"Bu bərabərlik, ədalət prinsipinin qorunmaması, çirkin niyyətlərin olmasına, bir sözlə ikili siyasətə bariz nümunədir"
SİA-nın sualını Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə cavablandırır
- Vüqar müəllim, ATƏT-in DTİHB müşahidə missiyası seçkilərdən bir gün əvvəl yəni oktyabrın 8-də media və QHT-lərin iştirakı ilə görüş keçirməyi planlaşdırır. Burada ölkədəki seçki prosesi müşakirə olunacaq. Lakin burada təəccüb doğuran məsələ ondan ibarətdir ki, tədbirə yalnız radikal müxalifətyönlü media və təşkilatlar dəvət olunub. Bunun səbəbi nədir və bu ayrı seçkiliyin arxasında nə dayanır?
- Qısaca olaraq bu həmin təşkilatın bir daha simasızlığını, qərəzini və ikiüzlülüyünü ortaya qoyur. Demokratiyanın vacib amillərindən biri seçkilərin şəffaf və azad, beynəlxalq standartlara uyğun keçirilməsidir. Ölkədə seçki qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində atılan addımlar və onların uğurlu nəticələri göz qabağındadır. Qeyd edək ki, 1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış komissiya tərəfindən hazırlanmış və ümümxalq səsverməsi (referendum) ilə qəbul edilmiş Milli Konstitusiyamız bu sahədə əsas prioritetləri müəyyən etmişdir. 1997-ci ildən başlayaraq Azərbaycan rəhbərliyinin siyasi iradəsi ilə müasir standartlara cavab verən seçki qanunvericiliyinin təsis edilməsi məqsədilə Azərbaycan hökuməti ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə yaxından əməkdaşlıq etmiş, 2001-ci ildə Avropa Şurasına tamhüquqlu üzv qəbul olunduqdan sonra bu əməkdaşlıq çərçivəsi daha da genişlənərək prosesə Avropa Şurasının Venesiya Komissiyası da cəlb edilmişdir. Səmərəli əməkdaşlıq nəticəsində seçki qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə 2003-cü ilin mayında Parlament tərəfindən Seçki Məcəlləsi qəbul edilmişdir. Venesiya Komissiyasının və ATƏT-in DTİHB-nun yekun rəyində bildirilmişdir ki, Seçki Məcəlləsi seçkilərin və referendumun demokratik, beynəlxalq standartlara uyğun keçirilməsini təmin edir. 1995-ci ildən bəri keçirilmiş seçkilərin hər biri əvvəlki ilə müqayisədə seçkilərin beynəlxalq standartlara uyğunlaşdırılması yolunda irəliyə atılmış bir addımdır. Bunu seçkilərə dair beynəlxalq təşkilatların verdikləri rəylərin müqayisəli təhlili sübut edir. Bu xatırlamanı etməyimiz səbəbsiz deyil. Təkmil seçki qanunvericiliyinin formalaşdırılmasında iştirakçı olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, eyni zamanda digər qurumlar bu gün özlərini ölkəmizdəki ictimai-siyasi durumdan, yaradılan seçki mühitindən xəbərsiz, ikiüzlü apararaq qərəzli hesabatlarla çıxış etmələri, dağıdıcı müxalifət təmsilçiləri ilə görüşlərə maraq göstərmələri təbii ki,birmənalı qarşılana bilməz. Onu da qeyd edək ki, Azərbaycan dövlətinin yenilik tərəfdarı olması daim qəbul olunan qanunların təkmilləşdirilməsində özünü göstərir. Xatırlasaq, Seçki Məcəlləsinin qəbulundan sonrakı illərdə, 2005 və 2010-cu illər parlament, 2008, eyni zamanda bu il oktyabrın 9-da keçiriləcək prezident seçkilərindən öncə sənədə əlavə və dəyişikliklər edilən zaman da ATƏT-in DTİHB və Avropa Şurası Venesiya Komissiyası ilə birgə müzakirələr aparılmış, onların təklifləri də Seçki məcəlləsində müvafiq qaydada öz əksini tapmışdır. Atılan addımlar sırasında dövlət başçısı İlham Əliyevin 11 may 2005-ci il tarixli "Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair" sərəncamını da qeyd etmək istərdim. Bununla yanaşı seçki proseslərində yeni təcrübələrin tətbiqi də uğurlu addımlar sırasındandır. "Exit poll"un keçirilməsi, məntəqələrdə veb-kameraların quraşdırıması və s. kimi yeni təcrübələr Azərbaycan dövlətinin seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsi istəyini ortaya qoyur. Beynəlxalq müşahidəçilərin seçki prosesini izləmələrinə yaradılan şərait də bu sıradandır. Bu gün ATƏT-in DTİHB-nun Müşahidə Missiyası, həmçinin AŞPA, ATƏT-in Parlament Assambleyası və Avropa Parlamentinin qısamüddətli müşahidə missiyaları ölkəmizdədirsə, elə bu faktın özü seçkilərin aşkarlıq, şəffaflıq mühitində keçirilməsinə olan istəyi ortaya qoyur.
