bir çox əsaslı suallar mövcuddur: demokratik seçkilərlə hakimiyyətə gələn İslamçı partiyalar demokratiyanı məhv edəcəklər yoxsa demokratik sistemə inteqrasiya olacaqlar? İslam hərəkatları demokratiyanı şəriətə çevirir, yoxsa demokratiya İslam cərayanlarını demokratikləşdirir? Hazırda İslam ölkələrində daha çox yayılan demokratik düşüncə İslamı tətbiq etmək üçün demokratiyadan bir vasitə olaraq istifadə etmək istəyidir.

Nəticədə dinin siyasətə alət edilməsi tarix boyunca ənənəvi hal almış düşüncənin nəticəsidir. Məhz bu düşüncə nəticəsində hakimiyyət uğrunda dini hökmlər çıxarılmış və fitvalar verilmişdir. İnsan hüquqları, cəmiyyətin formalaşma dinamikası rasional arqumentlərə əsaslandırılmalı, vaxtı keçmiş və heç bir tətbiq sahəsi qalmamış dini hökmlər tarixilik və universallıq prinsipləri altında yenidən şərh olunmalıdır. Bu mənada İslam və demokratik prinsiplər arasında dialoq mümkündür. Məhz İslamda dil, irq, cins və rəng fərqinin qəbul edilməməsi və geniş şəkildə vicdan azadlığına istinad edilməsi demokratik prinsiplərlə İslamın universal qaydalarının uzlaşdığını göstərir.

newtimes.az

Digər xəbərlər