"Bunlar heç bir vəchlə nə şəxsiyyət kimi, nə siyasətçi kimi Heydər Əliyevin səviyyəsinə çata bilməzlər"
"Milli Şura"nın sonu yaxınlaşdıqca, qurumda yaşanan qalmaqallar da davamlı xarakterə doğru keçid almaqdadır. Bir-birini əvəzləyən bənzər ziddiyyətli məqamlar, "liderlərin" qruplara ayırlması, eləcə də bu kimi digər hadisələr fonundan da açıq-aşkar görünür ki, "Milli Şura" seçkilərə doğru pərakəndə, dağınıq şəkildə gedir. Eyni zamanda qurumun iki siyasi təşkilatın inhisarına keçməsi sözügedən vəziyyəti daha da gərginləşdirməkdədir. Yəni məsələ də ondadır ki, AXCP və Müsavat partiyalarının bilavasitə nəzarətinə keçmiş "Milli Şura"nın parçalanma nüvəsini də məhz Əli Kərimli-İsa Qəmbər cütlüyü təşkil edir. Bu səbəbdən də qurum daxilində narazıların sayı artmaqdadır. KXCP, ACP, "EL", ALP kimi partiyaların kontekstində ayrıca şəxslərin də "Milli Şura"dan istefa verəcəkləri an məsələsidir.
"Belə də mənəviyyatsızlıq olar?"
Bu arada ALP lideri Lalə Şövkət Hacıyevaya qarşı "Cəbhə"-Müsavat tərəfindən total hücumlara start verilib. Düzdür, yuxarıda qeyd edilən narazı partiyalar Lalə Şövkətin cinahını müdafiə etsələr də, ALP ayrıca öz ittihamlarını səsləndirməkdə davam edir. Məsələn, bu günlərdə partiya sədri Əvəz Temirxan Müsavat başqanını qorxaqlıqda və kimlərinsə arxasında gizlənməkdə suçlayıb. Onun ardınca isə L.Şövkət haqlı iradlarını kəskin ittihamlar şəklində bəyan edib. O bildirib: "R.İbrahimbəyov pasport məsələsini həll edə bilmədiyini deyən məqamdan sonra, onu dünən göylərə qaldıranlar, ağsaqqal və böyük sayanlar dərhal ona qarşı təhqirə keçdilər və qəzetlərində ona qarşı təbliğata başladılar. Belə də mənəviyyatsızlıq olar? Belə adamlarla işləmək mümkün deyil. Onlar daim məni ittiham edirlər ki, Heydər Əliyevin vaxtında az qala ölkədə əsas adam olmuşam, Heydər Əliyevlə işləmişəm. Bəli, işləmişəm, Heydər Əliyevin komandasında olmuşam. Bu, həyatımın bir səhifəsidir və ondan heç vaxt imtina etmərəm. Bunlar isə heç bir vəchlə nə şəxsiyyət kimi, nə siyasətçi kimi Heydər Əliyevin səviyyəsinə çata bilməzlər. Mən bunu açıq bəyan edirəm və sözümün üstündə dururam. Əgər onlar Heydər Əliyev siyasətini qəbul etmədiklərini bildirirlərsə, biz də bunların siyasətinin törətdiyi faciələri görmüşük. Heydər Əliyev üçün 1993-cü ildə Naxçıvana təyyarə göndərənlər və gəlişi üçün yalvaranlar bunlar olub. Bu, tarixdir və heç kim bunu yaddan çıxarmayıb. O da bir tarixdir ki, 1998-ci ildə ANS telekanalına verdiyi müsahibəsində mərhum Elçibəy açıq bəyan etmişdi ki, "müxalifət qəzetləri iki siyasətçini vururlar - məni və Lalə Şövkəti". Bu gün İbrahimbəyova qarşı çirkin kampaniya aparanlar 1998-ci ildə eynilə çirkin kampaniyanı Elçibəyə qarşı aparırdılar. Tarix və insanlar bunu yaddaşda həkk ediblər. İndi nə oldu ki, həmən bu adamlar özünü "elçibəyçilər" adlandırırlar? Niyə görə 1998-ci ildə mən Elçibəyin vahid namizəd olmasını təkid edəndə, buna qarşı İsa Qəmbər çıxırdı? Hamı yaxşı bilir ki, məhz İsa Qəmbər Elçibəyin vahid namizədliyinə qarşı çıxdı. İndi deyin görüm, kimdir elçibəyçi?"