Bu kimi uğurlu addımları xeyli sayda sadalamaq olar. Amma bizi düşündürən məsələ bu təşkilatların bunları bilərəkdən qərəzə, inkara meyl göstərmələridir. Məlum olduğu kimi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ölkəmizdə keçirilək 9 oktyabr prezident seçkiləri ilə bağlı aralıq hesabatını açıqlamışdır. Həmin hesabatda yer alan fikirlər bu qurumun ölkəmizə qarşı qərəzli mövqeyini bir daha ortaya qoydu. Bu günlərdə isə Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi həmin hesabatın təhlil olunduğunu bildirərək, əsassızlığını təsdiqləyən bəyanatla çıxış etdi. Bəyanatın ayrı-ayrı müddəalarda ATƏT-in DTİHB-nun hansı faktları inkar etdiyi əsaslı şəkildə qeyd olundu.
Bu kimi narazılığa, müxtəlif fikirlərin yaranmasına rəvac verən hesabatdan sonra ATƏT-in DTİHB-nun Müşahidə Missiyasının Azərbaycan haqqında qərəzli mövqe formalaşdırmaq üçün radikal müxalifətyönümlü media və təşkilatlarla görüş keçirməkdə maraqlı olması artıq bir çox sualların yaranmasına səbəb olur. Belə görüşlər təbii ki, o zaman normal qəbul oluna bilər ki, onun iştirakçıları hər iki tərəfin - iqtidar və müxalifətin və eyni zamanda müstəqil media təmsilçilərindən ibarət olsun. Amma birtərəfli qaydada təşkil olunan görüş artıq məqsədli planların, çirkin niyyətlərə işarə, bir sözlə, ikili siyasətin bariz nümunəsidir.
Görünür, adı çəkilən qurumların müşahidə missiyaları üçün seçkidən öncə hazırlayacaqları qərəzli hesabatları üçün "istinad mənbəyi" gərəkdir. Belə fəaliyyətdə onlara birtərəfli olaraq ancaq və ancaq radikal müxalifətyönümlü media və QHT nümayəndələri dəstək ola bilərlər. Çünki, bu ünsürlər daim Azərbaycanın demokratik ölkə imicinə zərbə vurmaq, uğurlarımıza kölgə salmaq üçün daim cəhdlər göstərirlər. Seçki ərəfəsində onların canfəşanlığı daha da artır. Xalqın deyil, xarici antiazərbaycan və ermənipərəst qüvvələrin dəstəyinə arxalanan müxaliflər hər zaman ictimai qınaqla üz-üzədirlər.
Adı çəkilən qurumlar bununla bərabərlik, ədalət prinsipini qoruduqlarını düşünürlərsə, yanılırlar. Demokratik prinsiplərə hər addımında hörmətsizlik edən, daim simasızlıq, qərəz və ikiüzlülük nümayiş etdirən belə qurumlardan seçki ilə bağlı ədalətli rəy gözləmək sadəlöhvlükdür.
sia.az