"ATƏT-in aralıq hesabatında müşahidə missiyasının irad tutduğu məsələlər özü sübut edir ki, Azərbaycan hökuməti seçki prosesinə müdaxilə etməyib və etmək fikrində də deyil". Bu sözləri SİA-ya açıqlamasında politoloq Mübariz Əhmədoğlu ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki müşahidə missiyasının Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı aralıq hesabatında yer alan iradlara münasibət bildirərkən deyib. O bildirib ki, hesabatda qadınların prezident seçkilərində iştirak etməməsi məsələsi ilə bağlı irəli sürülən iradlar qeyri-obyektiv yanaşmadır.Onun sözlərinə görə, Azərbaycan qadını Avropa məkanında ən inkişaf etmiş qadın simasıdır: "Azərbaycanda seçki hüququ olanda Avropada belə bir hüquq yox idi. Qadınlarımız cəmiyyətdə gedən ictimai-siyasi proseslərdə kifayət qədər fəaldır. Onlar fikriləşirlər ki, Azərbaycan hökuməti prezident seçkilərində iştirak etmək üçün qadın namizədi tapa bilmir, amma belə deyil. Azərbaycanda prezidentliyə namizəd və digər vəzifələri tutmağa qadir bir çox qadın var. Hazırda siyasətlə məşğul olan, cəmiyyət arasında tanınan, nüfuz və vəzifə sahibi olan qadınlarımız az deyil. Onlar bu hesabatla nə demək istəyirlər? Azərbaycanda demokratik seçkilərin keçirilməməsi böhtanı altında dövlətçiliyimizi məhv etmək istəyirlər? Azərbaycan mürəkkəb bir regionda yerləşən, var-dövlətə, güclü təbii resurslara malik olan dövlətdir. Bu gün Azərbaycanın dövlət başçısı Cənab İlham Əliyevin yürütdüyü uğurlu siyasət çoxlarını narahat edir. Azərbaycanda seçki prosesi zamanı heç bir aksiyaya maneçilik törədilməyib. Siyasi partiyalar da bilir ki, onlar üçün ayrılan yerdə rahat şəkildə mitinq təşkil etməkdə sərbəstdirlər. Bundan əlavə, hesabatda əks olunan məsələrdən biri də odur ki, guya Azərbaycan Venesiya Komissiyası tərəfindən irəli sürülən təklifləri qəbul etmir. Venesiya Komissiyasının seçkinin tərkibi ilə bağlı irəli sürdüyü təklifin mahiyyəti Azərbaycanda seçki prosesini iflic hala salmaqdırsa, Azərbaycanın monitorinq missiyası ilə bağlı verdiyi təklif aşkarlığa, demokratiya və şəffalığa söykənir. Hər bir ATƏT monitorinq müşahidəçisi apardığı müşahidələrlə bağlı qeydlərini mətbuata verə bilər. Lakin monitorinq missiyası müşahidəçilərə məlumat yaymağı qadağan edir. Monitorinq missiyasının rəhbəri məlumatları özünün əldə etdiyi sifarişə, siyasi marağına uyğun olaraq dəyişir. Fikirləri təhrif edərək istədiyi şəklə sala bilir. Bu baxımdan da onların irəli sürdüyü iradlar bir daha onu göstərir ki, Azərbaycan seçki prosesinə müdaxilə etmir, etmək fikrində də deyil".Kaliforniya nümayəndələrinin Dağlıq Qarabağa getmələri məsələsinə toxunan politoloq bildirib ki, istər Kaliforniya nümayəndələrinin, istərsə də Böyük Britaniya parlamentarilərinin Dağlıq Qarabağa getmək niyyətləri baş tutmadı: "Hər iki ölkə nümayəndələrinin səfəri təxribat xarakteri daşıyırdı. Səfərin baş tutmamasına əsəs səbəb səfirlərin buna müdaxiləsi olub. Hər iki ölkənin nümayəndə heyətinin Dağlıq Qarabağa səfərlərinin pozulması o deməkdir ki, hansısa qüvvə bunun üzərində işləyir. Belə ki, onların səfərləri təxirə salındı və görüş Yerevanda reallaşdı. Hər iki səfər xüsusilə hazırlansa da, son anda pozuldu. Bu da onu göstərir ki, həm İngiltərə, həm də ABŞ Azərbaycan üçün önəmli bir dövrdə ölkəmizi, xüsusən də, ali siyasi rəhbərimizi dəstəkləyir. Hazırkı vəziyyətdə isə, bu, bizim üçün mühüm əhəmiyyət daşıyır".
Nailə İbrahimqızı