"Ermənistan Azərbaycana təsir göstərmək üçün istənilən vasitəyə əl atır". Bu sözləri politoloq Elman Nəsirli Ermənistanın separatçı rejimini davam etdirməsi məsələsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, ölkəmizin günü-gündən inkişaf etməsi, potensialının artması Ermənistanı daha da aqressivləşdirir: "Ermənistan getdikcə çökür. Hətta onların ziyalıları bildirirlər ki, Ermənistan əhalisi ölkəni tərk etmir, onlar baş götürüb qaçırlar. Belə bir hakimiyyətə, perspektivə malik olan ölkə hər bir üsuldan istifadə edir ki, Azərbaycana qarşı müəyyən təxribatları işə salsın. Bu nöqteyi nəzərdən onlar dönük və satqın insanlardan istifadə edirlər. Buna misal Ələkrəm Hümbətovdur. O, Azərbaycanı parçalayan, separatçı, xalqının qənimi idi. Burada diqqəti çəkən məqamlardan biri o idi ki, Ələkrəm Hümbətov səfərə getməmişdən qabaq söyləmişdi ki, əgər Ermənistan onun dəvət edərsə, o gedəcək. Özü dəvət üçün şərait yaradıb. Onun bu hərəkəti göstərdi ki, düşmən ölkə onun kimi dönük, satqın insanlardan öz məqsədlərini həyata keçirmək üçün istifadə edir".Ələkrəm Hümbətovun Ermənistanda talış xalqının adından danışmasına münasibət bildirən E. Nəsirli vurğulayıb ki, onun talış xalqının adından danışmağa heç bir haqqı yoxdur: "Guya bu gün Ermənistan hakimiyyəti Azəraycanda yaşayan talışları müdafiə edir. Düşmən erməninin belə bir bəyanatla çıxış etməsi, talışlara qarşı hörmətsizlik, təhqirdir. Çünki Ermənistan dövləti, bütün azərbaycanlılara düşmən münasibəti bəsləyir. Ələkrəm Hümbətov kimiləri yalnız öz adlarından danışa bilərlər. Onun talış xalqının adından danışmağa mənəvi haqqı yoxdur. Talış xalqı və onun nümayəndələri onu heç bir halda öz sıralarında görmür. Azərbaycanda doğulub buranın çörəyini yeyən bir insanın bu davranışı onu göstərir ki, Ələkrəm Hümbətov ermənidən də betərdir".
sia.az