Haqlı olaraq fenomen siyasətçi, düha kimi dəyərləndirilən Heydər Əliyevlə bir komandada işləyən, onunla təmasda olan, hətta həyatında bir dəfə görüşən insanlar həmişə o böyük şəxsiyyətin dahiliyi, vətənpərvərliyi, milliliyi, təkrarolunmazlığı haqqında danışıblar. Bunlar nəinki heç bir vəchlə nə şəxsiyyət kimi, nə siyasətçi kimi Heydər Əliyevin səviyyəsinə çata bilməzlər, hətta bu müqayisəni aparmaq belə kobud səhvdir. Heydər Əliyev zirvəsi əlçatmazdır. Bu, bir danılmazlıq, aksiomdur.
Xalq hər zaman müdrik seçimini, qərarını verib və uduzmayıb!
Ölkəni dağıdıb bərbad hala salanlar bilirdilər ki, Heydər Əliyevin simasında xilaskar bir qüvvə var. Ən kritik vəziyyətdə belə o, düzgün yol tapa və siyasi uzaqgörənliyi sayəsində xalqı, ölkəni ağır durumdan çıxara bilər. Buna görə də ağır durumda Heydər Əliyevə müraciət etdilər, onun dalınca təyyarə göndərdilər. Sonrakı dövrdə isə bu fikirlərinə qarşı inkar yolunu tutdular, hər vəchlə sübut etməyə çalışdırlar ki, belə bir addım atmayıblar. Amma xalq hər şeyi bilir, həmin dövrün canlı şahidləri durur və zaman-zaman öz açıqlamaları ilə onlara kim olduqlarını, ölkəni necə acınacaqlı vəziyyətə saldıqlarını və bugünkü varlıqlarına görə kimə borclu olduqlarını xatırladırlar.
Kim deyir ki, İ.Qəmbər özünü elçibəyçi sayır? AXC-ni parçalıyıb Müsavatı yaradan, o zamankı iqtidar daxilində ikipartiyalıq, yəni ayrıseçkilik mövqeyindən çıxış edən, hakimiyyətdə olduqları dövrdə bütün icra strukturlarına rəhbər vəzifələrə öz adamlarını təyin edən, Elçibəylə düşmənçilik səviyyəsində mübarizə aparan birisi nəyə görə 1998-ci ildə ona güzəştə getməliydi. İsa Qəmbər hər gecə yuxusunda prezident kreslosu görür. Bu ideya onu yatanda da rahat buraxmır və öz məqsədinə çatmaq üçün kimin üstündən deyirsinizsə, keçməyə hazırdır.
Təbii ki, AXCP sədri Ə.Kərimli də köhnə və "mehriban" düşmənindən geri qalmır. Bu gün onun da "əməyi" sayəsində müxalifət tamamilə çökmüş və dağılmış vəziyyətdədir. Söz yox ki, ALP "lideri"nin sözügedən ittihamları tamamilə haqlı və yerində deyilmiş sözlərdir. Belə olan halda xalq, əlbəttə ki, belə siyasi oyunbazları, xarici təşkilatlar, dipkorpuslar qarşısında quyruq bulayıb, təlxəklik edənləri qəbul etməz. Çünki xalq hər zaman müdrik seçimini, qərarını verib və uduzmayıb! Təbii ki, belələrindən fərqli olaraq.
Afət TAHİRQIZI