"Gürcüstanda ikihakimiyyətliyə son qoyuldu. Artıq hökumət və hakimiyyət bütövlükdə bir siyasi qüvvənin əlindədir. Vaxtilə Böyük Oktyabr sosialist inqilabı ərəfəsini yaşayan Rusiyada Müvəqqəti Hökumətlə belə bir mərhələni keçərək öz qanlı tarixini yazan ruslar, sonra iqtidara bolşevikləri gətirmişdilər. Lakin görünür, gürcülər ötən yüz ilin acı dərslərindən yaxşı nəticə çıxarmayıb". SİA-nın məlumatına görə, bunu millət vəkili Zahid Oruc Gürcütsanda prezident seçkilərindən sonrakı vəziyyəti şərh edərkən belə deyib."Görəsən Gürcüstanda təbii iqlim nə qədər sürətlə dəyişir ki, xalq belə siyasi haldan-hala düşür və kardinal əks mövqeləri bir günün içində bəyənə və rədd edə bilir. Cəmi on il öncə narıncı dalğa sovet epoxasının son mogikanlarından birini taxt-tacdan salmışdı. Buna görədir ki, Şevi hələ də təkcə prezidentliyinin deyil, bütövlükdə tərcümeyi-halının, siyasi kariyerasının belə acı sonluqla bitməsini Saakaşviliyə bağışlaya bilmir. Yenilər nəinki totalizmin fasadını dəyişməyə söz vermişdilər, hələ üstəlik fərqli ölkə quruculuğu ilə demokratiya mayakı kimi çoxlu təzə siyasi azadlığa qovuşmuş dövlətlərə də nümunə olacaqdılar. Bu gün isə xalq öz qalibinə vaxtilə qalibiyyət gətirən gül çələngini çox görür və inqilab liderinin vida mərasiminə belə gəlməyi özünə rəva bilmir. Hə,"gürcü arzusu" bax budur. Çoxlarına nə qədər qəribə görünsə də seçkilərdə ikinciliyi qazanan Saakaşvilinin "milli"ləri yalnız bu yerin rəsmi dividentlərinə və əsas müxalif qüvvə adının təskinliyinə sığınmaqdan başqa çarələri qalmayıb. Lakin öz komandası ilə çoxdan vidalaşan Saakaşvilinin missiyası həqiqətən başa çatdımı?Axı onu qorumaq üçün 2008-ci ildə Qara dənizə hərbi flot göndərən Amerika (ABŞ) bu dəfə Gürcüstanın siyasi müstəqilliyinə təhlükə yaranacağı təqdirdə hansı hərbi addımları atacaq? Bu sualı doğuran köklü iqtisadi-sosial səbəblər hələ ortadan qalxmayıb. Gürcüstanın müstəqilliyində əhəmiyyətli rol oynayan xarici faktor öz qüvvəsində qalır" – deyə, millət vəkili sözlərinə əlavə edib.Zahid Oruc bildirib ki, Azərbaycanın yardımları hesabına ayaqda qalan bir ölkənin Saakaşvili ideallarından və irsindən üz döndərdiyi kimi, azadlğını qurban verməyə məcbur qalması da üfüqdə aydın görünür: "Çünki Bidzinanın milyardları bir dövlətin büdcəsinə bərabər olsa da, xalqı idarə etmək üçün yetərli deyil. Ona görə də demoktariyaya gedən yolun müəyyən hissəsini qət edən xalq üçün müstəqillik məhkumluğa çevrilə bilər. Beynəlxalq mötəbər statistik rəylərə görə Gürcüstanda adambaşına düşən illik gəlir 3200 dollardan aşağıdır. Bir az populyar formula görə demokratiyalar özünü o vaxt doğruldur ki, həmin milli gəlir 3500 ABŞ dollarından artıq olsun. Əks halda ac xalq Corc Buş küçəsini yeyə bilməz. Lakin sadə xalqın indiki qələbə eyforiyası fonunda bunları təhlil etməyə elə bir istəyi yoxdur. Vaxtilə bitərəf Corc Vaşinqtonu federalist Con Adams əvəz edəndə amerikalılar sevinirdi ki, hakimiyyət başqa bir siyasi qüvvəyə dinc qaydada və müharibəsiz ötürülə bildi. Lakin Qafqazlarda 52-ci ştat olmağa hazırlaşan Gürcüstanda qarışmış geosiyasət və mürəkkkəb daxili vəziyyət fonunda Georginin qələbəsini sülhə xidmət edən qalibiyyət saymaq olarmı? Axı onun hamisi Bidzina siyasətdən gedəndən sonra bütün miras yeni filosof prezidentin və təzə Baş nazirin üzərinə düşəcək. O zaman gürcülərin əsil arzusunu meydanlara daşınan qəzəb halında daha yaxşı görmək mümkün olacaq. Saakaşvili komandasının əsas simalarından çoxunu həbsə atmış və ya siyasi mühacirə çevirmiş iş adamı İvanişvili qızılgüllü demokratların ikinci qaydışına 11-ci Qızıl Ordu ilə belə müqavimət göstərə bilməyəcək. Mərhum Aydın Məmmədov elə hey bir siyasi fikri təkrarlamağı sevirdi: "xalq sevdiyi lideri hər zaman gözü qabağında görmək istəyir - fərq etməz, ya tribunada, ya da dar ağacında!"
sia.az